KORONAVİRUS - Siyasi partiyalar nə düşünür?

17:31 30-03-2020 | icon 662 | Sosial
KORONAVİRUS - Siyasi partiyalar nə düşünür?

“Heç bir kütləvi aksiyalardan söhbət gedə bilməz”

 

Dünya KORONAvirus pandemiyasının qarşısında aciz qalıb. Fakt budur ki, dövlətlər xəstəlikdən qorunmaq, bu təhlükədən az zərərlə çıxmaq üçün çarpışırlar. Ekspertlər koronavirusla bağlı müxtəlif yanaşmalar irəli sürürlər. Belə çətin bir şəraitdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, eksperlərin hansı mövqedən çıxış etməsi, virtual birlikdəlik nümayiş etdirmə bacarığı birmənalı qarşılanır. Maraqlıdır, siyasi partiyaların problemlə bağlı mövqeləri nədir hansı addımları atmalıdırlar?

 

Versus.az xəbər verir ki, bir sıra siyasi partiyaların nümayəndələri məsələ ilə bağlı fikirlərini bildiriblər.

 

“Sosial şəbəkələr vasitəsilə təkliflər, məsləhətlər veririk”

 

Ümid Partiyasının sədr müavini İlahə Sadıqova virusun tüğyan etdiyi bir vaxtda hər kəsin evdə oturduğunu və heç bir siyasi partiyanın geniş fəaliyyətinin görünmədiyini bildirib:

 

“Fəaliyyət imkanlarımız virtual imkanlar çərçivəsində həyata keçirilir. Sosial şəbəkələr, saytlar vasitəsilə müxtəlif məsələlərə münasibət bildiririk, təkliflər və məsləhətlər veririk və s. Belə olan şəraitdə birlikdəlik haqqında danışmaq bir qədər absurd görünür, çünki insanları cəmiyyətdən təcrid etmək lazımdır. Buna görə də birgə addımlarla bağlı danışmaq real deyil. Amma Ümid Partiyası olaraq hökumətə bu şəraitdə hansı addımların atılması ilə bağlı bütün sahələr üzrə - sosial, səhiyyə, hərbi, penitensiar, iqtisadi və s. təkliflər paketini təqdim etmişik, eləcə də partiyanın rəsmi “facebook” səhifəsindən bu təkliflər paketini ictimaiyyətin də diqqətinə çatdırmışıq. Buradan hakimiyyətə də səslənirik, təkliflər paketimizin icrası üçün birgə nə etmək mümkündürsə, biz hazırıq. Bu bəladan qurtulmaq istiqamətində cəmiyyətin siyasi institutların köməyinə ehtiyacı varsa, könüllülük əsasında biz hər zaman köməklik göstərməyə hazırıq. Və bir siyasi partiya kimi xalqımızın, dövlətimizin bu bəladan tezliklə qurtulmasını arzulayırıq, ondan ötrü də çalışırıq. Operativ Qərargah bununla bağlı üzərimizə hər hansı bir vəzifə qoyarsa, yerinə yetirməyə hazırıq”.

 

İ.Sadıqova əslində siyasi partiyalar qarşısında hansı zəruri addımların atılması tələbinin irəli sürməsinə ümumi aspektdən yanaşıb. O, siyasi partiyaların kütləvi aksiyaları təxirə salmasını, eləcə də partiyadaxili tədbirlərin keçirilməsinə olan qadağaları vəziyytdən çıxış yolu hesab etməyib. Onun fikrincə, Pandemiya şəraiti əslində təkcə siyasi partiyalar qarşısında deyil, bütövlükdə dövlət qarşısında zəruri təhlükəsizlik addımlarının atılmasını vacib edir:

 

“Eyni zamanda virus təhlükəsi bütövlükdə insanlarımızı, dövlətimizi təhdid altında qoyduğu üçün bu məsələdə birlik nümayiş etdirmək, bütün umu-küsüləri kənara qoyub birgə addımlar atılmasını zəruri edir. Eyni zamanda, bu gün siyasi partiyaların qarşısında duran vəzifə ümümdünyəvi bir bəladan dövlət, xalq, bir cəmiyyət kimi bütöv çıxmağı təmin etməkdir. İndiki halda, kütləvi toplaşmaq tələb edən bütün mərasimlərdən uzaq qalmaq daha faydalıdır. Çünki biz nə qədər bu virus məsələsini ciddiyə almasaq da, ona barmaqarası yanaşsaq da, bu fakt mövcuddur və dünyanın ən inkişaf etmiş ölkələri belə onun qarşısında aciz durumdadır. Maksimum çalışmalıyıq ki, hökumətin bu məsələ ilə bağlı tətbiq etdiyi karantin rejiminə riayət edək, şəxsi gigiyenamıza diqqət edək, özümüzü və yaxınlarımızı təhlükəyə atacaq bütün addımlardan geri çəkilək”.

 

 

“İndi siyasi partiyadan daha çox vətəndaş kimi proseslərə yanaşırıq”

 

İ.Sadıqova bildirib ki, bu dönəmdə nə qədər çətinlik, problemlər olsa da, siyasi iddialardan daha çox dövlət, xalq və cəmiyyət iddialarının həyata keçirilməsi gözlənilir:

 

“O iddiaların həyata keçirilməsi istiqamətində bütün addımları atmağa hazırıq. Biz indi siyasi partiyadan daha çox vətəndaş kimi proseslərə yanaşırıq. Təkliflərimiz də daha çox bu xalqın, bu dövlətin bir vətəndaşı, fərdi, siyasi düşüncəsi olan insanları kimidir, nəinki bir siyasi partiyanın nümayəndəsi kimi. Siyasi partiya kimi Ümid Partiyası əlindən gələni edib. Mən inanıram ki, bundan sonrakı mərhələlərdə də partiyamız dövlətin, xalqın, cəmiyyətin yanında olacaq”.

 

İ.Sadıqova vurğulayıb ki, virusun dünya düzənini dəyişdiyi qeyd olunsa da, bu prosesin siyasi müxalifət düşərgələrində dəyişimlərə səbəb ola biləcəyini söyləmək tezdir:

 

“Müxalifətin eləcə də dünyanın düzənində dəyişiklik olacağı haqqında danışmaq çox tezdir. Hələlik bizim üçün insan faktoru önəmlidir. Əvvəlcə insan faktoru dünyada, cəmiyyətlərdə, o cümlədən Azərbaycanda qorunsun, missiya tamamlansın, ondan sonra siyasi müxalif düşərgələrində, prinsiplərdə, idarəetmələrdəki dəyişmələr danışılası və ya düşünüləsi məsələ olacaq.

Hər kəs insanlıq qarşısında, vətəni qarşısında, cəmiyyəti, dövləti, bəşəriyyət qarşısında bircə  şeyi düşünməlidir: insanlığı bu bəladan necə qurtaraq. Təsəvvür edin, bu virus sərhəd, vəzifə, siyasi vəziyyətini tanımayan, sosial vəziyyətini fərqləndirməyən insanları belə ağuşuna alırsa, biz bundan insanlarımızı, bəşəriyyətimizi necə qurtarmağın yollarını aramalıyıq. Ona görə də bu gün dəyişikliklər haqqında düşünməyin yeri və zamanı deyil. Bəşəriyyət daha böyük fəlakətlər qarşısındadır və bu fəlakətlərdən necə qurtulmaq sualları ətrafında düşünür. Biz də çalışmalıyıq ki, bunları həll edək. Virusun bioloji silah, III Dünya müharibəsi şəraitinə gəlməsi haqqında iddialar irəli sürəcək qədər mütəxəssis deyilik bu sahədə. Hər-halda, dünyanın iri laboratoriyaları, Dünya Səhiyyə Təşkilatı bu məsələlərlə məşğuldur. Virusoloqların fəaliyyəti, aparılan elmi-tədqiqatlar buna bu gün də olmasa, tarix qarşısında əslində bu virusun yaranması, yayılması və s. nə olduğunu hər kəsə aydınlaşdıracaq. Bu gün biz sadəcə bu məsələyə xəstəlik, epidemiya, pandemiya və onun kütləviliyi baxımından yanaşmalıyıq və insanlarımızı qorumalıyıq. Bu gün hələlik bundan artığına gücümüz çatmır”.

 

 

“Partiyaların bütün toplantıları təxirə salması məqsədəuyğundur”

 

 

ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Koronavirusu pandemiya elan edib. Bundan irəli gələn vəzifələrin icra edilməsi üçün də ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Adıçəkilən qərargah ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində bir çox tövsiyə, təklif və qərarlar elan olunub:

 

“ADP İdarə Heyətinin sonuncu toplantısında Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyyələri, təklifləri və qərarları nəzərə alaraq, 1 ay müddətinə bütün toplantıların ləğv edilməsi ilə bağlı qərar verib. Bu baxımdan hal-hazırda bizim tərəfimizdən partiyalar arasında hər hansı bir birliyin yaradılması istiqamətində heç bir danışıqlar aparılmır.

Hesab edirəm ki, koronavirusun Azərbaycanda günü-gündən yayılma dinamikasını nəzərə alsaq, siyasi partiyaların bütün toplantılarını təxirə salması məqsədəuyğundur. Bu gün bütün səylər cəmiyyətimizi bu bəladan qorumağa yönəlməlidir, kimdən asılı olan nədirsə onu da etməlidir”.

 

T.Əliyev hesab edir ki, virusun dünya düzənini dəyişəcəyi ilə bağlı səslənən fikirlər hələ ki, fərziyyədir və bu barədə qabaqcadan nəsə söyləmək çox çətindir:

 

“Çünki dünyanı cənginə alan bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı hələ ki, birmənalı fikir yoxdur. Amma hər halda baş verənlər dünya düzəninə, dövlətlərarası münasibətlərə və əlaqələrinə təsirsiz ötüşməyəcək”.

 

 

“Siyasi partiyaların işində də gündəlik fəaliyyət sifira endirilib”

 

 

Politoloq Əlabbas Məhərrəmli bildirib ki, bu gün dünya pandemiya ilə mübarizə aparır və bütün diqqət bu istiqamətə yönəldilib:

 

“Azərbaycan da bu virusun təqibinə məruz qalıb. Ölkədə karantin rejimi tətbiq olunub. Bütün qurumlarda olduğu kimi, siyasi partiyaların işində də gündəlik fəaliyyət sifıra endirilib. Cünki siyasi partiyalar insanların aktiv olduğu toplum olduğu ücün təbbi ki, onların da fəaliyyəti karantin rejimində olması təbiidir. O ki qaldı partiyaların öz aralarındakı münasibətə, indiki dövürdə, fəaliyyətin sifıra endiyi bir vaxtda hansısa bir əməkdaşlıqdan danışmaq yersiz olar”.

 

Ekspert hesab edir ki, ölkədə verilən qərarlara uyğun olaraq, siyasi partiyaların kütləvi tədbirləri qadagan olunmalıdir:

 

“Gündəlik fəaliyyətləri minimuma endirilib deyə partiya tədbirləri də kecirilmir. Ancaq siyasi partiya insanların maariflənmə işində iştirak edə bilər. Bunun ücün sosial şəbəkədən, mediadan, TV-lərdən istifadə eləmək olar”.

 

Ə.Məhərrəmli hesab edir ki, bu virus dünya düzənini dəyişib. Onun sözlərinə görə, bu təkcə siyasi partiyalarda deyil, bütün qurumlarda özünü göstərəcək:

“Azərbaycan müxalifətinin düzəni necə olacaq, artıq bunu zaman göstərəcək”.

 

 

“İndi insanları koronovirusa yoluxmamaq və ətrafını yoluxdurmamaq düşündürür”

 

 

AMİP yetkilisi Əli Orucov bildirib ki, koronavirus pandemiyası bütün dünya düzənini kökündən dəyişib, sakit həyatı durdurub. O, bu virusun Azərbaycanda da öz təsirini göstərərək, getdikcə daha artıq təhlükələr yaratmaqda olduğunu təəssüflə qeyd edib:

 

“İndi insanları bir şey düşündürür - koronavirusa yoluxmamaq və ətrafını yoluxdurmamaq. Həyatın demək olar ki, bütün sahələrində durma nöqtəsinə gəlinərkən siyasi fəaliyyətdən, yaxud siyasi partiyalar arasında münasibətlərdən, eləcə də birgəlikdən danışmaq aktullıq kəsb eləmir. Hamımızı bu gün o düşündürməlidir ki, koronavirusun bütün planetimizdə kabusa çevrildiyi bir vaxtda Azərbaycanı və millətimizi az itkilərlə bu bəladan çıxarmağa necə nail olmaq olar. Bu istiqamətdə müxalifət düşərgəsi olaraq üzərimizə hansı vəzifə qoyulacaqsa, hansı iş düşəcəksə yerinə yetirməyə çalışmalıyıq və hər cür dəstəyimizi əsirgəməməliyik”.

 

Ə.Orucov bildirib ki, əllərində elə böyük imkanlar və resusların olmamasına rəğmən insanların qoyulan tələblərə və qərarlara əməl edilməsini, mənəvi-psixoloji durumun düşməməsi istiqamətində müəyyən işlər aparılmalıdır:

 

“Müşahidələrim onu deməyə əsas verir ki, insanlarımız hələ də koronavirusun nə qədər təhlükəli olduğunu hələ də anlamırlar. Ona görə də bu gün müxalifətdaxil bütün cəmiyyətin üzərinə düşən birinci vəzifə təhlükəsizlik tədbirlərinə və proflaktik tədbirlərə əməl etmək, maarifləndirmə aparmaq, dövlətimizin və millətimizin bu pandemiyadan az itkilərlə çıxmasına nail olmaqdır”.

 

Əli Orucov hesab edir ki, ölkə karantində olduğu sürə karantindən çıxan tələblərə hamılıqla sözsüz əməl edilməlidir:

 

“Siyasi partiyalar xalqla həmrəydir. Siyasi müxalifət olaraq həm də virusla mübarizə ilə bağlı müşahidələrimizi də aparırıq ki, hökümətin görə və diqqət ayıra bilmədiyi məsələləri qabarda bilək ki, vaxtında həmin çatışmamazlıqlar aradan qaldırılsın. Açığı deyim ki, hakimiyyətin gördüyü tədbirləri yetərli saymıram. Hökümətin özü də görünür koronavirisun nə qədər vahim və təhlükəli olduğunun tam fərqində deyil. Hamımız Azərbaycan səhiyyəsinin heç də ürəkaçan olmadığını bilirik. Allah eləməmiş koronavirus ölkədə Qərbi Avropadakı kimi tüğyan etmiş olsa, bu, böyük fəlakətlərə və itkilərə yol açar. Tam nəzarətdən çıxar. Ona görə də bunun qarşısnı almaq üçün ciddi önləmlər alınmalıdır. Mən virusla bağlı ayrılmış xəstəxanaların hansı səviyyədə hazırlığa gətirildiyini dəqiq bilmirəm. Amma virusun yayılmasının qarşısını almaq və yoluxmanı daha geniş arenada əhatə etməsini saxlamaq üçün tibbi vasitələri tapmaq müşkülə çevrilib. Tibbi maskalar qəhətə çıxıb, spirt və digər zəruri vasitələri tapmaq üçün gərək bütün gününü apteklərə baş vurmaqda keçirəsən. Mən şəxsən dünən Nizami və Əcəmi metrosu həndəvərində fəaliyyət göstərən 26 aptekə baş çəkdim bir dənə də olsun tibbi maska tapa bilmədim. Bu dəhşətdir! Halbiki qonşu Gürcüstanda bunu əhaliyə pulsuz paylayırlar. Koronavirusla mübarizəyə 1.1 milyard manat vəsait ayrılıb. Amma hələ bu vəsaitin hara xərclənməsi, yaxud da hara xərclənəcəyi barədə əhaliyə məlumat verilmir. Küçələrdə insanları tibbi qoruyucularla təmin etmədən işlədirlər. İnsanların çoxu maskasız dolaşır. Dezinfeksiya işləri səthi aparılır. Hələ onu demirəm ki, insanlara evdə qal deyirik, amma onların evdə nə ilə qidalandıqlarını, ərzaqla təminat məsələlərini dilimizə də gətirmirik. Hökumət cəmyyətin başının altına yastıq qoymamalıdır, ciddi tədbirlər görməlidir. Türkiyədə tibbi maska dəllallarına qarşı sərt tədbirlər həyata keçirildi. Dəllalların əlindən bütün maskaları müsadirə edib əhaliyə payladı. Biz hökuməti koronavirus təhlükəsinə daha ciddi yanaşmasını, əhalinin virusa daha çox yoluxmasının qarşısnı almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq və tələb edirik ki, heç olmasa indiki çətin və məsul dönəmdə şəffaf olsun və xalqını qorusun”.

 

Ə.Orucov bildirib ki, Koronavirus bir sıra həqiqətləri üzə çıxarıb:

 

“Ölkələr vardı hərbi büdcəsinə milyardlarla vəsait ayrırdı, silahlanma yarışına girirdi. Elə düşünürdü ki, ölkənin gücü onun silahlı qüvvələri və iqtisadiyyatının gücündədir. Baxın, dünyanın süpergücləri Çin, ABŞ və AB-i bu virusun qarşısında necə aciz durumda qaldılar. Almaniya, Fransa, İtaliya, İspaniya kimi güclü ölkələrdə hər gün həyacan bir qədər də artmaqdadır. Amma Cənubi Koreya təcrübəsi göstərdi ki, dövlətlə xalq bir yerdə və həmrəy olanda koronavirusun öhdəsindən gəlmək mümkündür. Avopa Birliyi sərhədlərini bağlayıb. Müttəfiqliklər yaddan çıxıb. Hamı öz hayındadır. Deməli, yeni düzən tələb olunacaq. Lakin istər 20-lərin toplantısından çıxan qərarlar onu deməyə əsas verir ki, dünyanı dövlətlərin bir-biri ilə çəkişməsi, amansız qarşıdurması ilə deyil, əməkdaşlıqla, qarşılıqı etimad və maraqların təmin edilməsi ilə xilas etmək mümkündür. Və heç bir dövlət özünü izalyasiya etməklə təhlükələrdən sığortalaya bilməz. Planetimizin nicatı da birgə əməkdaşlıqdan, insan həyatı üçün vacib olan, insana xidmət edən sahələrin inkişafından keçir”.

 

“Heç bir kütləvi aksiyalardan söhbət gedə bilməz”

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, koronavirusun tüğyan etdiyi bir zamanda siyasi partiyalar arasında hər hansı gəlişmələr gözlənilmir. Onun sözlərinə görə, bu problem ümumbəşəri problemdir və biz iqtidarda, müxalifətdə, mediada olmağımızdan asılı olmayaraq ölkəmizin, insanlarımızın bu bəladan az itki ilə çıxmasına çalışmalıyıq:

 

“Bu zaman heç bir kütləvi aksiyalardan söhbət belə gedə bilməz. Bütün məsələlərin aşkarlıq şəraitində həyata keçirilməsinə çalışmalıyıq. “Nə qədər xəstəmiz var, “hansı bölgədə vəziyyət daha pisdir, niyə qoruyucu maskalar yoxdur, çoxsaylı problemlər necə həll olunacaq” kimi suallara açıq cavab verməli və həllinə çalışmalıyıq. Sabotaj edənlər cəzalanmalıdır. Biz yalnız birlikdə problemdən çıxa bilərik”. /baxar.az/

 

T.Qafarlı
Versus.az

                                                          

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol