İpək Yolunun nəbzi Bakıda döyünəcək

16:25 14-03-2020 | icon 615 | Geopolitika
İpək Yolunun nəbzi Bakıda döyünəcək

İpək Yolunun nəbzi Bakıda döyünəcək

Avropa və Asiya qitələrində mövcud olan 60 ölkədə 5 milyard nəfərə yaxın insan yaşayır. Bu iki qitə arasında illik mal mübadiləsi 25 trilyon dollardan çoxdur. Təbii ki, bu mübadilə yüksələn xətt üzrə inkişafdadır və yaxın gələcəkdə sıçrayış yaşayacaq.

Azərbaycan nəhəngliyi ilə seçilən bu mübadilədə son dərəcə önəmli rol oynayacaq. Söhbət Bakı-Tbilisi-Qars dəmiryolundan gedir. Bu xəttin cazibə qüvvəsi ondadır ki, bu yolla Çin malları Avropaya, Avropa malları isə Çinə 15 gün ərzində daşına bilər. Hal-hazırda isə Çin malları Avropaya su yolu ilə çatdırılır. Su yolu ilə daşınan yük ümumi yükün 95 faizini təşkil edir və daşınma müddəti 30-45 gün aparır. Ancaq Ələt limanından başlayan Bakı-Tbilisi-Qars yolu bu daşınmanın müddətini 2-3 dəfə azaldır. Elə bu səbəbdən də yaxın gələcəkdə bu xətlə daşınmalar sürətlə artacaq.

Hər şey ondan başladı ki...

1993-cü ildə Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi çərçivəsində Ermənistan ilə sərhədini bağladı. Nəticədə Qars-Gümrü-Tbilisi dəmiryolu fəaliyyətini dayandırdı. Bağlanan bu yola alternativ olaraq Azərbaycan ilə Türkiyə arasında Gürcüstan üzərindən dəmiryolu xəttinin çəkilişi barədə ilk müzakirə 1993-cü ildə oldu. Ancaq maliyyə problemi ucbatından bu mövzu gündəmdən çıxdı. Bakı-Tbilisi-Ceyhan boru kəməri 2005-ci ildə açıldıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. Ancaq 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsi bu layihəni xeyli gecikdirdi. Nəhayət 2017-ci ildə oktyabrında dəmiryolunun açılış oldu.

Süleyman Dəmirəlin təşəbbüsü

Yeri gəlmişkən, Azərbaycandan Türkiyəyə neft boru kəmərinin çəkilməsi haqqında ilk dəfə 1992-ci ilin yayında Türkiyənin baş naziri Süleyman Dəmirəl söhbət açmışdı. O, Azərbaycanda və Mərkəzi Asiyadakı türk dövlətlərində hasil olan neftin Türkiyə üzərindən Avropaya daşınmasının önəmini dəfələrlə vurğulamışdı. O vaxt boru xəttinin Ermənistandan keçməsi də müzakirə olunmuşdu. Çünki bu yol daha qısa və maliyyə baxımından sərfəli idi. Ancaq Dağlıq Qarabağ münaqişəsi buna imkan vermədi. Azərbaycanın təkidi ilə neft boru kəməri Gürcüstan üzərindən Türkiyəyə yol aldı.
ABŞ və Avropa Birliyinin bu layihəyə verdiyi önəm və ciddi dəstəyə baxmayaraq boru xəttinin çəkilişi xeyli vaxt apardı. Qərb üçün bu boru xəttinin önəmi onda idi ki, Bakı-Tbilisi-Ceyhan Rusiyanın nəzarətindən kənarda idi və bu boru xətti ilə Avropa alternativ neft idxalı imkanı qazandı. Həm də bununla Rusiyanın Avropanı siyasi məqsədlər naminə dəfələrlə neft və qaz idxalı ilə (azaltmaqla) təhdid etməsi əvvəlki aktuallığını xeyli itirdi.

“Əgər biz bu layihənin həyata keçməsinə nail olsaq...”

2005-ci ildə, yəni Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından 12 il əvvəl prezident İlham Əliyev bu layihə haqqında danışarkən belə demişdi:” Əgər biz bu layihənin həyata keçməsinə nail olsaq, Ermənistan tamamilə təcrid olunacaq, bu isə Ermənistanın mövcud olan problemlərinə yenisini əlavə edəcək, nəticədə onsuz da gələcəyi dumanlı olan Ermənistan daha pis vəziyyətə üzləşəcək”.

O zaman siyasi təhlilçi Samuel Lussac Bakı-Tbilisi-Qars dəmiryolu haqqında danışarkən demişdi: ”Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq daha da dərinləşəcək, Ermənistanı isə Cənibi Qafqazda daha da marginallaşacaq”.
Bu layihəyə ABŞ və Avropa Birliyinin münasibəti son dərəcə ziddiyyətlidir. Onlar bu layihəyə maliyyə və siyasi dəstək verməkdən imtina etdilər. Belə ki, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihəyə vəsait ayırmadı. Onlar Ermənistanın maraqlarına uyğun olaraq Qars-Gümrü-Tbilisi dəmiryol xəttinin yenidən açılmasında təkid edirdilər.

Erməni lobbisi və Qərbin maraqları

Amerika mediası etiraf edirdi ki, ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi (The Armenia National Committee in America) və “ARMENPAC” kimi erməni lobbi təşkilatları konqresə ciddi təzyiq göstərir. Amerika erməni lobbisi bu layihədən Ermənistanın kənarda qalmasına imkan vermək istəmirdi. Ancaq Azərbaycan hökuməti bu layihəni az qala öz hesabına reallaşdırdı.

O da maraqlıdır ki, Bakı-Tbilisi-Qars dəmiryolunu alqışlayanlar sırasında ilk yerdə ABŞ və Avropa Birliyi öndə yer almışdı.
Bu dəmiryolunun Avropa Birliyi üçün önəmi nədir? Bu marşrut da Bakı-Tbilisi-Ceyhan boru xətti kimi Rusiyanın təsir dairəsindən kənardadır. Bu isə Avropaya ciddi üstünlüklər verir. Məsələn, 2014-cü ildə Rusiya separatçıların əli ilə Ukraynada müharibəyə başladı. ABŞ və Avropa Birliyi Rusiyaya embarqo tətbiq etdi. Buna cavab olaraq, Rusiya Avropa Birliyinə məxsus olan malların Rusiya üzərindən Asiyaya daşınmasına ciddi maneələr törətdi.

Bakı-Tbilisi-Qars dəmiryol xətti Rusiyanı bu kimi təzyiq imkanından mərhum etdi. Bu amil isə Rusiya tərəfindən tez-tez təzyiqlərlə üzləşən Avropa Birliyi üçün xüsusi önəm daşıyır və suda boğulan birisinə xilas kəmər kimi gərəklidir. Çünki indi Avropa Birliyi həmin yükləri Bakı-Tbilisi-Qars dəmiryolu üzərindən də daşıya bilər.

Bakı Yük Terminalı

Rəsmi Bakı daha öncə-2005-ci ildə MDB məkanında böyüklüyü ilə seçilən Bakı yük terminalını istifadəyə vermişdi. Bütün müasir tələblərə cavab verən bu yük terminalı Lüksemburqun yük terminalını xatırladır. Çünki hər iki terminal eyni layihə əsasında tikilib.

Ümumiyyətlə, 2000-ci ildən başlayaraq Azərbaycan rəhbərliyi ölkə üzərindən beynəlxalq səviyyəli yükdaşıma xəttinə sahib olmaq üçün ciddi və düşünülmüş addımlar atmağa başladı. Daha sonra isə qərara alındı ki, yüklərin Azərbaycan üzərindən daşınması ilə kifayətlənmək olmaz. Yüklərlə bərabər insanlar da Avropa ilə Asiyanın kəsişmə nöqtəsi olan Azərbaycanda bir araya gələ bilər. Bunun üçün də turizmin inkişafı məsələsi gündəmə oturdu. Paytaxt Bakının Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkana çevirmək üçün də ciddi addımlar atıldı. Ölkə rəhbərliyi Azərbaycanı məhz belə görmək istəyirdi.

Trans-Anadolu Qaz Boru Kəməri

Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün 2013-cü ildə “Şahdəniz” konsorsiumu Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatic-Pipeline) layihəsini seçdi. 2018-ci ildən etibarən bu kəmər fəliyyətdədir. Hazırda kəmərin İtaliyaya çəkilməsi istiqamətində işlər davam etdirilir. 2020-ci ilin sonuna kimi bu işin tamamlanacağı gözlənilir. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq.

Gördüyünüz kimi, həyata keçən bu nəhəng layihələrdə Azərbaycan, Gürcüstan və Türkiyə birgə iştirak edir. Rusiya bu layihələlərdən kənara atıldı. Ermənistan isə ümumiyyətlə, təcrid olundu.

Ermənistanın seçimi: ya acından ölürsən, ya da...

Bəs bu trio (Azərbaycan, Gürcüstan, Türkiyə) tərəfindən təcrid edilmiş Ermənistan nə edir? Ermənistan başa düşür ki, o, oyundan kənar vəziyyətə salınıb və İpək Yolu birdəfəlik onun üzünə qapadılıb. Təbii sərvətləri yox səviyyəsindədir. Ancaq bir yol tapıb yaşamaq da lazımdır.

“Forbes” jurnalı yazır ki, çıxış yolu kimi Ermənistan elmə və müasir texnologiyalara üz tutub. Dərgi bildirir ki, Ermənistanın heç limanı da yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Ölkə əhalisi yarıbayarı azalıb. Ermənistanın üzləşdiyi dilemma belədir: Ya elmi və texniki nailiyyətlər əldə edirsən, ya da acından ölür.

Ermənistana qoyulan sərmayənin əsas hissəsi yüksək texnologiyalarla bağlıdır. Intel, Microsoft, Google, IBM, Synopsys və Cisco kimi şirkətlər Ermənistanda fəaliyyət göstərir.

“Erməni xalqı heç vaxt öz hesabına yaşamayıb”

“Forbes” jurnalının əməkdaşı ilə söhbət zamanı Aleksis Ohanyan deyir: “Erməni xalqı heç vaxt öz hesabına yaşamayıb. Həmişə kiminsə idarəçiliyi altında olub. İndi isə biz müstəqilik və xüsusən gənclər elm və texnika sahəsində yeniliklər etməklə uğur qazanmağa çalışırlar. Bu, hələ bir eksperiment xarakteri daşıyır”.

Ermənistan rəhbərliyi də əmindir ki, zəkadan istifadə etməklə bir çox qazanc mənbələri əldə etmək olar. Elə Sovet dönəmində də Ermənistandakı məktəblər öz yüksək səviyyəsi ilə seçilirdi. Ona görə də SSRİ-nin müxtəlif elmi mərkəzlərində erməni alimlər çox idi. Xüsusən Sovet ordusunun yeni texniki avadanlıqlarla təmin olunmasında erməni mütəxəssislər öndə gedirdi.

Təbii ki, küncə sıxışdırılmış ermənilər də yaşamaq uğrunda mübarizə aparmaq zorundadır. Əlbəttə, elm öyrənmək çox yaxşıdır. Amma qonşu ilə normala münasibətdə olmaq Ermənistana daha çox üstünlüklər verə bilərdi. Zatən ermənilərin özü də bunu ara-sıra etiraf edirlər. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrdə Ermənistan yer alsaydı ermənilərin durumu necə ola bilərdi? Təbii ki, ermənilər arasında da bu kimi suallara cavab axtaranlar az deyil. O da aydındır ki, Ermənistan bu layihələrdən milyardlar qazana bilərdi. Ancaq bədnam qonşumuz ən pis variantı seçdi.

İlham Əliyev necə bacardı?

O da maraqlıdır ki, prezident Ilham Əliyev Rusiyanın gözünün içinə baxa-baxa bu qlobal layihələri həyata keçirə bildi. Məntiqlə Rusiya buna imkan verməməliydi. Mən ona da əminəm ki, Azərbaycan müxalifətinin heç bir lideri bu layihələrin həyata keçməsinə nail ola bilməzdi. Çünki Qərbə meyl edəcəklərdi, Rusiya ilə münasibətlər sıradan çıxacaqdı... Bəlkə də bu işin özülünü Heydər Əliyev qoymasaydı heç İlham Əliyevin də bunu bacarmazdı.

Geopolitik səhvlərin bədəli

Təbii sərvətlər baxımından Azərbaycandan çox-çox varlı ölkələr var. Ancaq o ölkələr yer altında olanı yerin üstünə çıxarıb sata bilmir. Çünki müxtəlif ölkələrin maraqlarının tənzimlənməsində ciddi səhvlərə yol veriblər. Məsələn, Liviya, Suriya bu gündədir. Əfqanıstan da təbii sərvətlər baxımından Azərbaycandan çox varlıdır. Ancaq geopolitik səhvlər bu ölkələri məhv edib...

Toni Bleyr Rusiyaya qarşı

Bir faktı deyim, TANAP-ın təbliğatına ehtiyac yaranmışdı. Azərbaycan hökuməti Qərbdə bu layihəyə lobbiçilik etmək üçün Britaniyanın keçmiş baş naziri Toni Bleyrlə anlaşdı. O vaxt Rusiya Yunanısan və İtaliyada xalqı bu layihələrə qarşı qaldırmaq üçün ciddi təbliğat aparırdı. Ancaq bütün maneələr dəf edildi.

Bakı-Tbilisi-Qars dəmiryolu isə Azərbaycanı yenidən İpək Yolunun mərkəzinə çevirdi. 2030-cü ildə bu yolla 5 milyondan çox sərnişin, 17 milyon ton isə yük daşınacaq...(Yeni Müsavat)

Elbəyi Həsənli, Sürix

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI