Vətən hardan başlayır - SƏRHƏDDƏN, YOXSA "MƏNDƏN?

11:26 02-04-2020 | icon 868 | Cəmiyyət
Vətən hardan başlayır - SƏRHƏDDƏN, YOXSA "MƏNDƏN?

 

AUTİST COCUĞUN VƏTƏNİ VƏ AUTİST VƏTƏNİN COCUĞU

 

 

Azadlıq potensial vətən fədailəri olan soydaşlarımıza, problemlərin çəngində inləyən kimsəsizlərə, imkansızlıqdan boynu bükük qalan xəstələrə sahib çıxmağımızdan keçir. Dövlət vətəndaşına sahib çıxanda həm də var olmaq haqqını qazanır. "Taclı virus" bu gün dünyanı ayağa qaldırıb. Amma bu virusdan da oncə illər uzunudur ki, dünyanı silkələyən bir AUTİZM SİNDROMU var ki, Uca Yaradanın şah əsəri olan İnsan övladı bundan əziyyət çəkmədədir. Öz canımız üçün maska taxıb Allaha yalvarırıq, amma böyrümüzdəki soydaşımızın halına acımaq bu zamana qədər sözlə maskalanan bizlərin heç vecinə də olmayıb. Prezidentin bircə çağırışıyla 100 milyon yığıldı. Bu qədər pulla Azərbaycandakı bütün AUTİZM SİNDROMLU uşaqları və autist cocuğun vətənindəki digər xəstələri tam müalicə etmək mümkün. Bəlkə də bəşər övladı buna qədər mümkün olan yaxşılıqları etmədiyinə görə indi planetimiz Allahın ordusunun qəzəbinə tuş gəlib. Tanrı Özü hifz eləsin bəşər övladını bu pisliklərdən, çünki biz pisliklər üzərində QƏLƏBƏ həsrətindəyik!..

 

2 aprel tarixi də bizi o QƏLƏBƏyə qovuşduracaq zamanın günlərindən biridir. 2 Aprel - Dünya Autizm Maarifləndirmə Günüdür. Həm də doğma Kəlbəcərimizin erməni və rus hərbi birləşmələri tərəfindən işğal olunduğu gündür 2 Aprel....

 

Bəzi məlumatlara görə bu gün dünyada 80 milyon insan autizm sindromludur..

Qeyri-rəsmi məlumatlara görə, bun gün "Azərbaycanda hər doğulan oğlan uşaqlarından 55 nəfəri, hər doğulan qız uşaqlarından 252 nəfərindən biri autizm sindromludur”sa, onda sual olunur. Aidiyyatı dövlət strukturları nəyi və kimi gözləyirlər!? Axı o Kəlbəcər, axı o Laçın, axı o Güney Azərbaycan həsrətinə son qoyacaq insan bugünkü AUTİST cəmiyyətin övladları olan həmin AUTİZM SİNDROMLU uşaqlar da ola bilər. Bu bir dəhşətdir! Azərbaycan İnsanını bu dəşətin içində dərdləriylə təkbaşına buraxan Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Təminat Nazirliyi, Milli Məclisin aidiyyatı komissiyaları, ayrı-ayrı üzvləri, vətəndaş cəmiyyəti formalaşdırmaqda yükümlü olan susqun QHT sektorunun nümayəndələri , buyruq qulu olan şəbəkələşmiş mətbuat, icra strukturları, yerli bələdiyyələr kimi və nəyi gözləyirlər!?.

 

Bu gün autizm və daun sindromlu uşaqlara əlilliyə görə verilən aylıq müavinətləri onların real xərclərindən minimum 10 dəfə azdır. Autizm sindromlu övladı olan valideyinlərin bildirdiklərinə görə “onların özəl reabilitasiya mərkəzlərinə ödədikləri aylıq pul minimum götürəndə 900 manatdan başlayaraq 1500 manata qədər dəyişir. Və bu pul ancaq son qəpiyinə qədər mərkəzlərə ödənilir. Bu pulun üstünə sosiallaşa bilməyən həmin AUTİST uşaqların əlavə xərclərini də gələndə minimum 500 manata ehtiyacın olduğunu görürük. Bunu hansı ata və hansı ana hansı əmək haqqı, hansı təqaüdlə önləyə bilər?"...

 

Autizm sindromlu uşaqlara həm maddi, həm də mənəvi olaraq dövlət dəstəyi paralel şəkildə ortaya qoyulmalıdır. Ümumilikdə əlilliyi olan soydaşlarımızın ilk növbədə böyük qayğıya ehtiyacları var. Onların cəmiyyətə inteqrasiyası üçün infrastrukturun yaradılması və bu yöndə konkret təkliflərin ortaya qoyularaq tez bir zamanda yerinə yetirlməsi bu günün ən aktual məsələsidir. Dərd orasındadır ki, mütəxəssislər qalıb bir yanda, qeyri-peşəkarlar diletantcasına bu işlə məşğul olub birbaşa dövlət başçısını da aldadırlar. Bu uşaqların gələcəklərinin təminatıyla bağlı dövlət tərəfindən hansı qanunverici aktlar hazırlanıb? Musa Urud kimi çoban bayatısı oxuyanlara bu uşaqların taleyini tapşırmışdı...

 

Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmalara görə, Azərbaycanda autizmli uşaqların sayı hazırda 7 mini ötüb. Ancaq paralel olaraq aparılan digər statistik göstəricilərlə bu rəqəmləri müqayisə edəndə tamamilə tərs mütənasibliyin şahidi olursan. Bu gün doğulan uşaqların əksəriyyətində davranış pozğunluğu müşahidə edilməkdədir. Valideyinlərin bu məsələyə barmaqarası baxması sonradan həmin davranış pozğunluğunu daha ağır fəsadlara gətirib çıxarır. Üstəlik bu kontekstdə ümumi maarifləndirmə işinin aparılmaması onu da ortalığa qoyub ki, bir çox valideyinlər ya övladlarının yaşıdlarından fərqli davranışlarına, eləcə də defektoloji əlamətlərinə diqqət yetirmir, ya da hansısa səbəblər ucbatından övladlarında olan bu problemin ictimailəşdirilməsini pərdələməyə çalışırlar. Nəticə etibarilə hər iki hal həmin uşaqların problemlərinin daha da ağırlaşmasına, cəmiyyətimizin düzgün inkişaf etməməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, autizm probleminin aradan qaldırılması, reabilitasiya olunması üçün küllü miqdarda pul və xeyli zaman lazımdır, onda indiki durumda əhaliyə verilən əmək haqqıyla bunun arasında paralellər aparanda ortaya acı nəticələr çıxır. Bu baxımdan bir çox problemlərin dövlət tərəfindən qarşılanması zəruridir.

 

Bununla bağlı valideyinlərin söylədiklərindən sitat:

“İndi ölkə başçısının sərəncamıyla verilən müavinətlərin bir qədər artırılması özlüyündə müsbət hal olsa da, ancaq bunu özü belə autist uşaqlarını sosiallaşma prosesinə tam təminat verə bilmir. Ümid edirik ki, bütün bunlar aidiyyatı strukturlar tərəfindən nəzərə alınaraq dövlət başçımıza da məruzə ediləcək. Bu kateqoriyadan olan uşaqlara verilən 150 manat müavinət heç onların bir həftəlik xərcinə belə çatmır. Bir uşaq əgər hansısa reabilitasiya mərkəzinə gedirsə və burada aparılan reabilitasiya məşğələlərinin qiyməti saat hesabıyla 15-30 manat təşkil edirsə, həftə ərzində həmin uşaq ən azı 3 dəfə ora təşrif buyurub gündə 3 dərs orada oturursa, bu uşağın təkcə dərslərinin qiyməti ayda 1200 manat edir. Üstəlik taksi pulu, xüsusi qidalar və sair...

Kimsə öz iradını bildirsə ki, nədən taksiylə, heç şübhəsiz ki, bu da həmin kəslərin autizm və daun sindromundan xəbərsizliyini ortaya qoymuş olur. Autist uşaqların ətrafa münasibətdə hansı aqressiyanı ortaya qoymaları və eləcə də ətradakıların buna münasibətdə insana yaraşmayan münasibət sərgiləməsini görəndə adamın Adəm övladı olaraq doğulmağına nifrət etməyi gəlir. Dövlət və cəmiyyətin laqeydliyi autist övladı olan ata-ananı ani bir vəziyyətdə insan qatilinə çevirə bilər. Nə yazıq ki, bizim Milli Məclisin deputatları, icra strukturları, bələdiyyələr, təhsil və səhiyyə sistemimizdəki biganələr ordusu bu dəhşəti analamırlar və anlamaq da istəmirlər”.

 

Valideyinlər onu da vurğulayırlar ki, “bu gün Azərbaycanda ev təhsilinə cəlb olunan uşağa dövlət 22 manat səhv etmirəmsə hansısa “yol pulu” verir. Bu, əslində vətəndaşa və onun Konstitusion hüquqlarına tüpürməkdən başqa bir şey deyil. Avtobusda gediş haqqı 40 qəpik olan məmləkətdə normal insanın bir günlük işə gəlib getməsi 3-5 manat arası dəyişir. Elə isə bu 22 manatla həmin uşaq nə etməlidir? Həmin uşaqlara qulluğa görə verilən 50 manatla ürəyi övladına baxmaqdan param-parça olan ana hansı problemlərini, hansı ehtiyaclarını qarşılaya bilər!? Pul qoymasan bu uşaqdan nəticə əldə edə bilməzsən. Daha pulum qurtarıb ona görə də, uşağı sadəcə yardımçı məktəbə aparıram. Orda pis-yaxşı məşğul olsalar da pulsuzdur. Əslində həmin məktəbə gəlib-getmə mənim övladımı daha da geri salır. Autizmli uşaqları olan ailələrin əksəriyyəti imkansızdır və buna görə də mütəmadi reabilitasiyaya qatıla bilmirlər”...

 

Mütəxəssislərin bildirdiklərinə görə, “bu işdə dövlətin ailələrə maddi dəstək verməsi, müəyyən problemləri qarşılaması günün əsas məsələsi olmalı və bu məsələdə Türkiyə modeli ilə valideynlərə praktik kömək edilməlidir. Ümumiyyətlə, dövlətin bu uşaqların xərclərini qarşılayacaq minimal paket hazırlaması yaxşı olardı”.

 

Təcili olaraq bu uşaqların statistikası aparılmalı, onların gələcəyini təmin edəcək proqramlar ortaya qoyulmalı, qanunverici aktlarda bütün bunlar öz əksini tapmalıdır...

 

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqları haqqında qanun 1993-cü ildə qüvvəyə minib. Ölkəmiz bu günə qədər bir çox beynəlxalq təşkilatların sənədlərinə imza atmaqla bu məqsədlə öhdəliklər götürüb, beynəlxalq konvensiyalara qoşulduğunu da bəyan edib.

 

Eləcə də ölkə içində bununla bağlı müəyyən qanunlar qəbul edilib. Sadəcə olaraq, həmin qanunların işləmə mexanizmlərində kifayət qədər boşluqlar olduğundan məmur təbəqəsi laqeydlik nümayiş etdirməklə dolayı yolla sosial narazılıqlar formalaşdırırlar. Aidiyyatı qurumlar bununla bağlı hansısa alternativ sosial xidmətlərin yaradılmasında maraqlı olmalıdırlar. Bu kontekstdə bəzi qeyri-hökumət təşkilatları müxtəlif alternativ variantlar fikirləşib qanun layihəsində dəyişikliklərlə bağlı təkliflər versələr də, hələ də bütün bunlar göründüyü kimi yetərli deyil. İnanırıq ki, tez bir zamanda bütün bunlarla bağlı əksər problemlər aradan qaldırılacaq, autizm sindromlulara, bütövlükdə əiillərə olan laqeyd münasibəti ortaya qoymaqla dövlətin öz vətəndaşına sahib çıxa bilməməsi fonunu yaratmaq istəyən məmur tayfasının çirkin əməllərinə son qoyulacaq....

 

Çünki Azadlıq potensial vətən fədailəri olan soydaşlarımıza, problemlərin çəngində inləyən kimsəsizlərə, imkansızlıqdan boynu bükük qalan xəstələrə sahib çıxmağımızdan keçir. Rəhmətlik Heydər Əliyev deyirdi ki, bizim ən böyük varımız, sərvətimiz insan kapitalıdır. Dövlət insan kapitalına sahib çıxanda həm də var olmaq haqqını qazanır. Bu haqqı qazanan dövlətin YURD həsrəti də olmur. Çünki dövlət "mən"dən başlanan Vətənə sahib çıxıbsa mənim Ruhumun sınırlarını tapdalaya biləcək yağı qüvvələri üçün də bax o sınırlar bir məzarlığa çevrilər. Axı bütün qazancların fövqündə duran AZADLIQ eşqi dayanırsa və dayanır da, onda AUTİST CƏMİYYƏTin övladları olmayaq. Bir-birimizə, bütövlükdəsə ağlr ellərimizə, AUTİST məmləkətin cocuğuna, AUTİST cocuğun vətəninə sahib çıxmağı bacaraq...

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı