APA 15 yaşında

09:50 15-11-2019 | icon 757 | KİV
APA 15 yaşında

APA xəbər verir ki...” 15 ildir qəzet və saytların əsas xəbərlərinin ilk cümləsi belə başlayır. Ölkədə hansısa səs-küylü hadisə olanda da, mübahisə doğuran qərarlar veriləndə də hamının gözü bu saytın xəbər lentində dolaşır: “APA bu xəbəri veribmi? Veribsə, demək, düzdür...” 

 

Versus.Az Musavat.com-a istinadən APA-dan hazırlanan reportajı təqdim edir:

 

Doğru xəbərin, etibarlı xəbər qaynağının ünvanı olmaq, bu adı qazanmaq bu gün asan məsələ sayılmır. 15 ildə əldə edilən ən böyük uğurlardan biri də budur əslində. Xəbər istehsalı ilə məşğul olanların da, işini xəbərlə quran peşə sahiblərinin də iş kompüterində daim açıq olan, gün ərzində bir neçə dəfə yenilənən xəbər saytı APA-dırsa, əlavə şərhə ehtiyac yoxdur əslində. Məqsədə çatılıb deyə bilərik. 

 

Bəli, bu günlərdə həmkarlarımızın, rəqabət aparmaqdan zövq aldığımız APA-nın (Azeri Press Agentliyi) 15 yaşı tamam olur. Ad günü münasibətilə qardaş media orqanı saydığımız, əməkdaşları ilə uzun illərə dayanan dostluğumuz olan agentliyin qapısını döydük. Əlimizdə çiçək... dedik ki, “nə yaxşı ki, varsız və bizimlə fərqli ünvanlarda, amma eyni məqsəd, amal üçün çalışırsınız. Biz bir yerdə güclüyük”. 

 

Bunun ardınca da onların uğur sirlərini öyrənməyə çalışdıq. Gedilən yol, gəlinən nöqtə, əldə edilən uğurlar. Arzular, planlar, qarşıya çıxan maneələr... 

 

 

Bəli, APA-nın “mətbəx”indəyik. Özlərinin də dediyi kimi, qaynar qazanı xatırladan xəbər istehsalı məkanının bir neçə saatını sizlərə təqdim edəcəyik. Amma bu, o qədər də asan olmur. Dedik ya, xəbər istehsal edirlər, gözlərini kompüterdən bir an çəkmələri hansısa mühüm xəbərin qaçırılması, diqqətdən kənarda qalması demək ola bilər. Redaktorlardan biri parlamentdən gələn xəbərləri gözləyir, bir başqa efir “setka”sının hayındadır, başqası məhkəmədən gələn xəbərin. 

APA-nın baş redaktoru Nurşən Quliyev agentliyi yaradan “yeddiliyə”  aiddir. Yəni 7 qurucudan biridir. Dediyinə görə, 15 il əvvəl bu layihəni APA-nın rəhbəri Vüsalə Mahirqızı ilə müzakirə edəndə hədəfləri fərqli olub:

“Hədəfimiz bu idi ki, informasiya bazarında bir boşluq var və həmin boşluğu dolduraq. İnformasiya agentlikləri o vaxt çox populyar deyildi. Biz belə qərara gəldik ki, bizim yaradacağımız informasiya agentliyində bütün sahələr əhatə olunsun. Təbii ki, hədəfimiz Azərbaycan mətbuatında özümüzə yer eləmək idi. Biz o hədəfimizə qısa müddətdə çatdıq. Belə məlum oldu ki, hədəfi də düz götürmüşük. İnformasiya agentlikləri arasında APA qısa zamanda özünə yer edə bildi. Daha sonra hədəflər böyüdü, ona doğru irəliləməyə başladıq. Yeni layihələr əlavə olundu. Qarşımıza qoyduğumuz hədəflərdən daha artığına çatmışıq. Amma bu, o demək deyil ki, əlavə hədəflərimiz yoxdur. Daha çox işləmək lazımdır - yeni hədəflərə çatmaq üçün”. 

