“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

22:24 26-02-2020 | icon 573 | Cəmiyyət
“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

Dürdanə Ağayeva: “Əsirlik həyatı qadın üçün ömürlük ləkədir”

 

“Fevralın 25-i, soyuq qış gecəsinin qaranlığı, hamı Qarqar çayının yanına yığışıb... Qarlı yollarla gedirik... Səhərə yaxın ermənilər qarşımızı kəsir və... SOYQIRIM!”

 

Xocalı soyqırımı faciəsinin şahidi, rabitəçi Dürdanə Ağayeva haqqında Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVAdan eşitdik. Xəbərini alan kimi Dürdanə xanımın özü ilə əlaqə yaratdıq. Söhbətə də elə beləcə başladı – “Fevralın 25-i, soyuq qış gecəsinin qaranlığı, hamı Qarqar çayının yanına yığışıb... Qarlı yollarla gedirik... Səhərə yaxın ermənilər qarşımızı kəsir və... SOYQIRIM!”

 

Həmin gecə atışma zamanı Dürdanə xanım ayağından yaralanır və qardaşı Elşadla birlikdə əsir düşür. Ermənilər onları Əsgəranda Milis idarəsinin “KPZ”-sinə aparırlar. Orda 40-50 qadın da olub. Ermənilər həmin 40-50 nəfər qadını 26-dan 27-nə keçən gecə benzinə, çörəyə, siqaretə görə dəyişiblər. Tək Dürdanə qalır. Deyir ki, qardaşı orda tək qalmasın deyə onunla qalmaq üçün qapının dalında gizlənib. Qardaşı get desə də, getməyib. Anasının öldüyünü eşitdiyi və digər qardaşlarının öldüsündən-qaldısından xəbərsiz olduğu üçün qardaşından başqa güvənəcəyi kimsə olmadığından elə onunla qalmaq, onunla ölmək istəyib. Səhəri gün onu görürlər. Elə həmin gündən işgəncə başlayıb:

 

“Hər gün döyülürdüm, təhqir olunurdum. Çox zülümlər çəkdim, acılar yaşadım... Müharibə qadın üçün deyil, kişi üçündür. Qadın düşmənə əsir düşməməlidir. Düzdür, biz Azərbaycan qadınları öz namusumuzu, əxlaqımızı düşünənik, ailəmizin adına ləkə gəlməsini heç vaxt istəmərik. Ona görə də əsirlik həyatı biz qadınlar üçün ömürlük ləkədir və ölənə kimi də o ləkə bizdədir. Bəzən məni qınayırlar ki, niyə gizlənib qaldın orda. Bilirsiz, o vaxt qardaş-bacı sevgisi böyük idi. Mən deyərdim ki, indi elə qardaş-bacı sevgisi yoxdur. Hətta indi ümumiyyətlə bəzi ailələrdə soyuqluq var...”

 

Dürdanə xanım 8 gün əsirlik həyatı yaşayıb. Bu 8 gündə çox əzablara qatlaşıb. Hətta bir gün o qədər döyüblər ki, huşunu itirib, aparıb zibilliyə atıblar. 10 saatdan çox orda ölü vəziyyətində qalıb. Şaxtadan saçları, kiprikləri buz bağlayıb. Deyir ki, kipriklərini ağzının suyu ilə əridib güclə açıb:

 

“Gənc idim, gah zəncirlə, dubinkayla döyürdülər, gah it kimi gəzməyimi istəyirdilər, gah soyuq suda saxlayırdılar. Rabitəçi olduğuma görə, mənə torpaq da yedizdirirdilər. Bir dəfə bir erməni yaxınlaşıb soruşdu ki, sizə torpaq lazımdı? Mən döyülməkdən, işgəncədən halsız vəziyyətdə idim, heç nə demirdim. Batinkasını çıxarıb ağzıma tutdu ki, ye bu torpağı. Hər günüm əzab idi. Əsgərandakı həmin o “KPZ” arı yuvası kimi idi, hər millətdən orda hərbçi, mən deyərdim ki, vəhşi var idi”.

 

Dürdanəni 3-4 dəfə Xankəndinə aparıb, təkrar Əsgərana qaytarıblar. Bunun üçün Xocalıdan keçib gedirmişlər. Bir gün də Xankəndindən Əsgərana gətirəndə soruşublar ki, eviniz hardadı:

 

“Evimizi göstərdim, iki mərtəbəli idi. Baxdım ki, ikinci mərtəbəsini dağıdıblar. Məni evimizin həyətinə apardı, orda döyməyə başladı. Mən isə 12 pilləkənimizə baxıb xəyallara getmişdim, heç ağrını da hiss etmirdim. Fikrimdə o 12 pilləkəni düşüb dərsə gedirdim, pilləkəndə oturub kitab oxuyurdum və xəyalımda anamın da arzuladığı kimi şüşəbənddə qardaşım məni lampanın başına fırlayır, o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm... Allah bunu mənə nəsib etmədi...”

 

Dürdanə xanım hər il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri qızı Ləmana danışır, özü də saatıyla...

 

Dürdanəni Ağdam tərəfdən bizimkilər geri almaq üçün danışıqlar aparıb. Ermənilər Dürdanənin rabitəçi olduğunu biləndə elə düşünüblər ki, hərbi rabitəçidir, ona görə də vermək istəməyiblər. Dürdanə ermənilərə yalvarıb ki, məni buraxsanız qardaşımla buraxın. Erməni də deyib ki, əgər ölməyibsə, buraxarıq. Sonra Elşadı gətiriblər. Dürdanə qardaşının ayaqlarına sarılaraq duz kimi yalayıb:

 

“Bizi girovla dəyişdilər. Bakıya gətirdilər. Ayağımdan yaralanmışdım, əməliyyat etdilər. Sağalandan sonra elə rabitəçi kimi də işə düzəldim. Ailə qurmaq barədə isə düşünmürdüm. Zatən Azərbaycan kişiləri əsir düşmüş qadınlarla ailə qurmazdılar. Amma mənim qarşıma elə bir insan çıxdı ki... Azərbaycanın əsl qeyrətli kişisi... Ona da ailə qurmaq istəmədiyimi dedim. Amma o dedi ki, bu, tək sənin başına gəlməyib, bir elin başına gələn fəlakətdir...

Biz evləndik. Toyumuz olmadı, sadəcə evləndik... O mənə deyirdi ki, nə olsun ki, qadınsan, sən mənim qəhrəmanımsan...

5 il övladım olmadı, 5 ildən sonra bir qızım dünyaya gəldi. Ləmanım dünyaya gələndə elə bildim sanki toyum da oldu, gəlinlik də geyindim. 28 ildə toylara getsəm də, əllərimə xına yaxmadım. İndi qızımın 17 yaşı var. 2 il öncə həyat yoldaşımı itirdim... O arzuyla yaşayıram ki, qızımı gəlin köçürəndə əllərimə ilk onda xına yaxacam”.

 

Dürdanə əsirlik zamanı verilən işgəncələrdən xəstəlik tapıb. Bel ağrısı iləiki dəfə İranda əməliyyat olunub. Sonra əlacını Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasında tapıb. Baş həkim, həkim-terapevt Nərminə Abbasova Dürdanə xanımın Xocalı faciəsindən danışdıqlarını göz yaşları içində dinləyib:

 

“Nərminə xanım o qədər kövrəkdir, duyğusaldır ki, məni dinlədikcə ağlayırdı. Mənim müalicəmi öz öhdəsinə götürdü. Təmənnasızolaraq tomoqrafiya, rentgen, fizioterapiya elədilər. Eyni zamanda əsəbdən də müalicə olundum. Sağ olsun, Nərminə xanım qızımın da, qardaşım uşağının da müayinələrini heç bir təmənna güdmədən təşkil etdi”.

 

Dürdanə xanım əsirliyi ilə bağlı kitab da yazıb. Kitab 2015-ci ildə Türkiyədə işıq üzü görüb. Həmin kitabda əsirlik həyatını olduğu kimi yazıb. Kitab maraqlı olduğu üçün təkrar nəşr edilib. 2017-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada tərcümə edilib. Jurnalist Cavidan təmənnasız olaraq kitabı Azərbaycan dilinə tərcümə edib. İş adamı Qənirə xanım isə çapına kömək edib:

 

“O kitab bütün xoclılarındır. Mən Xocalı faciəsinə görə dünyaya səs salan bir qadınam. Erməni vəhşiliyini dünyaya yayıram. İki dəfə Amerikaya getdim, Romada, İtaliyada, Moskvada oldum. Hər il Türkiyədə bu yöndə tədbirlərə dəvət alıram”.

 

Dürdanə xanım yaşadıqlarını Allahın ona yazdığı qismət sayır. Hazırda qızı Ləmanla yaşayır. Ləman ali məktəbə hazırlaşır:

 

“Özüm yarımcan bir insanam, yazı-pozuyla məşğulam. Birinci kitabım çıxdı – “Xocalı, erməni zindanında 8 gün”. İkinci kitabım – “Xocalı şəhidləri 613” hazırda Heydər Əliyev Fondunda çapdadır, inşallah yaxın zamanlarda işıq üzü görəcək, Leyla xanımın təşəbbüsü ilə təqdimatı da olacaq”.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

“Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır”

“Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”

Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır

Bu gün karantin rejimini pozan 41 ictimai-iaşə obyekti aşkarlanıb

İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

DİM dərsliklərin onlayn monitorinqinə başlayıb

Operativ Qərargahın qərarından asılıdır

Martın 1-də keçirilən buraxılış imtahanının nəticələri elan olunacaq

Azərbaycan XİN: Ermənistan hələ də dərk etmir ki...

Deputat insanların kredit və məişət problemlərindən danışdı

Rusiya yenə Azərbaycanı “Konfederasiyaya səsləyir”...

Vətən hardan başlayır - SƏRHƏDDƏN, YOXSA "MƏNDƏN?

Qənirə Paşayevanın Şəfiqə Məmmədovanın 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunması ilə bağlı təbrik

Mədəniyyət Komitəsinin onlayn iclasında

Tramp İranla əlaqəli qüvvələrin ABŞ-ın İraqdakı obyektlərinə hücum edəcəyini iddia edib

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Azərbaycan mediası karantin vəziyyətində

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Hərbi xidmətə çağırış müddəti uzadılır

Sabahın hava proqnozu

Rayonlarda hava kəskin dəyişəcək

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxub

“Qaya” vokal qrupunun solisti vəfat edib

Millimiz FİFA reytinqində geriləyib

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb