"NİAQARA" SİNDROMU...

16:26 16-12-2019 | icon 759 | Köşə
"NİAQARA" SİNDROMU...

VƏ YAXUD SÜRÜNGƏN BEYİN KOMPLEKSİ…

 

 

PAKİZƏ BABAYEVA

/İsveç-Bakı/

 

"Həyat bir şəlalə kimidir, çox insan bu şəlaləyə sonunda hara çıxacağını bilmədən atlar... Axıntının gur yerinə gələndə hansı tərəfə getmək istədiklərinə şüurlu şəkildə qərar verəməzlər, hansı tərəfin uyğun olacağını da düşünəməzlər. Özlərini axıntının gedişinə buraxmağı seçərlər. Ta ki, kükrəyən suların qorxunc səsi onları ayıldana qədər... "

 

Antoni Robinsin yuxarıdakı fikirləri həyatımızın gedişatındakı "niaqara sindromu" olayının yaşanmasının çox gözəl təsviridir. Bu sindrom öz adını real bir hadisədən alaraq, sonradan bir çox sahə ilə əlaqələndirilmişdir ki, istər fərdin, istərsə də toplumun ictimai-siyasi, sosial həyatının təsviri kimi yayğınlaşmışdır. "

 

Belə ki, bir qrup gənc bir qayıqla Niaqaraya açılmış, saatlarla gülüb-əylənərək, haraya doğru getdiklərinə diqqət etməmiş, yalnız dərin dərənin girişinə çatanda vəziyyəti dərk etsələr də, nə edəcəklərini, çıxış yolunun nə olduğunu düşünməkdə gec qalmış, yüksəklikdən şəlalənin girdabına yuvarlanaraq, azğın sularda yox olmuşlar.

Robins "İçindəki divi oyat" adlı əsərində bu movzuya toxunaraq göstərir ki, həyatımız da elə bu şəlalə kimidir, çoxumuz sonumuzun bu şəlalədə hara çıxacağını düşünmədən üzürük və sonunda özümüzü bir girdaba yuvarlanarkən görürük. Belə bir tale yaşamamaqçın insan özünü toplum selinə qapdırıb, hadisələrin axarına buraxmamalıdır. Həyatımızın kontrolunu əlimizdən qaçırmadan, düşünərək yaşamımıza yön verməliyik.

 

Həyatımızda bir çoxumuz üzləşdiyimiz çətinliklərdə qəti bir qərar verə bilmirik, arayıb-düşünmək zəhmətinə düşmədən, tərəddüdlər içində, "palaza bürün elnən sürün" bəhanəsi ilə özümüzü ovudaraq toplum güruhunun axınına qoşular, sonumuzun hara çıxacağını umursamadan axına düşər, qərarsız sürüklənib gedərik.

 

Özümüzü bu axına elə qapdırarıq ki, bir də kükrəyən suların dərin girdabında çarəsizcə çırpınarkən özümüzə gəlirik. Dibsiz girdabdan çıxmaq isə hardasa mümkünsüz olur. Halbu ki, yaşamımızda hər gün üzləşdiyimiz problem və çətinlikləri ciddiyə alıb arxamızda buraxmasaydıq, zamanında üzləşmə cəsarəti göstərərək çarəsizliyə dönüşdürməsəydik, fəlakətin önünü kəsər, bu dərin girdabda itib getmək qorxusu ilə üz-üzə qalıb, bu çarəsizliyə düçar olmazdıq.

 

İnsan təbiəti etibarı ilə bir-birinə bağlı olmağa məcbur olan sosial varlıqdır. Yəni müştərək şüura sahib olan, ortaq ölçülərə bağlı olan, ona inanan bir sosial toplum deməkdir. Burda da toplum halda yaşamaqda özünü göstərən sürü instinktləri əsas rol oynayır. Lebonun təbirincə desək, bir millətin uzun bir keçmişə dayanan atalardan gəlmə bir ruhu varsa, sürünün ruhu da hər zaman egemenlik altında olur. Yəni fərdlər arasındakı müxtəlif səbəblərdən, deyək ki, təhsil, bilik, bacarıq, qabiliyyət, intellektual və s. fərqlilik olsa da, əsasən kütlə deyilən çoğunluq sürü psixologiyası instinktlərinə malik olur.

 

Bilik və şüurun azaldığı ortamda basqın olan bu psixologiya çoxluğa ayaq uydurmaq, özünü axıntıya buraxmaq, öz düşüncəsinə deyil, başqalarının nə düşündüyünə önəm vermək, "hamı necə, mən də elə" kimi qəliblənmiş təfəkkür tərzinin formalaşması son dərəcə normaldır.

 

Belə toplumlar adətən qeyri-demokratik, totalitar idtibdad rejiminin hakim olduğu ölkələrdə olur ki, rejim tərəfindən müxtəlif vasitələrlə uyuşdurulmuş, zülmə, haqsızlığa alışdlrılmış, gündəlik keçim dərdinə düşməyə məhkum edilmiş fərdlər, özlərini suyun axınına qapdırıb girdaba yuvarlanan gənclər kimi, sonlarının hara gedib çıxacağını düşünməz hala gəlirlər.

 

Hər gün "Niaqara sindromu" yaşayan, önündəki uçurumları düşünməyən bizim kimi qəflətdə olan, toplumlar, sonunun nə olacağını düşünmədiyi hadisələrin girdabında məhv olmağa məhkumdular.

 

Hamımıza məlumdur ki, uzun zaman istibdad rejiminin baskısı altında olan, bu basqıya alışmış fərdə, topluma azadlıq aşılamaq çox çətindir. Çünki bu istibdad baskısı toplumun beyninə, ruhuna hoparaq, onu demək olar ki, iflic hala salır. Qorxu atmosferində tutulan insan, eləcə də toplum ümidsizləşir, zehinsəl aktivliyini itirir, özünümüdafiə gücü zəifləyir. Məşhur bir deyim var: - hər şey beyində başlar - məhz bu arqumenti əsas tutan diktatura rejimlərinin ilk işi kütlələrin beyninə təsir etməkdir.

 

Bunun üçün də insan beynindəki sürüngən beyin bölgəsi, yəni R - kompleksi hədəf alınır. Məlumdur ki, uzun təkamül yolu keçmiş insanın beyni nə qədər inkişaf etsə də, yenə də R - kompleksi deyilən sürüngən beyin bölgəsi, "ibtidai instinkt"lər öz varlığını qoruyub saxlamaqdadır və hər beyində mövcuddur. Sosial psixologiyada R - kompleksi ibtidai instinktlərin oyadılıb canlandırmasıyla müasir toplumlarda belə ağıl və məntiqdən uzaq davranışların meydana gəlməsi kimi xarakterizə olunur. Bir toplum nə qədər az inkişaf etmişsə onda ilkəl beyinin daha basqın olduğu qaçınılmazdır. Fərd, toplum özünü nə qədər çox təkmilləşdirərsə R - kompleksli davranışlarını da o dərəcədə kontrol edə biləcəkdir. Ancaq bəzən yüksək inkişaf etmiş toplumlarda da bu kompleksin bəlli məqsədlər üçün asanlıqla aktivləşdirilə bilməsi hamımıza məlumdur. Yüksək beyin gücünə malik insanlar yetirən alman xalqının, bir liderin sərsəm ideyalarına qapılıb dəhşətli fəlakətlərə yol açan siyasətini dəstəkləmələri məhz bu sürüngən beyin bölgəsinin aktiv hala gətirilməsinin sonucudur. Hitler iqtidarı millətin beynindək ilk layı, R-kompleksini oyadıb fəaliyyıtə gətirməklə öz cinayətlərinə ortaq etmişdir. Elmə görə beyin üç laydan ibarətdir: 1. Reptilian sistem - ilkəl beyin, R - kompleksi. 2.limbik, yəni duyğusal sistemdir ki, heyvanlarda mövcuddur. 3-cü isə Neo - korteks, yəni düşünən beyindir ki, ancaq insana məxsusdur və beynimizin 70% - ni əhatə edir.

 

R-Kompleksinin əsas funksiyası həyatda qalma və soyunu artırma istəyidir. Bu gün istibdad, diktatura rejimlərinin basqısı altında olan toplumlarda bu iki instinkt üstünlük təşkil edir. Neo-korteks sistemi uyuşdurulub, R-kompleksi aktiv hala gətirilən toplum fərdinin yeganə məqsədi həyatda qalma və nəsil artırma istəyidir ki, bu gün mənsub olduğumuz Azərbaycan toplumunun əksər hissəsində özünü büruzə verir.

 

Bu kompleksin təsiri altında olan insanlar eqoist, göstəriş sevən, çıxarlarını güdən, öz düşüncəsi ilə deyil, başqaları nə deyər, hamı necə, mən də elə təfəkkürü ilə hərəkət edərlər.

 

Qorxuya dayanan R - kompleksi səviyyəsinə endirilmiş toplumlar çox keçmədən problemlərinə çözüm aramayan, itaətkar, laqeyd toplumlara dönüşür, ortaq dərdlərə duyarsızlaşır. Öz dünyasında qorxunun, yoxsulluğun, gələcəyindən əndişə etməyıcək qədər korlaşdırılan toplum insanı cəhalətinin döngüsü içində dönüb durur. Bunu bir yaşam halına gətirərək birtəhər həyatda qalmağa çalışır.

 

 

Deyirlər Qədəri qərarlar formalaşdırir. Əgər biz bir toplum olaraq bu gün bu sürüngən beyinin əsarətindən çıxa biləcək qərarlar verməkdə aciz qalıb, "hamı necə, mən də elə" təfəkküründən xilas ola bilməsək, Niaqaranın girdabında batıb gedən insanların qədərini yaşayacağıq. Bir bilginin dediyi kimi:

"Tanrı heç bir topluma R-kompleksi altında ağlını itirməyi nəsib etməsin."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı