“...erməni təxribatının cavabı olaraq Aprel döyüşü təkrarlana bilərdi” - MÜSAHİBƏ

21:17 06-04-2020 | icon 836 | Geopolitika
“...erməni təxribatının cavabı olaraq Aprel döyüşü təkrarlana bilərdi” - MÜSAHİBƏ

Ramil Məmmədli: “İnanmıran ki, o deputat Azərbaycanın maraqlarını düşünərək bu fikirləri söyləyib”

 

Bu gün dünyanın pandemiya təhlükəsi ilə mübarizə apardığı bir vaxtda işğalçı Ermənistanın özbaşınalığı region, ümumilikdə bəşəriyyət üçün yeni bir təhlükə mənbəyinə çevrilir. Ermənistan tərəfi atəşkəsi pozmaqla yanaşı, regionu ciddi xəstəliyin inkişafı baxımından da riskə atır.

 

Versus.Az xəbər verir ki, hərbi ekspert, politoloq Ramil Məmmədli müsahibəsində pandemiyanın erməni təcavüzkarlığına təsirləri və regionda cərəyan edən digər məqamlarla bağlı məsələlərə toxunub.

 

“Ermənistan mövcud vəziyyətdən öz xeyrinə istifadə etmək qərarını qəbul etdi”

 

- Ramil müəllim, bəllidir ki, bu gün dünya pandemiya təhlükəsi ilə uğraşır. Belə bir şəraitdə işğal altında qalan Dağlıq Qarabağda cərəyan edən prosesləri necə dəyərləndirərdiniz. Bölgədə işğalçıılıq siyasəti yürüdən erməni quldurlarının bu durumdan yararlanma cəhdləri region və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı yeni nüansları ortaya çıxarır?

 

- Dünyanı öz caynağına alan pandemiyanın Azərbaycan və onun yerləşdiyi regiondan da yan keçməyəcəyi əvvəldən bəlli idi. Son bir ayda situasiya daha da gərginləşməyə başladı. Belə olan təqdirdə gözlənilən o idi ki, Dağlıq Qarabağ bölgəsində, ümumiyyətlə qoşunların təmas xəttində bir sakitlik formalaşacaq və münaqişə tərəfləri dünyanı bürüyən bu ortaq düşmənə qarşı mübarizə aparıb, hər biri öz cəmiyyətini bu virusdan xilas etmək üçün addımlar atacaq və atəşkəsi pozmayacaqlar. Lakin çox təəssüf ki, Ermənistan tərəfi mövcud vəziyyətdən öz xeyrinə  istifadə etmək qərarını qəbul etdi və həm Dağlıq Qarabağda qoşunların təmas xəttində, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhəddi – Qazax istiqamətində bu gərginliyi yaratmağa başladı. Bilirik ki, ötən bir ay ərzində Qazax istiqamətində ciddi atəşkəsin pozulması halları baş verdi. Hətta Ermənistan tərəfində erməni hərbçilərindən yaralananlar oldu. Cərəyan edən bu prosesi analiz etdikdə, ortaya bir vəziyyət çıxır. Birinci məsələ budur ki, Ermənistanda bu virusla mübarizə aparmaq üçün resursslar çox aşağı səviyyədədir. Çünki Ermənistan özü də resurssların çox aşağı olması ilə bağlı özünə müttəfiq olan ölkələrə müraciət etmişdi və onlardan müəyyən yardımı istəməsi ilə bağlı danışıqlar da aprmışdı. Lakin Ermənistan indiyə kimi istədiyi nəticəni əldə edə bilməyib və kiçik ölkə olmasına baxmayaraq virusa yoluxanların sayı getdikcə artır. Bildiyimə görə artıq təxminən 1000-ə yaxın virusa yoluxma hallı qeydə alınıb, 7 nəfər ölən var və yəqin ki, bu artacaq. Görünən odur ki, Ermənistan cəbhə bölgəsində, qoşunların təmas xəttində gərginlik yaratmaqla diqqəti virusdan yayındırmaq istəyir.  

İkinci məqam isə ondan ibarətdir ki, Nikol Paşinyana müxalif olan və hələ də hərbi hakimiyyətdə öz mövqelərini qoruyub saxlayan qüvvələr var ki, bunlar hazırda həbsdə olan Robert Köçəryana, barəsində cinayət işi açılmış Serj Sərkisyana bağlıdırlar.

Məlumdur ki, son 30 il ərzində Qarabağda bizimlə döyüşən erməni hərbçiləri çox qısa bir zamanda Ermənistan silahlı qüvvələrində çox yüksək vəzifələr tutmağa nail oldular. Yəni hərbi elitanın çox vacib postlarını ələ keçiriblər. Bunlar Paşinyan hakimiyyətinin daha da laxladılması üçün hərəkətə keçiblər. Koronavirus bunlar üçün sanki göydəndüşmə bir vəziyyət yaradıb. Və Paşinyan bu problemin həlli ilə bağlı çalışdığı bir dövrdə, ordu qoşunların təmas xəttində gərginlik yaradaraq Ermənistan hərbçiləri arasında itkilərin sayını artırmaq, yaralıların sayının artırılması ilə Ermənistanda mövcud hakimiyyətə qarşı narazı kütlənin qalxmasına təkan vermək istəyirlər.

Bilirik ki, yanvar ayında Ermənistanda təmas xəttində həlak olmuş ermənilərin valideynləri, yaxınlarının iştirakı ilə ciddi aksiyalar başlamışdılar. Əhali ordudakı hərcmərcliyin, nizamnamədən kənar hərəkətlərin sonda onların övladlarının ölümü, xəsarət almaları ilə nəticələndiyini deyirdilər. Burda iki istiqamət var. Birincisi, ola bilər ki, burda Ermənistan hökumətinin öz marağı var. İkinci istiqamət isə ola bilər ki, bu, Nikol Paşinyana müxalif olan qüvvələrin ona qarşı növbəti zərbə vurmaq üçün atdığı addımlardır.

 

“Əgər bu il Ermənistan münaqişənin həlli ilə bağlı konkret addım niyyətini nümayiş etdirməsə...”

 

- Maraqlıdır ki, epidemiyanın tüğyan elədiyi və dünya dövlətlərinin hamını birgə addımlar atmağa səslədiyi bir vaxtda, nədənsə beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu erməni separatçılarının regiondakı özbaşınalığına sərt təpki, reaksiya vermək istəmir. Səbəb nədir?

 

- Ümumiyyətlə, son bir neçə ildə, xüsusilə də 2016-cı il aprel döyüşlərindən sonra biz gördük ki, münaqişənin həlli, vəziyyətin stabilləşməsi ilə bağlı Avropa təşkilatlarının, xüsusilə ATƏT-in təsisatlarının təsir imkanları çox aşağı səviyyədədir. Sanki Ermənistan ATƏT-in Minsk Qrupunun təklif və tələblərinə “yola ver getsin” prinsipi ilə yanaşır, vəziyyətin ciddiliyini qulaqardına vurur. Əgər belə olmasaydı, biz son bir neçə ildə Ermənistan ordusunun təmas xəttində və bundan başqa Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşdirilməsinə yönələn addımların şahidi olmazdıq. Hətta Azərbaycan bu məsələdə bir qədər də fərqli addım ataraq Qazax istiqamətində dövlət sərhəddinin qorunmasını Sərhəd Qoşunlarının ixtiyarına verdi. Bununla da Azərbaycan bildirir ki, bu bizim dövlət sərhəddimizdir və burda tamam fərqli beynəlxalq qanunlar tətbiq olunmalıdır. Buna baxmayaraq Ermənistan bu gün Azərbaycan sərhədçilərinə atəş açır. Dağlıq Qarabağın işğal olunması bəllidir. Ermənilər ərazilərimizi işğal ediblər və təbii ki, biz bununla razı deyilik və ola bilsin ki, qarşılıqlı kəşfiyyat, əməliyyat tədbirləri keçirilir. Amma Qazax, Dövlət sərhəddi istiqamətində vəziyyət tamam fərqlidir. Azərbaycan sərhədçiləri, Azərbaycan dövləti öz sərhədlərinin mühafizəsi ilə məşğuldur. Əvəzində isə Ermənistan başqa tədbirlər həyata keçirərək bu istiqamətdə vəziyyəti gərginləşdirməyə çalışır. Son 1 il ərzində Azərbaycan sərhəd qoşunları ermənilərin yaratdığı əlavə gərginliklə üzləşməli olurlar. Hardasa 4-5 itkilərimiz də olub. Son bir neçə ayda itkilərimizin sayı artdı. Yəni həm beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk Qrupunun rıçaqlarının təsir imkanlarının aşağı olması bu vəziyyətin getdikcə gərginləşməsinə səbəb olur. Daha dəqiq söyləsək, hesab edirəm ki, bu koronavirus pandemiya problemi olmasaydı və bu təxribat halları bu qaydada davam etsəydi, Ermənistanın təxribat hərəkətlərinin cavabı tamam fərqli formada verilərdi.

İndi Azərbaycan hökuməti əsasən daxildə bu virusla mübarizəyə diqqət ayırır və bu problemdən az zərərlə çıxmaq üçün xeyli vəsait xərclənir, zaman, vaxt sərf olunur. Düşünürəm ki, Koronavirus pandemiyası olmasaydı, erməni təxribatlarının cavabı olaraq 2016-cı il aprel döyüşü təkrar oluna bilərdi. Həm ölkə başçısının, həm hərbi qurumların rəhbər heyətinin fikirlərindən belə aydın olur ki, Azərbaycan artıq bu məsələdə Ermənistan tərəfinin konkret mövqe nümayiş etdirməsini istəyir. Əgər 2020-ci ildə Ermənistan münaqişənin həlli ilə bağlı konkret addım niyyətini nümayiş etdirməsə, ərazilərin işğaldan azad olunması üçün hərbi əməliyyatlara ehtiyac olacaq. Çünki Parisdə Nikol Paşinyanla İlham Əliyev arasında olan məhşur debatda da, Prezident bu məsələni xüsusi olaraq vurğulamışdı. Bəyan etmişdi ki, problemin həlli danışıqlar yolu ilə həllini tapmasa, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün başqa addımlar atmaq məcburiyyətində qalacaq.

 

- Ramil müəllim, Rusiya Dövlət Dumasının Liberal Demokrat fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev maraqlı bir açıqlama verib. O bildirib ki, əgər Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsa, infeksiyanın yeni yayılma riskləri sıfıra bərabər olar” -bəyanatı nəyə işarədir və hansı mesajdır?

 

- Yəqin rusiyalı deputat Savelyev belə düşünür ki, torpaqlar işğaldan azad edilərsə vəziyyət dəyişə bilər və bu ərazilərdə sıxlıq bir qədər azalar. İkinci bir məntiqə görə isə, əslində Dağlıq Qarabağda bu virusun artması ilə bağlı ciddi təhlükə mövcuddur. Dağlıq Qarabağda separatrçı ermənilər faktları gizlədirlər, ancaq artıq virusun yayılması ilə bağlı müəyyən xəbərlər var. Epidemiyanın daşıyıcılarının sayı artarsa, kütləvi ölüm hallarının sayı artacaq və bununla da həmin regionda növbəti xaos başlayacaq. Ermənistan rəhbərliyi bu xaosun qarşısını almaq iqtidarında deyil. Düşünürəm ki, bizim istinad etdiyimiz rusiyalı deputat da bunu nəzərdə tutub.

 

- İnandırıcı görünməsə də, sizcə bu həm də bizə verilən “torpaqlarınızı işğaldan azad edin” mesajı ola bilərmi?

 

- Əslində rusiyalı politoloqlar tərəfindən zaman-zaman belə mesajlar verilib. Amma mən inanmıram ki, həmin siyastçinin dediyi sözlər “Kreml maşınından keçmiş”, razılaşdırılaraq ötürülən fikirlərdir. Bu sadəcə olaraq o deputatın öz şəxsi fikirləri ola bilər və məqsədi də Azərbaycan cəmiyyətində özünə bir rəğbət qazanmaqdır. Açığı, mən heç bir rusiyalı siyasətçinin, diplomatın, politoloqun Qarabağla bağlı səsləndirdiyi fikirlərin səmimiliyinə inanmıram. Onların Azərbaycanı düşünən, Azərbaycanın maraqlarını fikirləşən şəxslər olduğunu ağlımdan da keçirmirəm. Biz zaman-zaman, son 200 ildə bunun şahidi olmuşuq. Azərbaycanın çörəyini yeyən, hətta Azərbaycanın sayəsində öz varidatını artıran və çox yüksək vəzifələrdə çalışan ruslar belə, əsas məqamlarda Azərbaycanın maraqlarını qorumayıblar. Onlar Rusiya dövlətinə, Kremlə xidmət ediblər. İnanmıran ki, bu deputat Azərbaycanın maraqlarını düşünərək bu fikirləri söyləyib. Sadəcə olaraq, o bu sözü deyib və adı Azərbaycan mətbuatında populyarlaşdırılır. Bununla da bu adam cəmiyyətdə tanınır. O, sadəcə elementar siyasi texnologiya qaydalarından yaxşı istifadə edib. /baxar.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI