Biz bunu “Versus.az” ailəsi olaraq bacardıq

19:08 20-04-2020 | icon 4038 | KİV
Biz bunu “Versus.az” ailəsi olaraq bacardıq

“Heç bir mənbədən, şəxsdən maliyyələşməyən sayt illərdir güclü maddi, texniki bazaya malik olan internet resursları ilə ayaqlaşmağı bacarıbsa…”

 

 

Versus.Az İnformasiya Agentliyi olaraq, arzumuz çox sadədir. İstəyimiz budur ki, saytımız həqiqətən də cəmiyyətdə vətəndaş və ayrı-ayrı idarəedici qurumlar, vətəndaş-cəmiyyəti institutları arasında etibarlı, inanılan bir əlaqələndirici vasitə, eyni zamanda təbliğatçı, maarifləndirici bir media qurumu kimi ZİYALILIĞI ÖZÜNDƏ ƏXZ etdirərək, sensassiya güdmədən öz missiyanı yerinə yetirə bilsin. İctimai fikrin formalaşmasında heç bir yan maraq, qərəz güdmədən əsl həqiqətləri ictimaiyyətə çatdırmağa davam edə bilsin. Doğrunun yanında olmağı indikindən də çox bacarsın. Hər kəs burda öz sözünü desin. Qoy insanlar kimin haqlı olduğunu, layiqli olduğunu özləri ayrıd etsinlər. Doğru və yalan, zəif və güclü, yaxşı və pis, gecə ilə gündüz məhz BU MƏKANDA bir araya gəlsinlər.

 

VERSUS.az-ın "dialoq masası" Hər Kəsə öz xarakter və mahiyyətini açması üçün O Böyük imkanı qazandıra bilsin. Düşünürük ki, biz başladığımız bu missiyanın öhdəsindən qısa vaxt ərzində az da olsa gələ bilmişik və məqsədimiz daha böyük uğurlara imza atmaqdır. Təmənnasız olaraq yazıları ilə oxucularımızın maraqlarını təmin edən İgid Teymurlu, Pakizə Babayeva, Ağanisə Sultan, Gözəl Nəcəfli, Sevda Teymurova, Ayəndə Dadaşova və aktivist, hərdən köşə yazıları ilə mənəvi dəstəyini verən Ülviyyə Abışova daim yanımızda oldular. Mühasib kimi dəstəyini əsirgəməyən Maisə Cəfərova və Web-proqramist İlkin Əlizadənin əməyi isə bitmir ki, bitmir.

Təşəkkürlər hər birinizə. Biz sizinlə güclüyük, əziz dostlar, əziz oxucularımız!

Beləliklə, uğurumuz mübarək, Tahirə Qafarlı.

/Bu mənəm, sizin Arzu Zeynallı/

 

Həmkarlarımızın və dostlarımızın belə bir gündə bizimlə, təsis etdiyimiz saytımızla bağlı fikirləri də ürəkaçan oldu. Demək ki, üç ilimiz hədər getməyib.

Gəlin onları dinləyək:

 

 “Maddi sıxıntı mənəvi zənginliyimizə əngəl ola bilməzdi”

 

 

Aynurə Rəcəbli:

“Versus… Çox doğmadır bu ad mənə... Tahirə, Arzu, mən, birlikdə planlar cızırdıq üçümüz, reallaşacağına əminliklə… Çətinliklərə sinə gərə biləcəyimizə əmin idik. Çünki bu bizim qarşılaşdığımız ilk çətinlik deyildi…

Mən fərqli peşədə çalışsam da, jurnalist dostlarımın iradəsi, əzmi mənə bəlli idi. Əlimdən bir şey gəlməsə də, mənəvi dəstək olmağa çalışırdım. Və…

Cızdığımız plan üzrə ideyalarımızı gerçəkləşdirmək üçün hərəkətə başladıq. Cürbəcür adlar da düşünmüşdük. Sonda Tahirənin məntiqli izahı ilə bu adın - VERSUSun - üzərində dayandıq. VERSUS.AZ Və bir gün ARZUMUZ gerçəkləşdi. Heç bir maddi sıxıntı mənəvi zənginliyimizə əngəl ola bilməzdi. İllərin sınağından çıxmış dostluğumuzun təməli kimi, bu saytımızın da təməli möhkəm və sarsılmazdır.

İnanıram ki, əziyyətimiz illər keçdikcə də öz bəhrəsini verəcəkdir. Oxucu marağı getdikcə artmaqda olan bir sayt kimi illər sonra da öz fəaliyyətini davam etdirəcəkdir.

Bu yolda sizlərə saysız-hesabsız uğurlar arzulayıram, mənim əzizlərim. Peşəkar komandamızla birlikdə saytımızın yubileyini geniş auditoriyada qeyd etmək bizlərə nəsib olsun!”

 

 

“Bu cür şəraitdə dayanmadan 3 illik bir yol keçmək...”

 

 

 

  

 

Sevinc Seyidova:

 

“Versus.az saytını 3 yaşı tamam olması münasibəti ilə təbrik edirəm.

Ölkəmizdə son illərdə çoxsaylı informasiya saytları açılsa da, onların bir çoxu rəqabətə davam gətirməyərək fəaliyyətlərini dayandırıblar.

 

Bu cür şəraitdə dayanmadan 3 illik bir yol keçmək saytın geniş oxucu kütləsinə malik olduğunu, cəmiyyətin informasiya ilə təmin edilməsi kimi məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəldiyini göstərir. Sağlam kollektiv formalaşdırmaq, peşəkar jurnalistləri bir araya toplayaraq samballı iş ortaya qoymaq özü böyük uğurdur.

 

Saytınızın cəmiyyətdə baş verən proseslərə, reallıqlara olduğu kimi yanaşması, informasiyaların ünvanına dəqiq və qərəzsiz ötürülməsi oxucular tərəfindən də rəğbətlə qarşılanır.

 

Bir daha versus.az saytının rəhbərliyini və kollektivi 3 yaşları münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram”.

 

“Qazandığınız hər uğura görə ən çox sevinənlərdənəm”

 

 

 

 

Təranə Ziyadzadə:

 

“Bu saytın rəhbərlərindən ilk dəfə Arzunu hardasa 20-23 il öncə, qəzet redaksiyasında tanımışam. Sonralar onun vasitəsilə Tahirəni tanıdım. Onlarla tanışlığımız ailə dostluğunadək çatıb. Yadımdadı, həmişə deyirdim ki, görəsən nə vaxtsa mən də sizin kimi adi kiçik bir informasiyadan başlasam da, böyük həcmli məqalələr yaza biləcəyəmmi?

 

Mənə jurnalistikada addımlamağı, daha irəli getmeyi siz öyrətdiniz. Bu gün yaxşı ki, mən jurnalistikaya məhz qəzetdən sizinlə başladım deyirəm.

 

Yollarımız ayrıldı. Mən televiziyaya getdim.

 

Bu gün qazandığınız hər uğura görə ən çox sevinənlərdənəm. Çünki bu nailiyyətlərin təməlində böyük bir zəhmətin dayandığını bilirəm. Layiq olanların uğuru məni həmişə sevindirib. Bu isə məni ikiqat sevindirir. Həm layiq olanların, həm də əzizlərimin qələbəsi kimi.

 

Sizi səmimi qəlbdən təbrik edirəm, əzizlərim. Hər bir uğurunuzu öz nailiyyətim hesab edirəm. Öpürəm və daha böyük nailiyyətlərə!”

 

 

 “Uğurlu layihələr ərsəyə gətirmisiniz”

 

 

 

 

 

Namidə Bingöl:

 

“Bir həmkar olaraq, Versus saytında çalışan həmkarlarımızı təbrik edirəm.

Zaman-zaman uğurlu layihələr ərsəyə gətirmisiniz.

Həmişə çalışqan olmusuz.

 

3 il ərzində əməyiniz hiss olunub.

 

Bundan sonrakı fəaliyyətinizdə də Sizə uğurlar arzulayıram.

Canınız sağlam olsun ki, daima işinizin başında ola biləsiz.

Sizə bol oxucu arzulayıram”.

 

 

“Üç iliniz hədər getməyib”

 

 

 

 

Elnarə Dərziyeva:

 

“Bu gün dəyərli dostlarım, illərin peşəkar jurnalistləri Arzu Zeynallı Tahirə Qafarlının birgə əməyi nəticəsində fəaliyyətə başlayan Versus.az saytının 3 yaşı tamam olur.

 

Əzizlərim, Sizi və kollektivinizi bu gün münasibəti ilə ürəkdən təbrik edirəm!

 

Kütləvi informasiya vasitələri içərisində oxucuları mütəmadi olaraq, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatda baş verən hadisələr, yeniliklər və dəyişikliklərlə məlumatlandıran, maarifləndirən bir xəbər sayt olaraq onu deyə bilərəm ki, 3 iliniz hədər getməyib. Xəbərləriniz, şərhləriniz obyektiv və operativliyi ilə hər zaman fərqlənib, seçilib.

 

Hər zaman belə qalın! Sizin kimi peşəkarlara yalnız bu yaraşar!

Uğurlar arzulayıram!”

 

 

 

“Versus" özündən çox yoluna, yolu qədər də özünə inananların əməyidir”

 

 

 

 

 

Elçin Alıoğlu:

 

“Kiməsə, nəyəsə, kimlərsə və ya hansısa prosesə qarşı olmaq asandır. Qarşı çıxıb nə isə demək və ya yazmaq asandan da asan. Çətin olan bu qarşılıq mövqeyini əsaslandırmaq, məntiqlə izah etməkdir.

 

Axına qarşı üzməkdir bu. Üzü küləyə getməkdir.

 

Məşəqqətlidir, ənam və ya tərif, madiyyat və ya asan uğur gözləniləsi deyil.

 

Uğur sadəcə, Fata Morqana kimi uzaqda görünə bilər - inanmayanlar üçün özünə və yoluna.

 

Amma "Versus" özündən çox yoluna, yolu qədər də özünə inananların əməyidir. Zərif xanımların qətiyyətli, iradəli və ötkəm sözü, ağıllı baxış və dəyərli anlamdır.

 

Yaşı azdır, amma bu fani dünyada yaşı küləkdəki toz qədər artıq olan və ahıllaşan nə qədər yüngül, hərdəmxəyal nəsnə yox ki…

 

"Versus" sözü qədər ağırdır, istedadı qədər parlaqdır.

Qutlayıram bu işi görənləri, çünki İŞ görürlər...”

 

 

 

“Rəqabətə davam gətirməsinin başlıca səbəbi sayta uzun illər mətbuata bağlı adamların rəhbərlik etməsidir”

 

 

 

 

Elman Babayev:

 

“Dəyişən zaman, dövrün yeni çağırışları mətbuat sahəsinə də ciddi təsir göstərib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da oxunmaq baxımından çap mətbuatının yerini internet saytlarının tutması və bunun fonunda çoxsaylı internet mediasının yaranması prosesi gedib. Eyni zamanda, günümüzün daha bir reallığı - sosial media sürətlə inkişaf etməkdədir.

 

Belə bir şəraitdə mövcudluğunu qorumaq, ölkənin ictimai-siyasi həyatına nüfuz etmək heç də hər mətbu resursa nəsib olmur. Məhz belə durumda “Versus.az” informasiya agentliyinin fəaliyyət göstərməsinin, yeni-yeni uğurlar qazanmasının bir sıra mühüm səbəbləri var. Bunların sırasında fəaliyyətiniz dövründə obyektivlik və əsl vətəndaşlıq mövqeyinə sadiq qalmağınız dayanır.

“Versus.az” informasiya agentliyinin rəqabətə davam gətirməsinin digər başlıca səbəbi isə agentliyə uzun illər mətbuata bağlı təcrübəli adamların rəhbərlik etməsidir.

 

Hörmətli “Versus.az” İnformasiya Agentliyinin əməkdaşları, Sizi 3 yaşınız münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətinizdə də ölkəmizdə və dünyada baş verən hadisələrin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında uğurlar diləyirəm!

 

 

“Sizi siz edən birliyiniz və inamınızdır”

 

 

 

 

 

Vüqar Məmmədov:

 

“Dəyərli “Versus”ailəsi. Bu gün sizin üç yaşınız tamam olur. Təbii ki, üç il bir sayt üçün elə də ciddi bir zaman deyil.

 

Amma nəzərə alsaq ki, bura haqsız rəqabətlər və mərhumiyyətlər ölkəsidir, onda bu ölkədə üç il dayanmadan fəaliyyət göstərmək və yüzlərlə sayt, qəzet, informasiya agentlikləri və digər xəbər portallarnın arasında rəqabətə tab gətirərək özünə oxucu kontingenti toplayıb, müəyyən bir mövqe tutmaq elə də asan məsələ deyil.

 

Çünki bu iş ilk əvvəl ədalətli, sonra isə əzm, iradə, ardıcıllıq və prinsipiallıq tələb edən bir işdir. Və siz bunu “Versus “ailəsi olaraq bacardınız.

 

Mən sizin bu ailəyə uzun və şərəfli yol arzu edirəm. Arzu edirəm ki, birliyiniz, inamınız və iradəniz daim olsun. Çünki sizi siz edən birliyiniz və inamınızdır.

 

Sizin ailəni gerçəkdən səmimi və ürəkdən təbrik edirəm. Allah çəkdiyiniz əziyyəti yerdə qoymasın inşallah”.

 

 

“Bu yöndə digərlərindən orijinallığı ilə seçilir”

 

 

 

 

 

Anar Tağıyev:

 

“Hazırda ölkədə elektron mətbu orqanların sayı yüzlərlədir. Bu media qurumları onlarla insanın zəhməti sayəsində fəaliyyət göstərir. Lakin digərlərindən fərqli olaraq, Versus.az mənim hələ 2005-ci ildən tanıdığım həmkarlarımın zəhməti, əməyi sayəsində ərsəyə gəlib. Özü də necə!

 

Şübhəsiz ki, Azərbaycandakı bütün KİV-lərin hamısını eyni gündə izləmək, onların xəbərləri ilə tanış olmaq mümkün deyil. Bu səbədən portalların, informasiya agentliklərinin xəbərləri ilə onların sosial şəbəkələrdəki səhifələri vasitəsilə tanış olmaq mükündür. Başqa sözlə desəm, hər hansı mətbu orqanın "facebook" səhifəsini bəyənməklə onun xəbərləri ilə sosial şəbəkə vasitəsilə tanış olmaq daha asandır. Bəs Versus.az digərlərindən nə ilə fərqlənir?

 

Bu mətbu orqan hər şeydən əvvəl ölkənin daxili xəbərlərinə köklənib. Media sferasında Azərbaycanın siyasi təşkilatlarına, qeyri-hökumət təşkilat rəhbərləirnə, deputatlara ən çox yer ayıran, onlara tribuna verən mətbu orqan olaraq digərlərindən orijinallığı ilə seçilir.

 

Arzu edirəm, 30 yaşınızı böyük kollektivlə və daha geniş çərçivədə qeyd edəsiniz! Çıxdığınız yola bu uğurlarla davam edin!”

 

 

 

“Müstəqil medianın nümunələrindəndir”

 

 

 

 

Rafail Becanov:

 

“Versuz.az saytı oxunaqlı, cəmiyyətin problemlərinə açıq saytdır. Müstəqil medianın nümunələrindəndir.

 

Media nümunəsi yaratmaq, cəmiyyətin bütün spektlərini əhatə və onları informasiya ilə təmin etmək, məsuliyyətli olduğu kimi də böyük zəhmət tələb edir. Versuz.az bunu bacarır.

 

Çox maraqlı və özünəməxsus layihələr həyata keçirir. İndiki media mühitində, xüsusilə informasiya bolluğunda oxucu toplamağı bacarmaq, izlənən sayt olmaq çətin işdir. Sizin kollektiv bunu bacarır.

 

Təbrik edirəm və uğurlarınız davamlı olsun deyirəm! Hər birinizə sonsuz sayğılarımı bildirirəm”.

 

 

“Saytı quran insanlar standart biçimdə görünməkdən vaz keçiblər”

 

 

 

 

 

Bəybala Mirzəyev:

 

“Müstəqil Azərbaycanımızda xəbər agentlikləri, ənənəvi və internet TV-lər, xəbər portalları, qəzetlər və FM radiolar çoxdur. Amma onların arasında Versus.az adında bir sayt da var ki, bu sayt özünün bütün parametrləri ilə digərlərindən fərqlənir və bu fərqliliyi ilə də bu sərt rəqabətli dünyada oxucuların diqqətini cəlb etməyi bacarır.

 

Bu saytın 3 yaşı tamam olur bu gün. Amma 3 il bir sayt üçün nədir ki? Ömürdə bir göz qırpımı. Ümmanda bir zərrə. Zamanda bir an...

 

Lakin bu sayt həmin bu üçcə illik qısa zaman kəsiyində özünə kifayət sanballı bir oxucu auditoriyası toplaya bilib. Bu gün bu saytın xəbərlərini, analitik yazılarını, siyasi şərhlərini ölkənin ən nüfuzlu siyasət adamları, millət vəkilləri, QHT rəhbərləri, alimlər, ictimai fəallar maraqla oxuyur və saytın mövqeyini, çəkisini yüksək qiymətləndirirlər.

 

Cəmi üçcə il ərzində bu yerlərə gəlib çatmaq həqiqətən də böyük başarıdır.

Mən bu arada fürsətdən istifadə edib saytın veb-tərtibatını, rəng seçimlərini də ayrıca qeyd etmək istəyirəm. İlk baxışdan kiçik detal kimi görünən bu nüanslar da sözügedən saytı digər xəbər saytlarından əhəmiyyətli dərəcədə fərqləndirir. Əlbəttə, yaxşı mənada. Yəni ki, bu saytı quran insanlar hamı kimi standart biçimdə görünməkdən vaz keçiblər. Və düz də ediblər. Oxucuların gözləri də az-çox fərqlilik görməlidir axı.

 

Mediamızın cüt bacıları - Tahirə Qafarlı və Arzu Zeynallı, mən sizin hər ikinizi və əməkdaşlarınızı da saytınızın təsis günü münasibətilə təbrik edirəm.

Məşhur filmlərimizdən birində deyildiyi kimi, sükanı belə saxlayın!

 

İnşAllah qarşıdakı illərdə daha böyük uğurlar qazanacağınıza yüz faiz əminəm. Böyük Azərbaycanımız üçün, dövlətimiz və millətimiz üçün faydalı işlər görən KİV-lərə hava-su kimi ehtiyac var. Sizə bu yolda uğurlar!”

 

 

“Arzu və Tahirənin birgə yaradıcılıq məhsulu”

 

 

 

 

 

Əmrah Fəqanoğlu:

 

“Sizin sayt həqiqətən öz dəsti-xətti, ictimai-siyasi hadisələrə və bu hadisələrin təkanverici qüvvəsi olan şəxsiyyətlərə obyektiv yanaşması ilə seçilir. Buna görə də oxunaqlı və maraqlı xəbər saytı hesab edirəm.

 

Operativ və çevik xəbərlərin ünvanı deyəndə istər-istəməz versus.az birincilər sırasında assosiasiya olunur.

 

Bu saytı mənə sevdirən həm də köhnə, mənə əziz olan, təmənnasız dostluğa qadir Arzu və Tahirənin birgə yaradıcılıq məhsulu kimi minlərlə oxucu auditoriyasını məmnun etməsidir. Fəxr edirəm ki, mənim yazılarıma da öz qapı və pəncərələrini hər zaman taybatay açırlar.

 

Yeni layihələrin həyata keçirilməsi, saytın fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından təbii ki, maliyyə dayanıqlığı mühüm şərtdir. Arzu edirəm ki, versus.az-ı sevə -sevə oxuyan, gördükləri işlərin bu media orqanında təmənnasız və obyektiv işıqlandırılmasına əmin olan dostlarımız malik olduqları maliyyə imkanlarından bu saytın inkişafı üçün əsirgəməsinlər, səxavət nümayiş etdirsinlər.

 

Versus.az-ı 3 yaşı münasibətilə bir daha təbrik edir, Azərbaycanımızın çiçəklənməsi, dövlətimizin daha da möhkəmləndirilməsi namiminə ölkə Prezidentinin gördüyü işlərə bundan sonra da informasiya dəstəyi verməyə səsləyirəm. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük! Uğurlarınız davamlı olsun, əziz jurnalist həmkarlarım!”

 

 

“Bu, saytın güclü potensiala malik olmasından xəbər verir

 

 

 

 

 

Cavid Şahverdiyev:

 

Versus.az saytı rəhbərliyi kimi mənə doğmadır. Heç bir mənbədən, şəxsdən maliyyələşməyən sayt illərdir güclü maddi, texniki bazaya malik olan internet resursları ilə ayaqlaşmağı bacarıbsa, bu onun güclü potensiala malik olmasından xəbər verir.

 

Versus.az internet resursu bolluğu bazarında öz yerini tutub.

 

Düzdür, hərdən büdrəyən, problemlərlə üzləşən vaxtları da olub, bu təbiidir, amma ayaq üstə durub, yıxılmayıb. Bundan sonra da yıxılacağına inanmıram. Çünki, rəhbərliyi - Arzu Zeynallı, Tahirə Qafarlını çoxdan tanıyıram, güclərinə, potensiallarına bələdəm.

 

Versus.az-a və rəhbərliyinə uğurlar arzulayıram”.

 

 

 

“Yaşınız az olsa da, 3 ildə xeyli yol qət edə bilmisiniz”

 

 

 

 

 

Anar Miriyev:

 

“Təbrik edirəm Versus ailəsini! İndiki vaxtda, cəmiyyətin etibarını qazanan informasiya orqanı yaratmaq çox çətindir. Həm bolluqdur, həm də cəmiyyətin etibar etməsi baxımından kasaddır.

 

Bu mənada yaşınız az olsa da, 3 ildə xeyli yol qət edə bilmisiniz.

 

Operativ xəbər təqduim edilməsi, siyasi xəbərlərin bol olması baxımından seçilirsiniz.

 

Sizə 3 yaşınızda uğurlar arzulayır, növbəti yaşınızda daha çox uğur, oxucu sayı və madii vəziyyətə kömək edəcək sayda reklamlar arzulayıram. 3 yaş hələ başlanğıcdır!”

 

 

 

“Peşəkar işiniz hər kəsi sevindirir”

 

 

 

 

 

Azər Rəşidoğlu:

 

“Hər gün oxuduğum və maraqla izlədiyim Versus.az saytını təbrik edirəm.

 

Peşəkar işiniz hər kəsi sevindirir.

 

Sabit oxucu kütləniz daima sizinlə bərabərdir.

 

Daha böyük uğurlarınızı gözləyirəm.

 

Bir daha təbrik edirəm. Uğurlarınız bol olsun!”

 

 

 

 

“Maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilir”

 

 

 

 

 

Vüsalə Qələndərli:

 

“Bu gün Azərbaycan mediasında maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən Versus.az İnformasiya Agentliyinin ad günüdür.

 

Versus.az İnformasiya Agentliyinin baş redaktoru Tahirə Qafarlı və baş redaktorun müavini Arzu Zeynallı başda olmaqla, bütün həmkarlarımızı təbrik edir, onlara can sağlığı, işlərində uğurlar, bol informasiya arzulayıram.

 

Hər zaman doğrunu yazmağı, əxlaqi dəyərlərimizi gözləməyi bacaran, istedadlı gənclərimizə təmənnasız dəstək olan bir media qurumu olaraq tanıdığım Versus.az komandasına uğurlar diləyirəm”.

 

 

 

“Saytda peşəkar həmkarlarımın təmsil olunması da “Versus” üçün uğur sayıla bilər”

 

 

 

 

 

Nahid Canbaxışlı:

 

“Mən şadam ki, Azərbaycanda virtual media məkanında özünün dəstixətti olan Versus.az kimi belə bir İnformasiya Agentliyi mövcuddur.

 

Davamlı baş verən hadisələrə yanaşma prinsipləri, apanentləri seçmə və onlara yönəldilən suallar bir oxucu kimi məndə marağa səbəb olur.

 

Bununla bərabər saytda peşəkar həmkarlarımın təmsil olunması da Versus.az üçün uğur sayıla bilər.

 

Mən Versus.az saytının rəhbərliyini və kollektivini ad günləri münasibəti ilə təbrik edirəm.

 

İnşallah o gün gələr ki, Versus.az-da Qarabağdakı uğurlarımız və işğalda olan torpaqlarımızın azad olunması müjdəli xəbərlərini oxuyaq”.

 

 

 

“Ümid edirəm ki, bu dəstəyi göstərənlər olacaq”

 

 

 

 

Tamara Mütəllimzadə:

 

“Versus.az saytı əsasən işıqlandırılan problemin həllinə çalışılması və qismən də olsa buna nail olunması ilə diqqətimi çəkib. Saytda yer alan sosial problemlər, iqtisadi məsələlər, mədəniyyət və bir çox problemlər barədə yazılan məlumatlar və onların həllinin yerində həll edilməsi mənimçün maraqlı və əhəmiyyətli oldu.

 

Şəxsən mən bir oxucu kimi ətrafimda yaranan bir çox problemlərin həllini məhz Versus.az sayt vasitəsilə aidiyyəti qurumlara catdıraraq həllini tapmışam.


Bu gün Versus saytının təsis edildiyi gündür. Sayta və keçmiş həmkarlarım olan rəhbərlərinə, eləcə də bütün kollektivə araşdırmalarında daha iradəli, möhkəm olmağı arzu edirəm. Təbii ki, bunun üçün maliyyə dəstəyi də mühümdür.

Ümid edirəm ki, dövlətçiliyə xidmət edən bir sayt olduğunuzu nəzərə alıb, bu dəstəyi göstərənlər olacaq.

Uğurlar arzulayıram”.

 

 

“Yarandığı gündən bir çox layihə həyata keçirib”

 

 

 

 

 

Xəyal Abdullayev:

 

“Bu gün, əziz dostlarım Arzu Zeynallı və Tahirə Qafarlının təsis etdiyi Versus.az saytının 3 yaşı tamam olur.

 

2017-ci ildən başlayaraq bu günə qədər uzun bir yol qət edib.

 

Versus.az yarandığı gündən bəri bir çox layihə həyata keçirib.

 

Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim olunmasıdır. Və saytın kollektivi buna kifayət qədər nail olub.

 

Həmkarlarımı təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzu edirəm.

 

 

 

“VERSUS”a öz məramını ilahiləşdirməyi arzulayıram

 
 
 
 
 
 
 
Elman Eldaroğlu:
 
 
 
"Təbrik edirəm!
Deyildiyinə görə, ömür bir neçə mərhələdən ibarətdir - körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, cavanlıq və qocalıq.
 
 
Bunlar insan düşüncəsinin ortaya qoya bildiyi məqamlar olsa da, bir həqiqət də var: - yaranış, inkişaf, özünütəsdiq və əbədiyyət...
 
 
Versus. Az saytı əbədiyyətə gedən yolun astanasındadır, bu gün üç yaşı tamam olur...
 
 
Demirəm ki, dürüstlük, saflıq məqamına yetişmək asandır, əsla yox.
 
 
Mən “VERSUS”a öz məramını ilahiləşdirməyi arzulayıram...
 
 
3 yaşınız mübarək, Versus.Az!"

 

 

 

“Arzularınız tezliklə çin olsun”

 

 

 

 

 

Namiq Mayılov:

 

“Cəmi 3 il? Mən elə bilirdim sizin azı 10 yaşınız var. Bu o deməkdir ki, siz qısa vaxtda böyük yol qət eləmisiniz.

 

İnformasiya məkanında Versus.az-ın öz yeri və payı var. Gündəlik xəbərlərlə yanaşı, maraqlı müsahibələr edir, ictimai-siyasi əhəmiyyətli layihələr gerçəkləşdirirsiniz. Şadam ki, bəzi məsələlərə münasibət bildirmək üçün mənə də meydan verirsiniz.

 

Əminəm ki, indiki mürəkkəb rəqabət şəraitində sərgilədiyiniz peşəkar yanaşma nəticəsində Versus.az Azərbaycanın xəbər bazarında daha da möhkəmlənəcək.

 

Bilirəm ki, bütün Azərbaycan jurnalistləri kimi sizin də ən ülvi arzunuz torpaqlarımızın işğaldan azad edilməsi xəbərini verməkdir. Arzularınız tezliklə çin olsun! Uğurlar!”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi