"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

23:56 30-11-2019 | icon 578 | Cəmiyyət
"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

Ölkədə sözün həqiqi mənasında inqilabi proses gedir. Özü də yuxarıdan. Şəxsən Prezident İlham Əliyev sözdə deyil, əməldə inqilab edir. İslahatlar kosmetik deyil, gerçək şəkildə həyata keçirilir. Yeni insanlar işə cəlb edilir, illərin kadrları istirahətə göndərilir. Özü də hörmət-izzətlə. Bu, Prezident İlham Əliyevin xarakteridir: dövlət qarşısında xidmətləri olsa da yola salınmalı sadiq insanları hörmətlə yola salmaq. Bu, bir əxlaq məsələsidir. Dövlət əxlaqı məsələsi. Prezident İlham Əliyev də həm mənsub olduğu ailə, həm də özünün şəxsi keyfiyyətləri baxımından bu əxlaqı ən yüksək səviyyədə mənimsəmiş bir lider kimi davranır, davranmağı bacarır.

 

İslahatlar artıq o həddə çatıb ki, iki gün sonra Milli Məclisin də buraxılacağı müzakirə mövzusu deyil. Sadəcə formal prosedurlar qalıb ki, onlar da önümüzdəki həftənin əvvəlində həllini tapacaq.

 

Biz, Milli Məclisin buraxılacağına köklənmişkən Prezident Administrasiyasında gözlədiyimiz struktur və kadr islahatları da gündəmi işğal elədi. Ötən günün birinci yarısı ictimai rəy daha çox Milli Məclisə diqqət kəsilmişdisə, ikinci yarısı gözlər Prezident Administrasiyasına dikildi. Və bəlli oldu ki, burada bəzi stuktur vahidləri ləğv olunub, bəziləri yenidən təşkil edilib. Bunun ardınca da yeni və köhnə vəzifə sahiblərinin yeni strukturda vəzifələri təsdiq edilib. Həm Administrasiyada indiyə kimi işləyənlər, həm də bura yenicə gətirilənlər var.

 

Xəbərlərdə deyilir ki, qurumun ictimai-siyasi məsələlər şöbəsi ləğv edilib. Eyni zamanda bu istiqamət üzrə Prezidentin köməkçisi vəzifəsi də ixtisara düşüb. Əvəzində şöbənin bəzi səlahiyyətlərinə uyğun yeni şöbələr qurulub və vəzifələri onlara həvalə edilib. Yalnız bir istiqamət – media ilə iş məsələsi açıq qalır. Təbii ki, bu sahə də belə qalan deyil və yəqin ki, yaxın günlərdə yeni xəbərlər eşidəcəyik.

Lakin sözümüz bunda deyil.

 Bizim üçün əsas olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və eyni adlı şöbənin müdiri Əli Həsənovun bu təyinatlardan kənarda qalmasıdır. Çünki biz media əhliyik, ictimai-siyasi proseslərdə fəalıq və o üzdən bu şöbə ilə də, hörmətli Əli Həsənovun özü ilə də təmaslarımız olurdu, gərək olduğunda dərdimizi deyib fikir mübadiləsi aparırdıq. İllərdir bu sahədə olan birisi kimi əminliklə deyirəm ki, həm Əli Həsənovun özü, həm də onunla birlikdə işləyənlər daim mediaya açıq, əlçatan olmaqla Prezident İlham Əliyevin bu yöndə siyasətini ən yüksək səviyyədə həyata keçirmək üçün əllərindən gələni edirdilər. Həm də uğurlu bir şəkildə.

 

Lakin sözümüz heç bunda da deyil.

 

Sözümüz ondadır ki, Əli Həsənov vəzifədən ayrılıb, onun haqqında indi daha ürəklə yaza bilərik. Çünki o, iş başında olarkən dəfələrlə şəxsən mənə deyib ki, barəsində yazmayım. Yəni yaxşı mənada. Düzdür, onunla bağlı yazılarım olub. Özü də kifayət qədər pozitiv. Özü də oxuyub bildiyimə görə. Amma görüşlərimizdə, söhbətlərimizdə həmişə deyib ki, məndən yazmağa gərək yox. Cənab Prezidentdən, hörmətli Birinci vitse-prezidentdən yazırsan, çox sağ ol. Bu, bizə yetər.

 

Onun özüylə bağlı yazmaq istəməyim də səbəbsiz olmayıb. Çünki bəzən bəzi şəxslər və qüvvələr yeri gəldi-gəlmədi onu hədəfə alıb, ailəsini belə təhqir edəndə “belə olmaz” deyib mövqe sərgiləməli olmuşam. Çünki Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinə qarşı belə kampaniya elə ölkə başçısının özünə qarşı kampaniyadır və məhz onu nüfuzdan salmağa xidmət edir. Bu halda belə Əli Həsənov şəxsinin müdafiə olunmasına razı olmurdu. O, “biz Prezidentin əsgərləriyik, əsas odur, onu qorumalıyıq” deyirdi.

 

Elə bu gün də elə deyir Əli Həsənov. Dünən sosial mediada onun vəzifədən ayrılmasıyla bağlı paylaşımını oxuduq. Ömrünün yarısını ulu öndər Heydər Əliyev və ondan sonra Prezident İlham Əliyevin siyasi komandasının ön sıralarında keçirmiş bir sadiq dövlət adamı kimi işindən ayrılanda belə ləyaqətini qorumağı bacarır bu təcrübəli dövlət adamı. Əli Həsənov vəzifədən ayrılanda belə hər kəsə çağırış edir ki, İlham Əliyevin ətrafında sıx birləşsinlər, bu dövləti sonadək qorusunlar. Bir dövlət adamı elə belə də olmalıdır. Biz illərdir bəzən bəzi şəxslərin vəzifədən ayrıldıqdan sonra nəinki belə bəyanat-çağırışlarını eşitmir, heç səslərinin çıxdığını da görmürdük.

 

Əli Həsənovsa öz gedişilə həm də yeni bir ənənənin əsasını qoydu. “Mən getsəm də təki dövlət yaşasın. Mənim getməyim o demək deyil ki, dövlətimdən, onun liderindən vaz keçirəm. Mən vəzifədən gedirəm, amma yenə də dövlətimə, liderimə xidmətimi davam etdirəcəyəm”, deyərək ayrıldı vəzifədən.

 

Biz, hörmətli Əli Həsənovun bu iradəsinə əsla şübhə etmirik, edə də bilmərik. Şəxsən mən onun səmimiyyətini, sözünün ağası olmasını yaxşı bildiyim üçün belə ürəklə yazıram. Mən özüm qədər əminəm ki, Əli Həsənov heç bir dövlət vəzifəsi tutmasa belə yenə də Prezident İlham Əliyevin sözdə deyil, əməldə əsgəri olaraq qalacaq, yorulmadan bu yöndə çalışacaq.

 

Əli Həsənov haqqında uzun-uzadı yazmaq olar. Onun Moskvadan Heydər Əliyevlə birlikdə Azərbaycana qayıdan iki nəfərdən biri olmasından tutmuş ta bu günə kimi gördüyü işlər, ömür yolu o qədər zəngindir ki, bunu bir müəllif yazısında əhatə eləmək heç mümkün də deyil. Ona görə də yazımızı hörmətli Əli Həsənova bundan sonrakı həyatında və fəaliyyətində uğurlar diləməklə bitiririk. Onu da əlavə edirik ki, vəzifədən ayrılması bizim ona münasibətimizi əsla dəyişmədi, dəyişməyəcək də. Əksinə, onun öz işindən belə ləyaqətlə getməsi bizi sevindirdi. Sevindirdi ki, illərdir birlikdə olduğumuz bu dövlət adamına ürək qızdırmaqda, ölkə Prezidentinə, dövlətimizə xidmət üçün məhz onu vasitəçi seçməkdə yanılmamışıq. Biz, insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik. Hörmətli Əli Həsənov da o insanlardandır.

 

Bizə gəlincə, işimizin başındayıq. Əli Həsənovun iş başında olduğu zaman hansı işlə məşğul idiksə, indi və bundan sonra da o işlə məşğul olmağa davam edəcəyik. Biz dövlətimizin yanındayıq, özümüzü Prezident İlham Əliyevin əsgərləri sanırıq. Ona görə də atdığı hər bir addımı könüldən dəstəkləyirik. Müzakirə belə açmadan liderin ən doğrusunu bildiyinə inanırıq. Vəzifə bu gün var, sabah yoxdur. Dövlətsə əbədidir. Biz əbədi olanın yanındayıq. Heç kim düşünməsin ki, bizim kimi insanlar bundan sonra əlimizi yanımıza salıb oturacağıq. Əksinə, bundan sonra da şövqlə, həvəslə dövlətimizə xidmətimizi davam etdirəcəyik. Prezidentimizin layiq və uyğun bildiyi şəkildə – işdə var qüvvəmizlə çalışacağıq.

 

Sözardı: Əli Həsənovu trol ordusu saxlamaqda ittiham edənlər vardı. Baxıram ki, dünəndən özlərinə əl qatıblar, bayram edirlər. Özü də trollar vasitəsilə edirlər bu “bayramı”. Əli Həsənovun mənim kimi “trolları” isə dünən necə idisə, bu gün də elədir. İndi bəlli olur ki, kim trol, kim də “trol” saxlayırmış…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları