“Türkiyə-Azərbaycan münasibətlərinin sağlamlığı Türk dünyasının varlığını gücləndirən əsas faktordur” - MÜSAHİBƏ

15:41 10-01-2020 | icon 658 | Cəmiyyət
“Türkiyə-Azərbaycan münasibətlərinin sağlamlığı Türk dünyasının varlığını gücləndirən əsas faktordur” - MÜSAHİBƏ

Nejat Bora Sayan: “İlk illərdə getdiyim Azərbaycan ilə indiki Azərbaycan arasında çox böyük fərq var”

 

Qardaş ölkədə yaşayan həmyerlimiz, Türk Yapon Fondunun rəhbəri prof. dr. Nejat Bora Sayanın Versus.Az-a müsahibəsi.

 

- Nejat bəy, oxucularımıza özünüz haqqında bir az məlumat verməyinizi istərdik.

 

- Mən Necdət Bora Sayan 1958-ci ildə İqdırda anadan olmuşam. Ana babam Hüseyin Yaycı təqribən 1927-ci ildə Batumi yolu ilə İqdıra bacısı Səkinə xanımla bir yerdə gəlir. İki qardaşı isə Naxçıvanda qalır. Babamın ailəsi Abdullayev kimi bilinən bir ailədir. Ailənin Naxçıvanda qalan tərəfi olduqca ziyalı və ictimai fəaliyyətlə məşğul olur. Məsələn Prof.Dr Məmməd Abdullayev Naxçıvanda Səhiyyə naziri olub. Babam Hüseyn Yaycı İqdırın qabaqcıl iş adamlarından, ayrıca İğdırın ictimai siyasi həyatında olduqca təsirli bir şəxs olub. Ata babası Esat Sayan İqdırın Mələkli kəndinə Məlik şah dövründə 1300-cü illərdə gələn önəmli bir ailənin kiçik oğludur. Nəsil həmin ərazidə Dolabi nəsli kimi tanınan olduqca geniş bir ailədir. Bu gün İqdırda bilinən Sayan,Tufan,Çatak,Kuban ve Akgün soyadını daşıyan ailələrinin tamamı əslində Dolabi nəslinin nümayəndələridir. Babam ailənin ticari qanadını idarə edərkən böyük qardaşı Əli Əkbər Tufan siyasi və hərbi qanadını idarə edib. Soyadı qanununun yanlış həyata keçirilməsi ilə babam Sayan, qardaşı Əli Əkbər isə Tufan soyadını qəbul etmək məcburiyyətində qalıb. Ata babam atamgili balaca olanda vəfat edir. Atamgili əmiləri Əli Əkbər Tufan böyüdüb oxudub. Hacı Əli Əkbər Tufan tanınmış ilk Türk Cümhuriyyəti olan İqdır Milli Cümhuriyyətinin quruluşunnda iştirak edib (04.04 1917 - 1920) və 720 nümayəndənin səsi ilə ilk president seçilib.

 

Gördüyünüz kimi, uşaqlığım bu iki güclü azərbaycanlı ailədə, Azərbaycan milli mədəni dəyərləri ilə yoğrularaq keçib. Sovet İttifaqı dağılana kimi azərbaycanlı qardaşlarımızın azadlığı, ordakı qohumlarımıza qovuşmaq həyəcanını ürəyimizdə ailə kimi həmişə daşıdıq. Orta təhsilimi Ankarada tamamlayandan sonra 1977-ci ildə qəbul olunduğum Ankara Universiteti Diş həkimliyi fakultəsindən 1982-ci ildə məzun oldum. Eyni il elə həmin fakultədə, Ağız, diş, çənə xəstəlikləri və cərrahiyyəsi üzrə araşdırma mütəxəssisi kimi çalışmağa başlamışam. 1987-ci ildə tibb sahəsi üzrə fəlsəfə doktoru ünvanını alandan sonra 1987-1989-ci illərdə Gülxanə Əsgəri Tibb Akademiyasında (GATA) hərbi xidmətimi başa vurduqdan sonra 1989-cu ildə universitetdə dosent adını aldım. 1989-cu ilin oktyabr ayında Yaponiya Təhsil Nazirliyinin təqaüdü ilə Osaka Universiteti Diş həkimliyi fakultəsi Cərrahiyyə bölməsində qonaq tələbə kimi 18 ay fəaliyyət göstərmişəm. Bu müddət ərazində akademik bilik və bacarıqlarımı artırmaqla bərabər yapon ictimaiyyətini, mədəniyyətini və dilini öyrənmek məqsədi ilə çalışmışam. 1991-ci ildə Ankara Universitetindəki fəaliyyətimə geri qayıtmışam. 1994-cü ildə Ankara Universiteti Diş həkimliyi fakultəsinin dekan müavini vəzifəsinə gətirildim. İki dövr yəni altı il fakultənin bas həkimi və dekan müavini işləmişəm. 1996-cı ildə TÜBİTAK təqaüdü ilə The London Royal Hospitalda uzmanlıqla bağlı fəaliyyət göstərmişəm və professor ünvanını almışam. 2000-ci ildə həmin fakultəyə dekan seçilmişəm və Yüksək Öyrətim Qurumu tərəfindən dekan təyin olunmuşam. 2010-cu ilə kimi həmin vəzifəni üç dönəmdən çox bu vəzifəni şərəflə yerinə yetirmişəm. Dekan kimi çalışdığım dövr mənim üçün çox önəmli bir dövrdür. Çünki o illərdə 2001-ci ilində Azərbaycana getmək, ordakı qohumlarımı və peşəkar dostlarımı tanımaq şansı əldə etmişəm. Həmin ildən etibarən bütün gücüm, ürəyim və beynimlə Azərbaycandakı peşəkar dostlarıma dəstək olmağa çalışmışam və hələ də çalışmağa davam edirəm.

 

Bu əsnada 2005-ci ildə Yaponiya xarici işlər nazirliyinin mükafatını, 2015-ci ildə Yaponiya İmperatorluq Nişanını almışam. Həmin hadisədən sonra daha bir qürurverici hadisə eyni ildə Osaka Universitetində Nejat Bora Sayan simpoziumu keçirilməsi oldu və həmin simpoziuma məni, xanımımı və həmin universitetə göndərdiyim beş tələbəmi dəvət etmişdilər. Bir elm adamı üçün bundan daha gözəl nailiyyət ola bilməz dey düşünürəm. 2015- ci ildə öz istəyimlə təqaüdə çıxmışam və şəxsi stamatoloji kabinetimi açmışam. Hal-hazırda xanımımla bir yerdə həmin kabinetdə çalışıram. Evliyəm, Maral və Zeynəb adında iki qızım var.

 

- Bir az oxucularımıza rəhbəri olduğunuz Türk Yapon Fondundan bəhs edə bilərsinizmi? Paytaxt Ankarada hansı tədbirləri həyata keçirirsiniz? Fond kimi Türkiyə rəsmiləri ilə əlaqələriniz hansı səviyyədədir?

 

- 2019-cu ilin sentyabrında sədr seçildiyim Türk Yapon Fondu 1993-cü ildə çox hörmətli Prof. Dr. C. Təyyar Sadıklar sədrliyində keçmiş prezidentimiz Sayın Süleyman Demirəlin himayəsi ilə qurulan dünyada maliyyə örnəyinə çox az rast gəlinən nadir fondlardan biridir. Fondun quruluş məqsədi yapon mədəniyyətini, iqtisadiyyatını, təhsil sistemini ölkəmizdə tanıtmaq, olduqca uzaq məsafəyə baxmayaraq iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Qurulduğu gündən bu günə kimi olduqca önəmli tədbirlərə ev sahibliyi edən fonduq. Fondumuzda Yaponiya imperatorluq ailəsindən olan Altes şahzadə Takaxito Mikasa, şahzadə Tomohito Mikasa ve şahzadə Akiko Mikasanı qonaq etdiyimiz kimi, ölkəyə gələn bütün Yaponiyanın baş nazirləri, o cümlədən Kouzimi ve Abe, əksər nazir və Yaponiya Türkiyə Parlamentlər arası dostluq qrupunun üzvü olan deputatlar fondumuza baş çəkiblər.Yəni Fond olaraq Türkiyə -Yaponiya münasibətlərində olduqca önəmli yerə sahibik. Yaponiya ilə 2013-cü ildə imzalanan ve hazırki prezidentimiz hörmətli Rəcəp Tayyib Ərdoğan və Yaponiyanın baş naziri çox hörmətli Abenin imzası olan ortaq bəyanatda da fondumuzun önəmindən və dəstəklənməsinin vacibliyi qeyd olunub. Fondumuz daxilində yapon mədəniyyətini, tarixini, təhsil sistemini tanıdan bir çox önəmli tədbirlərlə yanaşı ölkə iqtisadiyyatımızla, siyasətimizlə bağlı tədbirlər də keçirir. Misal olaraq fondumuzun təşkilatçılığı ilə “Tarix boyunca Türk və erməni münasibətləri” mövzusunda ard-arda bir neçə konfrans keçirdiyimizi qeyd edə bilərəm.

 

- Türkiyə-Azərbaycan münasibətlərini lap əvvəldən izləyən birisiniz. Azərbaycan əsilli bir həkim, eyni zamanda bir fond rəhbəri kimi bu əlaqələri, onun inkişaf proseslərini necə dəyərləndirirsiniz?

 

- Azərbaycanla münasibətlərimiz tarix boyunca həmişə çox yaxın olub. Bir Azərbaycan sevdalısı kimi vəziyyətin bu cür olmağı məni çox sevindirir. Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Atatürk də 1933-cü ildə 1990-cı illəri görüb “Rusiya bir gün dağılacaq orda bulunan dili, dini, mədəniyyəti bir qardaşlarımız var. Onlarla yaxınlaşmalıyıq” deyib. Azərbaycanın müstəqilliyini əldə etdiyi 1991-ci ildən etibarən hər iki ölkənin əlaqələri ümummilli lider Heydər Əliyevin də dediyi kimi “Tək millət, iki dövlət” sözü çərçivəsində iqtisadi, sosial, mədəni, siyasi sahədə davam edən proseslər içərisində siyasi dəyişikliklərə baxmayaraq heç pozulmadan davam etdirilir.

Hesab edirəm ki, Türkiyə və Azərbaycan münasibətlərinin sağlamlığı Türk dünyasının varlığını gücləndirən əsas faktordur. İki ölkənin siyasətçiləri də bunun fərqindədir və münasibət güclənərək davam edir. Ancaq, unudulmamalıdır ki; ölkələrimiz arasında əlaqələri sadəcə hökümətlərin üstünə atmaq asan yola qaçmaq sayıla bilər. Hər iki ölkədə qurulan və qurulacaq olan QHT-lər də iki ölkənin bütün məsələdəki həmrəyliyindəki rol almalıdır. Məhz o zaman əldə edəcəyimiz iqtisadi və siyasi güclə, həmrəyliklə güclü bir Türk Dünyası yarada bilərik.

 

- Azərbaycanın Türkiyədə həyata keçirilən diaspora fəaliyyətlərini necə qiymətləndirirsiniz? Sizcə, bu məsələdə fəaliyyət hansı istiqamətdə olmalıdır?

 

- Səhv xatırlamıramsa, Azərbaycandakı diaspor çalışmaları mənim Azərbaycana ilk getdiyim 2001 ya da 2002-ci illərə təsadüf edir. O dövrdə prezident olan mərhum Heydər Əliyev xaricidə yaşayan Azərbaycanlılar ilə bağlı bir fəaliyyət proqramı hazırladı və yenə səhv etmirəmsə 2008-ci ildə günümüzdəki Diaspor çalışmaları başladıldı. Diaspor üzrə dövlət komitəsi dünyanın bir çox yerlərində çalışma qrupları yaradıldı. Dağlıq Qarabağ və Azərbaycan torpaqlarının işğalı diaspor fəaliyyətlərinin əsas məqsədinə çevrildi. Bu məqsədə çatmaq yolunda xaricidə yaşayan Azərbaycanlılar ana vətənləri ilə ələqə yaratdılar və dillərini, mədəniyyətlərini gələcək nəslə öyrədərək yaşatmaq, Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni və təhsil sahələrində məlumatlanmaq, həmrəy olmaq və birgə fəaliyyət istiqamətləri müəyyənləşdirmək şansını əldə etdi. Azərbaycandakı ümumi diaspor çalışmaları və bu məqsədlə aparılan işlər olduqca düzgün istiqamətdədir. Güclü bir Türk Dünyasını yaratmaq və Azərbaycanın işğal edilmiş torpaqları Dağlıq Qarabağ problemi bütün dünyaya anlatmaq əsas məqsəddir. Olaya bu yöndən baxdığımız zaman, Türkiyədə fikrimcə həddindən artıq Azərbaycan adı daşıyan qeyri hökümətm təşkilatı var. Məni üzən bu QHT-lər əgər tək bir məqsədə xidmət edirlərsə, etmək istəyirlərsə bu bölünmənin səbəbidir. Bütün bu fərqli quruluşlar əgər tək bir altında toplanaraq sinerjilərini birləşdirirlərsə hədəfə o qədər tez çatmaq olmazmı? Hesab edirəm, Diaspor komitəsinin atacağı ən önəmli addım Türkiyədə və dünyada bu bölünmüş QHT-ləri ortaq məqsəd və hədəf doğrultusunda bir araya gətirmək olmalıdır. Unutmayaq ki, beyinlə, ürəklə aparılan bütün mübarizələrdə ortaq ağıl və iqtisadi güc çox önəmlidir.

 

- İldə bir neçə dəfə Azərbaycana gedirsiniz. Necə təsir edir Azərbycan sizə? Dəyişikliyi, inkişafı hiss edirsinizmi?

 

- Azərbaycana birinci dəfə 2000-ci illərin əvvəllərində getmişdim. Aradan keçən 20 illik müddər ərzində həqiqətən Azərbaycan çox ciddi bir şəkildə fərq var. Dəyişiklik bilirik ki, iki yöndə də ola bilər, yəni yaxşılığa və ya pisliyə. Azərbaycandakı dəyişiklik böyük şərəflə və qürurla söyləmək istəyirəm ki, həmişə irəliyə doğru oldu və gələcəkdə də belə olacağına ürəkdən inanıram. İlk illərdə getdiyim Azərbaycan ilə indiki Azərbaycan arasında çox böyük fərq var. Bunu tək mən demirəm, akademik çalışmalar üçün zaman - zaman mənimlə birlikdə Azərbaycana gələn Türkiyədən olan ziyalı dostlarım da vurğulayır. Bu da məni qürurlandırır. Ötən ilin mart ayında xanımımla getdiyim bir elmi toplantıda bunu növbəti dəfə yaşadım. Gələcəkdə milli gəlir dağılımı bütün xalqa yayıldığı zaman və fərdlərə düşən gəlir artdığında məncə Azərbaycanın yüksəlişi kəsintisiz davam edəcək.

 

- Son olaraq saytlarımız vasitəsi ilə Azərbaycana göndərmək istədiyiniz mesajınız varmı? Nə demək istəyəcəksiniz?

 

- Azərbaycanıma vermək istədiyim tək mesaj mədəniyyətimizi, adət və ənənələrimizi qoruyaraq tariximizə sahib çıxması, təhsilə göstərilən önəmi olduğu kimi davam etdirərək Türk Dünyasında və dünyada siyasi və iqtisadi baxımdan güclənərək yoluna davam etməsi yönündədir.

 

- Çox sağ olun.

 

- Siz də sağ olun. Sizə və təmsil etdiyiniz media orqanına bu müsahibədən dolayı öz təşəkkür edirəm.

 

Oktay Hacımusalı
/Türkiyə-Bakı/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...