Bugünkü Günəş tutulmasını adi gözlə izləməyin, təhlükəlidir - XƏBƏRDARLIQ
Bu gün Azərbaycanda da müşahidə ediləcək Günəş tutulmasına adi gözlə baxmaq olmaz.
Versus.Az-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, saat 06:30-da ilin növbəti təbiət hadisəsi - Günəş tutulması başlayacaq.
Günəşin tam tutulma hadisəsi saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq, saat 10:58-də isə tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.
Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.
Direktor müavini deyib ki, Azərbaycanda qismən Günəş tutulması hadisəsi müşahidə ediləcək. Bakıda Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-yə qədər - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq:
"Həmin zaman Günəşə baxılarsa, onun sağ tərəfinin tutulmağa başlanıldığını görmək olar. Günəş tutulmasını adi gözlə müşahidə etmək mümkün deyil. Çünki Günəşin diskini adi gözlə müşahidə etmək çox təhlükəlidir. Günəş tam tutulduqda isə bu təhlükə daha da artır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazmdır. Nəzərə almaq lazındır ki, adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".
X.Mikayılov əlavə edib ki, Günəş, eləcə də Ay tutulmaları havanın temperaturunun dəyişməsinə və iqlimlə bağlı digər proseslərin baş verməsinə heç bir təsir göstərmir:
"Bu tutulmalar Günəş və Ayın hərəkəti ilə bağlı olan adi astronomik təbiət hadisələridir. İl ərzində bir neçə dəfə Günəş və Ay tutulmaları baş verir".
Qeyd edək ki, 2020-ci ildə 2 Günəş tutulması müşahidə olunacaq.
1-ci Günəş tutulması 21 iyun 2020-ci ildə baş verəcək və bu yay günəşduruşu gününə təsadüf edəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Tutulma hadisəsi 5 saat 48 dəqiqə davam edəcək. Tutulma hadisəsi Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.
Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
2-ci Günəş tutulması isə 2020-ci il 14 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"