"Suriya dünya siyasətinin "qordi düyünü"dür"

18:44 10-03-2020 | icon 1357 | Geopolitika
"Suriya dünya siyasətinin "qordi düyünü"dür"

Rauf Məmmədov: “Vladimir Putin Suriyada anladı ki, Türkiyə onun üçün təhlükəli rəqibdir

 

Böyük güclərin Suriya mübarizəsi davam edir. Region dövlətlərinin bu prosesdən hansı qazancla çıxacağı və geopolitik mənzərədə hansı dəyişikliyi yaradacağı maraqla izlənir. Türkiyənin regionla bağlı mövqeyi, proseslərin Azərbaycana və digər dövlətlərə təsirləri, Rusiya ilə apardığı danışıqlar və maraqlar müzakirə mövzusu olaraq qalır.

 

AMEA-nın fəlsəfə doktoru, politoloq Rauf Məmmədov “Üç Nöqtə”yə müsahibəsində bu və ya digər məsələlərlə bağlı çox maraqlı nüanslara diqqət çəkib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

“Suriya dünya siyasətinin “qordi düyünü”dür”

 

- Rauf müəllim, hazırda regionun geopolitik mənzərəsində Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 5 mart görüşü izlənir. Həmin görüşdə Türkiyə və Rusiya istənilən nəticəni qazana bildilərmi və Qərbə, Avropa Birliyinə hansı mesaj verildi?

 

Moskva görüşündə Türkiyənin görüş öncəsi əsas tələbi Əsəd ordusunun 2018-ci ilin Soçi anlaşmasındakı sərhədlərə geri çəkilməsi idi, lakin bu, yerinə yetirilmədi. Türkiyənin dəstəklədiyi qüvvələrin M4 Hələb-Lazkiyə magistralının şimalında və cənubunda 6+6 km ərazilərdən çıxarılması və Rusiya-Türkiyə hərbçilərinin ortaq monitorinqi ilə Rusiya hərbi bazasının- Hmeymim təhlükəsizliyi təmin olundu.  

Bu müqavilə, M4 yolunun şimalında yerləşən Heyət Təhrir-Şam (HTŞ) qruplarını razı salmadığı üçün, kövrək xarakter daşıyır. Çünki HTŞ istənilən an müqaviləni pozaraq, Əsəd ordusuna qarşı hücuma keçə bilər. Yaxud, Bəşər Əsəd onları bəhanə edərək müqaviləni poza bilər. ABŞ isə, bu müqaviləni şübhə altına alan bəyanat verdi. Rusiyanın Türkiyəyə qarşı fəaliyyəti davam edəcəkdir. Bunu, Moskvada rəsmi görüş salonunda Balkanlarda döyüşən rus əsgərlərinin əks olunduğu suvenir və Krımı işğal etmiş II Yekaterinanın heykəlinin olması göstərdi. Bu bir daha göstərdi ki, Rusiya Yaxın Şərq, Afrika və Cənubi Qafqazda Türkiyə ilə qarşı-qarşıya gəlməkdə davam edəcəkdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan neo-osmanizm iddialarına qarşı, Rusiya prezidenti Vladimir Putin, Moskva-üçüncü Roma layihəsini qoyur.  

Düşünürəm ki, atəşkəsin əldə olunması həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya prezidenti Vladimir Putin üçün müvəqqəti baxımdan məqbul oldu. Çünki savaşın genişlənməsi və davam etməsi, Türkiyə, Rusiya və İranın birbaşa qarşı-qarşıya gəlməsinə və çox böyük insani, iqtisadi, hərbi itkilərə səbəb olardı. Nəticədə, bu region dövlətləri zəifləyərək, ABŞ-ın vassalı halına gələrdilər.

ABŞ Suriyada tək güc olmağa çalışdı. Lakin, regionda olan Türkiyə, Rusiya və İranın kövrək üçlüyü buna mane oldu. Bu üçlüyü nə qədər pozmağa çalışsa da müvəffəq olmadı. Suriyada yalnız regional dövlətlərin deyil, həmçinin, əksər Qərb dövlətlərinin mövcudluğu və onların bir çoxunun maraqlarının üst-üstə düşməməsi, Suriyada kiminsə tək güc olmasını istisna edir.

Məlum olduğu kimi, kövrək üçlük dövlətlərinin- Türkiyə, Rusiya və İranın maraqları Suriyada bir-biriylə toqquşur. ABŞ əvvəllər Türkiyə vasitəsilə Yaxın Şərq bölgəsinə nəzarət edir və onu idarə edirdi. Lakin, 15 temmuz çevriliş cəhdindən sonra ABŞ Türkiyə münasibətləri korlandı. ABŞ əvvəllər olduğu kimi regionu Türkiyə vasitəsilə idarə edəcəyinin mümkün olmadığını anlayandan sonra, Rusiya ilə gizli əməkdaşlıq əlaqələri qurdu. Türkiyənin təzyiqləri nəticəsində geri çəkilməyə məcbur olan ABŞ, Rusiya ilə gizli əməkdaşlığa gedərək Suriyada Rusiyanın arxasında Türkiyə və İrana qarşı çıxdı. İran və Türkiyənin zəiflədilməsi, yalnız Yaxın Şərq bölgəsində hakimiyyətin ələ keçirilməsi deyil, həmçinin, qlobal “İpək yolu” layihəsinə nəzarəti öz əlinə almaq deməkdir. Çünki Çindən Avropaya uzanan “İpək yolu”nun əsas tranzit ölkələri Türkiyə və İran, əsas su yolu Aralıq Dənizidir. Deməli, dünya siyasətinin “qordi düyünü” Suriyadır.

Suriyada ABŞ (Pentaqon) və Rusiyanın gizli əməkdaşlığı, hansı ki, onların görüşləri adətən Bakıda keçirilir, qarşılıqlı maraqlara əsaslanır. Çünki Çin və Avropanın, Türkiyə və İranın güclənməsini təmin edən “İpək yolu” layihəsi ABŞ və Rusiyanın iqtisadi-siyasi, geosiyasi maraqlarına cavab vermir. Buna görə də, məsələni kökündən həll etmək üçün, Pentaqon və Rusiya Suriyada İran və Türkiyəni zəiflədərək özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Son dövrdə Qasım Süleymaninin vurulması, Çin, İran, İtaliya ərazisində böyük iqtisadi böhranlar ilə müşayiət olunan koronavirusun geniş yayılması və digər məsələlər bu istiqamətdə atılan addımlardır. Rusiyanın İdlibi və digər əraziləri bombalaması nəticəsində yenidən 4 milyona yaxın qaçqının Türkiyəyə üz tutması, Türkiyədə sosial partlayış üçün zəminin hazırlanmasına hesab olunmuşdur. Çünki Türkiyə iqtisadi baxımdan bu yükü qaldırmaq gücündə deyil. Bu məsələ, R.T. Erdoğanın iqtidarı üçün təhlükəlidir. O, yeni qaçqınlar dalğasını Avropaya yönəltsə də, “Avropanın qapıları” bağlandı. NATO quru sözlərlə Türkiyəyə dəstək verdi. Nəticədə, Türkiyəyə növbəti dəfə zərər yetirildi.

Türk ordusu Suriyada yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. Bu, Rusiyanın ordusu və texnikası barədə yayılan miflərin üzərinə kölgə saldı. Bu həm də, NATO-nun gücünün Rusiyadan dəfələrlə çox olduğunu göstərdi. Bu mifin sınması, postsovet məkanında və Avropada Rusiyaya qarşı cəsarət gücünü artıracaqdır. Rusiyaya qarşı Pribaltika, Ukrayna, Polşa istiqamətində təzyiqlər artacaqdır. Putin daxildə öz zədələnmiş imicini bərpa etmək üçün, onu qıcıqlandıran postsovet ölkələrindən birinə güc nümayiş etdirə bilər, necə ki, vaxtilə Krımı ələ keçirməklə öz imicini daxildə yüksəltmişdir. Vladimir Putin Suriyada anladı ki, Türkiyə onun üçün təhlükəli rəqibdir. Artıq, onunla ehtiyatla davranmaq məcburiyyətində olacaqdır. Digər tərəfdən, neftin qiymətinin aşağıya doğru getməsi, Rusiyanın Türkiyə ilə iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməyə məcbur edir. “Türk axını” layihəsi, Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.

Rusiya prezidentinin Türkiyə ilə belə bir qarşıdurmaya getməsi, Rusiyanın milli maraqlarına deyil, daha çox qlobal güclərin maraqlarına cavab verir. Çünki bu savaşda hər üç ölkə zəifləyərək Qərbdən asılı duruma gəlirlər. Nəzərə alsaq ki, savaşın uzun müddət davam etməsi böyük iqtisadi böhranlara, insan itkisinə və yeni qaçqınlar dalğasının yaranmasına səbəb olur. Bu da, ölkə daxilində iqtidarın mövqeyini zəiflədir, müxalifəti gücləndirir və dövlət çevrilişləri üçün münbit şərait yaradır. Bu xüsusilə, Türkiyə üçün təhlükəlidir. Çünki fetoçuların yenidən fəallaşmasına şərait yaradır. Eyni zamanda, İranda islahatçıların hakimiyyətə gəlmək imkanlarnı artırır.

 

- Təbii ki, regianun əsas gücləri olan Rusiya və Türkiyə bölgədə nəzarəti əldən vermək istəmir. İran da bu prosesdən kənarda qala bilməz. Maraqlar nədə uzlaşmır və müharibənin sona yetməsi üçün kimlər və hansı addımları atılmalıdır?

 

- Suriyada Türkiyənin hamıdan çox maraqları vardır. Çünki onun Suriya ilə 911 km sərhədi vardır. Nə İranın, nə Rusiyanın, nə də Qərb ölkələrinin Suriya ilə belə sərhədləri yoxdur. Yəni, Suriyada baş verən bütün hadisələr birbaşa Türkiyəyə təsir edir. ABŞ Türkiyə-Suriya sərhədində PKK, YPG terrorçu dəstələrini yerləşdirib, onları silahlandırırdı. Oradan Türkiyə ərazisinə terror dəstələri axın edirdi. Bundan başqa, Suriyada gedən müharibələrdən xilas olmaq üçün milyonlarla insan Türkiyə ərazisinə daxil olur. Bu qaçqınlara heç bir ölkə maddi yardım göstərmir. Türkiyə öz daxilində PKK terror dəstələri ilə müharibə aparır, fetoçuları hakimiyyət strukturlarından təmizləməyə çalışır.

Türkiyənin Suriya ilə sərhəddə üzləşdiyi problemlər ilə nə İran, nə də Rusiya üzləşir. Əksinə, onların Suriyada İŞİD, Azad Suriya Ordusu ilə apardıqları müharibələr, Türkiyə üçün mövcud problemlərin yaranmasına səbəb olur. Bu azmış kimi, Rusiya və ABŞ Suriyada PKK-ya himayə edir. Baş verən bu proseslərin heç birinə Bəşər Əsəd hökuməti nəzarət edə bilmir və ya etmək iqtidarında deyildir. Belə bir durumda Türkiyə nə etməlidir? Təbii ki, beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün, Suriya-Türkiyə sərhədində nəzarət altına alınan bufer zona yaratmalıdır. Artıq, Türkiyə buna nail olubdur. Türkiyə buna nail olmasaydı, artıq, Suriyadakı müharibə Türkiyənin daxilində getməli idi. Bu baxımdan, Türkiyənin Suriyada bütün fəaliyyətləri hüquqidir.

Rusiyanın maraqları isti dənizlərə, yəni Aralıq Dənizinə çıxış əldə etməklə, dünya iqtisadiyyatında öz payını almaqdır. Buna görə də, Rusiya Aralıq Dənizinə çıxan Lazkiyədəki hərbi bazasının (Hmeymim) təhlükəsizliyini təmin edir. Digər tərəfdən, Yaxın Şərqdə İsrailin təhlükəsizliyini qorumaq üçün, Suriyada öz mövqelərini möhkəmlədir. V.Putin ilə İsrail prezidenti B. Netanyahunun mütəmadi görüşləri bununla bağlıdır. Əsas məqsəd, Suriyada Türkiyə və İranın çıxarılması və Suriyanın federativ bölünməsi hesabına orada Rusiya, İsrail və ABŞ-ın nəzarəti altında bir neçə dövlətin yaradılmasıdır. Həmçinin, Türkiyənin Suriya ilə daxili sərhəd bölgələrində kürd separatçılığı hesabına, onun ərazi bötüvlüyünün itirilməsi məsələsi də gündəmdədir.

İran ona görə Suriyadadır ki, o, ABŞ və İsrailin Yaxın Şərq layihəsindən xəbərdardır. İran bilir ki, Suriyada bu layihə həyata keçirilsə, həmin proseslər İraq və İrana da keçəcəkdir. Bu layihənin həyata keçirilməsini önləmək baxımından, İran və Türkiyənin maraqları üst-üstə düşür. Lakin, onların maraqları öz regional layihələrində üst-üstə düşmür. Çünki İran bölgədəki şiələrin lideri kimi böyük şiə dövləti yaratmaq istəyirsə, Türkiyə sünni “müsəlman qardaşları” hərəkatının bazasında yeni osmanlı dövlətini qurmağa çalışır. Onlara, regionda vəhhabilik adı altında digər islam ideologiyası qarşı çıxır. Bu baxımdan, Səudiyyə Ərəbistanı Türkiyə və İranın bölgəyə hakim olmasına qarşı çıxır və onlara qarşı mübarizədə İsrail, ABŞ, Rusiya ilə əməkdaşlıq edir, maddi dəstək verir. Regionda bunların heç biri ilə razılaşmayan İŞİD, əl-Qaidə və onun müxtəlif qolları da mövcuddur. Bu baxımdan, Suriya açılması mümkün olmayan “qordi düyünü”dür. Xristianlar bu düyünün açılmasını Hz. İsanın dönüşü və Armaqedon savaşının başlamasında, əksər müsəlmanlar Hz. Mehdinin gəlməsində, yəhudilər Davud Peyğəmbərin soyundan olan Məsihin zühür etməsində görürlər. Maraqlıdır ki, bu cür düşünən insanlar bu gün ABŞ kimi dövləti idarə edən insanlardır (yevangelistlər)       

 

Suriyada Türkiyənin irəliləməsi öz təsirini Azərbaycana da göstərdi

 

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsini də nəzərdə tutur. Nəzərə alsaq ki, hazırda münasibətlər kəskinləşib, bu Qarabağ probleminin həllində hansı təsirini göstərəcək?

 

- Qarabağ məsələsinin düyünə düşməsində əsas rolu Rusiya və İran oynayırlar. Rusiya Ermənistan kimi uydurma bir dövləti Cənubi Qafqazda meydana çıxararaq, Azərbaycan əraziləri hesabına onu genişlətdi. Qərb dövlətlri də buna dəstək verdilər. Çünki erməni-hay layihəsi qərb dünyasının Rusiya ilə birgə türk dünyasına qarşı qoyduğu bir layihə idi. Qərbi Ermənistan və uydurma erməni soyqırımı məsələsini gündəmdə saxlayan da həmin dövlətlərdir. Əgər bu gün Türkiyə regional bir oyunçu kimi beynəlxalq münasibətlər sistemində öz yerini tutmaq uğrunda mübarizə aparırsa, o zaman, erməni layihəsinin də aktuallığı artır. Yəni, bu layihə Osmanlıya, türk dünyasına təzyiq vasitəsi kimi yaradılmış bir alətdir. Əslində, Rusiya NATO-su (KTMT) kimi fəaliyyət göstərən təşkilat da Türkiyəyə qarşı yaradılmışdır. Son günlərdə İdlib savaşı ərəfəsində Ermənistanda bu təşkilat yenidən fəallaşmışdır.

İranın bir dövlət kimi maraqları Azərbaycan ilə deyil, daha çox Ermənistan ilə kəsişir. Çünki İran və Rusiya tarixən Osmanlının, türklərin Cənubi Qafqazda daxil olmasının qarşısını birlikdə almağa çalışmışlar. Bu gün də belədir. Suriyada Türkiyənin irəliləməsi öz təsirini Azərbaycana da göstərdi. Bir qrup Türkiyənin lehinə, digərləri isə əleyhinə oldu. Türkiyənin əleyhinə olanlar arasında yerli şiə qardaşlarımız, ruspərəstlərimiz az deyildi. Bu onu göstərir ki, Azərbaycanda milli ideologiya yoxdur. Təbii ki, milli ruh olmadan savaşmaq və qələbə qazanmaq mümkün deyildir. Buna görə də, Azərbaycanda islam-türkçülük sintezi istiqamətində özünəməxsus milli ideologiya formalaşmalıdır.

 

- Rusiya ilə yanaşı, Türkiyə də regionda dominantdır. Türkiyə faktoru Qarabağ münaqişəsinin tərəfləri, o cümlədən həmsədrlər üçün də vacib məqam kimi önə çəkilir. Türkiyə Qarabağ münaqişəsi ilə bağlı Rusiyaya hansı təsiri göstərə bilər, region güclərinin savaşında Qarabağ münaqişəsi Rusiyanın əlində təsiredici alət kimi işlənə bilərmi?

 

- Bu günə kimi postsovet məkanında meydana çıxan münaqişələrin heç biri öz həllini tapmayıbdır. Əksinə, yeni münaqişə ocaqları yaranır. Bu münaqişələr və ərazilərin işğalı məsələsi, imperiyaların, qlobal güclərin maraqları və mənafe toqquşmaları çərçivəsində baş verir. Kiçik dövlətlərin ərazi bütövlüyü o vaxt təmin oluna bilər ki, həmin imperiyalar dağılsın. Məsələn, SSRİ-nin dağılması nəticəsində postsovet ölkələrinin müstəqil olmasını buna misal göstərmək olar. Deməli, Qarabağ məsələsinin həlli də, regionda Azərbaycan, Gürcüstan kimi dövlətlərin müstəqil olmasını istəməyən dövlətlərin dağılması nəticəsində baş verə bilər.

 

- Məlum olduğu kimi, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Onun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır” fikri erməniləri narahat edib. Ermənilər Türkiyənin danışıqlar prosesinə müdaxilə etdiyi iddiasını ortaya atıblar. Türkiyə vasitəçi olaraq Minsk Qrupu formatına qoşula bilərmi?

 

- ATƏT Minsk qrupu ona görə yaradılıb ki, heç bir münaqişə həll olunmasın. Bu qrupda təmsil olunan ölkələrin iradəsinə kim qarşı çıxa bilər? Axı, onlar nə vaxt belə bir iradə sərgilədilər?

Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmlətsə, Qarabağ münaqişəsi öz həllini tapa bilər. Bu isə, Azərbaycan və Türkiyənin konfederativ əsasda bir araya gəlməsi ilə mümkün ola bilər. Rusiya və İran hətta, Qərb ölkələri siyasi, hərbi yolla buna qarşı çıxacaq və mane olacaqlar. Lakin, mübarizə aparmaq, öz içindən təmizlənmək və güclü olmaq lazımdır. Qarabağ məsələsinin həllinin başqa yolu görünmür.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”