“Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - LAYİHƏ 1

13:53 23-04-2018 | icon 1936 | Layihə
“Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - LAYİHƏ 1

QƏZAN MÜBARƏK

 

Arif Paşa: “Dediyiniz yardımdan bircə quruş mənimsəmişəmsə, balamın kəfəninə qismət olsun”

 

 

Versus.Az saytının növbəti DÖYÜŞÇÜsü ARİF PAŞAdır. Əvvəlki DÖYÜŞÇÜ 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı idi.

 

“Barmağımı tətiyə basacaq təpərti əvvəlki gücündədir

 

Məşhur Laçın batalyonunun komandiri Arif bəylə təqdim etdiyimiz müsahibədə qeyd olunanlara qol götürüb oynayanlar, dəsmal götürüb ağlayanlar və dodaq büzüb başını bulayanlar da olacaq. Müsahibədə Alparslan Türkeşin verdiyi 100 min dolların aqibətindən söz açılıb, Laçın müəmması çözülüb, “satılan Qrişaların dedikləri həqiqətlər"ə görə "generallar" mətbu divana çəkilib, içləri, içalatlartı çölə tökülüb. Bütün olmuşlara güzgü tutulub, olanlar dilə gətirilib, cəbhədaşlarının və Arif Paşanın özünün icra etdiyi siyasi rituallar incələnib, Sarıbaba yaylasında, Qırxqız oylağında virtual da olsa çalınan bəy havasının mahiyyəti açıqlanıb...

...Və bütün bunların yer aldığı suallar yığnağının cavablandırlması bizim Arif Paşadan gözləntilərimiz idi. Cavablandıra bilibmi, bilməyibmi, onu siz istəkli oxucular deyəcəksiniz...

Beləliklə, diqqət mərkəzə, KOMUTAN gəlir - növbəti Döyüşçümüz ARİF PAŞA...

 

“Baxır, hansı aspektdən dar ağacına çəkilməyimə”

 

- Qəzanız mübarək Arif Paşa! Xoş gördük sizi mətbuatın Cəng Meydanında. Səmimi deyin görək canınızda barmağı tətiyə basmağa təpərti var, ya yox?

 

- Mən bütün zamanlarda özümü Vətənimin, dövlətimin əsgəri hesab etmişəm və indi də bir əsgər olaraq yurdumuzun keşiyində durmağa tam hazıram. Canımda da barmağımı tətiyə basacaq təpərti əvvəlki gücündədir.

 

- Amma deyəsən düşmən qəvidir, taleyiniz də sizi zəbun edib.

 

- Bir obanın üstünə düşmən gəlibsə, həmin düşmənin gəlişinə olan münasibət bu insanların qalxması ilə adekvat olmayanda bax bu, dəhşətdir. Fərd olaraq mənimçün Vətən taleyi həmişə öndə olub. Məhz Vətənimizin siz dediyiniz “zəbun olma” faktıyla üzləşməməsi üçün mən fəaliyyətim boyu bütün mümkün vasitələrdən istifadə etmişəm.

 

- Arif Paşanın yurda münasibətdə bir Qurd Sevgisi olub. Maraqlıdır, o Qurd Sevgisi içinizdə yenə də yaşayır, yoxsa Qoca Qurd olaraq öz-özünüzü yemə çevirmisiniz? Və kim üçün?

 

- Yurda münasibətdə mənim içimdə bəli, bir Qurd Sevgisi var və bu sevgi hər zaman mənim içimdə yaşayıb, yaşayacaq. Əslində o yurd sevgisidir bizi yaşadan. Bu baxımdan mən özümü qoca yox, döyüşçü qurdların cərgəsində görürəm. Hesab edirəm ki, biz hələ də döyüşdə aparıcılıq missiyasını yerinə yetirə biləcək Qurdlarıq.

 

- Hərdən adama elə gəlir ki, Arif Paşa hansısa mağara-məbədə çəkilib və çoxlarına bələd olmayan hansısa ritualları icra etməkdədir. Öz ibadətinizlə məşğulsunuz, yoxsa sizə hansısa səcdəni zorən etdirən var?

 

- Mənim üçün məbəd mənim Vətənimdir, mənim millətimdir və millətimin gələcəyidir. Sizin təbirinizsə desək, icra etdiyim bütün rituallar da Vətənimin, millətimin varoluşu, sabahı üçündür. Vətən uğrunda savaşa hər an hazır olmaq mənim həyat tərzimdir.

 

- Dar ağacına çəkiləcək Arif Paşanın öz diliylə öz mənini xilas etmək üçün şansı varmı?

 

-  Baxır, hansı aspektdən dar ağacına çəkilməyimə...

 

“Heç zaman etibarlı sığınacaqlarda gizlənməmişəm”

 

- Vətənin başına gətirilən oyunlar, fərqi yoxdur, bu oyunların gedişatında əsas, yaxud epizodik rolun ifaçısı olmaq, kütləvi tamaşalarda personaj olmaq baxımından bütün vətəndaşların yolu dar ağacının yanından keçir...

 

- Mən qətiyyən bu fikirlərlə razı deyiləm. Biz bu səpkidən çıxış etsək, Vətən yolunda savaşanlarla ordudan yayınanlar, qaçıb gizlənənlər arasında bir bərabərlik işarəsi qoyuruq. Vətən yolunda savaşanlar və savaşmayanlar var. Savaşmayanlar məhz bu tapıntını ortaya atıb, özlərini mənəvi baxımdan təmizə çıxarmaq üçün bu kateqoriyalı çıxışlar edirlər...

 

- Bu sualı sizə mən ünvanlayıram, mən də sizin kimi bir döyüşçü olmuşam və siyasətçilərdən fərqli olaraq etibarlı sığınacaqlarda gizlənməmişəm...

 

- Bu cavabı qətiyyən sizə yönləndirmirəm. Çünki siz də bu gün cəmiyyətdə oturaq hal alan yanaşmalara aydınlıq gətirmək üçün sualı mənə yönləndirmisiniz. Bu baxımdan mənim dediklərim də əks tərəfə yönəlib. Digər bir tərəfdən, sizin ironiyanıza cavab olaraq onu da bildirim ki, əvvəla, mən özümü siyasətçi deyil, Vətən torpaqlarını azad etməyə hazır olan döyüşçü sanıram. Və ikinci bir tərəfdən də, heç zaman etibarlı sığınacaqlarda gizlənməmişəm, mən hər zaman açıq meydanlarda olmuşam. Və bu meydanda da mənim heç bir ambisiyam olmadığı kimi, rejissor pultu arxasından hansısa rolun ifaçısı da olmamışam. Bu həyatda mənim rolum Vətən torpaqlarının azadlığı uğrunda döyüşməkdir. Buna görə kimisə dar ağacına çəkmək Vətən sevgisiylə uyuşmur...

 

- Söhbət ən azından mənəvi yanaşmadan gedir. Bu gün döyüşçü Arif Paşanın içində yaşatdığı param-parça edilmiş Azərbaycandan...

 

 - Mən Rüstəm Behrudi demişkən - “əcəlnən ölməmək üçün qurulan dar ağacı”nın tərəfdarıyam. Vətən üçün, millət üçün vuruşmanın tərəfdarıyam. Ən azından mənim içimdəki Azərbaycan bütövdür və bütün duyğularım da Azərbaycanın bütövlüyünün keşiyindədir.

- İçində Azərbaycanın Bütövlüyünü yaşadan Arif Paşa haqqında deyilənlərdən xəbəriniz varmı?

 

“Ordan-burdan silah tapıb döyüşən adama böhtan atmaq”

 

- Nəyi nəzərdə tutrsunuz?

 

- Eşitmək istəmədiyiniz, yaxud eşitmədiyiniz deyilənləri...

 

- Deyin eşidim, eşitdiyimi cavablandırım...

 

- Məsələn deyirlər ki, Arif Paşa o zaman Qarabağa Xalq Yardımı xəttiylə gələn yardımları satıb və bundan özünə var-dövlət toplayırmış... Məsələn deyirlər ki, “Laçını satan elə Arif Paşanın özü olub”...Məsələn deyirlər ki...

 

- Əslində belə şaiyələrin yayılması birbaşa döyüşçü kəsimi öz mübarizəsindən yayındırmağa xidmət edən amillərdəndir. İkinci bir yandan, bu gün də deyirəm ki, əgər mən o dediyiniz yardımlardan bircə quruş mənimsəmişəmsə, o quruşlar mənim balamın kəfəninə qismət olsun...

 

- Arif bəy, o zaman rayonlarda formal nəzarət polisdə olsaydı da, əsas güc kimi hərbiyə rəhbərlik edən kəslər söz sahibiydilər. Bu baxımdan Laçında da siz söz sahibiydiniz...

 

- O zaman hərbiyə rəhbərlik edən kəslər simasında məni nəzərdə tutub həmin deyilənlərə aydınlıq gətirməmi istəyirsinizsə, zənn edirəm ki, cavabını verdim. Hətta məntiqlə belə götürəndə, “deyirlər” kimi təqdim etdiyiniz həmin məqamlara görə də polis cavabdehlik daşıyırdı. Əlində heç bir səlahiyyəti olmayan, ordan-burdan silah tapıb döyüşən adama böhtan atmaq o zamanın bir eybəcərliyi idi. Bu səpkidən çıxış edənlərin bir missiyaları var idi.

 

- Nə idi o missiya?

 

- Bu, birbaşa rus xüsusi xidmət orqanlarına işləmənin və ermənizmin fəaliyyəti idi. Keşmişdə də belə olub. 1920-ci ildə əsas qınaq Cümhuriyyət qurucularına yönəldildi. 1992-ci ildən sonra əsas qınaq Əbülfəz Elçibəyin komandasına yönəlmişdi...

 

- Anlaya bilmədim, siz bütövlükdə cəmiyyəti rus xüsusi xidmət oraqnlarına işləməkdə, ermənizmi təbliğ etməkdə suçlayırsınız?

 

- Mən cəmiyyət deyil, cəmiyyəti yönləndirmək istəyənləri nəzərdə tuturam. Kimi qınamaq asandırsa, kimin üstünə getmək asandırsa, kimi müzakirə etmək asandırsa, ictimai qınaq da hər zaman ora yönəlib.

 

“İctimai qınaq Elçibəyin fəaliyyətinə adekvat deyildi”

 

- Nə əcəb siz hakimiyyətdə olanda bu ictimai qınağı “düzgün səmt”ə yönləndirə bilmədiniz?

 

- Birincisi mən siyasi hakimiyyətdə təmsil olunmamışam, mən döyüşçü olmuşam. Vəzifədən və hakimiyyətdən gedənlərin qınaq obyektinə çevrilməsi nə qədər asan olsa da, bir o qədər də gülünc və ikrahdoğurucu haldır. İkinci bir tərəfdən, mən döyüşçü olmuşam və hədəfim də torpağıma göz dikən ermənilərin məhv edilməsi olub.

 

- Amma AXC hakimiyyətdən gedəndən sonra Əbülfəz Elçibəy də qınaq obyekti oldu.

 

- O qınaq Əbülfəz bəyin fəaliyyətinə adekvat deyildi, qədərindən artıq idi. Haqdan kənar olan ictimai qınaq idi.

 

- Müstəqilliyimizin əldə olunmasında rolu olanlardan biri də sizsiniz. O zaman Sizin fəaliyyətiniz hansı cəbhədə daha qabarıq idi - hərbi, yoxsa siyasi düşərgədə?

 

- Burada bir nüans var...

 

- Hansı nüansdır belə?

 

- Çox qəribədir ki, bizim döyüş bölgəsindən olan insanlarımızı sırf hərbi aspektdən qiymətləndirirlər. Şəhərdə olan insanlar mitinqlər keçirir, aksiyalar təşkil edirdilər. Bu, milli azadlıq mübarizəsinin dinc yolu idi.

 

- Bəs sərhəd rayonlarında olan insanlar mübarizənin hansı formatını seçmişdilər?

 

- Sərhəd rayonlarında olan insanlar iki cəhətdən mübarizə aparırdılar: həm milli azadlıq mübarizəsinin dinc formatında olan çıxışlar edilir, həm də əllərində silah olan bu kəslər müstəqillik uğrunda mücadilənin aparıcılarıydılar.

 

- Sizin bölgü prinsipinizi zatən mən sualda vurğulamışam və Arif Paşanın hansı cəbhədə olduğunu bilmək istədim.

 

- Mən milli azadlıq mücadiləsinin həm hərbi, həm də digər qanadında olmuşam. Biz milli azadlıq savaşı aparırdıq.

 

“Azərbaycanın siyasi və hərbi rəhbərliyi xəyanətkar idi”

 

 

- Sizcə, Laçının işğalı dönəmində hansı düşərgədə daha çox satqınçılıq oldu - hərbi, yoxsa siyasi? Və kim idi bunlar, nəyi satıb, nəyi alırdılar?

 

- Xəyanətlər Azərbaycanın siyasi və hərbi rəhbərliyi səviyyəsində baş verirdi.

 

- Lütfən, mücərrədlikdən uzaq olaq. Hər kəs öz adıyla çağırılsın, görək bu xəyanətləri hansı maraq stumullaşdırırdı?

 

- Burada hansı mücərrədlikdən söhbət gedə bilər. Açıq mətnlə siyasi və hərbi rəhbərlikdən danışıram. Bu xəyanətlər hansısa rayon, hansısa region səviyyəsində deyildi. Çünki oradakı insanlar öz mübarizələrində səmimi idilər - ermənilərlə bir addımlıqda olan yurd yerini, analarını, bacılarını qoruyurdular...

 

Daşnakların toplantısı və hakimiyyətin loyallığı

 

- Siz özünüz nə vaxt silaha sarıldınız?

 

- Səhv etmirəmsə, 1988-ci ilin fevral ayının 10-u idi. O zaman Laçının ərzaq təminatı Xankəndində olan dəmir yolu stansiyası vasitəsilə həyata keçirilirdi. Rayonumuzun istehlak cəmiyyətindən ora gəlib gedənlər bildirdilər ki, Xankəndində nəsə tərpəniş var, yığılırlar, mitinq edirlər. Və bunun daha böyük formatı 12 fevralda baş tutmuşdu. Mən bu xəbəri axşam eşidən kimi.....

 

- O vaxtlar siz Laçında nə işlə məşğul idiniz?

 

- O zaman Laçın rayonunda Rayon ixtisaslaşmış şöbənin müdiri idim. Hərbidən də təzəcə qayıtmışdım. Bu xəbəri eşidən kimi iki dostumu götürüb Xankəndinə getdim. Özümlə xəncər də götürmüşdüm ki, mən ermənilərin qabağını kəsərəm, siz də xilas olub gedərsiniz...

 

- Qərəz, getdiniz Xankəndiyə...

 

- Bəli, getdik Xankəndinə. Gördüm ki, dəmiryol stansiyasının kənarında böyük bir toplantı var. Amma bu əhali heç də xuliqan, bandit dəstəsinə oxşamır. Bu adamlar kifayət qədər ciddi adamlara oxşayırdılar, ciddi geyimləri və ciddi davranış tərzləri var idi, hamısı da erməni dilində danışırdı...

 

- Nə danışırdılar, heç qulaq vermədiniz?

 

- Mən erməni dilini bilmirdim...

 

- Orada toplanan insanlardan sizə qarşı hansısa bir aqressiya oldumu?

 

- Yox, bizə qarşı heç bir aqressiya olmadı və biz özümüz də hansısa diqqəti cəlb edəcək hərəkətlərə yol vermədik.

 

- Bəs gördüklərinizlə bağlı hansı addımı atdınız?

 

- Xankəndindən Ağdama gedib bu rayonun partiya komitəsinin birinci katibi var idi - Sadıq Murtuzayev, gördüklərimi ona nəql etdim ki, Xankəndində ciddi bir proses gedir, kifayət qədər oturuşmuş qüvvələrin həyata keçirəcəkləri hansısa prosesdən xəbər verir bu. Buna ciddi fikir vermək lazımdır. Bundan sonra öz gördüklərimi Laçın rayon partiya komitəsinin birinci katibi Xanlar Məmmədova da dedim.

 

- Onların reaksiyaları nə oldu?

 

- O zaman çoxları kimi həmin adamlar da fikirləşdilər ki, bu boyda sovet hökuməti olan yerdə belə şeylər əhəmiyyət kəsb etmir. Ancaq mən bu düşüncədə deyildim.

 

“Mənim üzərimə silah tədarüküylə məşğul olmaq vəzifəsini qoydular”

 

- Siz o zaman hansı düşüncədə idiniz?

 

- Biz o zaman fevral ayının 13-də mənim uşaqlıq dostum İsmayılov Raufun evinə toplandıq....

 

- “Biz” deyəndə siz kimləri nəzərdə tutursunuz?

 

- Öz dostlarımı çağırmışdım ora. İndi “Azərsu”da müavin işləyən Etibar Məmmədovun qardaşı Teyyub Məmmədov, hazırda Gömrükdə işləyən dostumuz Tofiq Abdullayev, bir də İsmayılov Raufun özüylə mən - 4 nəfər bir yerə cəm olduq. Dedim ki, vəziyyət çox gərgindir, biz silah tədarükünə başlamalıyıq. Qısaca olaraq tarixə ekskurs edib erməni xəyanətkarlığına diqqəti cəlb edəndən sonra Müvəqqəti Fövqəladə Komitə yaratdıq.

 

- Yaratdığınız Komitədə siz hansı vəzifələrə görə yükümlü oldunuz?

 

- Məni sədr seçdilər və dostlar mənim üzərimə silah tədarüküylə məşğul olmaq vəzifəsini qoydular. Mən ertəsi günü Salyana gəldim....

 

- Niyə məhz Salyana?

 

- Orada mənim dostlarım, tələbə yoldaşlarım var idi. Sonra Maştağaya getdim. Az müddətdən sonra Salyandan və Maştağadan ilkin silah partiyaları gəldi....

 

- Hansı növ silahlar idi bunlar?

 

- Ov silahlarıydı. Amma hər halda silah idi.

 

- Sonra haradan silah gəldi sizə, yoxsa elə Salyan və Maşatağadan gələn silahlar yetərli oldu?

 

- Yox, o zaman üçün bizim silahlar təbii ki, yetərli deyildi. Sonra bizə məlumat verdilər ki, Gürcüstanda Qaraçöp camaatı da bu yardımı etməkdə maralıdırlar. Biz öz nümayəndəmizi Qaraçöpə göndərdik....

 

- Yerli hakimiyyətin özündə silah tədarükündə maraqlı olan kəsim yox idimi?

 

- Var idi.

 

- Kim idi onlar?

 

- Mədəniyyət şöbəsinin müdiri Çingiz müəllim, məişət evinin direktoru Tariyel müəllim, avtobazanın direktoru Rafael müəllim və başqaları. Bu adamlar gecələr mənim yanıma gəlib kömək təklif edirdilər.

 

 

“DTK-dan ultimatum verildi ki, artıq taleyin qaranlıqdır”

 

- O zaman sizin Bakıda təşkilatlanmaqda olan birliklərlə əlaqəniz var idimi?

 

- Yox, bizim belə əlaqələrimiz olmayıb? 1988-ci il 15 fevralda biz çoxlarının bəyənmədiyi davakar uşaqlarla küçə yürüşü keçirdik. Bu yürüşü mən, bir də rayondakı peşə məktəbinin direktor müavini olan Abdullayev Tofiq Yusif oğlu təşkil edirdik...

 

- Şüarlarınız nə idi?

 

- Şüarlarımız sırasında ən öncüllüyü təşkil edən “Azərbaycanın bir qarış torpağını da kimsəyə vermərik!”, “Çiçəklən doğma Azərbaycan” idi...

 

- Bu şüarları harada yazırdınız?

 

- Peşə məktəbinin direktoru var idi - Şükürov Vaqif, çox ləyaqətli insan idi. Şüarları hazırlamaq üçün Vaqif müəllim bizə otaq ayırmışdı və şüarların hazırlanmasında bizə yardımçı olmuşdu...

 

- Laçında sovet sistemi tamamən kor olmuşdu ki, hər şey belə asanlıqla baş verirdi?

 

- Əsla. Elə həmin yürüşün səhəri günü məni həm rayon partiya komitəsinə, həm də DTK-nın yerli bölməsinə dəvət elədilər. DTK-dan mənə ultimatum verildi ki, artıq sənin taleyin qaranlıqdır.

 

- Cavabınız nə oldu?

 

- Cavabım heç özünü gözlətmədi də. Çünki bizim şüarımız elə həmin idarənin də pəncərəsindən görünən yerdə yazılmışdı -  “Çiçəklən doğma Azərbaycan”...

 

- Qıcıqlandırıcı heç bir şey yox idi sizin yürüşünüzdə?

 

- Var idi. Cavanların bir qismi “Ermənilərə ölüm!” şüarını da irəli sürmüşdülər.

 

- Sonra bu aksiyalar davamlı oldu, yoxsa içinizdəki qorxu sizi susdurdu.

 

- Səhbət vətənin taleyindən gedirsə, burada hansısa bir qorxunun olması mənim xaraterimlə tam ziddiyyət təşkil edir. Aksiyalarımıza gəlincə, təbii ki, bu hal davamlı xarakter aldı.....

 

“Güllə səsləri YUXARILARDA eşidilmirdi”

 

- Sizin silahlanmanızla bağlı bəzi xırda detallara da aydınlıq gətirin. 1988-ci ildə hələ ki, əlimizdə qalan torpaqlardan işğal olunanı yox idi. Bəs siz həmin silahları neynirdiniz, haralarda istifadə edirdiniz?

 

- Güllə səsləri o zamankı paytaxt Bakıda eşidilmirdi. Ancaq yerli sakinlər demək olar ki, hər gün ermənilərin atdıqları güllə səslərini eşidir və şahidi olurdular. Tığik kəndinin sakini hamilə qadın, onun bətnindəki uşaq, yanındakı uşaq və həyat yoldaşı ermənilər tərəfindən güllələnəndə heç Topxana hadisəsi baş verməmişdi. Biz veteranlar bağında otaq əldə edəndən sonra öz təşəbbüsümüzlə sərhəd kəndlərinə silahlı qruppalar göndərməyə başladıq....

 

- Dövlət bu qədərmi gücsüz idi ki, kəndlər kiçicik qruppaların ümidinə qalmışdı?

 

- Dedim axı, bu səslər YUXARILARDA eşidilmirdi. Səsimiz, harayımız eşidilmirsə, biz özümüzü müdafiə etmək məcburiyyətində idik. Və onu da vurğulayım ki, bu işdə Laçın milisi də bizimlə birgə idi. Laçın polisi çox vətənpərvər polis olub. Hər 15-20 nəfərlik qrupa bir polis qoşurduq.

 

- Məqsəd nə idi bunda?

 

- Məqsəd o idi ki, bu qrupun yanına sovet əsgəri gələndə milisin varlığına görə hansısa konfliktə girməsinlər. Sovet dövründə bu addımı atmaq həm cəsarətli addım, həm də bir fədakarlıq idi. Onda biz özümüz üçün tarixdən oxuduğumuz xalq cəbhələrinə istinadla belə bir ad da qoymuşduq - “Azərbaycan Xalq Cəhəsinin Laçın rayon Komitəsi”...

 

“Biz onların adını məxfi saxladıq”

 

- Bu nə vaxt idi?

 

- Bu, 1988-ci ildə olub. O zaman biz yaratdığımız komitəyə də gizli rəhbərlik seçdik. Rəhbərlik 7 bənddən ibarət bir Məramnamə də hazırladı...

 

- Məramınız nə idi?

 

- Məramnaməmizin 1-ci bəndi Azərbaycanın müstəqilliyi, 7-ci bəndi Azərbaycanın ekologiyasının qorunması idi...

 

- İdarə heyətiniz neçə nəfər idi?

 

- 13 nəfər idik.

 

- Kim idi onlar?

 

- Biz onların adını məxfi saxladıq, görünən tərəf biz idik - indi Gömrükdə işləyən mənim dostum Abdullayev Tofiq, Abışov Fazil, Məmmədov Teyyub, Əsgərov İsabalı, Nağıyev Rafiq, Cabbarov Zakir, Bayramov Şirastan, Ramazanov Şamo, Nağıyev Rafiq, Bayramov Abuzər, Əliyev Şaban və sair. O zamankı siyasi rəhbərliyin satqınlığı ucbatından Azərbaycanın hər bir rayonu ayrı-ayrılıqda bütöv Ermənistanla təkbaşına mübarizə aparırdı. Və dəhşət də bunda idi ki, biz həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanla savaşırdıq. Paytaxt Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi. 1989-cu illn əvvəllərində Şakir Kərimov, Kamal Abdulla, Polyaniçko vəzifəli adamlar qismində rayona gəlirdilər.

(davamı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı