“Azərbaycan Prezidentin "Biz birlikdə güclüyük" şüarına qoşulub” - MÜSAHİBƏ

12:42 13-04-2020 | icon 848 | Geopolitika
“Azərbaycan Prezidentin "Biz birlikdə güclüyük" şüarına qoşulub” - MÜSAHİBƏ

Rufiz Qonaqov: “Əgər qaydalara düzgün əməl olunsa, apreldə olmasa da, sonrakı ayda ölkəmizdə karantin rejiminin götürülməsinin şahidi ola bilərik”

 

Koronavirus pandemiyası dünyanı iflic edib. Böyük güclər bəladan qurtulmağın yollarını arayır, ölkələri birgə addımlar atmağa çağırır. Bəllidir ki, virus qlobal inkişafın əsasını təşkil edən inteqrasiya, svilizasiyalararası dialoqu inkar edir, virtual davranış zərurətini yaratmaqla yanaşı dünyanı iqtisadi böhrana sürükləyir. Beynəlxalq güclərin “ipun ucunu” tapa bilmədikləri bu ərəfə münaqişəli bölgələrlə bağlı qərarların icrasında qətiyyətli addımların atılmasını yenidən gündəmə gətirir. Bəşəriyyətin xilasını düşünən bu güclər, nədənsə dünyanın müxtəlif bögələrdə davam edən müahribələrin həlli yollarının tapılmasında maraqlı görünmürlər. Bu hal separatçı Ermənistan kimi bir dövlətin pandemiya təhlükəsinə əhəmiyyət vermədən işğal etdiyi Azərbaycan ərazilərində sui-istifadə  davranışlarını artırır. Ümumi təhlükəsizlik isə beynəlxalq aləmin regionla bağlı siyasətində ciddi mövqe sərgiləməsini zəruri edir. Təbii ki, hazırkı vəziyyətdə ölkə ictimaiyyəti beynəlxalq missiyaya birmənalı yanaşmır.

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqovun müsahibəsində bu və ya digər məsələlərə toxunulub.

 

Əgər bu addımlar vaxtında atılmasaydı, indi biz də çətin bir vəziyyətlə üzləşə bilərdik”

 

- Rufiz müəllim, bu gün ölkə pandemiya təhlükəsi ilə bağlı karantindədir. İlk növbədə mövcud durumu dəyərləndirmənizi istərdim. Bu vəziyyət istər ictimai-siyasi təşkilatlar, istərsə də bütövlükdə ictimaiyyət tərəfindən necə qarşılanır və hansı müsbət və neqativ halları ilə müşahidə olunur?

 

- Bildiyimiz kimi, Azərbaycan dövləti və Prezident cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva hələ koronavirusun ölkədə olmadığı bir şəraitdə qabaqlayıcı tədbirlərin atılması ilə bağlı müvafiq göstərişlər verdi. Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradıldı və bu qərərgahın indiyə qədərki bütün fəaliyyəti bütövlükdə cəmiyyət üçün qorxulu, yoluxucu xəstəlikdən qorunmaqla bağlı olub. Sözsüz ki, cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bununla bağlı ölkə ictimaiyyətinə, insanlarımıza dəfələrlə müraciətlər ediblər. Eləcə də Nazirlər Kabineti yanında yaradılmış operativ qərərgah karantin rejimi ilə bağlı mərhələli şəkildə qərarlar verdi və getdikcə də sərtləşdirildi. Əlbəttə ki, bu gün koronavirusla mübarizə, demək olar ki, bütün bəşəriyyəti əhatə edir. Məlumdur ki, əgər bu virusun noyabr ayından etibarən Çindən başlayaraq yayılması ilə bağlı informasiyalar yayılmışdırsa, proses dekabr ayında daha da sürətləndi və bütün qitələrə yayılmağa başladı. O cümlədən pandemiya Qafqaz regionuna, Azərbaycana da gəlib çatdı. Lakin bu gün pandemiyanın yayılma sürətinə görə, Azərbaycandakı vəziyyət, digər ölkələrlə müqayisədə o qədər də kritik deyil. Əlbəttə ki, bu göstəricilər, Azərbaycan Prezidenti başda olmaqla dövlətin, hökumətin vaxtında görülən qabaqalayıcı tədbirlərinin sayəsindədir. Əgər bu addımlar vaxtında atılmasaydı, indi biz də çətin bir vəziyyətlə üzləşə bilərdik.

 

Əlbəttə ki, biz müxtəlif ictimai siyasi formasiyalar, müharibələr görsək də, məhz belə bir qorxulu virusun yayılması ilə bağlı karantin rejimində yaşamamışdıq. Bu baxımdan, insanlarımız ilk olaraq virus təhlükəsini o qədər də ciddiyə almasalar da, indi bəşəriyyət üçün böyük bəla olduğunu anlayırlar. Bu gün demək olar ki, bütün bəşəriyyət, bütün dünya virusla mübarizədə öz səylərini birləşdirib. O cümlədən də Azərbaycan insanı cənab Prezidentin "Biz birlikdə güclüyük" şüarına qoşulub, "evdəqal” kampaniyasına riayət edir. Belə bir şəraitdə gündəlik fəaliyyəti zərurət təşkil etməyən bütün qurumlar, o cümlədən siyasi, ictimai təşkilatlar öz işini ev şəraitində davam etdirir və yaxud, ümumilikdə məzuniyyətə buraxılıblar. Bu gün həyata keçirilən bu addım çox zəruridir, vacibdir. Çünki virusdan qorunmağın yeganə yolu məhz insanların bir-biri ilə yaxın təmasın qurulmamasıdır. Təbii ki, pandemiya bütövlükdə dünya və ölkə iqtisadiyyatına müəyyən zərərlərini vuracaq və  vurur. Əlbəttə ki, insanlarımızın böyük əksəriyyəti evdə oturur, işləmir, əksər iş yerləri dondurulub. Bu onu göstərir ki, pandemiya ölkə və bütövlükdə dünya iqtisadiyyatı üçün böhran vəziyyətinin yaranmasına qədər gətirib çıxara bilər. Amma mən ümid edirəm ki, Azərbaycanın iqtisadi gücü, iqtisadi imkanları o nikbinliyi yaradır ki, biz tezliklə vəziyyətdən qalib çıxacağıq.

Mütləq qeyd etməliyəm ki, vətəndaş cəmiyyətləri pandemiyaya qarşı mübarizədə səfərbər olub. Bu günlərdə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq koronavirusla bağlı Şura yanında İctimai Qərərgah yaratdıq və monitorinqlər keçirilməyə başlanıb. Real Televiziyası ilə Şuranın birgə kampaniyası başladılıb və bu İctimai Qərargaha Şura üzvləri, katibliyin əməkdaşları və çoxsaylı QHT-lərin rəhbərləri qoşulublar. Bu, kampaniya çərçivəsində bir aksiyadır və əsas məqsədi  ictimaiyyətdə müvafiq çətinlikləri araşdırıb maariflənmə işləri aparmaq, məsələnin ciddiliyi ilə bağlı təbliğat işləri aparmaq və maksimum dərəcədə ictimai qurumları bu prosesə cəlb etməklə Azərbaycan xalqına, dövlətinə köməklik göstərməkdir. Ölkəmizin şəhər və rayonlarındakı QHT resurss mərkəzləri də bu prosesə qoşulublar. Təbiidir ki, Şuranın qərarı ilə başlanmış bu kampaniya sonrakı dövrlərdə də davam etdiriləcək.

Məlumdur ki, QHT-lərə Dövlət Dəstəyi Şurası məsələ ilə bağlı ilk onlayın konfransını keçirdi. Konfransa onlayn qaydada 400-dən artıq QHT və digər iştirakçılar qatıldılar və maraqlı təkliflər səsləndirdilər. Məhz həmin təkliflərə əsasən də Şurada İctimai Qərərgah yaradıldı. Qərərgah gündəlik mövzular ətrafında onlayn konfransalar, tədbirlər keçirir. Bu, bütövlükdə cəmiyyətimizin pandemiyaya qarşı mübarizə göstəricisidir. Biz bilirik ki, bu gün həkimlərimizlə, hərbçilərimizlə, polislərimizlə bərabər jurnalistlərimiz, eyni zamanda televiziyalarımız kifayət qədər qəhrəmanlıq göstərir, öz ailələrini, özlərini riskə ataraq, insanlarımıza gündəlik informasiyaları çatdırırlar. Həkimlərimiz, polislərimiz xüsusi risk qrupuna daxildirlər. Müxtəlif peşələrdə çalışan insanlar da var ki,  onlar da gündəlik iş başındadırlar. Onlar insanların böyük əksəriyyətinin evdə qalması üçün çalışmalı, qayda-qanunun, nizam-intizamın bərpa olunması istiqamətində öz səylərini birləşdirməlidirlər. Gözələntimiz odur ki, əgər qaydalara düzgün əməl olunsa, aprel olmasa da sonrakı aylarda ölkəmizdə karantin rejiminin götürülməsinin şahidi ola bilərik.

 

“Nə qədər ki, düşmən öz işğalçı adı ilə çağrılmayıb...”

 

- Rufiz müəllim, koronavirusun dünyanın başını qatdığı bir vaxtda Azərbaycan ərazilərində öz yeni hakimiyyətini qurmağı düşünən separatçı Ermənistan Dağlıq Qarabağda keçirdiyi seçkilərin növbəti turuna da hazırlaşdı. Nəticənin necə olmasından asılı olmayaraq, sizcə separatçlar bu “seçki” ilə beynəlxalq siyasətdə nəyə nail ola bildilər?

 

- Bəli, beynəlxalq ictimaiyyət 2020-ci il mart ayının 31-də Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri rədd etdi. Bilirik ki, düşmən tərəf əvvəl də belə saxta seçkilər keçirib. Təbii olaraq, Azərbaycanın işğal altında olan ərazilərində keçirilmiş qondarma seçkilər beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib və ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəklənib. Bu dəfə keçirilən “seçki”dən sonra, əvvəlki illərdən fərqli olaraq beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı artdı. Beynəlxalq təşkilatların mövqeyi daha sərt və eyni zamanda açıq bəyanat formasında ifadə olundu. Belə ki, BMT-dən sonra 2-ci böyük təşkilat olan Qoşulmama Hərəkatı daxil olmaqla, GUAM, ATƏT-in Minsk Qrupu Həmsədrləri, Avropa Şurasının Parlament Assambleyası, ATƏT, Avropa İttifaqı, NATO, eləcə də Ukrayna, Gürcüstan, Moldova, Kanada, Bosniya Hersaqavina, Böyük Britaniya, Xorvatiya, Belçika, İtaliya və digər dövlətlər öz etirazlarını bildirdilər. Bu siyahıdan da bəlli olur ki, Türkiyədən tutmuş, uzaq Avrstraliyaya qədər dünya ictimaiyyətinin bu məsələdə rəyi yekdildir. Beləliklə, “seçkilərin” heç bir hüququ qüvvəyə malik olmadığı xüsusi vurğulandı. Eyni zamanda Azərbaycan Respublikasının beynalxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olunaraq, BMT-də qəbul olunmuş 4 qətnamə xatırladılmaqla qətnamələrin yerinə yetirilməsi vurğulandı. Bəyanatda yer alan "seçkilərin konstitusional hüququ çərçivəsi tanınmır" ifadəsi beynəlxalq ictimaiyyətin verdiyi ciddi mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiya çərçivəsində həll oluna bilər. Xüsusilə də Ermənistanın "seçki", "demokratiya" kimi perspektivsiz şoularını bir tərəfə qoyub, səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməsi, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması indiki halda daha vacibdir. Koronavirusun dünyada tüğyan etdiyi bir zamanda Ermənistan işğal etdiyi ərazilərdə yaratdığı qondarma rejimə dəstək verməklə, işğal faktorunu bir daha təsdiq edib dünyaya meydan oxumaqla yanaşı, erməni xalqını təhlükəyə atmış olur. Bu, bir daha Ermənistanın yırtıcı, işğalçı, terrorçiu simasını ortaya qoymuş oldu. Artıq ATƏT-in Minsk Qrupunun işğalçını öz adı ilə çağırmasının vaxtı çatıb. Nə qədər ki, düşmən öz işğalçı adı ilə çağrılmayıb, o, bu cür simasız, özbaşına, terrorçu, işğalçı mahiyyəti ilə dünyaya meydan oxuyacaq. Azərbaycan bir daha ATƏT-in Minsk Qrupundan qətiyyətli və prinsipial olmağı tələb edir. Bu, Azərbaycan ictimaiyyətinin də tələbi, Azərbaycan hakimiyyətinin də birmənalı mövqeyidir.

 

- Pandemiyanın tüğyan etdiyi bir vaxtda da Rusiya Dövlət Dumasından Azərbaycanla - Qarabağla bağlı ictimai qıcıq doğuran çıxışlar səsləndirilir. Bu, daha çox Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovski, eləcə də digər liberalçılar tərəfindən səslənir. Rusiyadan vaxtaşırı bizə ötürülən ziddiyyətli çıxışlar nəyə yönəlikdir?

 

- Rusiya Dövlət Duması həqiqətən də müxtəlif vaxtlarda və xüsusən də indiki bu koronavirusla bağlı mübarizə ərəfəsində ziddiyyətli bəyanatlar səsləndirir. Biz bu bəyanatların zaman-zaman da şahidi olmuşuq. Əfsuslar olsun ki, onlar indiki həssas dönəmin fərqinə varmır, hansısa siyasi dairələrin təzyiqləri ilə müxtəlif ziddiyyətli bəyanatlar səsləndirirlər. Azərbaycan heç bir zaman, istər Jirinovski, istərsə onun partiyasının üzvlərinin fikirlərini ciddiyə almayıb. Çünki onların qeyri-ciddi siyasətçi olmaları ilə bağlı həm Azərbaycan, həm Rusiya ictimaiyyətində bəlli bir fikir formalaşıb. Əlbəttə ki, bəziləri özlərini millətçi, bəziləri liberal, bəziləri demokrat adlandırırlar. Amma özlərini necə təqdim etmələrindən asılı olmayaraq Azərbaycan müstəqil dövlətdir və ərazi bütövlüyü bütün beynəlxalq qurumlar tərəfindən, beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Elə Rusiya dövlətinin özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə bildirib ki, heç bir zaman Azərbaycan bir qarış torpağını bundan sonra kiməsə verməyəcək. O cümlədən də bölgədə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Azərbaycan-Rusiya münasibətləri bu gün kifayət qədər inkişaf edib. Azərbaycan Rusiya ilə yaxın qonşudur. Hər iki dövlətin bir-biri ilə iqtisadi, siyasi, diplomatik münasibətləri normal səviyyədədir. Azərbaycan Prezidenti ilə Rusiya prezidenti arasında münasibətlər yüksək səviyyədədir. Və biz bilirik ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın sonuncu Rusiya səfərindən sonra bu əlaqələr daha da möhkəmlənmək üzrə inkişaf etdi. Münasibətlərin inkişafına yeni nəfəs, yeni ruh verdi. Əlbəttə ki, bütün bunaları gözü götürməyən həmin o Jirinovski kimilər Rusiya Dövlət Dumasının bu kimi şəxsləri əlbəttə ki, hansısa ermənipərəst dairələrin təzyiqi, təhriki ilə zidd fikirlər səsləndirirlər. Həmin Jirinovskidir ki, Azərbaycana gələndə Azərbaycanı tərifləyir, Rusiyaya gedəndə tamam başqa çıxışlar edir. Bu baxımdan hesab edirəm ki, o qeyri-stabil siyasətçidir, onun partiyası da qeyri-stabildir. Əsas məsələ ondan ibarətdir ki, bu gün Rusiya-Azərbaycan münasibətləri kifayət qədər normaldır. Və belə bir şəraitdə nə Rusiya, nə də Azərbaycan bu münasibətlərə xələl gətirəcək hər hansı hərəkətlərin baş verməsini istəməzlər.

 

“Ya aparılan danışıqalar normal məcrada aparılıb Azərbaycan əraziləri sülhlə işğaldan azad edilməlidir, ya da...”

 

- Bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyəti demək olar ki, görünmür. Zaman-zaman bu qurumun ləğv olunması, formatının dəyişməsi fikri səslənib. Bir çox siyasilər isə bu dəyişikliyin də münaqişəyə heç bir təsirinin olmayacağını ifadə edirlər. Belə olan surətdə, Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı gedişlər edilməlidir?

 

- ATƏT-in Minsk Qrupu ilə bağlı zaman-zaman həm Azərbaycan ictimaiyyəti, həm Azərbaycan dövləti tərəfindən fikirlər səslənib, Bəyan olunub ki, həmsədrlər nəhayət, özlərində güc tapıb işğalçını öz adı ilə çağırmalıdırlar. Nə qədər ki, Ermənistanın işğalçılıq siyasəti ATƏT-in Minsk Qrupu tərəfindən birmənalı şəkildə ifşa olunmayacaq və BMT-də qəbul olunmuş 4 qətnamə qeyd-şərtsiz yerinə yetirilməyəcək, ATƏT-in Minsk Qrupundan hər hansı müsbət nəticə gözləməyə dəyməz. Çünki illər keçməsinə baxmayaraq sübut olundu ki, Minsk Qrupu yalnız immitasiya ilə məşğuldur. Münaqişə ilə bağlı müsbət irəliləyiş baş vermirsə və Ermənistana gələn hakimiyyətlər, digər hakimiyyətlərin hərəkətlərini təkrar edirlərsə, işğalçılıq, terrorçuluq siyasəti aradan götürülmürsə, ATƏT-in Mins Qrupu hələ də işğalçı ilə işğala məruz qalana eyni baxırsa, bu qurumun hansı müsbət fəaliyyətindən danışmaq olar. Minsk Qrupu nəhayət bu oyunlara son qoymalıdır. Münaqişənin sülh yolu ilə həlli əsas götürülürsə, ya aparılan danışıqalar normal məcrada aparılıb Azərbaycan əraziləri sülhlə işğaldan azad edilməlidir, ya da Azərbaycan 4 günlük aprel döyüşlərini təkrarlayıb öz torpaqlarını işğaldan azadetmə hüququnu özündə saxlayır. Ona görə də biz ATƏT-dən tələb edirik ki, Ermənistanı yerində oturtsun. ATƏT İşğal faktını bəyan etməlidir. Yaxud da ATƏT əvvəlki kimi öz fəaliyyətini səmərəsiz davam etdirdiyi vaxtda, günün birində də Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı