Şirvanşah - Səfəvi konfrantasiyası

11:49 19-04-2018 | icon 1437 | Tarix
Şirvanşah - Səfəvi konfrantasiyası

(numizmatik faktlar əsasında)

 

Rəcəbli Əli Məhəmməd

/tarix üzrə elmlər doktoru, professor/

 

Səfəvi şahı I İsmail (1501 - 1524) və şirvanşah I Fərrux Yəsar (1465 - 1500) arasında baş verən Cabanı savaşından sonra (1500) varidatından əhəmiyyətli dərəcədə məhrum olan Şirvanşahlar dövləti ciddi siyasi-iqtisadi çətinliklərlə üzləşdi. Lakin şirvanşah II İbrahim Şeyxşahın  (1502-1524) və onun oğlu II Xəlilullahın (1524-1535) dönəmində bu gərginlik və iqtisadi durum bir qədər tarazlaşsa da, sünni Şirvanşahlara fanatik şiə təəssübkeşliyi ilə münasibət bəsləyən səfəvi şahı I Təhmasibin (1524 - 1576) əmrilə sonuncu şirvanşah, 19 yaşlı Şahruxun (1535 - 1539) əsir alınaraq edam olunmasından sonra Şirvanşahlar dövləti süquta uğradı.

 

       Şirvanşahlarla qohumluq əlaqələri yaratmağı vacib bilən şah I İsmailin “planlaşdırmadığı” işi – Şirvanın işğalını - I Təhmasib çox “asanlıqla” - hiylə və xəyanətkarlıqla həyata keçirdi. Şirvan Səfəvilər dövlətinə ilhaq olundu. Bu ilhaq Azərbaycan tarixində müsbət hadisə kimi dəyərləndirilir, lakin, çətin ki, biz  bu işğalı Azərbaycan tarixində ən uzunömürlü siyasi qurum olan Şirvanşahlar dövlətinin süqutuna tərcih edənlərlə razılaşa bilərik. Təbiidir ki, şirvanlılar da Səfəvilərə qarşı qiyama qalxmaq və öz azadlığı uğrunda mübarizə aparmaq üçün əlverişli məqam gözləyirdilər.

 

 Bir qədər irəli gedərək qeyd edək ki, XVII yüzilin sonuncu rübündə Şirvan torpaqları uzun müddətə Osmanlı imperiyasına ilhaq olundu. Şirvanşahlar isə bu ilhaqların heç birini istəmirdilər. Antisəfəvi hərəkatının qayəsi Şirvanşahlar dövlətini əhyası idi. Onlar bu amal uğrunda mübarizə aparırdılar.

 

Biz bu mübarizənin Şirvan bəylərbəyi Əlqas Mirzənin şirvanlıların antisəfəvi əhval-ruhiyyəsini əlində dəstəvur edərək, “Şirvan şahı” olmaq iddiası ilə qardaşı I Təhmasibə qarşı qaldırdığı qiyamdan öncə[1], elə həmin Əlqas Mirzənin bəylərbəyliyi dönəmindən başlayaraq, uzun müddət - XVII yüzilin sonlarına qədər permanent olaraq davam etdiyinin şahidi oluruq.

 

Antisəfəvi hərəkatının ilk başçısı, şirvanşah Şaxruxun qətlindən sonra Dağıstana (Qaytaq vilayətinə) gedərək, qohumlarının yanında yaşayan şirvanşah II Xəlilullahın oğlu Burhanəli Soltan hələ 946 = 1539/40-ci ildə Şirvana gələrək, Əlqas Mirzə ilə bir neçə dəfə savaşmış, və öz adından sikkə də kəsdirmişdir.[2]

 

         Osmanlıların köməyi ilə Şirvan torpaqlarının uğrunda vuruşmuşdur və, nəhayət, 955 = 1448/49-cu ildə Şamaxı, Salyan şəhərlərini ələ keçirərək, Münəccimbaşıya əsasən, iki il Şirvanın valisi (şirvanşah – Ə.R.) kimi hakimiyyət sürmüşdür,  Şamaxıda 1559-cu ildə dünyasını dəyişmiş və orada da dəfn olunmuşdur.[3]

 

Burhanəli Soltandan sonra antisəfəvi hərəkatına başçılıq edən Şirvanşah əsilzadələri - Mehrab bəy, Qurban Mirzə, Qasım Mirzə, Kabus Mirzənin  üzərində dayanmadan qeyd edək ki, bu yazıda əsas məqsədimiz öz qanları bahasına az müddətə də olsa  Şirvanşahlar dövlətinin suverenliyini bərpa edərək,  öz adlarından kəsdirdikləri gümüş sikkələri tarixçilərin nəzərinə çatdırmaqdır.

 

Beləliklə, faktiki numizmatik material – Burhanəli Soltanın adından Şirvanşahların paytaxt şəhərləri – Şamaxı, Bakıda və əyalət mərkəzlərində (Zəyəm, Derov) icra olunan sikkə zərbinin xronoloji və coğrafi özəllikləri və oğlu Əbubəkr Mirzənin unikal sikkəsi onu deməyə əsas verir ki, antisəfəvi hərəkatı XVI yüzilin II yarısında bütün Şirvan ərazisini əhatə etmiş və şirvanşahların sikkə zərbi ilə müşayiət olunmuşdur.  

 

(Qeyd: təkrarolunmaz tarixi hadisələrin, siyasi-hərbi münaqişələrin sonu dərkedilməzdir. Quzey imperiyasının hərbi müdaxiləsinə dirəniş göstərə bilməyən, eyni etnik kökə malik, dini və dili bir iki türk xanədanının “Nifaq alması”na çevrilən Şirvan uğrunda apardıqları mücadilə türk bahadurlarının öz qanları hesabına İsfahan taxtına bəxş etdikləri gələcək siyasi qurumlar kimi sona erdisə də, nə yaxşı ki, tarixin hökmü ilə Şirvanşahların məskəni Şirvan ərazisində Azərbaycan adlı çağdaş respublika yarandı).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI