Mediada təqdim olunanlar və məmurun cavab haqqı

22:46 30-03-2020 | icon 819 | Sosial
Mediada təqdim olunanlar və məmurun cavab haqqı

VERSUS.AZ-ın GÜZGÜSÜ

 

Güzgüdə Yardımlı rayon icra başçısının müavini MAHİR MİRZƏYEVdir

 

Versus.az Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyevin "Yardımlının səsi" qəzetində dərc edilən müsahibəsinin aktuallığını nəzərə alaraq, oxuculara təqdim edir.

 

Məmur anlayışı əzəldən beynimizin bütün künc-bucağında “rüşvət və korrupsiya” sözlərinə nə qədər yaxın tutulubsa, zaman və məkanın illuziyası belə bu fikirlərdən bizi uzaqlaşdıra bilməmişdir. Bizə öyrədiblər ki, sənətin pisi olmur, sənətkarın pisi var. Elə bu deyimin ardınca yola çıxıb Yardımlı Rayon İcra başçısının müavini Mahir Mirzəyevlə elə iş kabinetindəcə görüşdük..

 

Mahir Mirzəyev adının mediada necə təqdim olunmasını elə medianın yazdıqları əsasında da oxuculara təqdim edirəm:

 

1. Vəzifə maaşı 1600-1800 manat arasında dəyişən Mirzəyev 99 MM 999 dövlət nömrə nişanlı bahalı avtomobil alıb. 150 min dollar maşına verən başçı müavininin üstəlik 50 min manat da nömrəyə xərclədiyi bildirilir.

 

2. Mirzəyev saxta MMC-lərdə, DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitinin mənimsənilməsində və digər qaranlıq məqamlarda adı hallanan yerli məmurdur.

 

3. Onun Yardımlıda və paytaxta çox sayda obyektləri, evləri və bir neçə malikanəsinin olduğu da bildirilir.

 

4. Eyni zamanda, Neftçala rayonunda bu gunlərdə aparılan və xeyli sayda vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatla bağlı həbs edilən icra başçısının Yardımlı rayonuna 2006-2012-cı illərdə rəhbərlik etmiş Xəzər Aslanovun qaynı olması və Yardımlı rayonu icra hakimiyyətinin başçısının müavini Mahir Mirzeyevin Xəzər Aslanovun kadrı olması diqqətə çəkilərək bildirilir ki, hazırkı Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov cənabları ilə Mahir Mirzəyev cənabları tərəfindən rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir. Neftçalanın icra başçısına rüşvət verən şəxsin biri Yardımlı rayon sakini Akif Teyubovdur: “Akif Teyubov kimdir bilirsinzmi? Yardımlı rayonu üzrə tikintinin pularını Mahir Mirzəyev bu şəxsin əli ilə yeyir. Bütün vəsait Akif Teyubovun adına açılan şirkətlərə yönəldilib və oradan da mənimsənilir. Bu proses 2006-cı ildən, Xəzər Aslanov Yardımlıya rəhbərlik etdiyi vaxtdan bu günə kimi davam edir”.

 

5. Yardımlı rayonunda Mahir Mirzəyev rayona ayrılan dəftərxana xərci, abadlıq xərci və Yardımlı rayonu üçün ayrılan digər xərclərin hamısını öz müəssisələrinə yönəldir, qarşılığında nazirliyə faiz verir və qalan məbləği icra başçısıyla birlikdə qara yollarla talan edir.

 

6. Yardımlı rayon məşğulluq üzrə nə işçilər var hamısı M.Mirzəyevlə Ayaz Əsgərovun qapısından keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. Məşğulluğa təyin etdikləri müdir Fikrət müəllim birbaşa M.Mirəzyevin pul yığanıdır. Bu siyahını 60 sıra sayına qədər artıra bilərik. Məqsədimiz medianın nəyi düz, nəyi yalnış yazdığını sübut etməyə çalışmaq deyil, ümumiyyətlə belə bir iddia arxasında deyilik. Adı qalmaqalla çəkilən Mahir Mirzəyevin kimliyi və fəaliyyəti mənim müsahibəmin məhz onun öz arqumentləri ilə düşünürəm ki, hər bir Yardımlı vətəndaşı, ümumiyyətlə azərbaycanlı üçün olduqca maraq doğuracağına iddiam yüksəkdir. Məhz bu iddianın arxasındayıq.

 

- Əvvəlcə Sizinlə tanış olaq. Yardımlı profilində Mahir Mirzəyev kimdir?