APA TV-nin rəhbəri Cavid Cabbaroğlu deyir ki, agentliyin yaranmasından iki il sonra bura gəlib və artıq 13 ildir APA-dadır. Keçilən yola baxanda isə o qənaətə gəlir ki, APA nəinki qarşısına qoyduğu məqsədlərə çata bilib, hətta Azərbaycan mətbuatı üçün bir flaqman rolunu oynamağı bacarıb:

“APA-ya qədər biz normal xəbər agentliklərinin məlumatlarını nə əzabla redaktə edib, Azərbaycan dilinə uyğunlaşdırıb qəzetə verirdik. APA məhz Azərbaycan oxucusu üçün Azərbaycan türkcəsində xəbərin necə yazılmalı  olduğunu müəyyənləşdirdi. APA-dan sonra yaranan informasiya agentlikləri onun qoyduğu cığırla hərəkət etdilər”. 

Konkret APA TV-yə gəlincə, C.Cabbaroğlu bildirdi ki, təsəvvürlərində tutduğu nələrisə reallaşdırmağa çalışırlar: 

“Bizim əlimizdəki statistika Youtube və Facebook, eləcə də sayt üzərindən olan baxışın ümumi nəticəsidir. Bu ümumi baxış göstəricisi də hər şeyi deyir. APA TV-nin yayını səhər saat 10-dan axşam 24.00-ə qədər davam edir. Hər saatbaşı xəbərlər verilir. Hazırda 12 verilişimiz var. Hər birinin tamaşaçı auditoriyası var. Kiçik kollektiv və texniki imkanlarla bu, bizim edə biləcəyimi ən maksimal işdir və biz bunu edə bilirik”. 

 

APA TV-nin aparıcılarından Nəsimi Nəbizadə isə hesab edir ki, tamaşaçı üçün televizor çərçivəsinin böyük fərqi yoxdur:

“Televizor çərçivəsi birinin evində böyük, digərinin evində kiçik ola bilər. Əsas odur ki, orda göstərilənlər keyfiyyətli olsun. APA məndən ötrü xəbər zavodudur. Burda işləmək həm çətindir, həm də maraqlı. Çətinlik, rəqabət olan yerdə gözəl nəticə də olur. “APA Group”un tərkibində bir neçə redaksiya, saytlar fəaliyyət göstərir. Hətta onların arasında da rəqabət var. Arzu edirəm ki, bu 15 il 30 olsun, 30 il 45, 45 il isə 60 olsun”. 

APA-nın redaktorlarından olan Gülşən Hacıyeva da APA-nın yaradıcılarından, ilk 7-ilikdə olanlardan biridir. Müsahibimiz buna görə hər zaman fəxr hissi keçirdiyini deyir:

“Bir insanın fəxr etdiyi iş yerinin olması onun xoşbəxtliyinin təxminən yarısıdır. Çünki sevə-sevə gəldiyin iş var. Hər səhər oyanırsan və işə məcburiyyətdən yox, sevə-sevə gəlirsən. Bu, bir insanın həyatında önəmli faktordur. Müsbət ola bilmək üçün, həyata pozitiv baxa bilmək üçün bu, çox önəmlidir. İlk 7-liklə APA-nı quranda bu yerə gəlmək bəlkə də xəyallarımızda idi. Bəlkə də bir-birimizə xəyallarımızı deməyə utanırdıq. Amma inanırdıq ki, bu, olacaq. Bugünkü gəldiyimiz yerdən də məmnunam. Çünki APA hətta hədəflədiyi nöqtədən də yuxarılara gəlib çatdı. Dayanmaq da yoxdur, proses davam edir. 15 il sonra biz harada olarıq, APA harada olar, bunu da xəyal edirik. Tam olaraq təsəvvürümüzü dilə gətirmək çətindir”.

APA-nın reportyorlarından olan Kəmalə Quliyeva isə APA-ya gələnə qədər agentlikdə çalışmayıb:

“Qəzet jurnalisti idim və agentlik təcrübəm də yox idi. APA-ya 2008-ci ildə gəldim. Onda APA-nın heç 4 yaşı yox idi. Birdən-birə gəldim, sanki birdən qaynar xəbər qazanının içinə düşdüm və xəbəri APA ilə sevdim. Ona qədər xəbər janrını sevmirdim. Mənim üçün xəbər APA deməkdir. Hansısa xəbərin öncə səndə olmasının verdiyi həzzi heç nə ilə əvəz eləmək mümkün deyil. Əsl jurnalistlər bunu yaxşı başa düşür ki, bu həzz nə deməkdir. Mən bunu APA-da yaşamışam. APA mənim ailəmdir, mən ailəmin içindəyəm. APA-dan kənarda olmağı təsəvvür də etmirəm və bu ailənin daha da böyüyüb şaxələnməsini arzulayıram - biz burada olsaq da, olmasaq da”. 

“APA Group”a daxil olan Etibb.az saytının rəhbəri Məhbubə Qasımbəyli isə 2017-ci ilin martın əvvəlindən APA-da çalışır və hazırda etibb.az saytına rəhbərlik edir. Həmkarımız deyir ki, onun üçün APA ikinci evi deməkdir:

“İlk gündən çox doğma bir kollektivə gəlmişəm. Elə bir gün olmayıb ki, hansısa media orqanı APA-ya istinad etməsin. APA demək olar ki, bizim Azərbaycan mətbuatının əsas istinad yerlərindən biridir. Əsas istinad yeridir desək daha doğru olar. APA-nın öz fəaliyyətinə qısamüddətli fasilə verdiyi zaman onun yeri, rolu daha çox bilindi”. 

APA-nın tanınan reportyorlarından olan Hafiz Heydərov üçünsə APA etibarlı xəbərin mənbəyidir:

“Yarandığı gündən bu günə qədər APA sübut etdi ki, doğru xəbəri yazmaq mümkündür. Doğru xəbərlə özünü ölkədə və dünyada tanıtdı. APA mənə doğmadır. Məni APA-ya bağlayan bir çox səbəblər var. Həm iş baxımdan, həm də APA-da öz həyatını quran şəxslərdən biriyəm. Yəqin ki, nə vaxtsa APA-dan ayrılsam, başqa media orqanında çalışmayacam. APA-dan getsəm, mətbuatdan da gedəcəm.” 

Kulis.az dərgisinin rəhbəri Şərif Ağayarsa hesab edir ki, “APA Group”a daxil olan bütün saytların uğurunda agentliyin də uğuru var:

“Kulis.az Azərbaycanda bu istiqamətdə olan ən böyük layihədir. Ədəbiyyat və mədəniyyət portalı kimi. İstər büdcəsi, istər daimi əməkdaşları, maddi-texniki bazası. Bu şəraitdən nələr istifadə olunub – bu, tamaşaçıların gözü qabağındadır. Bizim bazaya baxıram – nələr yazılıb, müsahibələr götürüb. Azərbaycan reallığı üçün hətta həqiqət üstü, imkansız işlər görülüb. Kulis-in bazasında 20 mindən yuxarı, hər an oxuna biləcək materiallar var. Elə bir yazıçı yoxdur ki, onu geniş şəkildə danışdırmayaq”. 

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu APA-nın oxucularını da, rəqiblərini də təbrik edir. Onun fikrincə, APA Azərbaycan media məkanında peşəkarlıq standartlarının xeyli dərəcədə cilalanması ilə yadda qalıb:

“APA Azərbaycanda ən dəqiq xəbər mənbəyi sayılmağa iddialıdır. Hələ bu ailəyə qatılmamışdan əvvəl Vüsalə xanımla təmaslarda bunu deyirdim ki, qarşılarına qoyduqları bu məqsəd çətindir. Amma zaman göstərdi ki, çətin olsa da, bunun öhdəsindən gəlmək mümkündür. Qısa müddət sonra bu quruluşun içinə daxil oldum, Vüsalə xanımla birgə lent.az-ı yaratdıq. 11 ildən artıqdır ki, bu holdinqin içərisində çalışırıq. APA güvənilən informasiya mənbəyi olmağa iddialıdır və bu iddiasının 90 faizindən artığına nail olub. Yerdə qalan faiz özündən asılı olmayan amillərlə, Azərbaycanda informasiya əldə etmək baxımdan çətinliklə bağlıdır. Bu da zamanla həll olunmaqdadır. Ümumi mənada uğurun sirri isə həm şirkətin yaradıcısı Vüsalə Mahirqızının, həm APA-nın redaktor heyətinin, həm də uzun illər burda çalışmaqla peşəkarlaşmış müxbir heyətinin içindəki hikkə ilə bağlıdır - xəbər məkanının lideri olmaq hikkəsi. Jurnalistika inad, hikkə sevən peşədir. Bu hisslər yoxdursa, uğura nail olmaq çətindir. APA-nın bu inadını təqdir edirəm, inadının nəticəsini təbrik edirəm. 15 il bir igidin ömrüdür. Bu igidə də “qılıncın kəsərli olsun” deyirəm”. 

Və sonda “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı ilə bu əlamətdar tarixi təhlil edir, təqvimin səhifələrini birgə vərəqləyirik. Müsahibimiz deyir ki, 15 il əvvəl APA ilə bağlı qarşılarına qoyduqları məqsədin bir hissəsinə gəlib çıxa biliblər:

 “15 il əvvəl APA-nı yaradanda mən düşünmürdüm ki, belə bir böyük şirkət olacaq. Kiçik bir agentlik yaratmağı düşünürdük. Çünki həmin vaxt Azərbaycanda olan agentliklər kiçik kollektivlərlə fəaliyyət göstərən, xəbər yayımı ilə məşğul olan, adları məşhur olan, amma kollektiv olaraq, brend olaraq görünməyən qurumlar idilər. Ad var idi, brend var idi, amma kollektiv kimi, media simvolu kimi görünmürdülər. Biz də təxminən bu stildə bir agentlik yaratmağı düşünürdük. Əlbəttə, burada məsələ ondan ibarət oldu ki, Azərbaycanda mərhələ dəyişdi. İnternet medianın, sosial şəbəkələrin dominantlığı başladı. Sosial şəbəkələr üzərindən yayımlar, internetdən yayımlar çoxaldı. Ağıllı telefonlar çoxaldı, smart düşüncə qalib gəldi. Bu da təbii ki, bizim fəaliyyətimizi birə on artırdı. Hesab edirəm ki, klassik agentlik modelindən internet media modelinə adaptasiya ola bildik. Amma mənim hədəfim APA-nı təkcə informasiya agentliyi yox, analitik araşdırlama mərkəzi kimi görməkdir. Hələ ki, o hədəfə doğru gedirik, amma ona tam çatmamışıq”. 

 

Müsahibimiz yaxın bir il üçün, konkret olaraq 2020-ci il üçün ən böyük hədəflərinin də elə analitik informasiya mərkəzi yaratmaq olduğunu dedi: 

“Bu istiqamətdə işlər gedir. Hələlik texniki işlər gedir – ofisin təmir olunması. APA-nın fəaliyyəti dayanandan sonra ONA olaraq mediaya gəldik. Hazırda ONA da fəaliyyət göstərir. Biz onu analitik mərkəz kimi formalaşdırmaq fikrindəyik. Müxtəlif dillərdə fəaliyyət göstərməyi hədəfləyiriik. Təkcə ölkədaxili yox, sosial media təhlili, regional informasiya təhlili ilə məşğul olmağı planlayırıq”.

 

 

“APA bu rəqabətə tab gətirmək üçün nələr edir” sualına cavabda isə V.Mahirqızı bildirdi ki, əslində müasir dövrdə İnternet medianın rəqabəti internet texnologiyanın inkişafı ilə ölçülməlidir:

 

“İnternet texnologiyanın inkişafına adekvat olmalıdır. Yeni bir alət çıxıbsa, ona mütləq inteqrasiya olmalısan. Biz yarandığımız vaxt klassik rəqiblərimiz olan media qurumlarının çoxu sıradan çıxdı. Bəzilərini fəaliyyəti aşağı düşdü, bəzilərisə ümumiyyətlə, bazardan getdilər. Səbəb İnformasiya texnologiyalarının inkişafına adekvatlığın göstərilməməsi idi. Mənim düşündüyüm bundan ibarətdir ki, yaxın bir neçə il ərzində bizim üçün indi favorit olan, 2019-cu ildə daha çox saytların sıradan çıxması gözlənilir. Desktop versiyaların sıradan çıxması tendensiyası gedib. Əgər “Google Analitics”in nəticələrinə baxsaq, görərik ki, hər bir saytın girişinin 30-40 faizi desktop versiyalarındandır. APA o saytlar arasında favoritlərdən biridir ki, girişinin 60 faizi desktop variant üzərindəndir. Bu, o deməkdir ki, iş adamları, informasiya istehsalı, istehlakı ilə məşğul olan şəxslər APA-ya baxırlar. Oxunan saytlar mobil versiyadan oxunur. Yaxın 2-3 il ərzində bu, App-lərlə əvəz olunacaq. Biz APA-nın bu ilki ad günündə onun App versiyasını təqdim edəcəyik. Bir APP-ı mobil versiyaya yükləməklə insan həm xəbər ala biləcək, həm televiziyaya baxa biləcək. İstədiyi xəbərləri seçəcək, maraq dairəsində olan xəbərləri izləyə biləcək. Hazırda əsas prioritetimiz sosial media üzərindən işi artırmaqdır. Yeni nə texnologiya gəlirsə, onunla ayaqlaşırıq. Çünki ayaqda qalmağın yolu budur”. 

V.Mahirqızı bildirdi ki, bu ilin əvvəlindən prezident İlham Əliyevin elan etdiyi islahat kursu mediada da özünü göstərməyə başlayır:

 

“Belə ki, işartılar var, tənqidlə bağlı açılımlar var. Bu, daha da çox olmalıdır, debat mühiti yaradılmalıdır. Media artıq debat mühitini mütləq edib. Artıq monoloqlar keçmir, açıq müzakirələr olmalıdır. İnformasiya siyasətinə dəyişiklik olmalıdır. Hər zaman dediyimiz kimi, tənqidi xarici brend olmaqdan qurtarmaq lazımdır. Ölkə daxilindəki siyasi, daxili məsələlərdə ağıllı tənqidlərə, müzakirələrə çatımlı olmaq lazımdır”. 

“Bəs APA-nın  uğura çatmaq üçün qarşısındakı ən böyük maneələr nədir” sualına gəlincə, V.Mahirqızı dedi ki, ciddi texniki, maliyyə olaraq problemləri barədə danışmaq mümkün deyil:

 

“Ən böyük problem kadr sahəsindədir. Müasir kadrların olması, informasiya texnologiyaları sahəsində kadrların olmamasıdır. Bizim ölkəmizdən ən çox “beyin axını” olaraq gedən insanların böyük əksəriyyəti İT mütəxəssisləridir. Bu məsələ ilə bağlı dövlətin ən yüksək strukturları bir çözüm axtarmalıdır. Peşəkarları bu sahədə saxlamaq çətindir. Çünki media komfortlu sahə deyil”. 

 

Sonda agentliyin qurucusundan uğur devizlərinin nə olduğunu soruşduq. Cavab təəccübləndirmədi: “Xəbər bizim işimizdir”. 


 
 
Versus.Az İnformasiya Agentliyinin kollektivi APA kollektivini təbrik edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

“Həyəcan” düyməsi

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi