Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

15:48 19-04-2018 | icon 1119 | Siyasət
Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

 

“Hamımızın bir ağrılı yerimiz var, o da torpaqların işğalı ilə bağlıdır”

 

Versus.Az “Uğurlarımıza rəğmən, cəmiyyət olaraq bizi təəssüfləndirən məqam nədir” - mövzusu əsasında kiçik bir sorğu keçirib. Mövzu ictimai-siyasi fəaliyyəti ilə seçilən bir sıra şəxslərlə müzakirə edilib.

 

“Televiziyalar torpaqları işğalda qalan ölkədən çox...”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, bu gün bizim ən böyük problemimiz Dağlıq Qarabağın işğal altında olmasıdır. Onun fikrincə istər müxalifət, istər iqtidar, istərsə də cəmiyyətin öndə dayanan kəsimi, ziyalılar, alimlər - hər kəs bu məsələ ilə bağlı bütün gücünü ortaya qoymalı, birləşməlidir:

 

“Bu gün biz cəmiyyət olaraq torpaqlarımızın işğalı faktı ilə üz-üzə dayanmışıq. Bu mənada nə qədər uğurlu addımlarımız olsa da, bu acı fakt Azərbaycan insanının öz daxili potensialını təzahür etdirə bilmir.  Ən təəssüf doğuran məqam isə bu gün böyük təbliğatçılıq imkanları olan televiziyalarımızın ərazi bütövlüyümüzün pozulmasına qarşı təbliğati və maarifləndirici ciddi verilişlər hazırlaya bilməməsidir. Televiziyalar torpaqları işğalda qalan ölkədən çox, heç bir problemi olmayan bir məkanın əyləncəsini ifadə edir. Eyni zamanda bu gün sözünə ehtiyac duyulan ziyalılarımız da susurlar. Təəssüf doğuracaq məqamlar, əslində bizi uğursuzluğa aparan çox ciddi məsələlərdir”.

 

F.Əliyev hesab edir ki, bu gün xaricdə yaşayan azərbaycanlılar da gücünü ümumi problemlərimizin həllinə yönəltməlidirlər. O, xaricə gedən vətəndaşlarımızın ölkədən çıxdıqdan sonra öz dövlətlərinin maraqlarını unutması hallarını da təəsüf doğuracaq məqamlar sırasında sadalayıb:

 

“Həmvətənlilərimiz xaricdə Azərbaycana yaxşı nümunə olmaq əvəzinə, əksinə, tamamilə başqa bir rakusdan çıxış edir, bir çox hallarda vətənlərini yaddan çıxarırlar. Biz xalqımızın gözəl adət-ənənələrini lazımı səviyyətə dünyaya təqdim edə bilmirik. Olanlarımızı da mövcud işğal faktı ilə itiririk. Ermənilər bizim xalqımza aid olan adları özəlləşdirirlər. Təbii ki, bunlar bizi təəssüfləndirməyə bilməz”.

 

ALDP sədri son 15-20 il ərzində xalqımızda müəyyən deqradasiyanın (tədricən pisləşmə, dəyərlərə biganəlik, cırlaşma, cəmiyyətdə tarixən mövcud dəyərlərin tənəzzülü, geriləmə) getdiyini də təəssüf hissi ilə vurğulayıb:

 

“Vətənini, xalqını sevən insanlara az rast gəlinir. Belə hallar təhsildən, savadsızlıqdan ziyalılarımızın passivliyindən irəli gəlir. Gənclərin önündə getməli olan ziyalılar bir küncə qısılıb qalıblar, cəmiyyətdə nəyin baş verməsi ilə maraqlanmırlar. Hər halda, öz düşüncələri ilə önə çıxmalıdırlar. Belə bir şəraitdə gənclər kimdən örnək götürməlidirlər? Yəni təəssüf etdiyimiz məqamlar var və hamılıqla bunu aradan qaldırmalıyıq”.

 

“Dövlət uğrunda mübrizədə hamımız bir olmalıyıq”

 

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bizim hamımızın bir ağrılı yerimiz var, o da torpaqların işğalı ilə bağlıdır. Millət vəkili bildirib ki, siyasi partiyalar ancaq hakimiyyət uğrunda mübarizədə fərqli ola bilərlər:

 

“Dövlət uğrunda mübrizədə isə hamımız bir olmalıyıq. Bu yükü hamımız çəkirik, amma müxalifət bunu anlamaq istəmir. Gəlin görək hansı müxalifət partiyası Qarabağla bağlı ATƏT-in Minsk qrupuna, başqa beynəlxalq təşkilatlara bircə dənə olsun müraciət ünvanlayıb? Hansı müxalifət lideri öz sevimli səfirləri ilə görüşlərində Dağlıq Qarabağ məsələsini qaldırıb? Bunun əvəzində Azərbaycana qarşı sanksiya tətbiq edilməsini tələb ediblər, milli birlik, barışıq əvəzinə, qarışıqlıq çağırışlarını eşidirik. Heç olmasa bu məsələdə müxalifətdən gözlədiyimizi görə bilmirik. Deyək ki, seçkidə uduzsalar da, sosial bazaları zəif olsa da, heç olmasa bu məsələdə bir vətəndaşlıq nümunəsi göstərsinlər. Çünki bu gün YAP-çılarla yanaşı müxalifətdəkilərin də ailələri təhlükəsizlikdə yaşayırlar. YAP-çılarla yanaşı müxalifət partiyalarının ailələri də geniş prospektlərdə, parklarda gəzirlər, Azərbaycanın idman uğurlarına sevinirlər. Bu gün artan pensiyaların hamının ailə üzvlərinə aidiyyatı var. YAP-çılarla yanaşı müxalifətçilər də ailələrinin maaşlarının artımını müəyyən qədər hiss edirlər. Bax söhbət bundan gedir”.

 

“Dövlətimiz buna qarşı da mübarizəsini intensivləşdirib”

 

QHT rəhbəri, jurnalist Cavid Şahverdiyev bildirib ki, bu gün həqiqətən də bütün sferalarda - iqtisadi, siyasi, mədəni və idman sahəsində Azərbaycanın uğurları var. Onun sözlərinə görə, daxildə və xaricdə bu uğurlarımıza sevinənlər də var, onu pərdələməyə cəhd edənlər də:

 

“Mən deməzdim ki, bütün cəmiyyət bu uğurlarımızın peşimanlığını çəkir. Düzdür, ictimaiyyət arasında elə qüvvələr var ki, bu peşimançılığı iqtisadi-sosial vəziyyətin pisləşməsi ilə əlaqələndirirlər. Amma bu problemlər təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində müşahidə olunur. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət heç də ürəkağrıdan deyil. Peşimançılığı əsaslandıran səbəblər sırasında korrupsiya, rüşvətin artması amillərini də göstərə bilərik. Amma dövlətimiz buna qarşı da mübarizəsini intensivləşdirib. Azərbaycanın beynəlxalq layihələrə imza atması və bunun nəticəsi göz qabağındadır. Bu layihələr müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadi cəhətdən qüvvətlənməsinə hesablanıb. Amma unutmayaq ki, Azərbaycan bu gün düşmənlərimiz tərəfindən hədəfə götürülüb, müharibə şəraitindədir. Ermənistan torpaqlarımızı işqal edib, ermənipərəst dünya dövlətləri, qonşularımız Azərbaycanın güclənməsini istəmirlər. Hədələr, təzyiqlər mövcuddur. Belə bir şəraitdə əgər ayaq üstə dura bilmişiksə və dünyanı bizimlə hesablaşmağa məcbur etmişiksə, bu böyük uğurumuzdur”.

 

“Məsuliyyət hər iki düşərgənin üzərindədir”

 

AMİP yetkilisi Əli Orucov  bildirib ki, müstəqilliyimizə yenidən qovuşmağımız və müstəqil dövlətimizi bərpa etməyimizi kənara qoysaq, bu günə qədər itirdiklərimiz qazandıqlarımızdan dəfələrlə çoxdur:

 

“Torpaqalarımızın 20 faizini itirmişik, bir milyondan çox qaçqınlarımız var, minlərlə şəhid vermişik. Hələ də işğal faktorundan qurtula bilməmişik və bu problemin həlli istiqamətində də təəssüflər olsun ki, işartı yoxdur. Demokratik, sivil, bütün sahələrdə inkişaf edən bir dövlət və ya siyasi sistem qurmaq şanslarımızı əldən verdik. Halbuki bütün bunların bir addımlığında olmuşuq. İndi bizə əlçatmaz görünür. Azərbaycan xalıqı layiq olmadığı, on illərlə apardığı mübarizəsinə adekvat olmayan, arzu etdiyinə uyğun gəlməyən bir şəraitdə yaşayır. Bunun də məsuliyyəti hər iki düşərgənin üzərindədir. Birində çox, birində bir qədər az. Uduza-uduza da gedirik”.

 

“Məsələyə inkarçılıqdan tam uzaq qiymət verilərsə...”

 

Azərbaycanın uğurlarına həmişə sevindiyini bildirən müstəqil siyasi ekspert Nəsimi Məmmədli hesab edir ki, hər bir məsələyə məddahlıqdan, qaraguruhçuluqadan, inkarçılıqdan tam uzaq qiymət verilərsə, bu, cəmiyyəti inkişafa apara bilər:

 

“Hesab edirəm ki, Azərbaycanın uğurları itirdikləri ilə müqaisədə çox azdır. Toxunduğunuz həmin qlobal layihələrin əhəmiyyətini xalq öz yaşayış şəraitində görmür. Ona görə də sevinməli bir şey yoxdur. Bu, hər gün rast gəldiyimiz insanların üzündən də oxunur.

Zaman-zaman tarixi torpaqlarımızdan qovulmuşuq və bu itkilərlə çox tez barışmışıq. Torpaqlarımız işğalda, yurdlarımızda düşmən məskunlaşır, bərəkətli torpaqlarımızdan bəhrələnir, təbii sərvətlərimizi yağmalayır, biz isə aciz-aciz heç nə olmamış kimi tamaşa edirik.

İntellektual gənclik ölkəni tərk edir, ailə qura bilmir, gənc ailələr dağılır, işsizlik artır və sosial münasibətlər pozulur, ancaq yetkin insanlar narahat olmur.

Rüşvətin, korrupsiyanın, sosial ədalətsizliyin, hüquqsuzluğun girdabında çabalayırıq, amma səsimizi çıxarmağa qorxuruq. Hüquqlarına etibarlı təminatı olmayan, gözüqıpıq, qorxaq vətəndaş ləyaqətli yaşaya bilməz. Yalnız təminatlı yaşamaq insanlarda ləyaqət hissini oyadır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti öz yaşayışından gileylidir, sabahına ümidsizdir, özünə inamsızdır. Belə bir durumda olan vətəndaş ləyaqətli ömür sürə bilməz”.

 

Tahirə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI