Regionda ikiqat təhlükə - pandemiya bəlası və erməni faşizmi - MÜSAHİBƏ

14:42 17-04-2020 | icon 806 | Siyasət
Regionda ikiqat təhlükə - pandemiya bəlası və erməni faşizmi - MÜSAHİBƏ

Qabil Hüseynli: “Pandemiya dövründə Azərbaycana qarşı əks siyasətin aparılmasını istisna etmirəm”

 

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarının etdiyi özbaşınalıqlar və digər qeyri-qanuni hərəkətlər illərdir regionu ciddi təhlükə ilə üz-üzə qoyub. Politoloq Qabil Hüseynli müsahibəsində bu və ya digər məsələlərə aydınlıq gətirib.

 

“Ermənilər dünyada gedən proseslərə məhəl qoymaq istəmirlər”

 

- Qabil müəllim, bu gün Azərbaycan ərazilərinin işğal altında olduğunu və işğalçı ermənilərin özbaşınalığını nəzərə alsaq, pandemiyanın regiona hansı yeni təsirlərindən danışmaq olar. Hazırda pandemiya ilə bağlı regionda vəziyyət necədir?

 

- Bəli, pandemiya bəlası Qafqaza da gəlib çıxıb. Onun ən ağır təsirləri daha çox Gürcüstanda hiss edilir və orada virusa yoluxanların sayı yetərincədir. Bununla əlaqədar olaraq Gürcüstan hökuməti karantinin müddətini uzatdı.  Ermənistanda da vəziyyət şox pisdir və yoluxanların sayı rekord həddədir. Hətta virusa yoluxma halları orduya da keçib. Eləcə də virus Rusiya hərbi bazalarına da sıçrayıb. Elə ona görə də Rusiya təcili olaraq bu ölkəyə 2 yük təyyarəsində pereparatlar və tibbi avadanlıqlar göndərdi.  Amma bütün bunlara baxmayaraq ermənilər dünyada gedən proseslərə məhəl qoymaq istəmirlər. BMT baş katibi Kuteries bütün dünya xalqlarına müraciət edərək, pandemiyanın sona çatacağı müddətə qədər hər cür münaqişələrdən, silahlı toqquşmalardan, eləcə də kütləvi tədbirlərin keçirilməsindən imtinaya çağırış etmişdi. Ora kütləvi idman yarışları, olimpiada oyunları, seçkilər və digər bu kimi məsələlər daxil idi. Yaponiya da Yay Olimpiya Oyunlarını sonrakı ilə keçirdi. Amma ermənilər sözün əsl mənasında öz pis xislətləri ilə işğal edilmiş ərazilərimizdə formalaşdırdıqları separatçı rejimdə prezident seçkisini keçirdilər. Özü də sanki bizə acıq verirmişlər kimi bu seçkiləri azərbaycanlıların kütləvi soyqırımı günü - 31 mart tarixinə təyin etdilər. Təbii ki, cinayətkar, işğalçı qrupun keçirdiyi seçkinin hüquqiliyindən danışmağa dəyməz. Və təbii ki, bu “seçki şousu” təyinatla baş verdi. Separatçıların keçmiş baş naziri Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Əslində bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Hətta yaşı 65 dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər. Digər tərəfdən Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb. Orada kimin birinci yer alacağı, nə qədər səs alacağı da əvvəlcədən bəlli idi.  Amma seçkiləri 2 tur eləməklə guya demokratik keçirilməsi, rəqiblər arasında ciddi yarışın olması ilə bağlı fikir yaratmağa çalışırlar.

Erməni quldurları belə şoularla öz çirkin təbliğatlarını aparırlar. Seçkidən əvvəl bəyan elədilər ki, Qarabağda pandemiya yoxdur. Amma indi pandemiyanın tüğyan etdiyini qeyd edirlər.

 

“Ermənilərin bu təcavüzkar planlarının həyata keçməsində dünyanın susqunluğu böyük rol oynayıb”

 

- Qabil müəllim, dünyanın “öz evinə çəkildiyi” bir vaxtda, ermənilər seçki keçirdi. Buna baxmayaraq beynəlxalq aləm buna hər hansı bir ciddi reaksiya vermədi. Bu cür yanaşma başların pandemiyaya qarışmasını ifadə edir, yoxsa başqa səbəblər var?

 

- Ermənilərin bu təcavüzkar planlarının həyata keçməsində dünyanın susqunluğu böyük rol oynayıb.  Bunlar hələ də Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq faktına siyasi qiymət verməyiblər. Yəni təcavüzdən, işğal edilmiş ərazilərdən danışırlar, amma bu torpaqlar kimlər tərəfindən işğal edilib, onu demirlər.  BMT-nin qətnamələrində “erməni yaraqlıları” ifadəsi işlənib. Və BMT-nin qətnamələrində nisbətən “təcavüz edən və təcavüzə məruz qalan ifadəsi” aydın ifadə olunur.  Amma yerdə qalan təşkilatlar - Avropa Şurası, AŞPA, ATƏT və sair Avropa Birliyinin Parlamenti bu məsələdə ikilistandartları aydın hiss etdirirlər. Münaqişə ilə bağlı məsələ çox sadədir. Bunu uşaq da anlayır. Ermənistan Rusiyanın köməyi ilə ərazilərimizi işğal edib və burada ermənilərin özünün dediyi kimi “şanlı Artsax” özünümüdafiə qüvvələrindən söhbət gedə bilməz. Erməni torpaqlarımızı işğalda saxlayacaq gücə sahib deyil. Elə 5-6 kənd toplaşıb onları torpaqlarımızdan qova bilərdi. Amma Xocalı soyqırımında iştirak edən Rusiyanın 366-cı motoatıcı diviziyasının adı hələ heç kəsin yadından çıxmayıb. Yəni ortada təcavüz faktı, soyqırım faktı var.  Niyə bu cinayəti törədənlərin adı çəkilməsin?! Bu adlar çəkilsə və cinayətkarlar edam kürsüsünə çıxarılsa, ona qarşı cəza tədbirləri də müəyənləşər. Ən azı sanksiyalar tətbiq edilməlidir. Amma bunlar edilmir, onlara arxa çıxır, müdafiə edirlər.

 

- Beynəlxalq təşkilatların işğalçıya olan münasibətini qeyd etdiniz. Və onu da qeyd etdik ki, ermənilər heç nəyə məhəl qoymur. Pandemiya ərəfəsində bundan istifadə olunaraq Azərbaycana qarşı növbəti xarici təxribatlar nə qədər gözələniləndir?

 

- Azərbaycana qarşı təhdidlər həmişə mövcud olub. Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanı parçalayıb bir dövlət kimi varlığına son qoymaq planları var. İndi adlarını çəkməsək də, biz onların kim olduğunu bilirik. Ermənilər bu gizli təhdidlərdə, xain cinayətlərdə həmişə alət rolunu oynayıblar. İndi pandemiya dövründə də Azərbaycana qarşı əks siyasətin aparılmasını qətiyyən istisna eləmirəm. Hətta bunun bəzi məqamları haqqında əlimizdə kifayət qədər faktlar da var. Bunun ictimailəşdirilməsinin vaxtı olmasa da, vəziyyət ciddi şəkildə müzakirə edilir. Fürsətçilər əllərinə imkan düşən kimi yaranmış vəziyyətdən öz çirkin niyyətləri üçün istifadə eləməyə çalışırlar.

 

- Tez-tez belə fikirlərə rast gəlirik ki, pandemiya dünyanı dəyişdirəcək, dəyərlər dəyişəcək, yeni bir dönəm başlayacaq. Bu yeni mərhələ nəyi vəd edir, dünya gücləri öz istilaçı xislətindən əl çəkəcək, yoxsa başqa formalarla bu məqsədini daha da artıracaqlar?

 

- Nəzəri cəhətdən götürəndə dünya, demək olar ki, hər bir insan, hər bir fərd indi ağır bir sınaqdan keçir. İndiyə qədər mövcud olmuş qaydalar, tutaq ki, qlobalizm siyasəti, soyuq müharibədən sonra tətbiq olunan yeni dünya düzəni anlayışı və sair dünyanın yeni düzənə keçəcəyi ilə bağlı fikirləri önə çəkir. Bildirilir ki, dünya başqa dünya olacaq. Optimistlər belə hesab edirlər ki, dövlətlərin xarici siyasət xəttində, insanların dünya görüşündə, şüurunda bir təmizlənmə prosesi gedəcək, ictimai inkişaf özünün bütün nöqsanlarından tədricən azad olmağa başlayacaq və dünyada mahiyyət etibarilə yeni, həm də yeni dəyərlərə söykənən bir düzən formalaşacaq.  İnsanların mənəviyyatı dəyişəcək. Amma hər halda mümkün olmayanlar da var. Bədbin olanlar da söyləyirlər ki, əksinə, dünyada özünə qapanma, öz sərhədləri daxilində yaşamağa meyillilik, millətçilik ideyaları daha da arta bilər. Mən aparıcı meylin yaxşılaşmada, dünyanın daha mütərəqqi, daha inkişaf etmiş qaydalarla, dəyərlərlə formalaşacağı fikrinin üstün gələcəyinə inanıram. Amma bəzi bölgələrdə elə xalqlar var ki, ermənilər, ictimai inkişafda xeyli geridə qalmış xalqlar kimi, min illərdir ki, dəyişmək istəmirlər.

Bu mənada regionda vəziyyətin sürətlə dəyişəcəyini düşünmürəm. Amma ən azı bir müddət sonra regionda münasibətlərə obyektiv yanaşmalar formalaşacaq.  Dünyada oyun qaydalarını müəyyənləşdirən aparıcı dövlətlərdə ciddi dəyişiklik baş verəcək. Məsələn, Rusiyanın özündə çox ciddi dəyişikliklərin işartıları artıq görünür. ABŞ-da, Avropada da belə dəyişikliklər baş verəcək. Rusiyadakı dəyişikliklərin kataklizmlərlə müşayiət olunacağı istisna deyil. İndiki Putin dövrü, post- Putin dövrü Rusiya üçün o qədər də xoş olmayan dövrə təsadüf edəcək. Amma Avropa və ABŞ-da proseslər mütərəqqi istiqamətdə inkişaf edə bilər və onlar dünyaya yeni dəyərlərin təlqinedicisi və yayanı kimi daha da üstün mövqelərə sahiblənə bilərlər. Çin də yeni bir mərkəz kimi formalaşıb. Amma Çin hələ dəyər formalaşdıra biləcək, dünyaya yeni görüş, yeni yanaşma təlqin edə biləcək vəziyyətdə deyil. Əksinə, Kommunist Partiyasının mövcud olduğu dönəmdə də bu ölkədə millətçilik duyğularının inkişaf etməsi, bu ölkədə aqressiya duyğularını daha da genişləndirəcək və əgər indiyə qədər Avropa bu missiyanı üzərinə götürmüşdüsə, Çin də bu missiyaya qoşula bilər.

 

“İnsanların pandemiya dövründən əzilmədən, kiçildilmədən çıxmasına nail olaq”

 

- Belə bir vəziyyətdə Azərbaycan hansı kursu götürəcək?

 

- Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində səylərini daha da gücləndirməlidir. Çünki bəzilərinin dediyi kimi, postsovet dövrünə keçid dövrü hələ bir sıra sahələrdə başa çatsa da, tam dövlət quruculuğu, ictimai münasibətlərin yenidən qurulması, insanların dünya görüşündə milli dövlətçilik təsəvvürlərinin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə proseslər tam başa çatmayıb. Azərbaycan bir tərəfdən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda bütün resurslarını səfərbər etmək, həm siyasi, həm hərbi vasitələrlə işlərini həyata keçirmək istiqamətində səylərini artırmalıdır. Paralel olaraq Azərbaycan ölkədə neftdən asılılığını tamamilə aradan qaldırmağı və qeyri-neft sektorunu inkişaf etdirmək xəttini davam etdirməlidir. Son nəticədə Azərbaycan indi də regionun lider dövlətidir. Bu liderliyi yeni şərtlərlə, yeni keyfiyyət göstəriciləri ilə daha da zənginləşdirməlidir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, dövlətin təbiətcə sosial dövlət olması istiqamətində 2019-cu ildən başlayan islahatları davam etdirməlidir. Bura struktur, kadr islahatları daxildir. Amma bütövlükdə idarəetmənin çevik mexanizmlərinin axtarılıb tapılması, idarəçiliyin daha təkamül edilməsi, rüşvət və korrupsiyaya qarşı mübarizənin aparılması, cəmiyyətdə sosial ədalətin bütün istiqamətlərdə bərqərar edilməsi istiqamətindəki səylər daha ardıcıl surətdə həyata keçirilməlidir. Bu şəkildə biz cəmiyyətimizin milli həmrəyliyinə, siyasi həmrəyliyinə nail olmağa doğru gedə bilərik. Və bu prosesdə sosial tədbrlərin gücləndirilməsi, siyasi müstəvidə yeni konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət dialoqunda yeni keyfiyyət formasının əldə edilməsi və bütövlükdə əldə edilmiş razılaşma milli siyasi həmrəyliyin yeni keyfiyyət formasına aparacaq. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI