"Seçicilərim son illərdə bir dəfə də olsun öz deputatlarının üzünü görməyən insanlardır"

19:49 31-01-2020 | icon 2205 | Siyasət
"Seçicilərim son illərdə bir dəfə də olsun öz deputatlarının üzünü görməyən insanlardır"

ƏLİSAHİB HÜSEYNOV: "Seçicilərlə söhbətlərdən hiss edirəm ki, həqiqətən də parlamentdə yenilik görmək istəyirlər"

 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov partiyanın Mətbuat xidmətinə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Əlisahib müəllim, seçki kampaniyanız necə gedir? Təbliğat-təşviqat işləriniz davam edirmi?

 

- Seçki kampaniyasının gedişindən hələ ki, elə bir narazılığımız yoxdur. Bilirsiniz ki, təbliğat-təşviqat kampaniyasının əsas xəttini seçicilərlə birbaşa ünsiyyət, canlı görüşlərin keçirilməsi təşkil edir. Biz də kampaniyanın ilk günlərindən seçicilərimizlə görüşlərə start vermişik. Hazırda da görüşlərimiz davam edir. Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərimizlə toplu şəkildə və tək-tək görüşürük. Təşviqatımızı aparırıq, insanlarla fərdi söhbətlər aparıb, onları narahat edən məsələləri öyrənirik. Seçicilərlə görüş zamanı seçki Platformamda yer alan məsələləri və hədəflərimi vətəndaşlarımızın diqqətinə çatdırıram. Eyni zamanda onların suallarını cavablandırıram. Şikayətlərini və təkliflərini özüm şəxsən yaddaş dəftərimə qeyd edirəm. Bildirirəm ki, Milli Məclisə üzv seçiləcəyim təqdirdə, onların qaldırdığı məsələləri diqqət mərkəzində saxlayıb həllinə çalışacağam.

 

- Bəs, seçicilərin sizə münasibəti necədir? Keçirdiyiniz görüşlər zamanı seçiciləriniz sizi necə qarşılayırlar?

 

- Mən əvvəlcədən hər bir seçicimizə öz dərin minnətdarlığımı bildirirəm. Mənim seçicilərim son illərdə bir dəfə də olsun öz deputatının üzünü görməyən insanlardır. Getdiyim hər bir ünvanda məcburi köçkünlərimiz deputat diqqətsizliyindən gileylənir və fevralın 9-da daha layiqli namizədə səs verəcəklərini bildirirlər.

Seçicilərlə söhbət zamanı hiss edirəm ki, insanlarımız həqiqətən də parlamentdə yenilik görmək istəyirlər və bu üzdən hər bir yeni sima onlara maraqlı gəlir. Bir Qarabağ qazisi və partiya sədri olaraq ağsaqqalların, ağbirçəklərin mənə ümid yeri kimi, öz adamları kimi baxmaları insanlarımızın parlamentimizin yeni deputatlarından gözləntilərinin böyük olduğunu bir daha təsdiqləyir.

Zəngilan-Qubadlı camaatı yaralı camaatdır. Onlar erməni işğalının nəticəsində uzun illərdir ki, əzəli yurdlarından didərgin düşüblər. Odur ki, bu bölgənin Milli Məclisdəki təmsilçisi məcburi köçkünlərə xüsusi həssaslıq və qayğıkeşliklə yanaşmalıdır. Buranın deputatı dövlətlə köçkünlər arasında körpü rolunu oynamalıdır. Mən seçicilərimizin dilə gətirdikləri fikirlərdə məhz bu zərurəti gördüm. Eyni zamanda bizim seçicilərimiz çox işıqlı insanlardır. Mən seçicilərimin dövlətimizin parlaq gələcəyinə, Qarabağın işğaldan azad ediləcəyinə dərin inamını hiss edirəm. Elə bu inam da məni daha da ürəkləndirir və çıxdığım yolun doğru yol olduğuna, şərəfli bir missiyaya xidmət etdiyimə əminliyimi daha da artırır.

İstər yataqxanalarda məskunlaşmış köçkünlərimizi, istərsə də yeni yaşayış massivlərində yerləşdirilmiş əlil və qazi soydaşlarımızı, şəhid ailələrini ev-ev ziyarət edərkən, onların hər birindən isti münasibət görürəm. Bizi çay süfrəsinə qonaq edən bu insanlarımız deputatlığa namizədin onlara baş çəkməsindən, onlarla həmsöhbət olub qayğıları ilə maraqlanmasından məmnunluq ifadə edirlər. Bir sözlə, bizim məcburi köçkün seçicilərimiz deputat qayğısına, deputat diqqətinə möhtacdır və istəyirlər ki, 9 fevralda seçəcəkləri yeni deputat onlara bu qayğıkeşliyi, bu diqqəti hiss etdirsin.

 

- Əlisahib müəllim, seçki prosesinə necə yanaşırsınız? Namizəd kimi hər hansı bir süni maneələrlə, təzyiqlərlə üzləşirsinizmi?

 

- Biz 9 fevral seçkilərini Azərbaycanın yeni hədəflərə doğru hərəkətlənməsinin start nöqtəsi hesab edirik. Prezident İlham Əliyevin başlatdığı islahatlar kursu Azərbaycanın istər siyasi mühitini, istərsə də sosial-iqtisadi mənzərəsini kökündən dəyişməyə başlayıb. Ölkəmizin siması yenilənir, təfəkkür tərzimiz yenilənir, vətəndaş-dövlət münasibətləri yenilənir, idarəetmə metodları yenilənir, şəffaflıq artır. Ancaq bu sadaladıqlarımızla kifayətlənmək olmaz. Qeyd etdiyim islahatlar tamamilə yeni bir yolun başlanğıcıdır. Başlanmış islahatların getdikcə daha da dərinləşdirilməsinə ehtiyac var. Və qanunverici orqan kimi parlament də bu islahatlar prosesinin mərkəzində yer almalıdır.

Yenilənmiş parlament Prezidentin başlatdığı islahatların 1 nömrəli dəstəkçisinə çevrilməlidir. Parlamentin islahatlar prosesində real iştirakını təmin etmək çox vacibdir. 9 fevral seçkiləri də məhz bu amala xidmət edir. Biz də Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq bu seçki prosesinin fəal iştirakçısıyıq. Beləki həm mənim namizədliyim, həm də bir sıra digər üzvlərimizin namizədlikləri DSK-lar tərəfindən qeydə alınıb. Artıq təbliğat-təşviqat kampaniyasının son və həlledici mərhələsinə qədəm qoymuşuq.

Sözün açığı, mən hazırki seçki prosesini ümumən çox müsbət dəyərləndirirəm. Çünki istər namizədliyimizin qeydə alınması ərəfəsində, istərsə də təbliğat-təşviqat kampaniyasının gedişində nə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) rəhbərliyi tərəfindən, nə də ki, icra hakimiyyəti strukturları tərəfindən seçki prosesinə hər hansı bir formada kobud müdaxilələrə, süni maneələrə və təzyiqlərə rast gəlməmişəm. Tam demokratik və normal seçki mühiti hökm sürür. Namizədlərin hamısı üçün bərabər seçki şəraiti və şərtləri təmin edilib. Sağlam rəqabət üçün hər cür imkanlar var. Hazırda təbliğat-təşviqat kampaniyasının qızğın mərhələsindəyik. Məcburi köçkün seçicilərimizlə real ünsiyyət qurub təbliğatımızı aparırıq, təşviqat vasitələrimizi yayırıq. Bir sözlə, biz prosesin gedişatından razıyıq.

Ümid edirəm ki, təbliğat-təşviqat kampaniyası sonuna qədər də bu tempdə və maneəsiz davam edəcək. Fevralın 9-da hamımız tam şəffaf və demokratik seçkilərin şahidi olacayıq.

 

- Rəqiblərinizə qarşı münasibətiniz və ya rəqiblərinizin sizə qarşı münasibəti necədir?

 

- Tam səmimi olaraq bildirirəm ki, biz heç kimlə bəhsə girmirik. Bəzi dairələrin piara işləyən namizədlərindən fərqli olaraq biz nə yalandan say çoxluğu, izdiham görüntüsü yaratmağa can atmırıq, nə də ki, publikaya işləmirik. Bizim dərdimiz sosial şəbəkələr üzərindən layk yığmaq və yaxud da bəzi xəbər saytlarının onlayn səsvermələrində nəyin bahasına olursa-olsun 1-ci yerə çıxmaq da deyil. Biz sadəcə olaraq seçicilərimizlə real münasibətlərə, səmimi təmaslara üstünlük veririk. Məhz bu səbəbdən də biz ev-ev gəzmək, az qala hər bir seçici ilə salamlaşmaq, ünsiyyət qurmaq, əhvalını soruşmaq, qayğılarını öyrənmək, istəklərini dinləmək taktikasını seçmişik.

125-ci dairədən olan deputatlığa namizədlərin hər birinə hörmətlə yanaşıram. Rəqiblərimizin heç birindən xoşagəlməz davranış, kobud münasibət görməmişəm. Hamımız qanun çərçivəsində öz təbliğatımızı aparırıq. Namizədlər arasında sivil münasibətlərin, qarşılıqlı hörmətin mövcud olması təqdirəlayiq haldır. Bu baxımdan mən rəqiblərimizin hər birinə öz təşəkkürlərimi bildirirəm. Eyni zamanda fürsətdən istifadə edib onları partiyamızın Seçki qərargahına dəvət edirəm. Namizədlərin bir-birinin seçki qərargahlarına nəzakət vizitlərini həyata keçirməsi öz-özlüyündə olduqca xoş və həm də müsbət yenilikdir.

 

- Fevralın 9-da seçicilərinizin etimadını qazanıb Milli Məclisə üzv seçilərsinizsə, sizin əsas prioritetləriniz nələr olacaq?

 

- Mən ilk növbədə Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini beynəlxalq platformalarda müdafiə etməyə və Ermənistanın işğalçılığını ifşa etməyə çalışacağam. Düşünürəm ki, mən bunu daha yaxşı bacararam. Çünki keçmiş döyüşçüyəm. Qarabağda ermənilərin törətdikləri bütün vəhşiliklərin ağır nəticələrini öz gözlərimlə görüşmüşəm. Mən müharibə dəhşətlərinin real şahidiyəm. Odur ki, mənim beynəlxalq kürsülərdən danışmağa sözüm, ermənilərin təcavüzkarlığını isbat etməyə tutarlı faktlarım var.

Həmçinin şəhid ailələrinin, müharibə veteranlarının, məcburi köçkünlərin gündəlik həyatda qarşılaşdıqları problemlərinin həlli üçün bir deputat kimi bütün imkanlardan istifadə edəcəyəm. Yeri gəlmişkən, Birinci vitse-prezidentimiz Mehriban Əliyeva istər şəhid ailələrini, istərsə də müharibə veteranlarını və məcburi köçkünləri daim diqqət mərkəzində saxlayır, onların qayğıları ilə maraqlanır. Bütün bunlara görə Mehriban xanıma da təşəkkür edirəm. Prezidentin və Birinci vitse-prezidentin əhalinin bu kəsiminə xüsusi qayğıkeşliklə yanaşmasında deputat dəstəyi də öz sözünü deməlidir. Müsahibənin əvvəllində də qeyd etdiyim kimi, yaxşı işləyən deputat məcburi köçkünlərlə, şəhid ailələri və qazilərlə dövlət arasında, dövlət başçısı arasında körpü rolunu oynaya bilər. Biz bu missiyanın öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

 

- Sonda bir neçə kəlmə də bəlli dairələr tərəfindən bugünlərdə ortaya atılmış, gündəmə sırınmış "deputatlığa namizədlərin gizli siyahısı" barədə fikirlərinizi bildirməyinizi istərdik.

 

- Mən birmənalı olaraq bildirirəm ki, sözügedən "gizli siyahı" söhbəti açıq-aşkar təxribatdır. Və deputatlığa namizəd olan bütün yeni simalara burdan da üzümü tutub deyirəm ki, siz bu "Hakimiyyətin gizli deputat siyahısı bəlli oldu" deyib bağıranlara, çığıranlara əsla inanmayın və onları ciddiyə almayın. Cəmil Həsənlinin ortaya atdığı uydurma "siyahı" söhbəti sadəcə təxribatdır, çirkli seçki texnologiyasıdır. Bu, gizli siyahı deyil, Cəmil Həsənlinin fantaziyasının məhsuludur. Adamın məqsədi ortamı qarışdırmaq, namizədlərdə çaşqınlıq, seçicilərdə ədalətli seçkilərin keçiriləcəyinə inamsızlıq, cəmiyyətdə isə islahatlara qarşı ümidsizlik yaratmaqdır. Böyük siyasətdə uğursuzluğa düçar olanlar bir qayda olaraq həmişə suyu bulandırmaqla məşğul olurlar, nəlbəkidə fırtına yaradırlar. Siz onlara fikir verməyin, qoy danışsınlar. Cəmil Həsənli öz-özlüyündə guya böyük oyun oynadığını sərgiləməyə çalışır. Görüntü yaradır. Əsl həqiqətdə isə Cəmil Həsənli çox pis oyunçudur. Yaxşı tarixçi olsa da, amma yaxşı siyasətçi deyil. "Gizli siyahı" məsələsində də sadəcə olaraq bəzi qüvvələrin sifarişini icra edir. Bu isə bir peşəkar tarixçi üçün əsl faciədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür