“Vətəndaş cəmiyyətləri o zaman güclənə biləcək ki...” - MÜSAHİBƏ

19:11 15-04-2020 | icon 1542 | Cəmiyyət
“Vətəndaş cəmiyyətləri o zaman güclənə biləcək ki...” - MÜSAHİBƏ

Gülnarə Səlimova: “Sağlamlıq imkanı məhdud insanların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir”

 

Hər bir insan hər zaman sevgiyə, diqqətə, qayğıya, dəstəyə ehtiyac duyur. Kimliyindən asılı olmayaraq, elə bir insan tapmazsınız ki, bundan imtina etsin. Lakin bir qrup insanlar da var ki, onlara daha çox diqqət, daha çox sevgi lazımdır. Bu insanlar fiziki məhdudiyyəti olan AİLƏ üzvlərimizdir.

 

Təəsüflə qeyd etməliyik ki, bir çox hallarda sevgi və qayğı yerinə, onlara “zəif” varlıq kimi yanaşılır, cəmiyyətdən təcrid olunmaları üçün “münbit şərait” formalaşdırılır.

Lakin güclü Vətəndaş Cəmiyyəti quruculuğu bu steriotipləri dağıdaraq, fiziki məhdudlu insanların da ictimaiyyətin sıralarında aktiv görünməsini tələb edir.

 

Versus.Az xəbər verir ki, “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova müsahibəsində fiziki məhdudiyyətli şəxslərin vətəndaş cəmiyyəti quruculuğundakı rolu və qarşıda dayanan problemlər ətrafında maraqlı nüanslara toxunub.

 

“Bir-birinə dəstək, sevgi, diqqət göstərməklə cəmiyyətdə irəliləyişə nail olmaq olar”

 

- Gülnarə xanım, ümumiyyətlə, fiziki məhdudiyyətli insanların, eləcə də digər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya prosesi necə gedir və necə düşünürsünüz, onlara qarşı natamam yanaşmaları aradan qaldırmaq üçün nə etməliyik?

 

- Çox vacib bir məsələyə toxundunuz. Əlbəttə ki, əvvəlki illərə nəzər salsaq, 2010-ci ildən bu yana fiziki məhdud şəxslər xeyli inteqrasiya olunublar. Bununla yanaşı, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasında problemlər var və mən deyərdim ki, buna əsas səbəb düşüncə zəifliyi, bilgisizlik, maariflənmənin az olmasıdır.

Təbii ki, hər şey ailədən başlayır. Sirr deyil ki, çox zaman ailənin dəstək olduğu sağlamlığı məhdud şəxslər xüsusi fəallığı ilə seçilir, hətta böyük uğurlara nail olurlar. Ona görə də hesab edirəm ki, fiziki məhdudiyyətli insanlara qarşı yan baxışları aradan qaldırmaq üçün birinci növbədə ailə institutları möhkəm qurulmalı və qorunmalıdır. Bu gün dövlət başçısının, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-Prezident Leyla xanımın təşəbbüsü və həyata keçirdiyi işlər sayəsində bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Lakin bütövlükdə cəmiyyətin müxtəlif istiqamətlərində bu sahəyə ciddi diqqət göstərilmir. Təbii ki, cəmiyyətin öz vətəndaşına, fiziki məhdudiyyətli, yaxud əlil olmasına baxmayaraq sevgi ilə yanaşıb, ona dəstək durması bütövlükdə həm insanlığa, həm güclü dövlətin qurulmasna yönələn ciddi bir faktordur. İnsanlar anlamalıdırlar ki, yalnız bir-birilərinə dəstək durmaqla, sevgi, diqqət göstərməklə cəmiyyətdə irəliləyişə nail olmaq olar. Bir sözlə, sevgi sevgini, nifrət nifrəti doğurur.

Eləcə də, əlilliyi olan insanların özləri real şəkildə, fəaliyyət imkanları daxilində aktiv həyata cəlb olunmalıdırlar. Hətta mən deyərdim ki, hər bir təşkilat və müəssisədə bir neçə nəfər fiziki məhdudiyyətli şəxsin işlə təmin olunması məsələsi qanun şəklində həmin təşkilatlar qarşısına vəzifə kimi qoyulmalıdır. Bildiyim qədər, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, fiziki məhdudiyyətli, əlil işçisi olmayan təşkilatın işləməsinə icazə verilmir.

 

“Biz bir olaraq, beyin və ürəyimizlə hərəkət edərək istədiyimiz güclü dövləti qura bilərik”

 

- Vətəndaşların bütün fəaliyyət istiqamətlərində özünü  sınayaraq sivil cəmiyyətin inkişafı prosesində öz töhvələrini verə bilməsi üçün həm də ictimai nəzarətin gücləndirilməsi də tələb olunur. Fiziki məhdudiyyətli və digər katiqoriyalardan olan əlillərlə bağlı bu imkanlardan düzgün istifadə nə verə bilər?

 

- Əlilliyi olan insanlara qarşı ictimai mədəni davranış, hörmət, qeyd etdiyim kimi, birinci növbədə ailədən başlamalıdır. Ailələr öz əlil uşaqlarına yazıq, gücsüz, daha çox rəhmə ehtiyacı olan bir insan kimi yanaşmamalı, övladlarını evdə qapalı saxlamaqdansa, onları sevgi ilə cəmiyyət arasına çıxarmalıdırlar. Digər tərəfdən, cəmiyyətdə olan natamam yanaşmalara qarşı ictimai qınaq olmalıdır və həmin əlillər psixoloji olaraq dəstəklənməlidirlər. Əlillər üçün qanunla nizamlanan fəaliyyət növlərinin daha işlək olması, bürokratik əngəllərin olmaması üçün bu sahəyə xüsusi nəzarət göstərilməli, kimlərinsə məhdudiyyətli insanların fiziki gücsüzlüyündən sui-istifadə etməsi halları aradan qaldırılmalıdır. Bu gün bu missiyanı müəyyən qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və orada formalaşan ictimai şuralar həyata keçirir. Qeyd etdiyim problemlər, bu gün əlillərin özünün vətəndaş cəmiyyətlərinin inkişafında yaxından yer alması və onların fəal şəkildə dövlətin dəstəyi ilə həyata keçirilən layihələrə cəlb olunması ilə həyata keçirilir. Lakin problemlər hələ də qalır.

Bütövlükdə Vətəndaşlar topluma baxarkən, orada insanlara fiziki məhdudiyyətinə görə qiymət vermədən, intellekt və bacarığına uyğun əlilləri də öz sırasına dəvət edib, onların da dövlət üçün layiqli bir vətəndaş kimi faydalı ola biləcəyini düşünərək hərəkət etməlidir. Bax bu zaman biz bir olaraq, beyin və ürəyimizlə hərəkət edərək istədiyimiz güclü dövləti qura bilərik. Məhz bu istiqamətdə yaratdığımız Vətəndaş Cəmiyyəti quruculuğu daha güclü, daha etibarlı ola bilər.

Təbii ki, “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Vətəndaş Cəmiyyəti olaraq - Milli QHT təşkilatları sırasında yer alırıqsa, deməli bu sahədə müəyyən mənada irəliləyişə nail olunub. Dövlətimiz QHT-lərə Dövlət Dəstəyi Şurasını yaratmaqla Vətəndaş Cəmiyyətlərinin inkişafına təkan verib. Bu gün vətəndaş cəmiyyəti institutu olaraq çoxlu sayda əlilliyi olan insanları birləşdirən təşkilatlar var və dövlət, millət üçün öz bilik və bacarıqlarını əsirgəmirlər. Bu, sağlam vətəndaş cəmiyyəti quruculuğunda müsbət hadisələrdəndir.

 

“Sağlamlığı məhdud olan elə şəxslər var ki, onların bacardığını “sağlamam” deyənlər bacarmır”

 

- Necə hesab edirsiz, bu gün fiziki məhdudiyyətli insanların əmək fəaliyyəti, sosial, ictimai, siyasi sferaya adaptasiyası və cəmiyyətin, dövlətin inkişafında öz yerini tutması üçün nələrə ehtiyac var?

 

- Bəzən ailələr və çevrə səninlə “sən barcarmarsan” dili ilə davranırlar. Buna çox təəssüf edirəm. Əslində isə elə sağlamlığı məhdud olan şəxslər var ki, onların bacardığını, “sağlamam” deyib, gəzən insan bacarmır. Bəzi fəaliyyət növlərində insanın əl-ayağının olmasına o dərəcədə önəm verilmir, yetər ki, düşüncələrdə, zəkada, ziyada məhdudiyyət olmasın. Bu gün də qarşılaşdığım bəzi problemləri gördüyüm zaman tam əmin oluram ki, maariflənmə çox zəifdir.

Qeyd etdiyim kimi, əmək və məşğulluq mövzusundan danışılanda, fiziki məhdudiyyətli insanlar ikinci planda götürülür və yaxud heç yada düşmürlər. Sanki onların yaşamaq, işləmək, sevmək, mübarizə aparmaq kimi maddi-mənəvi tələblərinin olduğunu unudurlar. Lakin əlil kateqoriyasına aid olsa da, ağıllı, intellektli insanların öz bacarıq və səyləri nəticəsində cəmiyyət üçün lazımlı olduğunu isbat edən çoxlu sayda faktlar var ki, əksər hallarda onlar məhdudiyyətsiz insanlara da mübarizə aparmaq üçün bir nümunə fenomeninə çevriliblər. Əlillərin öz intellekti, bacarığı, istedadı ilə özlərini layiqincə ifadə edə bilməsi vətəndaş cəmiyyətinin hərtərəfli inkişafı, bütün insanların bərabərliyi nəticəsində daha uğurlu nəticələrin qazanılmasını mənəvi tələb kimi qarşıya qoyur. Vətəndaş cəmiyyətləri o zaman güclənə biləcək ki, orada insanların bir-birinə olan münasibətləri onun fiziki durumuna görə deyil, intellekt gücünə görə hesablanacaq və kimliyindən, sosial statusundan asılı olmayaraq, hər kəs öz yerində, öz mövqeyində dövlətinə xeyir verməyə borclu olduğunu və bunu etmək imkanın olduğunu dərk edəcəkdir. Təbii ki, mən birlikdəlik deyəndə, bütün insanların öz statusundan asılı olmayaraq bir-birinə dəstək durmasını nəzərdə tuturam. Bu məsələdə mən deyərdim ki, maddiyyatdan da çox mənəvi, ruhi dəstəyə ehtiyac var. Bir şeyi anlamaq lazımdır ki, kim olursan ol, əgər sənin ruhi, mənəvi zənginliyin, rahatlığın yoxdursa, səni anlamırlarsa heç bir zaman rahatlıq tapman mümkün deyil. Elə fiziki məhdudiyyəti olmayan, zəngin insanlar var ki, təklikdə öz xoşbəxtliklərini tapa bilməyiblər. Çünki onun ruhi, mənəvi tələbi ödənilməyib.

Əvvəldə də qeyd etdiyim kimi, insanları olduğu kimi qəbul etmək və intellektual, fiziki durumuna görə işlə təmin etmək, onunla davranmaq və yaşaması üçün maddi-mənəvi tələbləri düzgün qiymətləndirməklə sivil cəmiyyətin azad insanı, azad dövlətin yüksək mədəniyyətə sahiblənən insanını, cəmiyyət modulunu yaratmış olarıq. Bu mənada aparılan maarifləndirmə işini zəif hesab etdim.

 

- Vətəndaş cəmiyyəti olaraq fəaliyytinizdə əsasən hansı qanuni əsaslara söykənirsiz?

 

- Əvvəlcə onu qeyd etmək istərdim ki, sağlamlıq imkanı məhdud şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə bir sıra yeni hüquqi normativ aktlar qəbul edilmişdir. Sağlamlıq imkanı məhdud olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi hüquq və azadlıqlara malikdirlər. Bu gün sağlamlıq imkanı məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyaları dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyaya qoşulmuş və bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına tərəfdar olduğunu bəyan etmişdir. Həmin insanların bu hüquqlardan irəli gələn yardım və xidmətlərlə daha layiqli səviyyədə təmin olunması və bu hüquqların tədricən tam realizəsinə nail olunması məqsədilə qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması öhdəliyini Azərbaycan öz üzərinə götürmüşdür.

 

“Onların hamı kimi sıradan bir fərd olaraq ictimai həyatda iştirakı günün ən aktual məsələsi olmalıdır

 

- Necə hesab edirsiniz, fiziki məhdudiyyətli şəxslər üçün ən aktual olan nədir və fəaliyyətinizə nəzər salsanız hansı baryerlər aşılmalıdır?

 

- Düşünürəm ki, fiziki məhdudiyyətli vətəndaşlarımızın hamı kimi sıradan bir fərd olaraq ictimai həyatda iştirakı günün ən aktual məsələsi olmalıdır. Onların səhiyyə, təhsil, məşğulluq və inkişaf resursslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran bütün sosial maneələr aradan qaldırılmalı və bütün bunlara ictimai nəzarəti gücləndirmək üçün zaman-zaman monitorinqlər keçirilməlidir.

Məncə, insanı böyüdən, insanı yaşadan onun saf əməlləri, təmiz duyğularıdır. Tanrıya şükürlər olsun ki, cəmiyyətimiz belə saf əməl, təmiz duyğulu insanlarla doludur. Və bunu danmaq olmaz ki, cəmiyyətimizdə belə müsbət halın oturuşmasında dövlətimizin yürütdüyü siyasət və məhz bu siyasətə yönəli “Heydər Əliyev Fondu”nun ardıcıl olaraq atdığı humanist addımlar əsas rol oynayıb.

Fürsətdən istifadə edib sizin saytınız vasitəsilə həm cənab prezidentimizə, həm Mehriban xanıma, həm Leyla Əliyevaya və ümumuiyyətlə bu işdə bizlərə yardımını əsirgəməyən bütün aidiyyatı strukturlara öz təşəkkürümü bildirirəm. Mən bir QHT rəhbəri kimi tam səmimiyyətimlə bildirirəm ki, aparılan işlərin mahiyyəti bizi daha da ümidli olmağa səsləyir. Mən inanıram ki, ortalıqda olan problemlər mərhələ-mərhələ öz həllini tapacaq.

Sağlamlıq imkanı məhdud insanların cəmiyyətə adaptasiyalarıyla bağlı bu gün aidiyyəti təşkilatlarla müvafiq işlər aparılmasına böyük ehtiyac var. Onların hüquqlarına hörmətlə yanaşmaq, ictimai sferada bu məqsədlə ideoloji, maarifləndirmə təbliğatının aparılması günün zəruri tədbirləri sırasındadır. Onu da qeyd edim ki, son illərdə yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması da əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,3 faiz təşkil edir. Ümumilikdə, hazırda dünyada 650 milyondan çox əlilliyi olan insan yaşayır. Onların ailə üzvlərini də nəzərə alsaq, dünyada təqribən iki milyard insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir.

 

 

 

- “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin rəhbəri olaraq hansı işləri görür və bu işləri görmək üçün gücü haradan alırsınız?

 

- Mən 2005-ci ildə “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyini yaratdım. Bu işə ilk gələndə dünyaya, insanlara tamamilə başqa baxışlarla baxırdım. Amma məndən təxminən 14-15 yaş böyük bir dostum mənə dedi ki, Gülnarə, sənin oxuduğun kitablardakı kimi, aldığın tərbiyədəki kimi, televiziyadan izlədiklərin kimi deyil bu həyat, tamamilə başqadır.

Doğrudan da mən bu işə deyə-gülə, oynuya, saf bir uşaq həvəsiylə, yəni çox pozitiv başladım. Amma iş prosesində elə hallarla qarşılaşdım ki... Hər dəfəsində də o dostumun sözlərini xatırladım. O vaxta kimi isə tər-təmiz dünya görmüşəm, qətiyyən çirkablı dünyanın da olduğunu düşünməmişəm. İnanmazdım ki, kimsə mənə qarşı çıxa bilər, danışdıqlarımı başqa formada kiməsə çatdırar, əleyhimə çıxar. Düşünürdüm ki, mənim niyyətim təmizdir, addımım yaxşıdır, kimsə mənə qarşı çıxmayacaq. Amma türklər demiş, malesef, oldu bu. Ancaq yaxşı ki, bu da oldu, yaxşı ki, elələri də var. Çünki onların belə olması məni daha güclü edir, daha mübariz oluram. Yaxşı ki, öz kimliklərini göstərirlər. Əslində mən onlar barədə danışmağı sevmirəm. Çünki onlar öz cılız hərəkətləri ilə gözümdən elə düşüblər ki, demək olar ki, mənim üçün yoxdurlar, görmürəm onları. Yazıq onlara, çox yazıq.

Mən üsyan etməyi heç sevmirəm. Çünki neqativə yükləndikcə, üstünə-üstünə gələcək. Yəni kədəri, dərdi qəbul etdikcə, daha da çoxalır. İnsan qarşısına məqsəd qoymalıdır ki, mən udacam, qalib olacam. Fikirləşsəm ki, uduzacam, təbii ki, uduzacam. Mən deyərdim ki, mənim işgüzarlığım məhz rəhmətlik atamdan gəlib. O da iş adamı idi, çalışqan idi, işini sevən idi, bütün uğurlara öz zəhməti ilə nail olmuşdu. Anam da həmçinin. Anam həmişə bizə dərslərimizdə yardımçı olurdu, kitab oxuyurdu.

Atam da, anam da bizə Azərbaycanın tarixindən danışardılar. Millətimizi, vətənimizi, torpağımızı sevməyi, xidmət etməyi mənim valideynlərim öyrədirdilər.
Atam mənim həkim, bacımın isə müəllimə olmasını istəyirdi. İndi bacım müəllimədir. Mən isə həkim olmasam da, işim elədir ki, elə həkim kimi sağlamlığı məhdud insanlarla məşğulam, onlarla işləyirəm, onları sağlamlıqları üçün yönləndirirəm, ən azından sağlam düşüncə verirəm. Sağlamlığını sonradan itirən insanlar var ki, çox əziyyətlər çəkirlər, aqressiv, həyatdan küskün olurlar. Allah mənə o gücü verir ki, onlara kömək edə bilirəm. Hər bir kəsi Allah yaradır. Mən hər şeyi Allaha bağlayıram. Hər birimizin Allaha belə bir bağlılığımız olarsa, hamımız gözəl əməl sahibi olarıq.

 

“Əlillər aciz deyil, sadəcə fiziki məhdudiyyətləri var”

 

- Hazırda vətəndaş cəmiyyətinə, insanlara töhvə verə biləcək hansı layihələrin üzərində işləyirsiniz, çətinliyiniz nədədir?

 

- Qarşıda dəfv etmək istədiyimz mərhələ var. Hazırda yeni layihəmiz var, onunla məşğuluq. Elə fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, kollektivinə təşəkkür etmək istəyirəm. Biz artıq 8-ci dəfədir qalib oluruq. Budəfəki qalibiyyətimiz də tikiş kursuyla bağlıdır. Yaxşı haldır ki, biz bu layihəni davamlı edirik. Yəni layihənin vaxtı bitsə də, biz hesabatımızı versək də, layihəmizi hər il davam etdiririk. Keçən il əl işləri ilə bağlı idi və hazırda bu, davam edir. İndi də dərzilik kursu ilə bağlıdır. Maddi imkansız ailələrə və sağlamlığı məhdud olan şəxslərə bu sənəti veririk. Dərzilik kursu ilə bağlı üçüncü dəfədir bizim layihəmiz olur. Hər dəfə də çox uğurlu olur. Mən həm də ona görə çox rahatam ki, biz kurs keçdiyimiz insanları işlə də təmin edirik. Gələcək planlara gəlincə, mən reallaşa biləcək planlar qururam və onun da arxasınca gedirəm. İmkanım daxilində, gücüm yetdiyi qədər istərdim ki, sosial durumu yaxşılaşdırım. Cənab prezidentin məqsədi də sosial durum yaxşılaşdırmaqdır və biz bu işdə dövlətimizə hər zaman dəstək olmağa hazırıq. “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi olaraq biz də istəyirik ki, imkanımız çatan qədər sosial durumu zəif olan şəxslərə kömək olaq. Biz QHT-lər bunun üçünük, mənim fikrimcə belə də olmalıdır.

Bu gün isə “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin sədr müavini Vitali İsakovla birlikdə əlillərin, sosial şəraiti aşağı olan insanların, şəhid ailələrinin işlə təmin olunmasını nəzərdə tutan bir Tikiş Fabrikinin açılışı ilə bağlı layihəni tamamlamışıq. Demək olar ki, fabrik üçün tələb olunan bütün sistem işlənib, hesablamalar aparılıb, hətta iş elanları belə verilib. Eləcə də işçi personalı, istərsə də fabrikdə istehsal olunacaq malların satışının təminatı ilə bağlı sifarişçi təşkilatlar da hazırdır. Fabriklə bağlı çox gözəl, insanlara xeryirli ola biləcək planlarımız var. Amma hansısa məlum olmayan əngəllər bu layihəni dayandırıb. Bu gün ictimai nəzarətin məhz belə bir vaxtda işləməsi, vəziyyətin araşdırılaraq öz həllini tapmasına çox ehtiyacımız var. Eyni zamanda əlillərə məhz belə bir məqamda aidiyyatı orqanların dəstəyi lazımdır.

Böyük zəhmət hesabına ərsəyə gətirdiyimiz bu işin dayandırılması kimin mənafeyinə uyğundur. Və yaxud bir əlilin öz əməyi ilə evinə bir parça çörək aparması, maddi-mənəvi təlabatını öz zəhməti ilə ödəyə bilməsi kimin maraqlarına, yaxud “cibinə” ziyan verə bilər? İstər-istəməz sual yaranır: fabrikin açılışı üçün önə çəkilən səbəblərdən biri kimi “qanun icazə vermir”disə, o zaman bizim irəli sürdüyümüz təşəbbüs, işlənilən proqramlar niyə ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənirdi?

Qeyd etməliyəm ki, tikiş fabriki ilə bağlı layihəmiz bir sıra nazirliklər tərəfindən dəstəklənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşəndə o, fabrikin açılışı ilə bağlı layihəni, onun verə biləcəyi töhvələri yüksək qiymətləndirib. Bir sözlə, layihə bəyənilib, dəstəklənib, amma Tikiş Fabrikinin işləməsi üçün ayrılacaq vəsait hələ də verilmir, məsələ hələ də uzadılır.

Görünən odur ki, biz vətəndaş cəmiyyəti olaraq əlillərin, hətta aztəminatlı ailələrin sosial həyata adaptasiya prosesində işlər görməyə çalışırıq və müəyyən bürokratik əngəllər hələ də qalır. İctimai nəzarət məhz belə hallara qarşı gücləndirilməlidir.

Biz layihəni ürəyimizlə, ruhumuzla gerçəkləşdirməyə çalşırııq. Əlillərin həyata keçirdiyi bu layihə bütövlükdə insanlığa gözəl nümunədir. Belə bir layihənin həyata keçirilməsi əlil insanların cəmiyyətə adaptasiyası prosesində, onlara verilən mənəvi dəstək, eləcə də maddi baxımdan təmin olunmaları üçün yüksək əhəmiyyətə malikdir. Bu mənada yüksək instansiyalı orqanların bu məsələyə yanaşmada daha diqqətli olmalarına xüsusi ehtiyac və zərurət var.

Lakin əlillər aciz deyil, sadəcə fiziki məhdudiyyətləri var. Əgər belə bir işi həyata keçirmək gücləri varsa, onlara əngəl törətmək əvəzinə, dəstək durmaq lazımdır və bu, bütövlükdə dövlətimizin inkişafı, çiçəklənməsi, ümumilikdə insanlığın zəfəri ola bilər...

Mən bu işin uğur qazanması, neçə-neçə insana sevinc bəxş etməsi naminə aidiyyatı orqanlardan dəstək göstərmələrini, bu işə laqeyd yanaşmamağı xahiş edirəm. Mən, ilk növbədə Prezident İlham Əliyev cənablarına və vitse-prezident Mehriban xanım Əliyevaya səslənirəm: "Bizə bu xoşməramlı layihənin həyata keçirilməsi üçün kömək edin". /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...