Cəbhədəki “agentlər”in “kubinka” toplantısı Rəhim Qazıyevin təqdimatında - LAYİHƏ
QƏZAN MÜBARƏK
Rəhim Qazıyev: “İndiki iqtidarın içində də elə qeyrətli kişilər var ki...”
(Layihənin bundan öncəki DÖYÜŞÇÜləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri
- Sabir Rüstəmxanlı, Arif Paşa 1-ci və 2-ci, Zərdüşt Əlizadə 1-ci və 2-ci)
Bu gün Azərbaycanda bir “mənəm-mənəm”lik duyğusu hökm sürməkdədir: istər iqtidarda olsun, istərsə də müxalifətdə, istər cəmiyyətin sıravi üzvləri arasında olsun, istərsə də bildiyini deməyən, yaxud dediyini bilməyən elit təbəqədə. Bu gün Azərbaycanda hakimiyyət hərisliyi var: istər iqtidarda olsun, istərsə də müxalifətdə - sadə elektorat da bunların qurbanı. Bu gün Azərbaycanda hər şeyə sahiblənmək həvəsi var – istər uydurduqları mifdə, istərsə də real həyatda. Günümüzün mifləri və günümüzün həqiqətləri müsahibin diliylə anladılsa da, bu konuda bizim də razılaşmadığımız məqamlar yetərincə olur. Dil altında gizlənən “mən”in bəyanı, yalanlara həqiqət, həqiqətlərə yalan donu geyindirilməsinin gerçək üzünün təqdimatı baxımından müsahiblərin düşündükləri onların söz haqqı olduğu kimi, bizim də onlara meydan verməyimiz peşə borcumuzdur. Versus.Az alternativ olan və olmayan fikirlərin qovşağıdır. Yetər ki, hər kəs öz fikrinə sahib çıxsın və hər kəsin söylədikləri Versus.Az-ın mövqeyi kimi dəyərləndirilməsin...
Ən yeni tariximizin görünən səhnəsində Yer Adamlarından olan RƏHİM QAZIYEVin də hansı manerada olması öz dilinin altında gizlənən “mən”ini bəyan edəndən sonra bilinəcək...
“QƏZAN MÜBARƏK, RƏHİM QAZIYEV!”. Buyur, Versus.Az-dakı “Cəng Meydanı”na...
“Sanki anadan olandan sovet hökumətinə qarşı mübarizə aparıblar”
- Rəhim bəy, üstündən illər ötəndən sonra heç olmasa tətiyi çəkməyi öyrənmisinizmi? Axı deyəsən o zaman əlinizə silah almadığınızı bəyan etmişdiniz?
- Zəhərdən acı, qılıncdan iti bütün suallarınıza cavab verməyə hazıram. Sizdən xahişim odur ki, cavablarımda hansı hissəni verə bilməyəcəksinizsə, onu kontekstdən çıxarışlar edib təqdim etməyin.
Çağdaş dünyamızda heç kim haqqında Azərbaycanda mənim ünvanıma deyilən qədər böhtan söylənilməyib. Məmləkətin gerçək durumunu da çox gözəl bilirəm və bu baxımdan jurnalistlərdən xahişim budur ki, söylədiklərini real faktlar əsasında ortaya qoysunlar. Dəfələrlə demişəm və indi də deyirəm, buyurun, gəlin oturaq dəyirmi masaya və hər kəs öz sözünü desin. Amma yalanı uydurub adamın gözünün içinə demək çox çətin məsələ olduğu üçün bu adamlar dəyirmi masaya toplanmırlar. Burada nə var ki, Niyə dəyirmi masa, niyə dialoq olmasın!?
- Sizə elə gəlmirmi ki, biz autist cəmiyyətin autist övladlarıyıq? Xəbəriniz varmı ki, autizmin yayılmasına görə Azərbaycan dünyada üçüncü yerdə dayanır?
- Azərbaycanda lider olmaq xəstəliyi var, hamı özündən o qədər razıdır ki, mən hələ ağlından narazı olan adam görməmişəm. Hər şeydən danışırlar, ancaq konkret çatışmazlıqlardan danışmırlar. Vətənimiz odun içində yanır. Hər gün üstümüzə gələn bu faciə - hətta mən buna sunami də deyərdim - yaxınlaşır. Burada konkret olaraq Əhməddən, Məmməddən söhbət getmir. Bu faciə xalqımızın, Vətənimizin üstünə gəlir. Amma buna münasibətdə sanki hərənin öz dünyası var, bax elə bu baxımdan da Azərbaycan doğrudan da elə bil autist məmləkət və bu kateqoriyalı insanlar da məmləkətin autist övladlarıdır.
- Haradandır Azərbaycana, Azərbaycan vətəndaşına, milli kimliyimizə, tariximizə, seçilmişlərimizə, gələcyimiz olan autist uşaqlara bunca biganəlik?
- Ağır bir sualdır. Bəziləri özlərini elə təqdim edirlər ki, sanki bunlar anadan olandan sovet hökumətinə qarşı mübarizə aparıblar. Şərqşünas, tarixçi olan həmin adamlar əgər yazıblarsa, yazdıqları elmi işlərinin elə əvvəlindəcə Leninə istinad ediblər. Onu yazmasaydılar, o məqaləni buraxmazdılar. İndi deyirlər ki, ay nə bilim sovet ideologiyası belə, sovet hökuməti belə...
Birinci katibin kabineti... susan ziyalılar və ilk mitinq
- Rəhim bəy, sizi hansı burulğan milli azadlıq mücadiləmizin qoynuna atdı?
- Başqasını deyə bilmərəm, mən torpağımıza olan təcavüzü qəbul edə bilmədiyimə görə hərəkata gəlmişdim. Fevralın 17-18-i olardı, evimlə institutun arası 100-150 metrdi, gördüm ki, institun divarına bir vərəqə vurulub, adamlar da ətrafına yığışıb oxuyurlar. Mən də maraq üçün getdim ora və vərəqədə yazılanları oxudum...
- Nə yazılmışdı o vərəqədə?
- Vərəqədə yazılmışdı: “Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik!”..Fikirli-fikirli evə qayıtdım. Onun səhərisi günü Bakıda ilk mitinq oldu - 19 fevralda. Mən də getdim ora. Gördüm ki, Mərkəzi Komitənin qabağında, indiki Prezident Aparatının yanında 5-10 nəfər müəllim toplaşıb..
- Tanıdıqlarınız var idi?
- Var idi. Rus Firudin var idi..
- Nə tələb edirdilər?
- Görüş tələb edirdilər. Mən də ilk dəfə olaraq onlarla birlikdə birinci katibin kabinetinə getdim. Təsəvvür elə ki, ora girəndən sonra kabinetin abu-havası bu adamları nə təhər tutdusa, problemdən danışan olmadı...
- Siz də danışmadınız?
- Dedim a kişi, siz bura nəyə gəlmisiniz? Heç biri onda vətənin problemlərini düşünmürdü...
- İndiki “liderlər”dən orada olanlar var idi..
- Yox idi, onlar universitetin müəllimləri idi..
- Sonra həmin adamlardan Hərəkata qoşulanlar oldu?
- Yox, heç biri qoşulmadı.
“Xalqın tərəfində durmadı o zamankı hakimiyyət”
- Amma siz qoşuldunuz.... yoxsa qoşdular!?
- Mən özüm qoşulmuşam, tövbə məni heç kim bu hərəkata qoşmayıb. O zaman tələbə hərəkatı baş qaldırırdı. Əsgəranda 2 nəfər öldürüləndə Həsən Həsənov yalan danışdı ki, baxın, Xuraman xanım ləçəyini atıb. Xuraman xanımın bütün şəkillərinə baxın, heç görün onun başında yaylıq var..
- Bəs o zaman o hadisəyə adekvat reaksiya verilməsinin qarşısını kim alıb?
- Allah ruhunu şad eləsin, Ağdamda çox ağır bir seyid var idi - Seyid Lazım ağa. Onu gətirmişdilər ora. Adamların qarşısını o alıb, yoxsa adamlar basıb gedirdi. Həsən Həsənov ağlamaq dərəcəsinə gəlib orda. Azərbaycan hökuməti o zaman qəti addım atsaydı, inanın Allaha hər şey onda həll olunacaqdı. O dövrün hakimiyyətindən bir nəfər də olsun istefa verib getmədi..
- İstefa çıxış yolu idimi?
- Xalqın tərəfində durmadı o zamankı hakimiyyət. Hamısı kreslonu dədəsindən, anasından artıq bildi. Ondan sonra mən də həmişə olduğu kimi yalnız tənəffüs vaxtı tələbələrimlə bütün problemlərlə bağlı danışırdım. Mən öz müəllimlərimdən gördüyüm yüksək əxlaqi-mənəvi dəyərləri tələbələrimə aşılamağa çalışmışam. O müəllimlər bizlərə həm də atalıq qayğısı göstərirdilər.
- Allah dünyadan köçən müəllimlərimizə qəni-qəni rəhmət eləsin. O müəllimlərin yetişdirdiyi tələbələrdən biri də Rəhim Qazıyev oldu. Bəs Rəhim Qazıyevin yetişdirdiyi tələbələr kim oldu. Tələbələrinizdən o zamankı ədəbi-siyasi birliklərdə iştirak edən var idimi? Sonradan “Yurd”, “Çənlibel” kimi dərnək üzvlərinin Cəbhəyə transfer olunmasında kimlər təşəbbüskar olaraq çıxış edib?
- Mən sizə dedim ki, mən siyasətdə yox idim. Eləcə də tələbələrim də burada yox idi. Hərəkat başlayanda da müəllimliyimi edirdim. Hərəkata da tələbələrin fonunda gəldim, heç ağlıma da gəlmirdi. Mən də 13-cü mərtəbədən baxırdım, gördüm ki, uşaqlar qaçışır. Elə bu vaxt gördüm ki, səs gəldi: “Biz gedirik Ağdama, siz də salamat qalın!” Mən də düşdüm bu tələbələrin dalınca getdim. Hərəkata yolum oradan başladı...
“O zamankı Azərbaycan hakimiyyətinin rəzilliyi idi bu”
- Tələbələrə qoşulub gəldiniz meydana. Sonra Meydan Hərəkatı başlandı... Amma bu Meydan Hərəkatından söz düşəndə nə Rəhim Qazıyevin adı çəkilir, nə də “Ağdama gedən” tələbələrin. Ancaq Sabir Rüstəmxanlı ilə Nemət Pənahlının adı çəkilir.
- Mən Sizə deyim də...
- Kim idi o günün qəhrəmanı: Sabir Rüstəmxanlı, yoxsa Nemət Pənahlı, ancaq lütfən sualın cavablandırılmasında mücərrədlikdən istifadə etməyin.
- O düzdür ki, orada bizim adımız çəkilməyib və çəkilmir də. Mən o mitinqlərə ona görə gedirdim ki, tələbələrimi təxribata qatan olmasın. Qayıdandan sonra da institutun həyətindəki günbəz çayxanada müzakirələr aparırdıq...
- Təxribatın haradan və kim tərəfindən ola biləcəyini gözləyirdiniz?
- Bir azdan sonra gördük ki, meydana müəyyən cinayət törətmiş adamları çıxarırlar, üzr istəyirəm, hətta yüngül xasiyyətli qadınları camaatın işərisinə buraxırdılar...
- Kim buraxırdı, DTK?
- Təbib ki, DTK buraxırdı, hakimiyyət. O zamankı Azərbaycan hakimiyyətinin rəzilliyi idi bu...
- Siz kimi fərdi Meydan Qəhrəmanı gördüyünüzü demədiniz.
- Mən Meydan Qəhrəmanı kimi Nemət Pənahlını görürəm. Sabir Rüstəmxanlı ondan sonra gəlir....
“Sabir Rüstəmxanlı onda Moskvanın adını çəkmirdi”
- Nemətin hansı yüksək xarakterik xüsusiyyəti və hansı potensialı sizi özünə cəlb edirdi ki, onu Meydanın Qəhrəmanı sanırdınız?
- Mən sənə deyim də. Birinci, hər dövrün öz qəhrəmanı var. Həmin dövrdə Azərbaycan ziyalılarının heç biri cəsarət edib Moskvanın adını çəkə bilmirdi. Nemət saatlarla şeir deyirdi...
- Başa düşmədim, Sabir Rüstəmxanlı onda Moskvanın adını çəkmirdi?
- Yox, ay qardaş, o şəkildə heç kim Moskvanın adını çəkmirdi. Bəli, Lenin meydanını Azadlıq Meydanı adlandıran Nemət olub, bu, faktdır. Nemətin yeddinci sinif təhsili var. Nemət saatlarla milyonluq camaatı idarə edirdi. Qardaşım bu, faktdır e...
- Rəhim bəy, o hadisələrin üstündən artıq 30 ilə yaxın vaxt keçib. Müstəqil Azərbaycan qurulub, təhsilimiz inkişaf edib, etməyib?
- Eləməyib, eləməyib..
- Niyə bu cəmiyyət yeddinci sinif təhsilli Nemətlərdən yetişdirə bilməyib?
- Cəmiyyət parçalandı...
- Cəmiyyət parçalanmamışdan siz niyə yetişdirmədiniz Nemətlərdən?
- Siz dağınıq suallarla mənim fikrimi də dağıtmayın... Müsahibəm qırıq-qırıq alınar... Nemət niyə mənim idealıma çevrilmişdi..
- Niyə?
- Özündən yekə-yekə deyən o şairlərin birinin də cəsarəti yox idi...
- Sonra dedilər ki, “Nemət həm də Heydər Əliyevin adamı olub”...
- Bəli, deyiblər. Cəlal Əliyevin bağında... “Abşeron” mehmanxanasında yazıb verdilər ona, o, oxuyub.. Bilirsiz, mənim ağlım yerindədi. Bu 18 saat danışırdı, bu yerdə qalan 6 saatda deməli bu adam həm yatmalı, həm yemək yeməli, həm də oxumalı idi, elə deyilmi?
- Elədir.
- Bəs onda bu nə qədər realdır. Nemətin “oturun danışın”...
- Danışacağıq inşəAllah..
- Nemətin istedadı var, sadəcə olaraq Nemət bu istedadı inkişaf etdirmədi, Nemət özünə vurğun olaraq qaldı. Nemətin faciəsi onda başladı. Mən çox çalışdım ki, ay Nemət, sən rus dilini öyrən. Sən rusla mübarizə aparırısan, onun dilini bilmirsən.
Bu yaxınlarda bir siyasətçininin fikriylə tanış oldum. Deyir ki, MƏN Quranın təfsiriylə məşğul oluram. Deyirlər ki, siz ərəb dilini bilirsiz. Deyir ki, bunun üçün ərəb dilini bilmək lazım deyil ki?
- Siz yəqin Sərdar Cəlaloğlunun bizm sayta verdiyi müsahibəni nəzərdə tutursunuz...
- ........
- Sonradan bu hərəkat özünün siyasi təşkilatlanmasına qədəm qoyurdu. Siz bu təşkilatlanma prosesində iştirak etmisiniz?
- Deməli, sentyabrın əvvəlində Allah rəhmət eləsin, Xudu Məmmədov dünyasını dəyişdi. Onun da çox böyük nüfuzu var idi. Onu şəxsən tanımasam da, Məmməd adlı bir tələbəm mənə telefonda dedi ki, Üzeyir Hacıbəyovun ev muzeyində ürəyi tutan Xudu müəllim dünyasını dəyişdi. Səhərisi Xudu müəllimin dəfnində Politexnikdə işləyən, indi Türkiyədə olan Becan Fərzəliyev meşin gödəkcəli, saqqalsız, çox əsəbi olan bir nəfərlə məni tanış etdi: “Bu, Əbülfəz bəydi”. Əbülfəz bəylə ilk tanışlığım orada olub. Tanışlıqdan sonra Əbülfəz bəy o zamankı Oktyabr rayonununda (indiki Yasamal) Cəbhənin dayaq dəstəsini yaratmağı mənə tapşırmışdı.
Qorboçovun yenidənqurmasını dəstəkləyən cəbhə nizamnaməsi
- Tapşırıq necə idi: Azərbaycan Yenidənqurma Tərəfdarlarınının Xalq Cəbhəsinin, yoxsa Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin yaradılması?
- Siyasi yön heç məni maraqlandırmırdı da..
Xalq Cəbhəsinin ilk Nizamnaməsində Qorbaçovun yenidənqurma siyasətini dəstəkləməklə bağlı müddəa var idi. 1988-ci ildə Xalq Cəbhəsinin formalaşmasında, təşəbbüs qrupunun yaranmasında mənim heç bir rolum olmayıb.
- Amma İdarə Heyətinin üzvü olmusunuz.
- Bu da tam təsadüfdən, tələbələrimin sayəsində olub..
- Tələbələrin təşəbbüsü bəyəm keçərli idi bu məsələdə?
- 16 iyul 1989-cu ildə cəkkizinci mikrorayonda bir xeyir-şər evində qurultay səlahiyyətli konfrans keçirdik. 196 nəfər qurultaya səsvermə hüqüquyla qatılmışdı. Orada 15 nəfərin adını oxudular ki, bunlar yeni yaranan AXC-nin İdarə Heyətidir. Onda formal olaraq sədr kimi qəbul edilən Əbülfəz bəyin səs vermək hüququ yox idi ki, seçim prosesində onun təsiretmə imkanı olmasın. Oxundu və qəbul olundu. Onda mənim tələbələrimdən biri qalxıb dedi ki, biz Rəhim müəllimi də o heyətdə görmək istəyirik.
- İdarə heyətində olanlardan kimləri tanıyırdınız?
- Hikmət Hacızadədən başqa heç kimi.
- Hikmət bəyi haradan tanıyırdınız?
- Onun atasıyla yaxın münasibətdə olmuşam. Ömrüm boyu Hikmətin atasına mənəvi borcum var. Həyatda formalaşmağımda, düzgün yol seçməyimdə mənə yardımçı olub. Mən Hikməti bağçaya aparmışam. Başqa heç kimi tanımamışam. Onda Nemət Pənahlı qalxıb dedi ki, mənim adımı çıxarın, Rəhimin adını salın...
- Belə sıcaq yanaşma nə ilə bağlı idi?
- Nemətlə Becan Fərzəliyevin evində, meydanda münasibətimiz yaranmışdı. Prinsipial məsələlərdə səslər yarı bölünəcək və məsələ həllini tapmayacaq. Ona görə də belə qərara gəldilər ki, məni də İdarə heyətinə qəbul etsinlər. Və qəbul edildim də.
- Söz İdarə heyətindən düşmüşkən, həmin İdarə heyətində Leyla Yunus, Əlikram Hümbətov, Arzu Abdullayeva da var idi. Bu adamların Xalq Cəbhəsinin İdarə heyətində təmsilçiliyini kim və nə vaxt təklif etmişdi?
“Bir-birini ittiham etmə hökm sürürdü orada”
- İdarə heyətində olan insanların siyahısının harada yazılmasından, kim tərəfindən ora salınmasından mənim xəbərim yoxdur. Mən də eşitdim ki, 48 nəfərdən ibarət Xalq Cəbhəsinin Təşəbbüs Qrupu olub. Mən orada da olmamışam, orada gedən proseslərdən xəbərsiz olmuşam. Sırf təsadüf nəticəsində mən İdarə heyətinin üzvü olmuşam. Və üç gündən sonra məni dəhşətə gətirən bir şey oldu...
- Nə idi o?
- Canbaxış Ümüdov var idi, evləri “Kubinka” deyilən yerdəydi, ora toplaşmışdıq. A kişi, orada başladılar bunlar hamısı bir-birini ittiham etməyə. Biri durub Zərdüşt Əlizadəyə dedi ki, sən Fuad Musayevin agentisən, o birsi dedi ki, sən Telman Orucovun agentisən...
- “Telman Orucovun agenti” kmə deyirdilər?
- Onu Nemət Pənahlı üçün deyirdilər. Orada bir çox mühakimələrdən, bir çox ittihamlardan sonra işlər bölündü...
- Rəhim Qazıyev hansı iş üzrə yükümlü oldu?
- Mənə dedilər ki, Balakəndən ta Qəbələyə qədər Cəbhənin strukturlaşması, formalaşdırılması işini sən yerinə yetirməlisən. Ağdam, Şuşa, Laçın... Mən buralara getdim. Düşüb təklülə, qoşalülə, barıt toplamağa başladım..
- Deməli, qurum yaranmamışdan fikir haçalanması meydana çıxmışdı...
- Fikir haçalanması yox e, bir-birini ittiham etmə hökm sürürdü orada...
- Sizi ittiham edən, sizin ittiham etdiyiniz var idi?
- Yox belə hal yox idi. Mən bu hərəkata gələndə torpaqlarımızın azadlığını əsas götürmüşdüm. Siyasi iddialar mənlik deyildi. Mən elmlər namizədi idim, iddiam olsa idi, elə gedib Təhsil Nazirliyində işləyərdim də. Mətbuatın özündə mənə qarşı kifayət qədər böhtan, iftira səsləndirilib...
“Vəzirovla Həsən Həsənovun qeyrəti çatmadı ki...”
- Birini deyin.
- Məsələn, bir beş ay bundan qabaq bir jurnalist mənə zəng edib söylədi ki, bəs “modern.az”da yazıblar ki, Rəhim Qazıyev əsgərlikdə Ustinovun sürücüsü olub”. Götürdüm zəng elədim ki, ay xanım, sən nə boyda peşəkarsan, bu informasiyanı haradan, necə tapmısınız? Gördüm ki, sevinir, üstəlik “həə, belədi də, biz hər şeyi tapırıq”. Mən də dedim ki, hər şey düzdü, ancaq orda bir şey səhvdir. Dedi ki, o nədir Rəhim bəy? Dedim mən heç əsgərlikdə olmamışam...
- Bayaq dediniz ki, Cəbhədə səslənən ittihamlardan biri də bu idi ki, “Nemət Pənahlı Telman Orucova işləyir”. 20.12. 1989-cu ildə “qaçqınlar Bakını dağıdır” deyə rus ordusunun Bakıya gəlişi üçün dolayı yolla zəmin hazırlayanlardan biri də həmin Telman Orucovdur ki, sonradan ADP-də təmsil olundu - sizin demokratik düşərgənizdə...
- Telman Orucov şəxsən gedib Vəzirov Moskvadan gələndə Ermənistandan qovulan 800 ailəni çıxarıb. Bizim faciəmiz ordan başlayıb da. Həmin dövrdə dəmiryolunda 250 min soydaşımızı qarşılamışıq. Onda nə Vəzirovun, nə də özünü millətçi kimi göstərən Həsən Həsənovun qeyrəti çatmadı ki, istefa verələr. Bu, birincisi. İkincisi, niyə Xocalıdan 800 ailəni hönkür-hönkür ağlaya-ağlaya birbaşa Sumqayıta gətirirdilər. Sumqayıt həmin dövrdə SSRİ-də ekoloji cəhətdən ən çox zəhərlənmiş şəhər idi. Üstəlik o zaman Sumqayıtda xeyli zərərli ünsürlər də cəm olmuşdu...
- Deyəsən Məhsəti türklərinə də belə bir yanaşma olmuşdu?
- Bəli, Məhsəti türkləri böyük həvəslə ora getmək istəyirdilər, onları da qoymadılar getməyə. O zamankı hakimiyyətdə oturanların heç birinin zərrə qədər belə şərəfi olmadı ki, istefa verələr.... İmkan ver, qoy bir az əvvələ gedim.
- Buyurun. Əvvəlin sonucundan, sonucun da əvvəlindən danışın, zatən biz də bunu istəyirik.
“Etibar bəylə Həsən Həsənovun danışığının şahidiyəm”
- Deməli, 1989-cu ilin 5 dekabr tarixində biz dəmiryoluna getmişdik. Orada Zeynal Məmmədov var idi, əjdaha oğlan idi, Şuşada da mənimlə döyüşüb. Ora gəlirdi Polyaniçko, Həsən Həsənov, Etibar Məmmədov, mən də getmişdim. Mən Etibar bəylə Həsən Həsənovun danışığının şahidiyəm.
- Hansı danışığı nəzərdə tutursunuz?
- Etibar bəy dedi ki, Həsən bəy, vaxtdır, istefa ver.
- Həsən bəy cavabında nə söylədi?
- Həsən Həsənov cavab verdi ki, hələ tezdir. O hakimiyyətdən heç kim xalqın tərəfinə keçmədi. Əfrand Daşdəmirov, Rafiq Zeynalov kimi rusdilli katiblər kimi. O zaman xalq hərəkatı qalxsa da, Xalq Cəbhəsi təşkilatlana bilmirdi. Təşkilat kimi hərəkatın önünə keçə bilmədi. İndi 25 ildi ki, Rəhim Qazıyevi atıblar ortaya, müxalifət də döyür, iqtidar da.
- Suçunuz nədi, Rəhim bəy?
- Buyursunlar, hər şeyi ortaya qoysunlar. Elə yalanlar danışırlar ki..
- 20 Yanvarla bağlı yalanlar var?
- Hərəkatda olan adamların 20 Yanvar qırğınında hər birinin günahı var...
- 20 Yanvar gecəsi Rəhim Qazıyev harada idi?
Köksünü ötürüb, 19-dan başlayır söhbətə.
- Səhər saat 10-da Prezident Aparatınının qarşısında Primakov çıxıb dedi rəsmi adam kimi deyirəm ki, Bakıya ordu girməyəcək. Komendant saatı olmayacaq. Əgər inanmırsınızsa, məni girov götürün...
- Bir dəqiqə, bir dəqiqə... Bunu Primakov deyirdi də? Onda Nemət Pənahlı da demişdi ki, gəlin Primakovu girov götürək. Nə idi bu üst-üstə düşən fikirlər, hardan qaynaqlanırdı belə düşüncələr?
- Ayın 18-də, ya da 17-də bizi Mərkəzi Komitəyə dəvət elədilər....
- “Biz” deyəndə kimləri?
- Nemət Pənahlı, mən, Tofiq Qasımov və digərlərini, yadımda deyil qalanları. Moskvadan da Primakovun rəhbərliyilə Girenko, Mixaylov və bir neçə nəfər. Onda Vəzirov bizimlə söhbətdə olmadı. Primakovun yanında Polyaniçko və Ayaz Mütəllibov var idi. Onda biz MK-nın bütün mərtəbələrində başdan ayağa silahlanmış adamları gördük. Nemətin üstündə bir qumbara var idi və barabanlı tapança. Dedi Primakovu girov götürək. Dedim, Nemət, səni and verirəm Allaha, belə şey eləməyəsən. Belə şey eləsən, rus bunu bəhanə edib bizim xalqımızı uf demədən qıracaq...
- Deməli, girov söhbətini ilk olaraq Nemət işlədib.
- Bəli, ilk dəfə bunu Nemət deyib. Nemət sonradan da dedi ki, mən səhv eləmişəm, ancaq mən deyirəm ki, Nemətin ən düzgün addımı onda olub. Primakovu qurban verib, millətimizi qırmaq üçün şans əldə edəcəkdilər. Nemət orada mənə qulaq asdı, indi də ona buna görə öz təşəkkürümü bildirirəm..
- O zaman “dayanın”, “qüvvə gələcək” deyə çağırış edənlər sırasında tanıdıqlarınızdan kimsə olubmu?
- Yox. Biz gördük ki, vəziyyət gərginləşir. Bakı kəndlərindən bizə informasiya gəldi. Qaladan dedilər ki, “İL-76”-lar ardıcıl olaraq enməkdədir. Biz də qərara gəldik ki, saat 8-də Etibar Məmmədov televizorla xalqa müraciət etsin. Ordu girəcək, dağıntı olacaq.
- Onda sizcə millət ola biləcəkləri nəyə hesablamışdı?
- Deyim də. 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə ordu gəldi, amma dubinkayla gəldi. O millət o dubinkaya hazır idi. Millət evdən samovar gətirirdi... Deyirlər silah... Yalançının zatına nəhlət, hardan idi bizdə silah?
- Bəs Nemət MK-ya gedəndə üstündəki silah hardan idi?
- Nə olsun, məndə də bir dənə “naqan” var idi. Onda artıq rus ordusu çat vermişdi. Bir dənə arağa çox şey almaq olurdu. Yəni, o dövr SSRİ-nin dağılması artıq reallaşmışdı, ordunun təminatı həddindən artıq zəif idi. Belə bir ordudan hər şey almaq mümkün idi. Sadəcə olaraq bunu təşkil etmək lazım idi?
- Bütün halların sonucunda 20 Yanvar törədildi... Deməli, Qarakənddə də belə olub da..
- Ondan sonra xaotik şəkildə barrikadalar yaradılır, nömrəsiz maşınlar haralarasa yardımlara çağırılırdı. O maşınlar bugünkü günə kimi axtarılsa da, tapılmayıb...
Tamerlan Qarayevin “oğurlanan” diplomatı
- Rəhim bəy, 20 Yanvara gələn yol və bu qırğın ərəfəsində oynanılan çirkin oyunlar böyük bir araşdırmaya ehtiyacı olan mövzudur. Təbii ki, biz də burada həmin məsələyə müəyyən bağlılıq baxımından toxunuruq və bunu da istəyirik. Elə siz özünüz də bizim istəyimizcə bəzi epizodları sadalayırsınız.
- Bəli, bu qırğınla bağlı geniş bir araşdırmaya ehtiyac var. Və bu, kiçik bir müsahibənin mövzusu deyil...
- O zaman bir Deputat İstintaq Komissiyası da yaradılmışdı. 20 Yanvar faciəsiylə bağlı yaradılan deputat-istintaq komissiyası siz cəbhəçilərə bəlli olmayan hansı informasiyaları üzə çıxarmışdı?
- O komissiya heç bir şey üzə çıxara bilmədi. Komissiyanın sənədlərinin ikisi də itdi..
- “İkisi” deyəndə?..
- Tamerlan Qarayev dedi ki, maşınımın “baqajnikindən” diplomatı oğurlayıblar...
- Qarakənd hadisəsində vertalyota minməyən Tamerlan Qarayev?!
- ....Bəli, Tamerlan Qarayev ““baqaj”dan diplomat oğurlanıb” dedi.
- Soruşmadınız ki, bunu kim oğurlayıb?
- Sadəcə olaraq, mən bunu anlaya bilmirəm. Yerdə qalan Xocalı faciəsinin sənədləri də yoxa çıxdı. Və bu istintaqların hər ikisi yarımçıq qaldı. Bu, sözlə ifadə olunası bir şey deyil...
- Amma deputat istintaq komissiyasının elə Cəbhədən olan digər üzvləri də var idi. Hər halda, həmin kəslərin yaddaşında müəyyən məlumatlar olmamış deyildi...
- Vallahi konkret olaraq mənim əlimdə bununla bağlı hansısa faktlar yoxdur, ancaq mən də eşitmişəm. Bütün bunlar qəsdən araşdırılmadı. Qardaşım, elə vertalyotun da qara qutusu göndərildi, indiyə kimi cavab yoxdu. Elə şeylər var ki, mən sənə onunla bağlı qəti cavab verə bilmərəm. Çünki mən o posesin içində olmamışam. Eşitdiyim və əmin olduğum şeylər var...
- Xəsislik etməyin, eşitdiyiniz və əmin olduğunuz şeylərdən bizə də danışın...
- Mənim əmin olmağım faktın təsdiqi olmadığı üçün siz də üz vurmayın...
Ayaz Mütəllibov özü səviyyədə onların heç birindən yüksək deyildisə, amma o komanda çox gözəl komanda idi. Allah rəhmət eləsin, Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Vəli Məmmədov. Bu insanlar kommunist olsalar da, həddindən artıq çox təmiz adamlar idilər. Elə indiki iqtidarın içində də elə qeyrətli kişilər var ki. Hamı qəhrəman ola bilmir ki. Bir tərəfin hamısını ucdantutma korrupsioner, əks tərəfin də hamısını ucdantuma vətənpərvər adlandırmaq ən böyük səhvdir.
- O dövrdə sovet DTK-da Nəriman İmranov da işləyirdi Moskvada...
- Moskvada deyildi, Uzaq Şərqdə idi...
- Hər halda 20 Yanvarla bağlı onda da informasiya olmamış olmazdı, bu konuda bir informasiya sızdırılmamışdı?
- Mən onun adını eşitsəm də, özünü şəxsən 1992-ci ilin noyabrında tanımışam.
- Nazir olanda.
- Bəli, nazir olanda şəxsiyyətinə və peşəsinə çox böyük hörmət bəslədiyim Arif Məlikov dedi ki, yerlimizdi, Rusiyadan qayıdıb. Mən də dedim ki, bizdə bir xüsusi idarə var, ora təyin edim. Onda general deyildi. Sonra Heydər Əliyev ona general rütbəsi verdi......
- Gecə saat 3-də Polyaniçkonun yanına nəyə qalxmışdınız və kiminlə? Guya bu görüş nəyi həll etdi ki?
(davamı var)
İgid Teymurlu
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...