 

- 1969-cu ildə müəllim ailəsində anadan olmuşam. Yardımlı rayon 2 saylı orta məktəbini bitirib əvvəlki Xalq Təsərrüfatı universitetinə daxil olmuşam. Universiteti bitirdikdən sonra bir il fəhlə işlədim. Sonra mühasib köməkçisi, mühasib, baş mühasib və daha sonralar Rayon İcra Hakimiyyətinə iqtisadçı kimi gəlmişəm. Gələn dönəmdən indiyə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində işləmişəm. 2005-ci ildə isə 11 il ərzində İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsini əvəz etmiş, 2016-cı ilin 6 oktyabr tarixindən Yardımlı Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri, İcra başçısının müavini vəzifəsində işləyirəm. İşlədiyim dövrlərdə rayonum, elim və obam üçün əlimdən nə gəlibsə etmişəm. İndi baxır kim necə qiymətləndirir, kimin gözündə necə görsənirəm, o başqa məsələ.

 

- Dediniz fəhlə işləmisiz. Deməli, zəhmətlə yüksəlməyin nə olduğunu yaxşı bilirsiniz. Yardımlı insanları zəhmətkeşdir və bunu siz daha yaxşı anlayırsınız. İnsanların vəziyyəti sizə daha da aydındır. Siz işlədiyiniz illər ərzində Yardımlı üçün nə etmisiniz? Yəni elə bir iş deyin ki, Yardımlı adamı sizi onunla yadda saxlasın, o işlə sizin adınızı əbədiləşdirsin. Sayın…1.

 

- Belə deyim, görülən bütün işlər cənab Prezidentin gördüyü işlərdir. Bizə düşən isə problemləri üzə çıxarıb Prezident Administrasiyasına çatdırmaqdır. Görülən ən böyük işlərdən biri rayonun quzey deyilən kəndləri var ki, Qaraqayadan su çəkilişdir, yolların asfaltlaşdırılması – bunların hamısını oturub kollektiv şəkildə düşünmüş və addımlar atmışıq. Ümumiyyətlə, tikinti-quruculuq sahəsi olsun, hansı sahə olursa-olsun, mənim də əməyim olub. Şübhəsiz ki, rəhbərliklə birgə. Yenə deyirəm, rayonda nə iş görülübsə bu, birbaşa cənab Prezidentin əməyidir.

 

- Qeyd etdiniz ki, iqtisadçısınız və bu gün də platformanız iqtisadiyyat üzərindən davam edir. Belə deyirlər ki, iqtisadçıların rəhbər vəzifələrdə yerləşdirilməsi cəmiyyət və dövlət üçün təhlükəlidir. Onlar iqtisadiyyatçı kimi işləsələr yaxşıdır, rəhbər olsalar pul yığmağın yollarını daha yaxşı bilirlər. Bu fikirlərə münasibətinizi öyrənək.

 

- Mən İqtisadçı və Yeni Azərbaycan Partiyasının Yardımlı rayonu üzrə sədriyəm.

 

- Siz iqtisadçısınız və rəhbər müavini vəzifədə işləyirsiniz. Məsələyə konkret bu prizmadan baxaq.

 

- Deyim ki, iqtisadiyyat və siyasət bir-birini tamamlayır, vəhdət təşkil edir. Belə düşünürəm ki, bunların hər ikisini bir yerdə aparmağa məcburam. Məncə İqtisadçıların daha çox xeyiri var və bu deyimlərlə razı deyiləm.

 

- Bunu statistik olaraq izah etmənizi rica edirəm. Elə danışaq keçən ilin rayon statistikasından.

 

- Keçən il büdcə vəsaitinə görə Yardımlı rayonu üzrə 1430 min manat pul yığıldı. Cənab Prezident sağ olsun, keçən il qərar qəbul etdi ki, plandan artıq toplanılmış pulun 50%-i dövlət büdcəsinə, 50%-i rayon büdcəsinə qayıtdı.

 

- Bu uğurdur?

 

- Əlbəttə. Çünki 219 min vəsait rayon büdcəsinə qayıtdı və daxil olan 50%-in də 50%-i xərclənir tikintiyə, abadlıq-quruculuğa, su çəkilişinə; 50%-i xərclənir şəhid və aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasına; 50%-i saxlanılır İcra başçısının sərəncamında, 50%-i İcra işçilərinin premiyalarının artırılmasına. Yəni bu şəkildə 50-50 prinsipi ilə paylanılır.

 

- Sizin yanınıza gəlməmişdim öncə yolboyu rayon camaatından rayon və Sizin haqqında fikirlər soruşdum: bəziləri qorxub demədilər, deyənlərin də çoxluq təşkil edən fikirləri heç də müsbət deyil.

 

- Bunu belə izah edim: hər hansı bir vakansiya boşalır və o vakansiya üçün 50 nəfər müraciət edir. Onun biri götürülməlidir. Seçim müəyyən meyarlar nəzərə alınmaqla baş tutur: ailə vəziyyəti, savadı, şəhid ailəsi olmağına görə və s. Tək işəqəbul deyil, digər məsələlər də bu kimi seçimlər qarşısında qoyur bizi. Yerdə qalan 49 nəfər isə deyir: filankəsin adamı var, filankəs pul verdi götürdülər.

 

- Bugün media Sizinlə açıq debata çıxıb. Media yazır ki, Mahir Mirzəyev mətbuatdan qaçır. Qorxursunuz?

 

- İnformasiya yayan saytlar var ki, obyektiv fikirlər yaymır, nəyəsə xatir qarayaxma kampaniyalar aparır, reketçiliklə məşğuldur.

 

- Razıyam, rekert qadağandır, cinayətdir. Amma bu hansısa dövlət məmuruna mediadan yayınmağa səbəb ola bilməz.

 

- Mən bütün media qurumlarına açığam. Olmayan şeyləri yazan media qurumlarını isə məhkəməyə vermişəm. Hazırda vəkilim bu işlərlə məşğuldur.

 

- Sizin dediyiniz kimi yanaşaq məsələyə. Əgər medianın yazdığı əlamətlər sizə aid deyilsə mətbuatda əleyhinizə gedən qara piyar sizin imicinizi və tutduğunuz vəzifəyini hansı dərəcədə təhlükə altında saxlayır?

 

- Məsələn, qarayaxma kampaniyalarının biri odur ki, Mahir Mirzəyevin 42-dən çox şirkəti var.

 

- Məlumatlayım. Deman MMC, Retro və digərləri…

 

- Bəli, bəli. Yazılan şirkətlər sırasında elələri var ki, respublikada yüksək səviyyədə fəaliyyət göstəririr, sözün deyir.

 

- Prosesin belə işləmə səbəbi nədir?

 

- Yardımlıda tenderdə qalib gələn nə müəssisə varsa hər birini mənim adımla bağlayırlar. Çox təəssüf ki, bu belədir.

 

- Heç biri sizin deyil ki?

 

- Mənim necə ola bilər? (Müsahibim ikrahedici baxışlarla gülür. Bu gülüşlərdə bir gerçəklik gizlənir. O gerçəklik ki, onun Yardımlı üçün etdikləri qarşısında verilən qiymətə layiq olmadığını belə sadə yumorla həzm edə biləcək qədər güclü və məğrur olduğunu simasında çöhrə açmış insanlığı ilə göstərir) – Nə mən, nə də qohumlarıma aid deyil. Tender veriləndə 3 şirkəti güclə tapırıq. Qanunvericilik elə qurulub ki, bu gün tenderi qeyri-qanunu udmaq mümkün deyil.

 

- Bəs bu 42 şirkətin Sizin adınıza olması iddiasının arxa planında nə dayanır?

 

- Sırf bu 42 şirkətimin olması iddiası şəxsi qərəzlikdən gələn məsələdir. Adıma deyilən 42 şirkətin hər birinin qeydiyyatı var, təsisçisi var, direktoru var.

 

- Bəs adınıza iddia olunan 42 şərkətin ümumiyyətlə Yardımlı rayonunun hər hansı bir vətəndaşı ilə əlaqəsi varmı?

 

- Var, sahibinin Yardımlı sakini olanı var. Biz çox istərdik ki, şirkətlər Yardımlı müəssisələri ilə müqavilə bağlasın və qalib gələndə rayon olaraq xeyirimiz olsun, rayon büdcəsinə əlavə vəsait gətirsin. Düzdür, rayon müəssisələri ilə müqavilə bağlayanları olur. Çox təəssüf ki, həmin şirkətləri də mənim adıma bağlayırlar.

 

- 42 şirkət məsələsində dayanaq. Səhv etmirəmsə Siz həm də tender komissiyasının üzvüsünüz. Belə bir iddianın özlüyündə doğru olması qanun pozuntusudur, yəqin ki, xəbəriniz var.

 

- Bir daha təkrar edirəm, həmin şirkətlərin mənimlə heç bir əlaqəsi yoxdur. Düzdür, başçının müavini olaraq tender komissiyasının üzvüyəm. İqtisadçı olaraq işlərin gedişatına nəzarət, bəzi məsələlərin həllində köməyim dəyir.

 

- Tenderin qərəzsiz keçirilməsinə oxucularımızı necə inandıra bilərsiniz?

 

- Hər hansı bir müəssisəniz olsa, Rizvan müəllim, Siz də tenderdə iştirak edə bilərsiniz. Tender kopirovkalar çıxacaq, iştirak edə bilsəniz edin, yoxlayaq. İştirak edin, qalib çıxın və sabahkı gün görəcəksiniz ki, həmin müəssisəni də Mahir müəllimin adına yazacaqlar.

 

- Onda plan qapalı dairədə öz işini görür.

 

- Yox! Hər bir tenderin haqqında məlumat verilir, internetə də ötürülür. Satınalmanın saytında çıxır. Hər bir şəxs rahat görə bilər ki, Yardımlı müəssisələri ilə hansı şirkətlər müqavilə bağlayıb.

 

- Bir sözlə, onları da Sizin adınıza bağlayırlar.

 

- Bəli, onları da mənim adıma çıxardırlar.

 

- Yaxşı, bəs niyə sizin adınıza? Yardımlıda Sizdən başqa dövlət məmuru yoxdur ki? Xeyirxah bir məmur üçün bu qədər ittihamlar hardan qaynaqlanır?

 

- Mən həm siyasi rəhbər, həm də icranın müaviniyəm. Mənim digər müavinlərdən fərqim budur.

 

- Deməli, siyasi rəhbər olmağınız Sizə qarşı ittihamlara yol açır?

 

- Bəli, siyasi və iqtisadi sahədəyəm. Bunların ikisinin birləşməsi mənə elə gəlir ki, məni digərlərindən fərqləndirir.

 

- Belə çıxır ki, iş baxımından, iş adamı kimi rayonda yüksəkdir mövqeyiniz. Yəqin buna görə Sizdən başlayıblar.

 

- Ümumiyyətlə işlədiyim dövrdən rayon ictimaiyyətinin çoxusunu tanıyıram, demək olar ki, hamısının qapısında olmuşam.

 

- Bizim qapımızda olmamısınız.

 

- Demək olar ki, çoxusunun qapısında.

 

- Daha çox nə məqsədlə və hansı zamanlarda?

 

- İstər seçki, istər referendum, səyyar qəbullar, rayon üçün mühüm olan tədbirlər və digər məqsədlər üçün.

 

- Aha.

 

- Tutaq ki, 10-15 nəfər hərəsi bir söz deyir və bunların hamısını yerinə yetirmək olmur. On xahişi yerinə yetirdin, beşi qalır. Gələn dəfə işini yerinə yetirdiyimiz həmin on nəfər başqa bir işi xahiş edir. On işin yerinə yetirisən və birin etməyəndə deyir pis adamdır. Həm də uzun dövrdür işləyirəm.

 

- Camatdan razısınız?

 

- Yerlə göy qədər razıyam.

 

(Müsahibim bu sualı gözləyirmiş kimi, elə cəfakeş bir cavab verdi ki, məmnun qalmaq mümkünsüz olardı)

- Camaat necə, sizdən razıdır?

 

- Məndən narazı olanlar inanmıram ki, rayonda çox olsun, bir-iki nəfər, onun da səbəbin dedim.

 

- Elədirsə sizin əleyhinizə informasiyalar hardan qaynaqlanır?

 

- Hamısı rekertçiliklə məşğul olan şəxslərin işidir. Mən əminəm ki, insanlarımızın hörmətini qazanmışam və mənim barəmdə gedən dezinformasiyalar sifariş əsasında yaradılır.

 

- İcazə verin mövqeyiniz baxımdan çıxış edim. Rayonda İcra hakimi olmuş şəxslərin ən yaxşı yadımda qalanı Sevindik müəllim Hətəmovdur. O şəxs yaxşı yadda qalmağı bacarıb. Hətta 2014-cü ildə Bakı Dövlət Universitetinə qəbul olanda mənə, ümumiyyətlə, ali məktəbə qəbul olanlara pul və digər mükafatlar paylamışdı.

 

- Mən də iştirak etmişdim.

 

- Bəli, elə sizi ilk dəfə orda görmüşdüm və ordan yadımdasınız. Davam edim, Sevindik müəllimin belə bir xoşməramlı hərəkəti də onda idi ki, rayonun harasında olur, olsun, kimsə vəfat etsə gedib vəfat etmiş şəxsin ailə üzvlərinə baş çəkər, dərdlərinə şərik olar, köməklik edər, maliyyə və digər yardımlar göstərərdi. Maraqlanmışdım, belə yardımlar 50 manatdan başlayırdı. Mətbuat nə yazırdı, bilirsinizmi? Yazırdılar ki, “Sevindik müəllim qarnını ehsan yeməklə doyuzdurur”, “Ehsanlarda kökələn icra başçısı” və s. Halbuki cənab Sevindik Hətəmovun yas mərasimlərində iştirakının dəfələrlə şahidi olmuşdum: uzağı beş dəqiqə məclisə təşrif buyurar, insanlar o gələndə ayağa qalxmasına etiraz edər, bir stəkan çay belə içmədən yenə başsağlığı verib nəyə ehtiyacın olub-olmaması ilə maraqlanıb gedərdi. Media yaxşını belə tirajlayırdı. O baxımdan bəlkə də Sizin də yaxşılarınızın sayı çoxdur, sadəcə görmək istəmirlər. (Müsahibimin məsələyə bu cür adekvat yanaşmağım aramızda olan bütün mənfi sterotipləri qırmağa kömək edirdi).

 

- Məsələni təkcə görmək istədikləri deyil, məsələni mənfi istiqamətlərə yönəltməklə nəyisə ummaq məqsədi də daşıyır. Burda məni tanıyanlar, üzdə dost deyib arxamca iş görənlər və belə “sapı özümüzdən olan baltalar” da var. Sevindik müəllimdən danışdınız, bəli, Sevindik müəllimin bu gün də Yardımlı ilə əlaqəsi var, Yardımlı rayonuna gəlib-gedir, üzrlərdə iştirk edir. Görürəm Sizin də məlumatınız var. Çox təəssüf ki, adama təsir edir onun haqında belə pis məlumatlar. Nə bilim, deyirlər Sevindik müəllim Mahir Mirzəyevlə pulları yeyib getdi və belə sözlər. Yaxşı təəssurat yaratmır.

 

- Bəs bunları kim deyir, bizim adamlar?

 

- Yox! Qətiyyən, bizim adamlar demir. Amma bir-iki adam var, yenə deyirəm, sapı özümüzdən olan baltalar.

 

- İkinci dəfə sapı özümüzdən olan baltalar dediniz. Müsahibənin bu hissəsini belə yekunlaşdıraq, düzdür, kobud səslənəcək, amma istisnalar qaçınılmazdır. Onda Yardımlı insanı nankordur. O baxımdan ki, sizin əməyinizi itirir.

 

- Yooox, Allah eləməsin. Deyilənlərin hamısı Yardımlıdan deyir?! Əsla! Biz axı mediadan danışdıq.

 

- Media da yazır ki, Yardımlıdan verilən məlumata görə, Yardımlı sakinlərinin dediyinə görə və yaxud da son dövrlər Yardımlı sakinlərinin sosial şəbəkələrdə görüntüləri ilə yerləşdirdikləri videolar və s. Əgər Mahir Mirzəyevə yaxşı məmur deyiriksə, onda onlar nankorluq edir.

- Axı onlar kimdir, barmaqla sayılacaq qədər az! İki nəfər, üç nəfər. Mənim üçün o da eyni adamdır, digərləri də. Seçkidə də o hallar oldu ki, məqsəd qarayaxma idi. Amma onlar elə də təhlükəli deyil.

 

- Bir-iki nəfər, iki-üç nəfər deyirsiniz, onlar nə istəyirlər?

 

- Rayon camaatı onların nə istədiyini bilir. Dükan yeri istəyirdilər, onlara yerlər təqdim olundu, istəmədilər. Dedilər ki, ancaq öz istədikləri yer verilsin onlara. O da bugünkü qanunla uyğunluq təşkil etmirdi. Belə başlayır qarayaxma kampaniyası. Tutaq ki, deyir filan yer, filan obyekti Mahir Mirzəyev tikdirib, onundur. Məsələn, rayonun kanalizasiya üçün müəyyənləşdirilmiş ərazidə söküntü işləri gedirdi və o kəslər uydururdu ki, Mahir Mirzəyev sökdürür, nəsə öz xeyirinə.

 

- Məsələn Sok zavodu, Maliyyə idarəsinin binası və bu kimi rayonda yerləşən bəzi müəssisələrin məkanları Sizə məxsusdur və icarə haqqı ödənilir Sizə. Bunlar barədə çox eşitmişəm.

 

- Ay sağ ol.

 

(Müsahibim gülümsəyərək bir başqa cür ona qarşı yürüdülmüş yalnış ittihamlara çox məyus olur)

 

- Hə, guya Maliyyə idarəsinin köhnə binası və başqa məkanlar mənə aidmiş. Çox təəssüf.

 

- Biz yenə tender məsələsinə qayıtmalı olacağıq. Mediada qeyd olunur ki, Mahir Mirzəyev Tenderləri udmaq üçün 42 şirkəti, onlarla binası, yüzlərlə hektar torpaq sahəsi, ferması, texnikaları və Bakıda xeyli sayda mülkləri var. Anladıq, 42 şirkət Sizin deyil, bəs bu digər müklər necə, bunlar da Sizin deyil?

 

- Yardımlı camaatını bu gün də maraqlandıran Bakıda guya özəl şirkətlərim, obyektlərim… Baxın bunu öyrənmək çətin deyil, sorğu verib həqiqəti üzə çıxarmaq olar. Ancaq gerçəkdən də Demanda əkin-biçin üçün 100 hektar atamın torpaq sahəsi var, ordan iki traktoru var. Onlar atama aiddir və ordan gələn gəlirdən də Yardımlı insanlarına köməklik edilir.

 

- Bəs həmin torpaq sahəsinin və texnikalarının tenderlə necə əlaqəsi var?

 

- Yox, tenderlə nə əlaqəsi ola bilər axı?! Tender hara, o hara. Ümumiyyətlə o sistem fərqli cürdür. O torpaq icarəyə götürülüb. Bu gün Sizə də istəyin, Sizə də veriləcək o torpaq. Təki Yardımlıda əkin-biçin işləri getsin. İnkişaf olsun. O qədər boş torpaqlar var. Təki istəyən olsun. Boş qalmasın deyə atam istifadə edir. Onun nə ziyanı var ki? Elə olub ki, məhsuldarlıq aşağı olub, ziyana getmişik.

 

- Deməli torpaq sahələriniz və texnikalarınız var, bu düz xəbər imiş.

 

- Torpaq sahələri yox, bir dənə torpaq sahəsi – o da Demandadır, 100 hektar. İki traktor var, o da Aqrolizin xətti ilə alınıb. Mənim deyil, atamındır.

 

- Sizin paytaxtın 28 May ərazisində obyektlərinizin olduğu vurğulanılır.

 

- 28 May?

 

(Müsahibim bu sualın cavabına bir mənim qədər təəccüblüdür).

 

– 28 Mayda Fövqəladə Hallar Nazirliyində çox oluram. Ümumiyyətlə o ərazidə çox görünürəm, məsələn kimləsə görüşəndə deyirəm “28 May”da filan yerə gəl. Bilirsiniz, önəmli dövlət müəssisələri “28 May”dadır. Qiymətqoyma Ekspertiza, Tikintiyə Nəzarət Ekspertizası – bizim işimizə lazım olan əsas dövlət əhəmiyyətli müəssisələrin çoxu ordadır. Həm də gediş-gəliş üçün ora rahatdır. Maraqlana bilərsiniz, mənim sahibkarlıqla bağlı heç bir fəaliyyətim yoxdur. Bu fikirimin nöqtəsidir. Nə uşaqlarımın, nə də yaxın qohumlarımın arasında sahibkarlıqla məşğul olanları yoxdur. Hətta icarəyə götürdükləri obyekt belə yoxdur.

 

- Rayonun mühüm dövlət müəssisələrindən və kadrlarından danışaq.

 

- Buyurun, danışaq.

 

- Hələ günün birinci yarısıdır – saat 12-dir. Gəlin elə Sizinlə gedək Rayon Mərkəzi Xəstəxanasına – orada hər 10 qapıdan 6-sı bağlıdır, baxmayaraq ki, iş vaxtının bitməsinə çox var hələ, bura gəlməmişdən öncə qapıları bir-bir yoxlamışam. Yardımlıda təhsil mexanizmi çox ləng işləyir, Məşğulluq Xidmətinin fəaliyyəti isə sıfırdır. Digər qurumlar da bu vəziyyətdədir.

 

- Düzdür, istər Səhiyyə, istər Təhsil, istərsə də Məşğulluq sahəsində problemlərimiz var. Əslinə qalanda iş varsa problem də olacaq.

 

- Məşğulluq Xidmətindən ayrıca danışaq. Xüsusən də iddia edilir ki, işsizlər özlərinin xəbəri olmadan işlə təmin olunur, lakin maaş kartları onlara verilmir, Sizdədir, maaşları Sizə çatır.

 

- Çox təəssüf ki, belədir, bunu da adımla bağlayırlar. Bu məsələ ilə bağlı iddia edənləri faktiki məhkəməyə də vermişəm, - müsahibim bu cümlələri daxili narahatçılıqla və şərəfli adamlara atılan iftira təəssuratı bağışlayan mimika ilə ifadə edirdi.

 

- İddia olunur ki, Mahir Mirzəyev vəzifə monopoliyasında da uğurlu siyasətçidir və o cümlədən Yardımlı rayonunda ən mühüm vəzifələri onun qohumları zəbt edib. Kiçik araşdırma etdim, məncə bu məsələdə media və iddia edənlər haqlıdır.

 

- Aha, məsələn, kim?

 

- Elçin Mirzəyev – Başçının müavini, Sizin əminiz oğlu.

 

- Mənim müavinimdir. Deyirlər ki, əmim oğludur. Atamgil dörd qardaşdırdır. Elçin Mirzəyevin atası heç atamın da qardaşlarından deyil. Atamın əmisi oğlu var. Hansı ki, onların ataları qardaşdır. Onlardan da deyil. Atamın atasının atası ilə qardaşdırlar.

 

(Müsahibənin bu yerində müsahibimin diqqətçəkən və nəvaziş bəxş edən gülüşlərinə qoşulmamaq mümkün deyildi)..

 

- Qısa desəm, bir tayfayıq.

 

(Bu yerdə müsahibim qohumluq əlaqələrin özü üçün xatırlatma edir)

 

- Deməli, mən Teymurun nəvəsi, Teymur babamsa onun…

 

(Deyəsən Elçin Mirzəyevin Cənab Mahir Mirzəyevin nəyi olması sözün əsl mənasında yadından tamam çıxmışdı).

 

– Belə deyim də, atam Xanış müəllim, Xanış müəllimdən sonar Kərimin oğlu, ondan sonar gəlir Teymur. Teymur babamla Səlif qardaşdır. Səlifdən əmələ gəlib nə bilim kim, kim, kim… Ondan sonar Elçin Mirzəyevgil. Bizim qohumluq əlaqələrimizdə gerçəklik budur. Yardımlıdan olan şəxs bunları bilir.

 

- Vüqar Məmmədov, sizin qaynınız. Yardımlı Rayon Polis şöbəsinin rəis müavini.

 

- Vüqar Məmmədov məndən əvvəl gəlib vəzifəyə - 20 ildir işləyir. İndi rəisin köməkçisidir. Qayınımdır, bəli.

 

- İddia olunur ki, Hüquq-mühafizə orqanlarında sizin əsas adamınız hesab olunur.

 

- Məndən əvvəl müavin idi, indi köməkçiyə düşüb, vəzifəsi balacalaşıb.

 

(Müsahibimin bu suala da cavabı özünəməxsus təbəssümü ilə baş tutdu).

- Akif Mirzəyev, sizin əminiz oğludur.

 

- Bəli, əmim oğludur, atamın qardaşı oğludur. Dövlət qulluğunda sıravi işçidir – inspektor. Yəni məsləhətçidir.

 

- Rakif Səlifov, sizin xalanız oğlu…

 

- Xalam oğludur, hə. 13 ildir Yardımlıdan çıxıb, Bakıda yaşayır bu şəxs. Təhsildən kənar müəssisələr fəliyyət göstərirdi İdman idarəsində, orda müdir işləyib 6-7 ay. Bax media 14 ildir onu yazır, adam yoxdur burda heç, Sədərəkdə işləyir.

 

- Əli Babayev, sizin yeznəniz.

 

- Elə bir adam yoxdur!

 

(Bu adı ilk dəfə eşidirmiş kimi müsahibim heyrətlə cavab verdi).

- Keçmiş torpaq şöbəsinin müdiri. Rayon ərazisində satılan bütün torpaq sahələrinə bu şəxs nəzarət edirdi və bütün satışların haqqını Mahir Mirzəyevə çatdırırdı.

 

- Həəəə, Əli Əliyev. Heç bir qohumçuluğumuz yoxdur.

 

- İlham Abdulov, sizin bibiniz oğlu. Qaz İdarəsində işləyib.

 

- Bəli, Qaz idarəsində operator işləyib. Hazırda Yardımlı rayonunda işləmir, Asan xidmətdə işləyir.

 

- Elman İsmayılov, szin bacanağınız. Meşə İdarəsinin mühasibi.

 

- Meşə idarəsində mühasib köməkçisi İDİ! Hazırda belə bir idarə yoxdur.

 

- Qeyd olunur ki, Elman İsmayılov rayonun meşə təsərrüfatında bütün nəzarəti həyata keçirib, həmçinin Mahir Mirzəyevin digər bacanağı Asif Təhməzv da meşə idarəsinin inspektoru işləyib.

 

- Düzdür, inspektor işləyib.

 

- Sizin bibiniz oğlu, Samir Camalov.

 

- Belə bir adda bibim oğlu yoxdur.

 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mühasib işləyir.

 

- Deməli necədir....

 

(Mühasibimin qəribə və həyəcan dolu gülümsəməsi ortaya xoş mənzərə təəssuratı yaradırdı)

 

- ...Bibimin qızının kürəkənidir. Ortada görün necə uzun bir bağlantı var. Mühasib işləyir, çoxdandır Bakıda yaşayır. Həmçinin köhnə nazirin vaxtında rayon bölməsi üzrə müdir də işləyib. O şəxslə nə əlaqəm ola bilər ki, danışmadığım bir adamdır.

 

- Azad Nəzərov, Təhsil şöbəsinin baş mühasibi.

 

- Bəli, bibimin yeznəsidir. O idarəetmə sistemindədir və təhsilə aidiyyatı yoxdur.

 

- Siyahını davam edək, yoxsa qalsın?

 

- Yox, yox, davam edin.

 

- Şahlar Əliyev, sizin yeznənizin qardaşı.

 

- Yeznəmin qardaşı deyil. Bibim qızının qayınıdır. Hazırda Kənd Təsərrüfatı İdarəsinin rəisidir.

 

- Qoşqar Mirzəyev, sizin əminiz oğlu.

 

- Əmim oğlu deyil, Elçin Mirzəyevi necə sadaladımsa o da elədir. O da Qaz İdarəsində işləyirdi, çoxdandır işdən çıxıb. Hardasa 4-5 il olar. Ümumiyyətlə Siz də yaxşı bilirsiniz ki, Yardımlı kiçik rayondur, əhalisi azdır. Bu rayonda hamı bir-biri ilə qohumdur.

 

- Bir sıra şəxslərin adı hallanır ki, həmin şəxslər vasitəsilə deyilənə görə xeyli pullar mənimsəyirsiniz.

 

- Məsələn, kim?

 

- Mediada adı hallananlardan biri Malik Abışov, Maliyyə şöbəsinin müdiri. Manaf Balaşov, Təhsil Şöbəsinin müdiri. Ayrılan vəsaitlərin mənimsənilməsində Sizin sağ qolunuz hesab edilir bu şəxslər.

 

- Aydındır. Malik Abışov məndən əvvəl gəlib vəzifəyə - 20 ildir işləyir. Olsun Manaf Balaşov. Onunla nə qohumluğum, nə də başqa əlaqələrim yoxdur. Dediyim kimi, Yardımlıda nə olur-olmur bağlayırlar mənim adımla.

 

- Medianın əksər məlumatları səhv verdiyini, əleyhinizə qarayaxmalar apardığını, sifarişlər aldığını və rekertlərin “tələ”sinə düşməyinizi müsahibə boyu qeyd etdiniz. Bununla bağlı hansısa tədbir həyata keçirmisinizmi? Məhkəməyə müraciət və digərləri…

 

- Məhkəməyə verməyinə vermişəm. Amma bunu da deyim ki, mən bunları ciddi qəbul etmirəm.

 

- Sizə son sualımı verəcəm. Fərz edin ki, mən müsahibə üçün deyil, sizdən iş almağıma kömək etməyiniz üçün gəlmişəm. Ali təhsilliyəm. Bakı Dövlət universitetinin jurnalistika fakültəsini yüksək qiymətlərlə bitirmişəm. Hərbi xidmət çəkmişəm və ehtiyatda olan kiçik çavuşam. 100-ə yaxın müxtəlif şəhadətnamə, sertifikat və diplomlarla mükafatlandırılmışam. Respublikasəviyyəli 5 yazı müsabiqəsinin qalibiyəm. “Ayaq səsləri” kitabının müəllifiyəm, dövlət qulluğuna qəbul imtahanını uğurla keçmişəm. Dövlət qulluğuna hazırlaşanlara qanunvericilik və Azərbaycan dili fənlərini tədris edirəm. Və s. Hər şey qaydasındadır, demirsiniz rayonumuz İnkişaf etsin? Gəlmişəm, bir işdə işləməyimə köməklik göstərin ki, rayonumuzun inkişafında mənim də qatqım olsun.

 

- Faktiki olaraq İcra hakimiyyətində boş yer yoxdur. İndi qabaqkı dövr deyil. Söz yox, hər bir idarədə bugün savadlı, müasir dünya ilə ayaqlaşan kadrlara ehtiyac var. Sizə yüzdə yüz deyirəm ki, nə vaxtsa boş yerimiz olsa dəvət olunacaqsınız. Mütləq və mütləq dəvət olunacaqsınız. Mən də həmin komissiyanın üzvüyəm. Bu yaxınlarda Bozayran ərazisi boş idi, 7 nəfər müraciət etmişdi. Hərə öz sözünü dedi, plyus-minus yığılışıb layiqli bir nəfəri seçdik. Çünki hamıya sərf edir ki, bacarıqlı işçi ilə işləsin. Tək Yardımlıda deyil, respublikanın hər yerində belədir ki, bacarıqlı kadrlara yer verilir. O ki qaldı digər idarələrimizdə, orada vakant vəzifələr dövlət qulluğuna aiddir. Müxtəlif rayonlardan gəlib işləyirlər və bura biz müdaxilə edə bilmirik.

 

- Kadr seçimində cins prinsipi necə qiymətləndirilir?

 

- Təbii ki, qadınlara üstünlük verilir. Hazırda İcrada 3-4 gənc qız işləyir öz rayonumuzdan. Çox qürurvericidir. – Müsahibim haqlı idi, qadını təhsildən ayrı salınmış bir rayon üçün icra aparatında 3-4 xanımın işləməsi qürurvericidir. – Bax belə, niyyətiniz ciddi olarsa gəlmək niyyətiniz olsa gözümüz üstündə yeriniz var.

 

- Son söz olaraq, medianın sizin təbirinizcə desək, sizə qarşı qarayaxma kampaniyalarına münasibətinizi bilmək istərdik.

 

- Media gözəl bir şeydir. Hansısa məsələ media səviyyəsinə qaldırılsın, amma haqqına. Onu yazan məsuliyyətini dərk etsin. Qərəzsizlik şəxsin özünə ziyan gətirir.

 

- Səmimi müsahibəyə görə təşəkkürümü qəbul etmənizi rica edirəm.

 

- Sağ olun, siz sağ olun. Çox yüksək enerji aldım, müsbət aura bəxş etdiniz. Allah cnınızı sağ eləsin. Dədəmin sözü var, nəvələrinə - mənim övladlarıma deyərdi ki, kimsə atanız haqqında nəsə deyər, gözlənilməz hərəkət edər, siz onu görməmisiniz, eşitməmisiniz! Çünki atanız dövlət qulluğundadır. Siz savadınızla, əxlaq və tərbiyənizlə, bacarığınızla nümunə olun. Mənə də deyərdi ki, qulağının biri kar, gözünün biri kor olsun. Bu gün üçün deyibmiş.

 

Müstəqil jurnalist Rizvan Fikrətoğlu
/"Yardımlının səsi"/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı