Növbədənkənar seçkiləri labüd edən məqamlar

13:33 06-12-2019 | icon 727 | Siyasət
Növbədənkənar seçkiləri labüd edən məqamlar

Noyabrın 28-də Milli Məclisin buraxılması ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) səs çoxluğu ilə qəbul etdiyi qərar ölkə ictimaiyyəti tərəfindən maraqla izlənir. Bir çoxları növbədənkənar Parlament seçkilərinin keçirilməsi ilə bağlı bu qərarı gözlənilməz hesab etsə də, əksər kəsim bunu siyasi proseslərin tələblərinə uyğun olaraq gözlənilən addım saydılar. “YAP-ın bu qərarı siyasi partiya və ictimai təşkilatlarda hansı reaksiyanı doğurdu, və siyasi təşkilatlar parlament seçkilərinə nə dərəcədə hazırlıqlıdır?

 

Versus.Az bu məsələ ilə bağlı bir sıra partiya rəsmilərinin eləcə də, politoloqların açıqlamalarını təqdim edir.

 

Əlisahib Hüseynov: “YAP-ın bu addımını müsbət qarşıladım və bu təşəbbüsdə qeyri-adi heç nə görmürəm”

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib ki, YAP-ın noyabrın 28-də keçirilən toplantısında hakim partiya üzvlərinin növbədənkənar parlament seçkiləri ilə bağlı təşəbbüsü və növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsinin nəzərdə tutulması gözlənilən hal idi. Ə.Hüseynov hakim Partiyanın Siyasi Şurası bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib:

 

“Mən YAP-ın bu addımını müsbət qarşıladım və bu təşəbbüsdə qeyri-adi heç nə görmürəm. Bəzi müxalif siyasətçilərin, xüsusən də Əli Kərimlinin bu hadisəni az qala faciə kimi və top-tüfənglə qarşılaması, YAP-ın bu təşəbbüsünə müxtəlif cür don geyindirməsi anlaşılandır. Onlar yenə də cürbəcür bəhanə və iddialarla növbədənkənar parlament seçkilərini qaralamağa çalışacaq və siyasi manipulyasiyalara yol verəcəklər. Biz isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını dəstəkləyirik və hesab edirik ki, real siyasi gücü və elektorat bazası olan istənilən siyasi qüvvə bu seçkilərə qatıla və seçicilərin dəstəyini qazana bilər. Biz DADP olaraq növbədənkənar parlament seçkilərində öz namizədlərimizlə iştirak etməyi nəzərdə tuturuq”.

 

Sədrdar Cəlaloğlu: “Biz elə düşünməməliyik ki, növbədənkənar parlament seçkisi başdan ayağa şər prosesidir”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, növbədənkənar parlament seçkiləri heç də gözlənilməz deyil. Onun sözlərinə görə, axırıncı dəfə Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda parlamentin funksiyalarında bir çox dəyişiklik edilmişdi və indiki parlament əvvəlki Konstitusiyada seçildiyinə görə həmin səlahiyyətlərdən istifadə etmək hüququ yox idi. Bu baxımdan da Parlamentin fəaliyyəti faktiki olaraq Konstitusiya ilə ziddiyyət təşkil edirdi və ona görə də növbədənkənar Prezident seçkilərindən sonra dərhal Parlament seçkiləri keçirilməli idi:

 

“Növbədədnkənar parlament seçkilərini o baxımdan yüksək qiymətləndirməliyik ki, cəmiyyət nə qədər tez-tez seçkilərə gedərsə, obrazlı desək, “demokratik muskulların şişirdilməsinə” gətirib çıxara bilər. Seçkilər bir məşq kimidir. Demokratiya da bu məşqlər vasitəsilə güclənir. Hər bir seçkidə oppanentlər iştirak edəcək, mübarizə gedəcək, seçkilərdə saxtakarlıq edilərsə bunlar ifşa olunacaq. Bütün bunlar hamısı fəaliyyətdir. Kimlərsə üçün demokratiya vacibdir, əzizdir, onlar üçün iştirak naminə seçkilərdə iştirak edirlər. Onlar seçkilərin nəticəsindən çox, seçkinin əhəmiyyətini başa düşüb, prosedurun real bir cizgi alması üçün o prosesdə iştirak etmək istəyir”.

 

S.Cəlaloğlu onu da bildirib ki, bu gün Azərbaycan müxalifətinin nəyin bahasına olursa olsun seçkilərdə iştirak etmək imkanı olmadığına görə, “seçkilərdə iştirak naminə iştirak prinsipi” ilə seçkilərdə iştirak etməyə üstünlük verilməlidir və seçkilərin də növbədənkənar, tez-tez keçirilməsinə maraqlı olmaq lazımdır. Çünki nə qədər tez-tez seçki keçirilərsə, hər bir seçki özündən əvvəlki durğunluq dövrünə nisbətən irəliyə doğru addımdır:

 

“Biz elə düşünməməliyik ki, növbədənkənar parlament seçkisi başdan ayağa şər prosesidir. Burda da xalqımız, millətimiz üçün xeyirli məqamlar var. Arzu edək ki, xeyirli və maraqlı tərəfləri daha güclü olsun, daha çox inkişaf eləsin və perspektivdə Azərbaycan xalqına nəsə vəd eləsin”.

 

ADP sədri belə bir situasiyada müxalifətin heç bir güclə çıxış edə bilməyəcəyini də önə çəkib və bildirib ki, YAP fövqaladə şəraitdə ölkənin taleyi ilə bağlı çox ciddi qərar qəbul eləsə də, müxalifət buna fövqaladə reaksiya verə bilməyəcək:

 

“Azərbaycan müxalifətinin elə bir formatı yoxdur ki, bu cür fövqaladə hallarda fövqaladə reaksiya versin. Bu reaksiya olacaqsa da çox gecikmiş olacaq. Çünki, müxalifət tərəfi təşkil olunmamış, dağınıq bir vəziyyətdədir”.

 

 

Nəzakət Məmmədova: “BAXCP hər zaman olduğu kimi seçkilərə hazırdır”

 

BAXCP funksioneri, politoloq Nəzakət Məmmədova bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi təqdirəlayiqdir. Çünki ölkədə geniş vüsət alan islahatlar bütün strukturları, o cümlədən hakimiyyətin qanunvericilik qolunu əhatə etməlidir. İcra strukturlarında genişmiqyaslı islahatlar qanunvericilik və məhkəmə sahələrini də əhatə edərsə, istənilən nəticələrə daha səmərəli nail olmaq olar.

N.Məmmədova eyni zamanda qeyd edib ki, BAXCP hər zaman olduğu kimi seçkilərə hazırdır.

 

“Partiyamız daim islahatların zəruriliyini vurğulayır, bunun Azərbaycanın inkişafı və tərəqqisi yolunda mühüm mərhələ olduğunu qeyd edir. Bu prosesə müqavimət göstərmək ustəyən, seçkiləri baykot etməyə çalışan destruktiv qüvvələrin hələ də öz niyyətlərindən əl çəkmədiyinə baxmayaraq, islahatlar, o cümlədən hakimiyyətin qanunvericilik qolunda təkamül zəruridir və dövlətçilik fəlsəfəmizin mütərəqqi bir səhifəsidir”

 

N.Məmmədova partiya sədri Qüdrət Həsənquliyevin daim növbədənkənar seçkilərin ola biləcəyini, seçki sistemində mütərəqqi dəyişikliklər edilməsinin zərurətini vurğulması ilə bağlı fikirləri önə çəkib. O, partiya sədrinin sözlərinə istinad edərək, YAP-ın istənilən vaxt növbədənkənar seçki çağıra bilməsi ilə bağlı məsələ qaldırdığını irəli sürüb.  Bildirib ki, bu gün eynilə Qüdrət Həsənquliyevin dəqiqliklə proqnozlaşdırdığı proseslər eynilə onun dediyi kimi cərəyan edir.

 

“BAXCP sədri “hökumət növbədənkənar parlament seçkilərinə getmək istiqamətində addım atmaq istəsə, biz partiya olaraq buna dəstək verəcəyik”- deyə, daima bu istiqamətdə addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulamışdı. Radikal müxalifət və hakimiyyət daxilində islahatlara mane olmağa çalışan bəzi qüvvələr müqavimət göstərsələr də, prezidentin iradəsi bu məsələdə öz həlledici sözünü deməkdədir, islahatların alternativi yoxdur və bu proses davamlı olmalıdır. Konstruktiv müxalifət partiyası olaraq biz bu prosesə hər zaman dəstək vermişik, bundan sonra da bu prosesdə fəal iştirak etmək niyyətindəyik. Çünki cəmiyyətdə hakimiyyət və iqtidar arasında dialoq küçələrdən yox, sivil yolla müzakirələrdən, o cümlədən parlamentdən keçir”.

 

Pənah Hüseyn: “Bütün hallarda seçkinin təyin olunması gözlənilməzdir”

 

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı mülahizələr 1 ildən artıq sürsə də, bütün hallarda seçkinin təyin olunması gözlənilməzdir:

 

“Son dövrlər dövlət başçısı İlham Əliyev ciddi fəallıq nümayiş etdirir. Eyni zamanda iqtidar nümayəndələri indiki parlamentlə daha çox qabaq getmək olar. Parlamentdə olan bir çox yaşlı deputatlar üçün də bu gözlənilməz oldu”.

 

P.Hüseyn bu parlamentin guya islahatlara mane olması və yaxud təhlükə olması fikri ilə razı olmadığını deyib. Onun fikrincə, tələb olunan normal addımlar atılmazsa, əksinə, növbədənkənar parlament seçkiləri daha çox gərginlik mənbəyi də yarada bilər:

 

“Ona görə də bu seçkidə Azərbaycan seçicisi faktorunu prioritet götürmək lazımdır. Hələ ki, qərar və nəticə yoxdur. Mümkündür ki, qanunvericilik, hətta Konstitusiya çərçivəsində bu seçkilərə etimad dərəcəsini artıran, seçkilərin nəticəsində yaranacaq parlamentə olacaq ictimai etimadın yüksək olmasını təmin edəcək addımlar atılsın”.

 

Arif Rəhimli: “Qəbul olunacaq qərar Prezident tərəfindən keçirilən uğurlu kadr və struktur islahatlarının timsalında ölkəmizin inkişafına tam şəkildə təkan verəcək”

 

İrəli İctimai Birliyinin üzvü Arif Rəhimli Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı bu qərarını həyata keçirilən dövlət siyasətinə dəstək məqsədinin daşıdığını bildirib. Gənc YAP-çı qeyd edib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən islahatların yeni mərhələsinə qədəm qoyulub:

 

“2018-ci il Prezident seçkilərindən sonra İlham Əliyevin gələcək 7 ilin islahatlar ili olacağını bəyan etməsi ilə ölkəmizdə keçirilən struktur, kadr dəyişiklikləri, sosial islahatların aparılması, bu sahədə görülən işlər bir daha Ümummilli liderimiz Heydər Əliyevin qurduğu, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çoxşaxəli siyasətin əsasını təşkil edir”.

 

Arif Rəhimli qeyd edib ki, 2016-ci ildə keçirilmiş Referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər və əlavələr siyahısında, bu Konstitusiyanın 98¹-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidentinə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. “Bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurası tərəfindən yekdilliklə təsdiq olunan qərarın Parlamentə təqdim olunması həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi daşıyır. Milli Məclisə gənc, bilikli, savadlı kadrların seçilməsi gənclər ilə böyüklər arasında dinamizm yaradacaq. Hesab edirəm ki, qəbul olunacaq qərar cənab Prezident tərəfindən keçirilən uğurlu kadr və struktur islahatlarının timsalında ölkəmizin inkişafına tam şəkildə təkan verəcək”- deyə, A.Rəhimli bildirib.

Ramiyə Məmmədova: “Aparalın kadr dəyişikliyinin getdikcə köhnəlmiş olan parlamentə də şamil olunması labüd idi”

 

Politoloq Ramiyə Məmmədova ilin əvvəlindən başlanan islahatların  artıq bütün strukturlara şamil olunduğunu deyib.  Onun sözlərinə görə, aparalın kadr dəyişikliyinin getdikcə köhnəlmiş olan parlamentə də şamil olunması labüd idi.  

 

“Çünki uzun zamandan bəri Parlamentdə köklü dəyişikliklər getməmişdi.  Onu da qeyd etmək lazımdır ki,  parlamentdə olan YAP-ın qocaman silahdaşları Heydər Əliyev zamanından bu günə qədər dövlətin inkişafı, bugünkü günə gəlib çıxması üçün böyük əmək sərf ediblər. Artıq onların da yaş həddi keçib və Azərbaycan getdikcə Avropaya, dünya siyasətinə inteqrasiya olunduğu üçün gənc kadrlara, yeni nəslə ehtiyac var. Bu mənada yeni parlamentin seçilməsi çox vacib məsələdir”.

 

Politoloq bu gün xalqın Prezidentdən gözləntilərinin böyük olduğunu qeyd etməklə, YAP-la yanaşı digər siyasi partiyaların da seçkilərə qatılmasını vacib sayıb.  Politoloq iqtidar partiyası ilə yanaşı, parlamentdə yeni müxalifətə də böyük ehtiyac olduğunu deyib.

 

“Dövlətin inkişafı, xalqın rifahı naminə problemə düzgün , ədalətli yanaşan, qərəzsiz tənqid etməyi bacaran yeni müxalifətə ehtiyac var.  Demokratik sistemlərdə parlamentlərdə iqtidarı düzgün tənqid edən müxalifət olur və bu bizə də lazımdır”./Üç nöqtə/

 

T.Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”