“Azərbaycanın bir problemi var, o da...”

21:30 06-03-2020 | icon 712 | Siyasət
“Azərbaycanın bir problemi var, o da...”

Həvva Məmmədova: “Mən VI çağırış Milli Məclisdən qələbə müjdəsini gözləyirəm”

 

Keçmiş millət vəkili və Qarabağ icmasının idarə heyətinin üzvü olmuş, professor Həvva Məmmədova “Üç Nöqtə”yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Həvva xanım, məlumdur ki, martın 5-də yeni parlament təsdiqləndi. 5 illik parlament təcrübəsi olan bir siyasətçi xanım olaraq yeni seçilən Milli Məclisin tərkibini necə qiymətləndirirsiniz. Bu parlament ötən ilin son aylarından hökumətdə aparılan islahatların gözlənilən davamı kimi özünü göstərə biləcəkmi?

 

- Əlbətdə ki, Azərbaycan Respublikasının VI çaırış Milli Məclisinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi müasir, inkişaf etmiş bir parlamentin fəaliyyətinə start verdi. Müşahidələr də onu göstərdi ki, bu seçki o qədər də asan keçmədi. Lakin bu mübarizədə yeni seçilmiş deputatlarımızın hər birinin uğuru var. İnanıram və arzu edirəm ki, yeni seçilmiş Milli Məclis Qarabağa yeni bir qayıdışla bağlı qəbul olunmuş qərara imza atacaq və biz də bununn şahidi olacağıq. Bu mənada mən VI çağırış Milli Məclisdən qələbə müjdəsini gözləyirəm. Hesab edirəm ki, Milli Məclisə seçilmişlərin ən böyük arzusu məhz Azərbaycan bayrağının Şuşada, Xankəndində, Ağdamda, Fizulidə, Kəlbəcərdə, Laçında, Zəngialanda, Qubadlıda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə yenidən dalğalanmasıdır. Mən onların hamısının içindən keçən bu istəyi bilirəm. İnanıram ki, biz bunların hamısına şahid olacağıq. Ona görə də yeni seçilmiş bütün millət vəkillərini təbrik edir, onların sevinclərinə qoşuluram. Onlara birinci cansağlığı və Parlamentdə qanunların qəbul olunması, xalqımızın rifahının yaxşılaşması istiqamətində uğurlu qərarlar vermələrini arzulayıram.  

 

“Bəzən seçilmiş millət vəkilləri öz rayonlarından olan insanlarla belə görüşmürlər”

 

Qeyd edim ki, yeni islahatların başlanması növbədənkənar parlament seçkilərindən öncə başlanmışdı. Bilirik ki, ölkə Perezidentinin bütün çıxışları, keçirdiyi görüşlər islahatlara və hər bir Azərbaycan vətəndaşının bu yenilikləri düzgün qəbul etməsinə istiqamətlənmişdi. Hesab edirəm ki, həyata keçirilən islahatlar bundan sonra da mərhələ-mərhələ davam edəcəkdir.  Bu prosesdə xüsusilə gənclərə yer verilməsi, gənclərin dövlət idarəçiliyi orqanlarında irəli çəkilməsi tamamilə yeni dövrün tələbinə adekvatdır. Mən bununla demək istəmirəm ki, yaşlı kadrlar kənara çəkilməlidir, xeyir. Lakin bu gün uğurlu islahatların aparılmasında bilikli, bacarıqlı kadrların təqdim olunmasına böyük ehtiyac vardır.  Ona görə də yeni seçilmiş deputatlarımızın hər biri bu islahatların tərəfdarıdır və  hesab edirəm ki, onlar da öz işlərində, təmsil olunduqları komitələrdə bu işlərin öhtəsindən layiqincə gələcəklər.  Cənab Prezidentin söylədiyi kimi bəzən seçilmiş millət vəkilləri öz rayonlarından olan insanlarla belə görüşmək istəmirlər. Bu o deməkdir ki,  yeni seçilmiş  millət vəkillərinin hər biri öz rayonlarının seçiciləri ilə mütəmadi olaraq görüşməli, onların arzu istəklərini parlamentdə qaldırmalıdırlar. Bu gün o millət vəkillərinin əlində tribuna var, böyük imnkanlar var. Ona görə də hesab edirəm ki, islahatların davamı olaraq seçilmiş yeni millət vəkilləri parlamentdə öz işlərinə diqqətli yanaşacaqlar.

 

- Həvva xanım, məlumdur ki, növbədən kənar parlament seçkilərinin nəticələrini qəbul etməyən namizədlər oldu və ayrı-ayrı namizədlərin etiraz aksiyalarını müşahidə etdik. Bu istiqamətdə gedən müzakirələrdə belə bir iddia irəli sürüldü ki, etirazlar hansısa qüvvələr tərəfindən sabitliyin pozulmasına yönəlmişdi. Proseslərin gedişi nəyi göstərdi?

 

- Sivil dövlətlərin hamısında belədir. Özünü parlamentdə görmək istəyən insanlar seçkilərə qatılır. Eləcə də Azərbaycanda. Növbədənkənar seçkidə əvvəlki seçkilərdən fərqli olaraq daha çox insanımız öz namizədliyini irəli sürmüşdü. Hər bir vətəndaşın seçkidə iştirak etmək hüququ var və özlərini sınaqdan keçirmək istəmələri də normldır. Lakin parlamentdə 125 deputat yeri var və namizədlər o yerə uyğun olaraq seçilir. Digər tərəfdən parlamentə seçilməyin də öz şərtləri, qaydaları var. Və burada aparılan təbliğatdan çox şey asılıdır. İnsanların özlərini tanıtmaları üçün televiziyalarda, qəzetlərdə, digər mətbuat orqanlarında mütəmadi çıxışları olmalıdır. Parlament seçkilərinə qədər hər kəs özünü yaxşı tərəfdən cəmiyyətdə göstərməlidir, özünü təsdiq etməlidir. Ona görə də Parlamentə seçilməyən insanlar öz üzərilərində daha çox işləyib 5 ildən sonra növbəti parlamentdə özünü yenidən sınaya bilər. Parlamentdə təmsil olunub, qanunverici orqanda işləmək o qədər də asan məsələ deyil.  Ona görə də hesab etmirəm ki, hansısa qüvvələr burda seçki ilə bağlı hansısa pozuculuq işi aparsınlar. Sadəcə olaraq Azərbaycan gənc demokratik dövlətdir və belə bir vaxtda hər kəs Azərbaycanın ərazi bütövlüyü uğrunda, qarşılaşdığı problemləri bilməlidir. Bu gün Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Yəni bizim hamımız bu istiqamətdə ölkəmizi dövlətimizi qorumalıyıq. Hər birimiz bu istiqamətdə öz məsuliyyətimizi ortaya qoymalıyıq.  Heç bir xarici ölkənin Azərbaycanın daxili işinə qarışmasına haqqı yoxdur. Azərbaycan suveren, demokratik dövlətdir və bu sahədə də öz sözünü deyir və hesab edirəm ki, hər birimiz müstəqil dövlətimizin  möhkəmlənməsi, ərazi bütövlüyümüz üçün  bütün gücümüzü qüvvəmizi səfərbər etməliyik. Bizim yeganə düşmənimiz Azərbaycanın ərazi bütövlüyünə qəsd edən Ermənistandır. Və düşmənin torpaqlarımızda apardığı siyasətə qarşı qüvvələrimizi cəmləşdirməliyik. Biz qonşu dövlətlərdə, ərəb ölkələrində gedən prosesləri görürük. Xalqımız belə bir vaxtda Azərbaycanın imicini korlayan amillərə qarşı çıxmalıdır.

 

- Həvva xanım, qeyd etdiyiniz kimi, bu gün hər birimiz üçün torpaqların işğaldan azad olunması ən əsas vəzifədir. Təbii ki, Parlament, Azərbaycan dövləti, milləti olaraq öz fəaliyyətində bu istiqamətdə hədəflənib. Bu sitiqamətdə aparılan təbliğatı, görülən işləri necə dəyərləndirirsiniz? Vaxtilə sizin özünüzün də təmsil olunduğunuz “Dağlıq Qarabağın Azərbaycanlı İctimai Birliyi”nin bu istiqamətdəki rolu barədə nələri söyləmək olar?

 

- Hansısa maraqlı güclərin təsiri ilə Qarabağda başladılan bu müharibənin sonu sülhlə bitəcək. Müharibələr əbədi davam edə bilməz. Çünki biz ədalətin tərəfindəyik, biz öz torpağımıza qayıdıb, öz torpağımızda yaşamaq istəyirik. Biz bunu istər Qarabağın azərbaycanlı icması daxilində, istərsə də beynəlxalq təşkilatlar qarşısında dəfələrlə bəyan etmişik. Biz öz torpaqlarımıza qayıdacağıq. Ona görə də hesab edirəm ki, Qarabağda olan icmaların daxili görüşlərinə də böyük ehtiyac var. Hesab edirəm ki, hazırda Qarabağın azərbaycanlı icmasının fəaliyyəti güclənir, icmanın yeni rəhbəri Tural Gəncəliyevin Amerikada keçirdiyi son görüşünün erməniləri narahat etməsi buna işarədir. Bü gün dünyada yaşayan bütün azərbaycanlılar o icmanın üzvü olmalıdır. Hamı Qarabağlı olmalıdır. Hamı işğal altında olan Qarabağın işğaldan azad olunması, eləcə də ermənilərin Qarabağda həyata keçirdiyi terrordan, milli-mədəni abidələrimizin dağıdılmasından danışmalı, haqq səsini dünyaya çatdırmalıdır. Mən bu gün Qarabağ icmasının idarə heyətində olmasam da, bir məcburi köçkün kimi, 5 il Qarabağı parlamentdə təmsil edən bir şəxs kimi, deyirəm ki, bütün dünyaya səpələnmiş hər kəs Qarabağlı, Şuşalı, Laçınlıdır. İcmada təmsil olunub olunmamağımın bu istiqamətdə görə biləcəyim işə heç bir təsiri yoxdur.

Bu gün Qarabağın azərbaycanlı icmasının fəaliyyəti yenilənib. İcmaya gənc bir insan rəhbərlik edir. O Xankəndi 122 ci darədən deputat seçilib. Bir icma rəhbəri, həm də bir deputat kimi inanıram ki, özü işini layiqinsə görəcək.

 

- Azərbaycanın belə bir çətin dönəmində diasporalarımızın dünyadakı fəaliyyəti nə dərəcədə aktivdir. Xaricdə yaşayan azərbaycanlılar təşkilatlanaraq öz problemlərini dünyaya təqdim edə bilirmi?

 

- Ədalət naminə demək lazımdır ki, artıq diasporamız, 5-10 il əvvəlki diaspora deyil. Elə fevral ayının 25-də Berlində keçirilən Ümumavropa Qarabağ mitinqi də bunu ifadə etdi. Mən də dəfələrlə xarici ölkələrdə keçirilən müxtəlif mitinqlərdə iştirak etmişəm. O tədbirlərə çox az adam toplaşardı. Lakin budəfəki mitinq öz kütləviliyi ilə diqqət çəkdi.  Bu gün diaspora işi üzrə təşkilatlanma, yeni diaspora təşkilatının proqramı, nizamnaməsi ondan xəbər verir ki, diasporalarımız getdikcə yetkinləşir, formalaşır. Xalqın sözünü deməyi bacarır. Diaspor Komitəsinin yeni rəhbəri Fuad Muradov bu istiqamətdə uğurlu işlər aparır və biz bunun şahidiyik.  Hesab edirəm ki, hər bir azərbaycanlı diaspora təşkilatlarımıza dəstək verməlidir.  Görürük ki, indi bir çox ölkələrdə Qarabağ Mərkəzləri, Azərbaycan Evləri yaradılır. Bir neçə il əvvəl isə bunlar yox idi. Bu gün diasporların fəaliyyəti getdikcə güclənir. Mən diaspora təşkilatımıza bu sahədə uğurlar arzu edirəm. Biz gələcəkdə çox böyük uğurların şahidi olacağıq.

 

“ATƏT də öz fəaliyyətində fəaliyyətsizliyi ilə gündəmdədir”

 

- Beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı mövqeyində ikilistandartın olduğu dəfələrlə qeyd olunur və maraqlı məsələ ondan ibarətdir ki, biz həmin qurumun - daha dəqiq desək, ATƏT-in Minsk qrupunun yenilənməsinə nail ola bilmirik. Görünən odur ki, beynəlxalq qurumlar hələ də bizim torpaqların işğalına, bizə qarşı baş verən soyqırımına ciddi yanaşmırlar. Beynəlxalq aləmin həqiqəti anlaması üçün onlara “hansı sübutu” təqdim edə bilmirik?

 

- Bilirik ki, Qarabağ münaqişəsinin həlli missiyasını ATƏT-in Minsk Qrupu həyata keçirir. Birmənalı şəkildə ATƏT də öz fəaliyyətində fəaliyyətsizliyi ilə gündəmdədir. Mən də dəfələrlə öz fikirlərimdə demişəm ki, ATƏT-in fəaliyyətində Türkiyənin də təmsil olunmasına böyük ehtiyac var. Türkiyənin bu qururmda təmsil olunması çox böyük problemlərin həll olunmasında başlıca rol oynaya bilər.Türkiyənin hər zaman Azərbaycanın yanında olmasının şahidiyik. ATƏT Minsk Qrupu yaradılandan Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə variantlar ortaya gəlib. Sadəcə Azərbaycan xalqı torpaqlarını işğaldan azad etmək üçün öz iqtisadiyyatını gücləndirməli və öz gücünü ortaya qoymalıdır. Azərbaycan iqtisadiyyatı gücləndikcə Azərbaycana baş əyən qüvvələr də artacaq.

 

- Həvva xanım, bu da bir reallıqdır ki, işğal altında olan ərazilərimizdə maddi-mədəniyyət abidələri dağıdılır. İşğal vaktı uzanır. Ekspertlər belə hesab edirlər ki, işğal faktını uzatmaqda maraqlı olan tərəflər ideoloji olaraq torpaqların ilhaqını gerçəkləşdirmək niyətini güdürlər.

 

- Uzun müddətli müharibə ola bilməz. Bu müharibənin sonu sülhlə bitəcək. Ancaq bir məsələ var ki, sabah Qarabağdan köçkün düşmüş insanlar öz torpağına qayıdanda orada doğulmuş Suriyadan, Livandan, İrandan gəlmiş erməni kökənli insanlar özlərini  daha çox yerli-aborogen hesab edəcəklər. Deyəcəklər ki, biz bu torpaqda doğulmuşuq siz gəlməsiz. Qarabağdan qaçqın düşən uşağın indi 30 yaşı var, 30 yaşı olan adamın yaşı 60-ı keçib. Digər tərəfdən bu gün Qarabağda antiterror əməliyyatlarının həyata keçirilməsindən danışılır. Lakin bunun üçün şərait yetişməlidir. O şərait isə güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatıdır. Və o güclü Azərbaycan ordusu 2016-cı il aprel ayında öz sözünü dedi. Cənab Prezident də öz çıxışında deyir ki, əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağına gəlməsin. Bu gün Ermənistan Qarabağda yaşamağa məcbur etdiyi insanların sayını artırmaq üçün dəridən-qabıqdan çıxıb Fransa, Amerikadan ianələr toplayaraq yeni doğulmuş uşaqlara maliyyə ayırır. Bu o deməkdir ki, Ermənistan köç vəziyətindədir. Bunlar orada qorxu şəraitində yaşayırlar, düşünürlər ki, Azərbaycan xalqı bir gün ayağa qalxacaq və öz torpağını işğaldan azad edəcəkdir. Biz öz səsimizi ucaltmalıyıq, sözümüzü beynəlxalq təşkilatlara ünvanlamalıyıq. Ermənilər 1915-ci il qondarma soyqırım məsələsini qaldırıb Türkiyədən təzminat istədiyi halda, biz niyə öz haqqımızı hüququmuzu tələb etməyək. Qarabağa o yerin sakinləri qayıtmalıdır. Laçınlılar Laçına, Şuşalılar Şuşaya. Ona görə də hər bir Azərbaycanlı səsini ucaldıb, sözünü deməlidir. Hər bir Azərbaycanlı özünü Qarabağlı hesab edib, erməni vandallığını dünya ictimaiyyətinə çatdırmaq üçün çalışmalıdır.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI