“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

09:37 22-01-2020 | icon 1423 | Siyasət
“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

İqbal Ağazadə: “Bu gün seçkiyə o adamlar namizədliyini irəli sürüb ki, dünənki namizədlərə lağ edirdilər”

 

Ümid Partiyasının sədri, növbədənkənar Parlament seçkilərinə 35 saylı Xətai Üçüncü Seçki dairəsindən namizəd İqbal Ağazadənin Versus.Az İnformasiya Agentliyinə müsahibəsi.

 

“Hə, getsin, kimsə MSK-dan çıxmaq istəyisə, çıxsın, ona da cavabımız bambaşqa olacaq”

 

- İqbal bəy, 9 fevral parlament seçkiləri ilə bağlı cəmiyytdə aktivliklə yanaşı, etinasız, kinayəli yanaşmlar da var. Deputatlıq həvəsində olan gənclərin çoxluq təşkil etməsi, parlamenti buraxan qocaman keçmiş deputatların yenidən seçkiyə qatılmaları seçkiylə bağlı həm də qeyri-ciddi yanaşmaları formalaşdırıb. Bir namizəd olaraq sizin gözləntiləriniz nədir,  bunlar nəyə işarə edir?

 

- Əslində hər bir proses belə başlayır. İndi namizəd olanlar çoxdur. O namizədlər seçicini aktivləşdirəcəklər, məcburən qapıları döyəcəklər, seçicinin informasiyası çoxalacaq. Növbəti mərhələdə artıq seçici aktivliyi xüsusilə önə çıxacaq. Biz uzun illər bu təcrübəni həyata keçirsəydik və daha çox diletantlar yox, siyasətçilər bu proseslə məşğul olsaydı, indi Azərbaycan seçicisi ayaqdaydı. Diqqət edin, bu gün seçkiyə o adamlar namizədliyini irəli sürüb ki, dünənki namizədlərə lağ edirdilər. 5 il bundan əvvəl deyirdilər ki, nə namizəd, nə seçki. Bu gün amma həvəsləniblər. Nədən həvəsləniblər, gəlin indi bunun fərqinə varmayaq. Hakimiyyətin parlamenti buraxmasındanmı, mesajlardanmı, informasiya bolluğundanmı, dünyanın yanaşmasındanmı və sair çox nədənlər sadalamaq olar. Amma ən başlıcası odur ki, adamlar artıq inanır ki, mütləq prosesə qatılmaq lazımdır, mütləq bu prosesin içində iştirak etmək lazımdır ki, bu ölkə dəyişsin. İndi bunu namizəd olanlar, passiv seçki hüququndan istifadə edənlər tətbiq eliyir, sabah aktiv seçki hüququ olanlar, yəni səs verənlər də bunu qəbul edəcəklər. Ona görə də bu prosesi çox uğurlu hesab eliyirəm və bütün siyasi qüvvələrin hamısını mütləq mənada bu tipli seçkilərin hamısında iştirak etməyə çağırıram ki, vətəndaş prosesin içində olsun və  bilsin ki, bu ölkənin taleyi məhz onun seçimindən asılıdır.

 

- Seçki ilə bağlı dediyiniz o inamı kim doğurdu? ATƏT-in demokratik seçkilərlə bağlı bəyan etdiyi gözləntiləri, yoxsa Prezident İlham Əliyevin builki seçkilərin tam başqa bir seçki olacağı ilə bağlı dediyi fikirlər? Yoxsa başqa səbəbləri də var?

 

- Hər şey üst-üstə gəlir. Zərrə-zərrə, dama-dama insanlar pozitiv bir rəyə gəlib çıxırlar. 2015-ci il seçkilərində ATƏT-in müşahidə missiyası yox idi. İndi ATƏT-in 380 nəfər müşahidə missiyası var, bu, az qala bir dairədə üç nəfər təmsilçilik deməkdir və bu çox böyük göstəricidir. Avropa Şurası müşahidə edir, Azərbaycan Prezidenti deyir ki, bu seçki əvvəlkilərindən fərqli olacaq. Və yaxud Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin qeyri-rəsmi olan danışıqlarda bütün namizədlərə xəbərdar olunması ilə bağlı kütləvi informasiya vasitələrindəki mövqeyi. Orada ifadə olunur ki, əvvəlki seçkilərə ağlınız getməsin, hamı gedib səsini alsın. Bunlar var ortada. Amma icra hakimiyyətlərinin seçki prosesinə yanaşmalarında hələ problemlər var. Bundan əlavə, 2015-ci ildən fərqli olaraq 2020-ci ildə insanların ünsiyyət qurma imkanları genişlənib – Youtube kanalı, internet resurssları, istənilən adamın canlı müraciətləri, bu müraciətlərin ən azı öz dostluğunda olan 5 minə yaxın adama çatma imkanları, əgər o paylaşılırsa daha çox yayılma imkanları və sair. Bir də görürsüz adi bir bloggerin bir videosuna 100 minə qədər adam baxır. Bu onun göstəricisidir ki, insanlar informasiya aldıqca daha çox proseslərə meyl eliyirlər və inamları artır. İnam həm də onadır ki, saxtakarlıq edəcəklərsə, canlı yayımla bu ifşa olunacaq və rəsmi strukturlar bu saxtakarlığı görüb ən azı onu durdurmağa cəhd edəcəklər. Etməyəcəklərsə, beynəlxalq təşkilatlar, vəsair yerlərdə ictimaiyyətqarşısında qarşısında biabırçılıq olacaq. Bu da bir məntəqədə deyil ki, deyək bir yerdə oldu bitdi. 5500 məntəqə var. Təkcə bizim dairədə bu günə qədər 300-dən yuxarı qeydiyyatdan keçən müxalif müşahidəçi var. Hər məntəqəyə 10 nəfər müxalif müşahidəçi düşür. Bu, artıq sosial şəbəkə vasitəsi ilə canlı ünsiyyətə ciddi imkan yaradacaq, canlı bağlantılar olacaq, qanun pozuntuları ilə bağlı dərhal ictimaiyətə məlumat ötürüləcək. Məsələn, bir Əfruz xanım var - bilirsiniz 2013-cü ilin “seçki qəhrəmanı” - bütün günü videolarda fırlanır”. Bəlkə o, cəmiyyət arasına da çıxa bilmir, bəlkə o, qohum-əqrəbasının yanında da xəcildir, utanır. Bütün canlı videoların hamısında karikaturalar düzəldirlər, insanı aşağılayan mövqelər qoyurlar, seçkini saxtalaşdıranlara “Əfruz xalalar” deyirlər. Artıq ümumiləşmiş bir “saxtakarlıq” obrazı var və heç bir məntəqə sədri, heç bir məntəqə üzvü, dairə sədri, dairə üzvü o obraza düşmək istəməz. İctimai qınağın imkanları genişdir.

 

“Kimsə “Qutudan çıxmaq” istəyirsə yanılır”

 

- Sizcə bunun təsiri olacaq?

 

- Mütləq olacaq, cəmiyyət belə dəyişir.

 

- Ötən ilin sonlarında yuxarıdan müəyyən islahatlar, kadr dəyişimləri oldu. Çoxları da ümid edir ki, bu gün hökumət məhz demokratik seçkinin olmasını istəyir.

- Deyir, “kor nə istər, iki göz, biri əyri, biri düz”. Biz də onu istəyirik olsun. Biz də istəyirik ki, nəhayət hökumət də bunu istəsin.

 

- İqbal bəy, sizin parlament seçkilərində aktivliyiniz xüsusilə seçilir və təbii olaraq düşünürsünüz ki, bu seçkidən qalib çıxacaqsınız. Birdən, “qutudan” rəqibiniz çıxsa nə edəcəksiniz?

 

- Necə çıxa bilər?

 

- Yəqin rəqibiniz də, sizin kimi özünə əmindir də, deyir “qalib mənəm”.

 

- Səs ala bilməyəcəklərini rəqiblərim də bilir. Burda 1-ci yer uğrunda mübarizə aparmırlar ki. Məndən sonrakılar 2-ci yer uğrunda mübarizə aparırlar. 1-ci yerin kimin olduğunu hamısı bilir. Kimsə “Qutudan” çıxmaq istəyirsə, yanılır.

 

- Deyirsiz bu baş verməyəcək?

 

- Mütləq mənada, bunu hər kəs bilsin. Heç 2015-ci ildə Araz “qutudan çıxmadı”, Araz “MSK-dan çıxdı”. Hə, getsin, kimsə MSK-dan çıxmaq istəyirsə, çıxsın. MSK-dan çıxana da cavabımız bambaşqa olacaq.

 

- Onlara bu imkanlar tanınarmı sızcə?

 

- Onu da hakimiyyət düşünsün. O mənim problemim deyil. “Qutudan” xalq kimə səs verəcəksə, o çıxacaq!

 

- İqbal bəy, sizin fikirlərinizdən görünən odur ki, demokratik seçki mühitini elə siz yaradırsınız və o var. Sizin bəzi siyasətçi dostlarınız, həmkarlarınız isə belə bəyan edirlər ki, ölkədə seçki mühiti yoxdur, seçkiyə getmək lazım deyildi, birinci o mühiti yaratmaq lazım idi. Seçkiyə gedənləri də riyakar adlandırırlar.

 

- Yanlış fikirdədirlər. O mühit dairə-dairə yaradılmalıdır. Bunu ümum respublikada yarada bilmirsənsə, 20-30-50 nəfər bu prosesi aparıb dairə-dairə demokratik mühiti yaratmalıdır. O mühit yaradılır artıq - 29-cu dairədə o mühit var, 17-ci dairədə o mühit var, 12-ci dairədə, 95-ci dairədə, 76-cı dairədə var. 44-cü dairədə yaranmağa başlayır, 83-cü dairədə hərəkətlənmə var. Mən bunları görürəm. Hesab edirəm ki, mühit belə yaranır, yavaş-yavaş.

 

- Seçiləcəksiz, İqbal bəy?

- Mən qalibəm! Mən seçici ilə indi, 23 gün ərzində işləmirəm ki.. Mən seçiciyə parlamentdə mesajımı vermişəm, mən parlamentdə olmayanda seçici mənim mesajımı bilib, mən deputat olanda seçicimin yanında olmuşam və seçici mənim kim olduğumu bilib.

 

- İqbal bəy, sizə qarşı seçki mübarizəsini kim aparır, müxalifətdən çox təpki var, yoxsa hökumətdən?

 

- Bütün sıravi seçici müxalifət hamısı yanımdadır. Siyasi təşkilatlar sağ olsunlar, seçkiyə qatılan müxalif təşkilatların heç biri mən namizədliyimi vediyimə görə burdan (35 saylı Xətai 3-cü seçki dairəsi) namizədliklərini irəli sürməyiblər.  

 

- Bəs Rauf Arifoğlu?

 

- ... Siz hansı Raufu deyirsiz, mənim dairəmdə üç Rauf var?..

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Səni bu günə kim salıb, Yardımlı?..

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Hava yağıntılı olacaq

Minik maşını "KamAZ"la toqquşub, ölən və yaralananlar var

Nailə Mirməmmədli BDU-da vəzifəyə təyin olunub

Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

Prezident və 1-ci vitse-prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət ediblər 

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub