Hətta Əli Kərimli də baş nazir təyin edilsəydi...

15:08 22-04-2018 | icon 1026 | Kürsü
Hətta Əli Kərimli də baş nazir təyin edilsəydi...

 

 

BƏYBALA MİRZƏYEV

/araşdırmaçı jurnalist/

 

Madam ki, bu gün az qala hər kəs yeni baş nazirimiz Novruz Məmmədovla tanışlığından, onunla nə vaxtsa hardasa, hansısa tədbirdəsə görüşməyindən falandan yazır, hətta birlikdə çəkilmiş fotoşəkillərini paylaşır (fotoşop olanları demirəm), o zaman icazə verin mən də Novruz müəllimlə bağlı təəssüratlarımı diqqətinizə ərz edim.

 

Hər şeydən öncə onu qeyd edim ki, Artur Rasi-zadədən fərqli olaraq Novruz müəllim istər mediaya, istərsə də adi insanlara kifayət qədər açıq insandır.

 

Yadımdadır, 1997-ci ildə Novruz müəllim o vaxtki Azərbaycan Pedaqoji Dillər İnstitutunun Fransız dili fakültəsinin dekanı idi. Orda oxuyan savadlı tələbələrdən biri müəllimlərdən biri tərəfindən incidilmişdi. Tələbə ilə mənasız yerə intriqa aparan müəllim həmin tələbəni qəsdən süründürməçiliyə salır, ona qiymət yazmırdı. Mən də həmin vaxt qəzetlərdən birində jurnalist işləyirdim. Tələbənin xahişi ilə getdim Novruz müəllimlə görüşdüm və məsələni onun diqqətinə çatdırdım. Novruz müəllim məni çox böyük nəzakətlə qarşıladı, kabinetində söhbət etdik, çay gətizdirdi. Və tələbənin məsələsinin yoluna qoyulacağına da söz verdi. Söhbətimiz bitəndən sonra isə məni qapıya qədər yola saldı. Verdiyi sözün üzərində də kişi kimi durdu, tələbənin problemi dərhal çözüldü. Tələbələr bir dekan kimi onun səmimiyyətindən və qayğıkeşliyindən çox razıydılar.

 

Sonrakı illərdə isə mən televiziyada işləyərkən Novruz müəllimlə yenə də tez-tez görüşürdük. O, tez-tez bizim ictimai-siyasi verilişlərimizin qonağı olur, Azərbaycanın xarici siyasəti ilə bağlı məsələləri şərh edirdi. Çünki həmin dövrdə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsini tuturdu. Novruz müəllim bəzi məmurlardan fərqli olaraq, jurnalistlərlə həmişə çox nəzakətli və səmimi tərzdə davranırdı.

 

P.S. Təəssüf ki, bu gün sosial şəbəkələrdə onun baş nazir təyinatına istehzalı münasibət bildirənlər də çox oldu. Dünənə kimi Artur Rasizadəyə lağ edənlər indi də Novruz Məmmədovu hədəfə aldılar. Hərçənd ki, Novruz Məmmədov hələ ki baş nazir kimi heç bir mənfi bir iş görməyib və əvvəlki vəzifəsində də bəkqraundunu korlaya biləcək heç bir neqativ addım atmayıb. Buna baxmayaraq, bəzi nihilist insanlarımız onsuz da hər şeyə qulp qoymağa və hər kəsi qara eynəkdən baxaraq qiymətləndirməyə meyllidirlər. Əminəm ki, hətta Əli Kərimli də baş nazir təyin edilsəydi, ona da “vedrə bağlayanlar” tapılacaqdı. Necə deyərlər, bu bizik…

 

Əlavə:
Bəzi dostlarımızdan fərqli olaraq mən o vaxt Novruz müəllimlə birgə şəkil çəkdirməmişəm və elə yaxşı ki, çəkdirməmişəm. Yoxsa ki, indi mən də həmin şəkli burda paylaşıb lovğalanardım. Ümumiyyətlə, müsahibə götürdüyüm, həmsöhbət olduğum məşhurların əksəriyyəti ilə şəkil çəkdirməmişəm. Bircə mərhum şairimiz Bəxtiyar Vahabzadə ilə şəklim vardı, “Facebook”da örtük şəkli kimi yerləşdirmişdim. Onu da bəzi ağzıgöyçəklərin qeybətlərindən sonra örtükdən çıxarası oldum.

 

Nə isə... Ümid edirəm ki, sələfindən fərqli olaraq Novruz müəllim yaddaşlarımızda yaxşı baş nazir kimi qala biləcək. Qalması lazım. Çünki bu gün bu ölkənin, bu millətin yaxşı baş nazirə, işlək baş nazirə hava-su kimi ehtiyacı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı