Qayıdana kimi...

09:09 16-05-2018 | icon 1162 | Köşə
Qayıdana kimi...

“Bəlkə bu yerlərə bir də gəlmədim”lə tərk etdiyim LAÇIN

 

 

 ARZU ZEYNALLI

 

 

...Hər il orta məktəblərdə “son zəng” günü Laçında sinif yoldaşlarımızla 1941-45 abidəsindəki son gəzintimizi xatırlayıram. Orada söz verdik ki, 5 il sonra mayın 30-da burada görüşək. Müddəti ona gör 5 il seçmişdik ki, düşünürdük hərə bir ali məktəbə daxil olacaq, 5 illik təhsili başa vurandan sonra (o vaxt ali təhsil 5 il idi) Laçına qayıdıb işləyəcək, elə həmin vaxt da görüşərik. Amma yaxşı deyiblər ki, “sən saydığını say, gör fələk nə sayır”... O vaxtdan 26 il keçib...

 

Laçınla bağlı xatirələr acılı-şirinli olsa da, daha çox acısını xatırlayıram. Şuşa işğal ediləndən sonrakı hər gün saatba saat bir dəhşətin yaxınlaşmasını hiss etdirirdi insanlara...

 

Bizim ev “Mədəniyyət Evi”-nin arxa küçəsində yerləşirdi. Evimizin qapıları iki həyətə açılırdı - biri dağlara tərəf olan həyətə açılırdı, o biri “Mədəniyyət Evi” olan küçəyə. Hər axşam dağlara baxan həyətin pilləkənləri üstə əyləşib işığı yanan evləri sayırdım. Hər gün bir neçə işıq azalırdı... Dağların ətəyində olan evlər düşmənin raket və alazan silahlarının nişangahında olduğu üçün camaat qorunmaq üçün işıqları söndürürdü...

 

Mayın 10-da Laçın alazan, raket və digər silahların hücumuna məruz qaldı. Yaxınlıqda, dağların o üzündə Qarıkaha kəndi var idi, camaat uşaqların əlindən tutub sığınacaq üçün o kəndə qaçırdılar. Bir ana güclə yeriyən uşağının qolundan tutub necə qaçırdısa, uşağın yerlə süründüyünü hiss etmir, çığırtısını eşitmirdi... Hər kəs çığırırdı, kimsə kimisə çağırırdı...

 

Atam dünəndən kəndə hüzürə getmişdi. Biz evdə 4 qız idik, atam iki kiçik qardaşımla nənəmi Bərdədəki qohumlarımızın evinə göndərmişdi. Böyük bacım başqa bir ailədə gəlin idi. Körpə uşağı var idi, əli bizə çatmadığından elə hey evə zəng edirdi. Düzü, hələ indiyədək elə bir vəziyyətdə telefonların necə işlədiyini anlamıram...

 

Bacımın yoldaşı milis idi deyə vəziyyətlə əlaqədar evə baş çəkə bilmirdi. Bacımın narahatlığı isə anamızın dörd qızla necə edəcəyi idi... Camaatdan eşitmişdik ki, erməninin əlinə keçməmək üçün analar qızlarını öldürür, qadınlar özlərini ələ keçməsinlər deyə ölümün qucağına atırdılar.

 

Atam evdə olmadığı üçün anam çox narahat idi. Gecədən keçmişdi. Yatmışdıq... Yorğanı başıma çəkib anamın necə narahat-narahat bizim başımız üstündə o tərəf-bu tərəfə gəzişərək Allaha yalvardığını, “mən nə edəcəm, necə edəcəm” pıçıltılarına qulaq asırdım. Sonra necə yuxuya getdiyimi bilmədim. Səhər yenə atışma başladı...

 

...Sonralar atam (Muxtar Zeynalov – Allah rəhmət eləsin) danışırdı ki, “yas yerində yemək yeyərkən tikə boğazımda qaldı, fikirləşdim ki, nəsə olub”... Məclisdə kimsə deyib ki, axşam Laçında atışma olub. Atam vaxt itirmədən Laçına qayıdıb. Bizi evdə görməyəndə Qarıkahadakı qohumun evinə gəlib. Sağ-salamat olduğumuzu görüb sevindi. Anam evdən bir az gec çıxdığından təlaşla “Maya hanı” soruşdu. Anamı görəndə rahatlandı... Elə həmin gün bir az əyin paltarı, yatacaq götürüb bir qohumun yük maşını ilə bizi Bərdədəki qohumlarımızın yanına göndərdi. Özü isə bir neçə kişiylə Laçında qalacağını dedi...

 

...Yadımdadı ki, “padval” dediyimiz alt evə gedib toyuqların qapısını açıq qoydum, torbadakı buğdanın hamısını yerə səpdim ki, biz qayıdana kimi ac qalmasınlar... Qayıdana kimi...

 

...Laçından çıxanda hardansa beynimə “bəlkə bu yerlərə bir də gəlmədim” mahnısının sözləri düşmüşdü. Elə bu sözlərin təsiri ilə də ağlayırdım...

 

...Atam Bərdəyə gələndə ayın 16-sı, axşam idi. Dedi ki, Laçını qorumağa silah vermədilər...

 

...Aradan 26 il keçib. İçimdə bir qorxu yaranıb - o yerləri bir də görə biləcəyəmmi? Hərdən Laçına necə qayıtdığımızı xəyal edirəm. Xəyalımda düşmənlərin tapdaladığı torpağı qazıb, qazdığım yerə üzümü, dodaqlarımı sürtürəm. Kim bilir, bəlkə göz yaşlarımızla islanan torpağımız bizi bağışladı...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı