Pandemiyada siyasi formalaşan yeni mədəniyyət və... - MÜSAHİBƏ

10:16 21-04-2020 | icon 491 | Siyasət
Pandemiyada siyasi formalaşan yeni mədəniyyət və... - MÜSAHİBƏ

Elman Nəsirov: “İndiki reallıq yeni siyasi mədəniyyətin yaranması zərurətini ortaya qoyub”

 

Bu gün dünya COVİD 19 pandemiyasına qarşı birgə mübarizəyə qoşulub. Bir çox ekspertlər bəşəriyyətin xilası naminə birləşən dünyanın yeni bir düzənə keçid ərəfəsində olduğunu iddia edirlər. Pandemiya eyni zamanda vətəndaş -cəmiyyət vəhdətini önə çəkir və yeni münasibətlər sistemini formalaşdırır. Nə baş verir, dünya və ayrı-ayrı cəmiyyətlər bu prosesdə hansı yenilənməyə sahiblənəcək?

 

Versus.az xəbər verir ki, millət vəkili Elman Nəsirov müsahibəsində gündəmdə olan mövcud iddialarla bağlı maraqlı nüanslara diqqət çəkib.

 

“Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev yeni bir siyasi mədəniyyəti ortaya qoydu”

 

- Elman müəllim, hazırda dünya koronavirus pandemiyası, karantin dönəmini yaşayır. Necə hesab edirsiz, insanlıq üçün təhlükə yaradan bu yeni dönəm, hansı vahid mədəniyyətin formalaşmasını tələb edir?

 

- Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı bu il fevral ayının 11-də bütün dünyanı əsarətə almış Koronavirus pandemiyasına COVİD 19 adını verdi. Mart ayının 11-də isə bu vəziyyəti məhz pandemiya kimi qiymətləndirdi. Bütün dünya ölkələri artıq bu pandemiya ilə mübarizə şəraitində yaşayır və bir çox hallarda bunu müharibəyə də bənzədirlər. Yeni dünya reallığı formalaşıb və bütün dünya xalqları millətindən, dinindən, irqindən, statusundan asılı olmayaraq onun hədəfindədir. O nə iqtidar tanıyır, nə müxalifət, nə fövqəldövlət, nə də kiçik dövlət tanımır. Hər bir dövlət də öz imkan və potensialı fonunda mübarizə aparır. Eyni zamanda başqa bir həqiqət də üzə çıxdı ki, indiki halda bu pandemiyaya qalib gəlmək üçün fərdi mübarizə ilə yanaşı, koordinasiya olunmuş fəaliyyətə və dövlətlərarası əməkdaşlıq mühitinin daha da dərinləşməsinə böyük ehtiyac var. Xüsusilə də indiki reallıq yeni bir siyasi mədəniyyətin yaranması zərurətini ortaya qoyub. Bu elə bir siyasi mədəniyyətdir ki, indiyə qədər bir-birinə qarşı olan iddiaları kənara qoymağı, gücündən asılı olaraq bir-birini hədələmə, təhdid etmə məsələlərini ikinci plana keçirməyi tələb edir. İndi yeganə məsələ insanlığın qorunması, müdafiəsi ilə bağlıdır. Çünki   bəşəriyyət  özü çox böyük təhlükə ilə üz-üzə qaldığının fərqindədir. İş o yerə çatıb ki, bütün dünyanın terrorçu bir qrup kimi tanıdığı Əfqanıstandakı Taliban hərəkatının liderləri Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək, indiki reallıqla bağlı özünün dəstəyini təklif edib. Ona görə də hesab edirəm ki, indiki halda dünya xalqlarının sağlamlığının qorunması, təhlükəsizliyinin təminatı birnömrəli vəzifəyə çevrilir və dövlətlərin, xalqların indiyə qədərki davranışını kökündən dəyişən reallığı ortaya çıxarıb. Pandemiyaya qədər hər bir dövlətin, dövlətlər qrupunun və təşkilatların özünəməxsus təhlükə mənbələri olub. İndiki reallıqda isə bütün dünya dövlətləri üçün bir təhlükə mənbəyi var, o da koronavirus pandemiyasıdır. Belə olan vəziyyətdə indiki halda həmrəyliyə, birliyə, xeyirxahlığa, şəfqətə və bu kimi ülvi dəyərlərə böyük ehtiyac yaranıb. Məhz bu ehtiyacdan da qaynaqlanaraq Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev yeni bir siyasi mədəniyyəti ortaya qoydu. Bu gün bütün dünya dövlətlərinin bu bəla ilə mübarizədə olmasına baxmayaraq, məhz Azərbaycan dövləti Türkdilli Dövlətlər Şurasının liderlər səviyyəsində videokonfrans keçirdi. Beləliklə, koronavirusa qarşı mübarizə prosesində türkdilli dövlətlərin əməkdaşlığı, həmrəyliyi məsələsini ortaya qoydu və bu istiqamətdə əməli addımlar atılmağa başlandı.  Bu özü çox mühüm bir məsələdir. Hələ dünyanın heç bir beynəlxalq təşkilatı, liderlər səviyyəsində belə bir addım atmayıb. Bunun mənası odur ki, türkdilli ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə öz milli mübarizə nümunələrini və təcrübələrini paylaşırlar. Artıq pandemiya dünya dövlətlərindən yeni siyasi yanaşma tələb edir və BMT-nin baş katibi Kuteriyes özü dünya dövlətlərinə, xalqlarına müraciət etdi ki, indiki məqamda müharibələr dayandırılsın, bir-birini hədələməklə bağlı məsələlərə fasilə verilsin. Bəyan edildi ki, bizim bir-birimizlə düşmən olan vaxtımız deyil. Bizim ümumi bir düşmənimiz var, o da pandemiyadır. Bax bu, siyasi mədəniyyətin yeni yanaşmasıdır. İndidən düşünmək olar ki, pandemiyadan sonrakı yeni dünya düzəni də forma və məzmun baxımından əvvəlkindən seçiləcək.

 

“Qloballaşma elə bir prosesdir ki, pandemiya ilə onun qarşısının alınacağı düşüncəsi məntiqli deyil”

 

- Bəllidir ki, bir çox cəmiyyətlərdə dünyaya inteqrasiya prosesindən zaman-zaman söz açılıb və hansısa xalqların Avropa, Qərb, yaxud, Şimal və Cənuba meyilliliyi önə çəkilib. Nəzərə alsaq ki, pandemiya bu gün hər kəsi “öz yuvasına” qaytarır, o zaman bu prosesin qloballaşmadan çox, özünə qapanma, milli dövlətçilik prinsipini yüksəltdiyini söyləmək olarmı?

 

- Bəli, belə yanaşmalar var. Amma qloballaşma elə bir prosesdir ki, pandemiya ilə onun qarşısının alınacağı düşüncəsi məntiqli deyil. Şübhəsiz ki, pandemiyanın təsirlləri olacaq. Ancaq bunu həddən artıq da şişirtmək lazım deyil. Bu gün müxtəlif ölkələrdə yaşayan insanlar pandemiyanın təsiri altında öz ölkələrinə qayıdırlar. Lakin bir reallığı da qeyd etməliyik ki, həmin insanlar qayıtdıqları ölkələrdə qalmayacaqlar. Həmin insanlar sadəcə pandemiyanın başa çatmasını gözləyirlər və yenidən təhsil aldıqları, işlədikləri məkanlara qayıdacaqlar. Yəni məsələni  bu qədər sadələşdirmək olmaz. Məhşur bir filosof da deyib ki, “Tarixin ən böyük dərsi ondadır ki, insanlar ondan dərs almırlar”. Bunu da yaddan çıxarmaq olmaz. Hesab edirəm ki, pandemiyadan sonrakı reallıqlarda, ciddi iqtisadi çətinliklərin olacağını düşünmək lazımdır. Bunu artıq Beynəlxalq Valyuta Fondunun ekspertləri vurğulayırlar. Hətta belə qeydlər var ki, 2008-2009-cu ilin iqtisadi böhranından daha çətin böhran yaşanacaq. Təbii ki, belə olan vəziyyətdə yeni iqtisadi düzən, yeni iqtisadi reallıqlar fonunda beynəlxalq münasibətlər sistemində, dövlətlərarası müəyyən münasibətlərə yenidən baxılması məsələləri ortaya çıxır. Amma pandemiyaya qədərki geosiyasi reallıqların üstündən xətt çəkilərək, tamamilə yeni dünya düzəninin yaranacağı ilə bağlı səthi qərar çıxarmaq doğru deyil. Bəli, dünyada dəyişikliklər artıq baş verməkdədir. Dünyanın çox ciddi iqtisadi problemləri, təsir altında dövlətlərarası münasibətlərə də yeni bir baxış tərzi sərgilənə bilər. Belə olan vəziyyətdə hər bir dövlət iqtisadi böhran şəraitində öz strateji xəttinə baxa bilər, korrektələr edə bilər. Bunlar hamısı qaçılmaz həqiqətdir. Amma bütövlükdə koronavirusa qədərki dünya və koronavirusdan sonrakı dünyanın arasında çox kəskin fərqlərin olacağını, fərqli-fərqli dünyaların olacağı haqqında fikirlər söyləmək hesab edirəm ki, məsələyə bir qədər səthi yanaşmadır.

 

- Elman müəllim, siz də qeyd etdiniz, pandemiyadan sonra dünya yeni düzənə keçəcək. Nəzərə alsaq ki, dünyanı idarə edən, böyük gücləri formalaşdıran da məhz insanlardır, deməli, birinci növbədə insanın dünyaya baxış xarakteri və istəkləri dəyişməlidir? Sizcə pandemiya insan maraqlarını, xarakterini dəyişə biləcək?

 

- Buna inanmıram. Məsələ ondadır ki, 1918-ci ildə dünyanı “ispan” qripi bürüdü. Ondan sonra dünya dəyişdi və “Versal” sülhü bağlandı. “Versal sistemi” deyilən beynəlxalq münasibətlər sistemi formalaşdı. Amma “Versal” beynəlxalq münasibətlər sistemi 1-ci dünya müharibəsinin nəticələri üzrə formalaşdı. Baxmayaraq ki, qrip milyonlarla insanın taleyinə son qoydu, amma “ispan” qripi “Versal” beynəlxalq münasibətlər sistemini müəyyən edən həlledici amil statusunda çıxış etmədi. Pandemiya təbii ki, bundan sonra səhiyyə, sağlamlıq məsələlərinə diqqətin artırılması, yeni xəstəxanaların tikilməsi, həkim personalının bilik və bacarığının, peşəkarlığının gücləndirilməsi və sair məsələləri daha da aktuallaşdıracaq. Amma bütövlükdə pandemiyadan sonra dünyanın siyasi liderlərinin, tutaq ki, dünyaya baxışı və böyük dövlətlərin strateji planlarının dəyişəcəyini, öz planlarından imtina edəcəyini düşünmək məsələyə səthi yanaşma olardı. Sizə ABŞ-ı misal gətirim. Amerika Birləşmiş Ştatları dünyanın fövqəl dövlətidir. Onun təkcə hərbi büdcəsi 719 milyard dollar təşkil edir. Bütün dünya ölkələrinin birlikdə hərbi büdcəsi təxminən 1,7 trilyondur. Deməli, bütün dünyanın hərbi büdcəsinin yarısı ABŞ-dadır. Bu ölkənin rəhbərliyi də hər zaman deyir ki, bizim dünyada iki cür maraqlarımız var: biri ümumi maraqlar, biri də xüsusi maraqlarımız. Ümumi maraqlarımızla bağlı biz bəyanat veririk, pisliyirik, tənqid edirik, amma xüsusi həyati maraqlarımız olan yerdə hətta lazım olanda bombalayırıq, güc tətbiq edirik. ABŞ-ın dünyanın 670-dən çox obyektində hərbi bazası var. Bütün bu reallıqların fonunda pandemiyadan sonra Amerikanın özünün qlobal həyati maraqlarından imtina etməsi, özünəqapanması, okeanın o tayında özü üçün yaşam tərzi seçməsi çox məntiqsizdir. Hələ gələcəkdə bu məsələlər çox müzakirə olunacaq. Bilirsiz ki, ABŞ pandemiya ilə bağlı Çinə qarşı çox ciddi iddialarla çıxış edir. ABŞ prezidenti bəyan edir ki, pandemiyanın yaranmasında Çin amili olarsa, bu ABŞ-Çin münasibətlərini kökündən dəyişə bilər. Bax bu gün bu kimi mövqelər, yanaşmalar var. Ona görə də hesab edirəm ki, pandemiyadan sonrakı dünyanın iqtisadi platformasında dəyişikliklər istisna deyil, amma dövlətlərin öz milli, geostrateji maraqlarından imtina edəcəyi məntiqə uyğun deyil.

 

- Sizcə, Pandemiya Qafqaz regionunun geosiyasi xəttində hansı dəyişikliyə şərait yaradacaq. Hazırda regionun vəziyyəti necədir və bu proses bizim Qarabağ münaqişəsinin həllinə yönəlik hansı dəyişik münasibətləri ortaya çıxara bilər?

 

- Pandemiyanın mövcud olduğu reallıq bu münaqişənin həlli məsələlərinə də təsirsiz qalmayıb. Ən azı münaqişənin həlli prosesində obyektiv səbəblə bağlı bir sükunət var. ATƏT-in Minsk Qrupu həmsədrləri ən azı regiona səfər etmirlər və bunun da qeyd etdiyim kimi obyektiv səbəbləri var. Bu gün pandemiya dünyanın siyasi gündəliyində 1-ci yerdə dayanır. Yerdə qalan bütün digər məsələlər sonrakı mərtəbələrdə yerləşir. Bu mənada biz ancaq pandemiyadan sonrakı reallıqdan danışa bilərik. Nə qədər ki, dünya pandemiya mərhələsindədir, ən azı münaqişələrin həlli məsələsi yox, onların daha çox dondurulması və problem həll edilmədən həlli prosesinə bir pauzanın verilməsi barədə düşünə bilərik. Amma hesab edirəm ki, bu pauza, strateji pauzadır və dünya pandemiya əsarətindən xilas olduqdan sonra münaqişələr yenə də öz aktuallığını qoruyub saxlayacaq. Çünki pandemiya o münaqişələri həll etmədi, onların həlli prosesində və yaxud da onların daha da alovlanması prosesində obyektiv bir pauzanın yaranmasını şərtləndirdi. Bu nöqteyi-nəzərdən pandemiyadan sonrakı reallıqlarda münaqişənin həlli ilə bağlı yenidən danışıqlar prosesi, onun həlli istiqamətində ATƏT-in fəaliyyəti və sair bu kimi  məsələlərin bərpasından söhbət gedə bilər. Bundan sonra əsas məsələ Ermənistan rəhbərliyinin davranışından,  münaqişənin həlli ilə bağlı tutacağı roldan  və beynəlxalq təşkilatların, xüsusn ATƏT-in davranışından asılı olacaq.  “Pandemiya məsəlsi pandemiyadan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövzu olacaq və Ermənistan rəhbərliyi öz mövqeyini 180 dərəcə dəyişəcək”,  kimi yanaşmalar hesab edirəm ki, sadəlöhv yanaşma olardı. Münaqişə necə var elədə saxlanılıb. Bəli, Azərbaycanın siyasi, diplomatik mövqeləri güclənib, hərbi gücümüz daha da artıb. Bu istiqamətdə bizim üstünlüklərimizin artması göz qabağındadır. Bunu dövlətimizin rəhbəri də hər zaman söyləyir və bu, tam reallığı əks elətdirir. Ancaq Ermənistanın mövqeyində dəyişikliklər olmayıb və olacağı barədə də işartı yoxdur.

 

“Vətəndaş müharibəsindən ta vətəndaş həmrəyliyinə qədər bir yol...”

 

- Pandemiya və onunla mübarizədə vətəndaş və cəmiyyətin rolu necə görünür və bu gün vətəndaş cəmiyyətləri özlərini necə ifadə edə bilir?

 

- Bütövlükdə cəmiyyətdə Pandemiyanın təsiri altında davranışların özü dəyişib. Yəni pandemiyaya qarşı mübarizə bütün qurumları, bütün təşkilatları, eyni zamanda vətəndaş cəmiyyətləri institutlarını da bu məsələyə fokuslayıb. İndi onların bütün fəaliyyəti məhz bununla bağldır. Yeni reallıqda digər davranış mexanizmlərinə də təsirsiz qalmayıb. Əvvəllər toplantılar, konfranslar şəklində keçirilən iclaslar, indi virtual səviyyədə, videokonfranslar şəklində həyata keçirilir. Vətəndaş Cəmiyyəti institutlarının bu gün ənənəvi fəaliyyət sahələrində bir daralma özünü göstərir. Çünki pandemiyanın fonunda digər məsələlər ikinci  plana keçib. Hesab edirəm ki, bu keçici bir prosesdir və pandemiya başa çatdıqdan sonra vətəndaş cəmiyyətlərinin fəaliyyətində də bir dinamika özünü göstərəcək.  İstənilən  demokratik cəmiyyətlərdə belə institutlar kifayət qədər böyükdür və Azərbaycan da demokratik inkişaf yolunu seçən bir dövlət olaraq vətəndaş cəmiyyətlərinə böyük yer verir. Azərbaycandakı vətəndaş cəmiyyətləri institutları vətəndaş müharibəsindən ta vətəndaş həmrəyliyinə qədər bir yol keçiblər. Bu nöqteyi-nəzərdən indiki halda onların fəaliyyəti  var və bu daha çox pandemiya və onun mümkün təsirləri və digər məsələlərin tərkibində reallaşdırılır. Vətəndaş Cəmiyyəti institutları öz tədbirlərində vətəndaş cəmiyyətlərinin daha da möhkəmləndirilməsi, insanların sağlamlığının qorunması, sosial, müdafiəsinin qorunması istiqamətində öz fikirlərini bildirib müzakirələr aparır, dövlətin siyasətini müdafiə edirlər.  Bütün bunlar var.

 

“Onlar ən çətin vaxtlarda, yenə də xalqın yanında ola bilmədilər”

 

- Elman müəllim, bir sıra siyasilər, ekspertlər belə fikirlər səsləndirirlər ki, hökumətlə konstruktiv müzakirə və çağırışlara qeyri-ciddi yanaşmalar və prosesi siyasi şouya çevirmək istəyən qüvvələr var. İstərdim bu barədə fikirlərinizi bildirəsiniz?

 

- Hər kəsə yaxşı bəllidir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə atdığı ardıcıl, sistemli, praqmatik addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan bu baxımdan nümunəvi ölkələr sırasındadır. Bir çox ölkələr bizim bu istiqamətdə təcrübəmizdən istifadə edirlər. Və Azərbaycan üç istiqamətdə; birinci insanların sağlamlığının qorunması, ikincisi insanların sosial müdafiəsinin təminatı, üçüncüsü isə bütün bu reallıqlar fonunda iqtisadi fəallığın qorunması ilə bağlı işlərini aparır. Bu geniş mövzudur və ayrılıqda bu məsələyə toxunmaq olar. Amma qısa şəkildə bunu söyləyim ki, dünya bunu görür və Azərbaycan vətəndaşları bunu özlərinin Prezidentə ünvanladıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Ancaq bütün bu proseslərə kölgə salmaq istəyən yeganə, vokal bir qruplaşma da var. Bu Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır və özünü Milli Şura kimi təqdim edən bir qurumdur. Yəni onlar məsələlərə “Azərbaycan xalqı üçün nə pisdir, onlar üçün yaxşıdır” məntiqi ilə yanaşırlar. Mən onu da qeyd edim ki, indiki məqamda onlardan başqa bir mövqe də gözləmirdim.  Çünki xalqı, dövləti ilə üst-üstə düşən mövqeni ancaq müstəqil siyasət yürüdən qüvvələr edə bilirlər. Bunlar ümumiyyətlə siyasi qüvvə deyil, bir qruplaşma səviyyəsindədirlər. Onlar öz sahiblərindən aldıqları təlimatlar əsasında sağa-ssola boylanmaqla addımlar atırlar. Amma xalqın gözü tərəzidir və o heç nəyi unutmur. İndi bütün dünya dövlətləri üçün pis günlərdir. Dünya böyük təhlükəli virusla üz-üzə qalıb. Belə olan vəziyyətdə hər kəsin davranışı diqqətdədir və yaddaşlara həkk olunur. Bu gün özünü radikal müxalifət kimi təqdim eliyən, bir çox hallarda xalqın adından danışmaq istəyən, əslində isə xalq tərəfindən çoxdan boykot edilən bu siyasi qruplaşmalar əsl simalarını, əslində simasızlıqlarını növbəti dəfə ortaya qoydular. Onlar xalqın yaddaşında bu cür qaldılar: ən çətin vaxtlarda yenə də xalqın yanında ola bilmədilər. /"Üç nöqtə"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür