“Bu tədbirlər bizim gündəmimizdə olmalıdır” - MÜSAHİBƏ

09:37 22-02-2020 | icon 290 | Siyasət
“Bu tədbirlər bizim gündəmimizdə olmalıdır” - MÜSAHİBƏ

Vüqar Rəhimzadə: “Sən öz bacarığını, gücünü seçicilər qarşısında nümayiş etdirə bilmirsənsə, MSK qarşısında şou göstərmək mənasızdır”

 

Gündəm yeni parlamentin seçicinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf şəkildə formalaşmasına köklənib. Eləcə də, ölkəmizdə baş verən bir çox mühüm hadisələrin ictimai, siyasi proseslərə təsirləri və çıxış yolları aranmaqdadır.

 

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Üç Nöqtə”yə verdiyi müsahibəsində bu və digər nüanslara aydınlıq gətirilib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

“İnsanlar kimə səs veribsə, o da qalib olub”

 

- Vüqar müəllim, növbədənkənar parlament seçkilərinin  ilkin nəticələri ilə bağlı araşdırmalar davam edir. Necə hesab edirsiz, bitərəf və siyasi partiyaların, ümumən ictimaiyyətin bu seçkidəki fəallığı özünü daha çox hansı aspektlərdə göstərə bildi, arzu edilməyən məqamlar nə idi?

 

- Azərbaycan xalqı bu seçkidə bir daha siyasi iradəsini nümayiş etdirdi. Seçki prosesi ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənildi. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq etdilər.

Seçki prosesi bir yarışmadır. Bu yarışmada vətəndaşların, seçicilərin səsi vacib rol oynayan mühüm amillərdən biridir. Hesab edirəm ki, kim daha çox səs toplayıbsa, qalib olub. Beləliklə, Mərkəzi Seçki Komissiyası (MSK) ilkin nəticələri elan edib. MSK-dan qabaq isə “Exit-pol”un nəticələri bəlli idi.  Çox cüzi dəyişikliklərlə MSK ilkin nəticələri açıqladı və düşünürəm ki, bu reallığı əks etdirən, insanların seçimini, istəyini özündə ifadə edən açıqlamadır. İnsanlar kimə səs veribsə, o da qalib olub. Lakin görünür seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirmələri bəzi qərəzli qüvvələri çox narahat edib. Lakin bu cür qərəzli yanaşmanın, ədalətsiz mövqenin seçkinin nəticələrinə, xalqın iradəsinə heç bir təsiri yoxdur.

Məlumdur ki, Azərbaycanın Milli Məclisi 125 nəfər parlament üzvündən formalaşır. Qanunverici orqanın say tərkibi bundan ibarətdir. Təbii ki, 1300-1400 nəfər namizədin hamısını ora sığışdırmaq olmaz. Amma indi, məğlub olan da deyir ki, qalib olmuşam. Bu yanaşma düzgün deyil.

Mən özüm də ailə üzvlərimizlə birgə yaşadığım ərazidə səs vermişəm. Mən olduğum məntəqələrdə kifayət qədər seçici fəallığını müşahidə eləmişəm. Təbii ki, heç bir ölkədə ideal seçki olmur. Bəzən görürsən ki, nəzarətçilərin, müşahidəçilərin, yaxud namizədlərin səlahiyyətli nümayəndələri müdaxilə hallarını qabardıb bundan şou göstərməyə cəhd göstərirlər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti öz arzu və istəyini ifadə edən seçimini etdi və buna görə də qaliblər müəyyən olunub.  Hesab edirəm ki, məğlub olanlar özlərində cəsarət tapıb qalibləri təbrik etməlidir. Təəsüflər olsun ki, məğlub olan namizədlər özlərinin məğlubiyyətlərini şişirdib özləri haqqında “qəhrəman” obrazı yaratmağa çalışırlar. Bu da yolverilməzdir.

 

- Qalib partiyanın üzvü, bir neçə illik parlament təcrübəsi olan bir siyasətçi, eləcə də aparıcı media qurumunun rəhbəri kimi bu seçki prosesində sosial medianın və ümumilikdə mətbuat və mətbuat işçilərinin fəaliyyətini necə dəyərləndirirsiz?

 

- Hesab edirəm ki, mətbuat işçiləri bu seçkilərdə kifayət qədər yüksək fəallıqla iştirak elədilər - həm təbliğat-təşviqat dövründə, həm də bir seçici, bir vətəndaş olaraq. Sosial media və elektron media qurumları təbliğatda kifayət qədər rol oynadılar. Sosial şəbəkələr kifayət qədər aktiv idi. Bu da qeyd etdiyim kimi namizədlərin çoxluğu və müxtəlif katiqoriyalardan olmaları ilə bağlı idi. Hər bir namizədin təbliğatının qurulması üçün hər cür şərait yaradılmışdı. Biz qəzetimizdə hər gün 6-8, bəzən 10 səhifə təbliğat-təşviqat materialı dərc edirdik. Yəni seçkidə media orqanları və media işçiləri tərəfindən yüksək fəallıq müşahidə elədik. Elektron media da özünün aktivliyini ortaya qoya bildi.

Televiziyalara gəldikdə isə təbii ki, dövlət televiziyaları bu prosesdən kənardadır. 60-dan çox dairədən namizədliyini irəli sürmüş YAP bundan istifadə edə bilərdi. Amma o da istifadə hüququndan imtina elədi. Özəl televiziyalar ödənişli şərtlərlə təbliğatın aparılması ilə bağlı MSK-ya müraciət etmişdi. Namizədlər bundan istifadə etmədilərsə, bu da onların öz istəklərinə bağlı olan məsələdir.

Bəli, sosial medianın, sosial şəbəkələrin operativliyi kifayət qədər sürətlidir. Amma çap mətbuatının da öz rolu, öz dəst-xətti var. Hesab edirəm ki, çap mətbuatı da kifayət qədər böyük fəallıq nümayiş etdirdi. Operativliyə, çevikliyə görə təbii ki, elektron media qurumları rolik kimi fırlanır və özləri bu prosesi yüksək səviyyədə işıqlandırırlar.

 

“Əgər səs verməyiblərsə, demək onun bacarığına şübhə ilə yanaşıblar”

 

- Məlumdur ki, seçkidən narazı olan müxalifət, bu seçkini demokratiyaya zərbə kimi qiymətləndirir. Bir çox müxalif partiya üzvləri hesab edirlər ki, müxalifət partiyaları saxta, düşünülmüş şəkildə parlamentdən kənarda saxlanılıb.  Əslində müxalifdəki çoxluğu parlamentdən kənarda qoyan səbəblər nədir?

 

- Bu seçkidə kifayət qədər müxalifət partiyaları iştirak elədilər.  Qaliblər arasında kifayət qədər müxalifət partiyaları var. Amma namizədliyini irəli sürməyən insanlar öz məğlubiyyətlərini əvvəlcədən görən, məğlubiyyətlərini təsdiq edən adamlardır. Hər halda, seçki mədəniyyətinin mahiyyəti ondan ibarətdir ki, məğlub olan qalibi təbrik etməyi bacarmalıdır və bu, mədəniyyəti nümayiş etdirməlidir. Belə hallar bəzi dairələrdə oldu. Amma təəssüf ki, bir çox qalib olmayan namizədlər iddia ilə özlərini başqa cür apardılar. Namizədlərin qalibiyyəti onların bacarığından, özünü aparmağından asılı oldu. Təbii ki, bu seçimdir, seçici kimə səs verirsə o da qalib olur, əgər səs vermiyibsə, demək onun bacarığına, qabiliyyətinə şübhə ilə yanaşıblar, beləliklə də ona etimad göstərməyiblər.

 

- Müxalifətin “hökumət yenə də öz istədiyi adamları parlamentə gətirdi” iddialarına fikriniz nədir?

 

- Qətiyyən belə deyil. Bu iddia cəfəng iddiadır və hesab edirəm ki, bu heç bir bazaya malik deyil. O sözü o adam deyir ki, əvvəlcədən öz səriştəsini, qabiliyyətini, gücsüzlüyünü təsdiq edib. O sözü deyən adam öz zəifliyini qarşısına qoyub, ona möhrünü vuran adamdır. O, ədalətsiz fikirdir və qərəzdən başqa bir şey deyil.

 

- Uduzan namizədlərin MSK-nın qarşısında keçirdiyi məlum icazəsiz aksiyalarına yanaşmanız nə olacaq?

 

“Cənab Prezidentin cavabları Azərbaycan əhalisinin arzu və istəklərini, ürəyində olan fikirlərini ifadə elədi”

 

- Bu aksiya şoudan başqa bir şey deyil. Belə aksiyaların keçirilməsinə ehtiyac da yox idi. Bu aksiyanı keçirmək əvəzinə seçicilərlə görüşlər keçirməli, seçicilərin inamını qazanmalı idilər. Əgər sən öz bacarığını, gücünü, qabiliyyətini seçicilər qarşısında nümayiş etdirə bilmirsənsə, gəlib MSK qarşısında şou göstərmək mənasızdır. Çünki MSK sadəcə olaraq, dairələrdə, məntəqələrdə toplanmış səslərin nəticələrini elan edir.

 

- Prezident İlham Əliyevlə erməni baş naziri Paşinyanın  Münhen Konfransı debatı dünya birliyi və ölkə ictimaiyyəti qarşısında hansı mənzərəni açmış oldu. Bu debatda erməni saxtakarlığı ifşa olundu, bəs bu, beynəlxalq aləmin məlum yanaşmasına təsir edəcəkmi?

 

- Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr də Ermənistanın bu günə qədər apardığı yalan təbliğatlara işıq salmaqla yanaşı, tarixin saxtakarlıq sevmədiyini, faktlara əsaslandığını bir daha işğalçı dövlətin rəhbərliyinə diktə etdi. Cənab Prezidentin cavabları Azərbaycan əhalisinin arzu və istəklərini, ürəyində olan fikirlərini ifadə elədi. Yüksək niqti, intellekti ilə Paşinyanı yerində oturtdu və dünya bunu gördü. Prezidentimizin tutarlı, arqumentli, reallığı ifadə edən cavabları dünyaya sübut elədi ki,  Azərbaycan haqlıdır və Azərbaycan haqq yolundadır, ərazisi işğala məruz qalıbdır.

Lakin çox təəssüflər olsun ki, bəzi ölkələrdə bəzi qüvvələr və bəzi beynəlxalq təşkilatlar daim ikilistandartları nümayiş etdiriblər. Ədalətsiz mövqe nümyiş etdirib, ağa qara deyiblər.. Paşinyan da öz əməli, öz hərəkətləri, çaşqınlığı ilə riyakarlığını, yalanını ortaya qoydu. Dünya birliyi, dünya ölkələri bundan öz nəticəsini çıxarmalıdır.

 

“Ümumdünya Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq”

 

- Vüqar müəllim, fevralın 22-da Ümumavropa Qarabağ mitinqi keçiriləcək və bir çox ölkələrdən bu mitinqə çox sayda insanların qatılacağı gözlənir. Azərbaycan ictimaiyyəti bu aksiyaya hansı töhfəsini verə bilər və biz nə etməliyik?

 

- Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin tərkib hissəsidir. Reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Yaxın günlərdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə dərk olunar.

Hesab edirəm ki, Almaniyada keçirilən bu aksiya Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında böyük təsirə malik olacaq.  Azərbaycanın hər bir insanı, kimliyindən asılı olmayaq bu işə dəstək olmalı öz gücünü bu işə sərf eləməlidir. Ümumiyyətlə, təbliğatı real həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli həllində vacib amil kimi diqqətdə saxlayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Tədbirlərin əhəmiyyəti əldə olunan nəticələrdən də aydın görünür. Ümumdünya Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşərək 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara öz töhfəsini verməlidir.

 

- Həmin gün Azərbaycanda da dəstək mitinqinin keçirilməsi gözləniləndirmi?

 

- Təbii ki, bu istiqamətdə müxtəlif tədbirlər keçirilib və müxtəlif işlər görülür. Amma hər halda düşünürəm ki, Azərbaycanda görülən bu işlərlə yanaşı belə tədbirlərin xaricdə keçirilməsi, xarici mediada işıqlandırılması daha təsirli olar.

 

- Xocalı soyqırımı yaxınlaşır. Azərbaycanın bütün media, televiziya və digər təbliğat vasitələri informasiya müharibəsində öz işini necə qurur və nə etməlidir?

 

- Hadisənin əsl mahiyyətinin digər ölkələrə, təşkilatlara çatdırılmasında elektron media qurumları daha fəal olmalıdır. Qarşımızda duran vacib məsələlərdən biri budur. Ən əsası da bu mövsümü xarakter daşımamalıdır. Həmişə bu tədbirlər bizim gündəmimizdə olmalıdır.

 

- Biz media olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərini münaqişənin həllində ədalətli mövqeyə cəlb etmək naminə onları yetərincə silkələyə biləcək işlər görə bilirikmi?

 

- ATƏT-in Minsk qrupu bu məsələdə qətiyyətsizlik nümayiş etdirirlər. Onlar öz mövqelərini qəti şəkildə ifadə eləməlidirlər və işğalçını yerində oturtmalı, onlarla ərköyün uşaq kimi rəftar etməməlidirlər. İşğal olunmuş ərazilərin azad olunmasına birmənalı şəkildə, açıq-aşkar dəstək göstərməlidirlər. ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların başlıca məqsədlərindən biri bu olmalıdır. Təəssüf ki, ikilistandartlar bir çox məqamlarda buna imkan vermir. Ermənistanın ərköyün hərəkətlərinə təpki göstərməyin məqamıdır, vaxtıdr. Və biz də Azərbaycan reallıqlarının təkcə ATƏT-ə deyil, dünya ictimaiyyətinə çatdırılması siyasətini bundan sonra da davam etdirtməliyik.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları