“Qarabağ Tribunası” hökumətə, parlamentə səsləndi! - SOS

17:58 30-03-2020 | icon 527 | Cəmiyyət
“Qarabağ Tribunası” hökumətə, parlamentə səsləndi! - SOS

“Məcburi köçkünlər növbəti təhlükənin qarşısında köməksiz qalmamalıdır”

 

“Məcburi köçkünlərin koronavirus təhlükəsindən qorunması üçün təcili tədbirlər görülməlidir!”

 

Versus.Az xəbər verir ki, bu barədə "Qarabağ Tribunası" Vətəndaş Təşəbbüsü Qrupunun sosial şəbəkə üzərindən hökumət və vətəndaşlara etdiyi müraciətində bildirib.

“İndiki həssas və təhlükəli zamanda həmrəyliyə, yardımlaşmağa və qarşılıqlı anlayışa ciddi ehtiyac yaranıb. Ən bədbin proqnozların reallaşma ehtimalını nəzərə alıb hamılıqla davranışlarımızı və yanaşmalarımızı ona uyğunlaşdırmalıyıq. Ölkəmizdə koronavirusun yayılma sürəti həyacan doğurmaya bilməz. Artıq acı reallıqla üz-üzəyik. Yalnız dünən üçün virusa yeni yoluxanlar ümumi yoluxanların 15 faizini təşkil edib. Müqayisə üçün bildirməliyik ki, dünyada yoluxma artımı 5 faizdir”- deyə, "Qarabağ Tribunası" vətəndaşlara səslənib.

 

"Qarabağ Tribunası" Vətəndaş Təşəbbüsü Qrupu bu müraciətdə aztəminatlı ailələrin düşdüyü ağır duruma diqqət çəkib:

 

“Heç kimə sirr deyil ki, ölkəmizdə istənilən təhlükəyə qarşı ən zəif qorunan aztəminatlı ailələrdir. İstər düşmən təcavüzü zamanı, istər təbii fəlakətlərdən, istərsə də kütləvi epidemiyalardan ən çox zərər çəkən məhz bu təbəqədir. Bu insanların əksəriyyəti özlərini köməksiz vəziyyətdə hiss edir, maddi imkansızlıqdan problemlərinin həllinə və sağlamlıqlarına çox vaxt diqqət göstərə bilmirlər. Nəinki koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik vasitələr almaq, hətta ailələrinə gündəlik çörək almaq imkanları belə məhduddur.

Bu gün ölkəmizdə koronavirus təhlükəsinin ən çox hansı ərazilərdə yayılması hələlik rəsmən açıqlanmasa da, onun daha asanlıqla kimləri yaxalayacağını təxmin etmək mümkündür. Bu risk qrupundan olan əhali arasında məcburi köçkünlər ilk yerdədir. Yataqxanalarda, ictimai binalarda və əhalinin ən sıx məskunlaşdığı şəhərciklərdə bu epidemiyanın yayılması üçün münbit şərait daha çoxdır.

 

Koronavirus təhlükəsinin nə zaman bitəcəyi məlum deyil. Nüfuzlu elmi araşdırma mərkəzləri bu bəlanın bir neçə il davam edə biləcəyi haqqında xəbərdaralıq edirlər. Əgər belə olarsa, bu gün yataqxanalarda, ictimai binalarda məskunlaşmış mcburi köçkünlərin böyük əksəriyyətinin taleyi yenidən təhlükəyə düşəcək. Qarabağda hərbi əməliyyatlardan ən çox zərər çəkən, doğmalarını, yaxınlarını itirən, sağlamlığına və mülkünə ən ağır zərbə dəyən, 27 ildir məcburi köçkün həyatı yaşayan insanlar növbəti təhlükənin qarşısında köməksiz qalmamalıdır”.

 

“Qarabağ Tribunası” bəyan edir ki, Qarabağ bölgəsindən təmsilçi kimi parlamentə təyin edilən deputatların məcburi köçkün qəsəbələrində və təmas xətti boyunca yaşayan yerli əhalinin aqibətindən narahatlığı görünmür:

 

Onların problemlərinin həlli istiqamətində heç bir açıq təşəbbüs nəzərə çarpmır. Hökumət mərkəzləşmiş şəkildə qadağalar müəyyən etsə də, imkansız ailələrə yardım edilməsində bu qərarlılıq hələ də yoxdur.

Hökumət bu çətin günlərdə əhalinin bütün təbəqələrinə şəffaf maddi yardımlar göstərməlidir. Xüsusilə də, yataqxanalarda və ictimai binalarda məskunlaşmış məcburi köçkünlərin mənzillərlə təmin olunması sürətləndirilməlidir. Bununla yanaşı məcburi köçkünlərin sosial təminatı yüksəldilməli, onlara ödənilən müavinətin həcmi ən azı üç dəfə artırılmalıdır.

 

Cəbhəboyu yaşayış məntəqələrində və bütövlükdə Qarabağın işğal olunmamış yaşayış məskənlərində yerli sakinlər və bu ərazilərdə məskunlaşmış yüz minlərlə məcburi köçkünlər üçün koronavirus ciddi təhlükə törədir. Dövlət bu ərazilərdə yaşayan insanların təhlükəsizliklərini gücləndirmək üçün ciddi tədbirlər həyata keçirməlidir. Bankomatların önündə “çörək pulu”, pensiya və təqaüd almaq üçün müşahidə edilən sıx növbələri, basabasları yerli hakimiyyət orqanları ilə yanaşı, sakinlər özləri də tənzimləməyə kömək etməlidir.

 

Analizlər göstərir ki, qarşıdakı aylarda cəmiyyətimiz çox ağır sınaqlarla üzləşəcək. Sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklər cəmiyyətdə ağılasığmaz nəticələrə gətirib çıxara bilər. Bütün vətəndaşlarımızı bu müddətdə sıx təmaslardan çəkinməyə, karantin rejiminin qaydalarına əməl etməyə və sağlamlıqlarına məsuliyyətlə yanaşmağa çağırırıq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı