Pandemiyada siyasi partiyaların işi nədir?

12:07 11-04-2020 | icon 895 | Siyasət
Pandemiyada siyasi partiyaların işi nədir?

İqbal Ağazadə: “Pandemiya partiyaların fəaliyyətində heç bir yeni mərhələnin başlanğıcı ola bilməz”

 

“Biz pandemiya dövründə heç bir siyasi fəaliyyət haqqında düşünmürük. Hər kəs dünyanı bürüyən bu bəla ilə mübarizə aparmalıdır. Hər kəs öz mövqeyini məhz bu istiqamətdə ifadə etməlidir. Ona görə də biz daha çox bu yöndə fəaliyyət göstəririk və hamını buna çağırıram”.

 

Versus.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə pandemiyanın Azərbaycanın siyasi partiyalarının, müxalifətin öz daxilində hansı yeni münasibətləri formalaşdırması ilə bağlı açıqlamasında söyləyib.

 

Partiya sədri pandemiyanın siyasi partiyaların fəaliyyətində yeni mərhələnin başlanğıcı ola biləcəyi fikrini rədd edib:

 

“Pandemiya  siyasi partiyaların fəaliyyətində heç bir yeni mərhələnin başlanğıcı ola bilməz. Hazırkı durum bizə yeni mərhələyə başlamaq üçün imkan vermir. Virus qurtarsın, təhlükəsizlik tədbirləri həyata keçirilib hamı öz sağlamlığına qovuşandan sonra, hər kəs yenə öz siyasətini davam etdirə bilər. Çünki biz hər bir işi insan üçün edirik. Və bu gün insanların sağlamlığı, təhlükəsizliyi, mövcudluğu sual altındadır”.

 

“Əgər imkanları varsa yardım etsinlər, yoxdursa...”

 

Partiya sədri pandemiyaya qarşı mübarizənin daha effektli nəticələr verməsi məqsədilə hökumətə bir sıra təkliflər ünvanlamaqla yanaşı, karantin dövründə işsiz, maddi təminatı zəif ailələrə ərzaq yardımlarının edilməsi ilə bağlı kampaniyanı başlamaqla müsbət ilkə imza atsalar da, digər siyasi partiyaların da bu kampaniyaya qoşulması üçün hər hansı müraciət etmədiklərini deyib və bu çağırışı lazımsız sayıb.

 

“Hamının ağlı kəsir və görür. Kiməsə çağırış etməyə, kimisə buna məcbur etməyə ehtiyac yoxdur. Əgər imkanları varsa yardım etsinlər, yoxdur, Allah canlarını sağ eləsin. Biz - dostlarımız, partiyadaşlarımız toparlanırıq, toplayırıq və bir yerə qoyub yardım edirik”.

 

İ.Ağazadə bir çox hallarda siyasi partiyaların müəyyən çətin zamanlarda fraksiyalarda birləşərək problemlərin həlli ilə bağlı birgə fəaliyyət sərgiləmə təcrübəsinin belə bir ərəfədə müşahidə olunmamağı məsələsinə də toxunub:

 

“Hakimiyyət hamını toplayıb vəziyyətin ciddiliyi ilə bağlı danışa bilərdi, təkliflərimizi dinləyə bilərdi. Bu, belə bir vaxtda hamının ortaq mövqedə ola bilməsi üçün müsbət addım olardı. Bunu hakimiyyət etmədi. Müxalifət isə telefonla danışır, əlaqə saxlayır, məsləhətləşmələr aparır”.

 

Partiya sədri eyni zamanda pandemiyanın ölkədə yaratdığı “evdəqal”, dünyada isə “evəqayıdış” prosesinin dəyərlər sistemində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini də bildirdi:

 

“Sərhədlər prinsipi yox, qloballaşma daha əhəmiyyət kəsb etməlidir”

 

“Dünya daha böyük qloballaşma mərhələsinə qədəm qoymalıdır. Bir virus Çindən başlayıb Amerikanı, Amerikadan başlayıb Yaxın Şərqi, Avropanı bürüyürsə, dünyanı cənginə ala bilirsə, demək, biz anlamalıyıq ki, hamımızın bir evi var və biz o evimizi birgə qorumalıyıq. O evdə hamının birgə yaşamasını təmin etməliyik. Hesab edirəm ki, bu prosesdə çoxlarının düşündüyü kimi millətçilik və yaxud da bağlı sərhədlər prinsipi yox, qloballaşma daha əhəmiyyət kəsb etməlidir”.

 

İ.Ağazadə bir çox ekspertlərin pandemiyanın milli dövlətin, milli dəyərlərin yüksəlişini təmin edəcəyi ilə bağlı fikirləri yanlış saydı:

 

“Fərz edək ki, qapalı bir dövlətdə yaşayırıq, nələr olardı? Havanın da sərhəddini bağlayacaqdıq ki, pandemiya bizə gəlib çatmasın? Yox. Ona görə də boş fikirlərdir. Biz daha artıq qloballaşmalı, dünyanın hamının evi olduğu fəlsəfəsini qəbul etməliyik”.

 

Partiya sədri pandemiyanın sosial sferada göstərdiyi psixoloji təsirlərə də toxunub:

“Bu gün Pandemiyanı qəbul etməyən, ondan qorxan, hətta intihar edən də var. Mən virusun mövcud olduğunu, hər kəsin təhlükəsizliyinin qorunmasını, amma təşvişə qapılmamağın tərəfdarıyam”.

 

Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI