Paytaxtda sərnişin və nəqliyyat axını artıb
“Son bir həftənin nəticələrinə əsasən paytaxt yollarında nəqliyyat vasitələrinin axınında artım var. Aprelin 13-dən nəqliyyat vasitələrinin axınında artım daha çox hiss olunmaqdadır”.
Versus.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, 13-15 aprel tarixlərində paytaxt yollarında qeydə alınan avtomobil sayı 450-640 min arasında dəyişib:
“Bu həftənin ilk iş günü isə 500 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb. Eyni ilə sərnişin axınında da artımlar var. Ötən həftə ərzində gündəlik sərnişin axını 450 mindən yüksək olub. Bu həftənin ilk iş günü isə daşınan sərnişin sayı 573.707-dir”.
M.Ağayev bildirib ki, istər sərnişin, istərsə də nəqliyyat axınındakı artımlar xüsusi karantin rejimi qaydaları və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətilə uzlaşmır:
“Nəqliyyat vasitələrinin artımı yollarda müəyyən çətinliklər yaradır. Bakı Nəqliyyat Agentliyi olaraq tərəfimizdən xüsusən də səhər və axşam saatlarında artan sərnişin axınının düzgün idarə olunması və operativ qaydada daşınması üçün bütün zəruri tədbirlər görülür. Ümumilikdə sərnişin axınında 60-70 % azalma müşahidə edilsə də, gündəlik xəttə çıxan avtobusların sayı azaldılmayıb, hansısa müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılmayıb. Tam əksinə, əlavə olaraq, 7 ekspres marşrut xətti təşkil edilib. Bu xətlərə gündəlik 100-ə yaxın avtobus cəlb edilir. Bir o qədər isə ehtiyat olaraq saxlanılır və səhər saatlarında həmin ehtiyyat avtobuslarda prosesə cəlb olunur.
Hər gün səhər və axşam saatlarında Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xüsusən metrostansiyaların ətrafında ekspres xətt avtobuslarının fəaliyyətinin tənzimlənməsi üçün xidmət aparırlar. Onlar eyni zamanda sərnişinlər arasında proflaktik söhbətlər aparırlar ki, avtobuslardan istifadə edərkən və ya dayanacaqda gözləyən zaman sosial məsafə və növbəlilik prinsiplərinə əməl etsinlər. Amma təəssüf ki, bu prinsiplərə əməl edənlər azdır. Bir daha bildirmək istəyirəm ki, bütün mövcud çətinliklərə baxmayaraq, ictimai nəqliyyat sistemi tam gücü ilə fəaliyyət göstərir. Bunu etməkdə də əsas məqsədimiz bildirdiyimiz ki, həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşlarımızın gediş-gəlişin asanlaşdırmaqdır. Lakin karantin rejimi qaydalarına əməl etməyənlər bu işdə ciddi çətinliklər yaradırlar. Doğrudur bu gün SMS-lə müəyyən vaxt üçün evdən çıxmağa icazə verilir. Amma bəzi vətəndaşların bundan sui-istifadə etməsi və ya gündüz görə biləcəkləri işin dalınca səhər saatlarında getmələri əlbəttə sərnişin axınının çox olduğu vaxtda əlavə çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan özünütəcrid qaydalarına əməl etmələrini xahiş edirik. Ciddi zərurət olmadan evdən çıxmasınlar. Əgər bir işi gündüz saatlarında da etmək mümkündürsə, bunun üçün səhər saatlarında icazə alıb evdən çıxmasınlar. Biz çox sadə qaydalara əməl etməklə böyük bir problemin qarşısını almış olarıq”.
SEVDA
Versus.Az
Xəbər lenti
“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”
“Dünya bizə bu birlik çərçivəsində daha çox dəstək verəcək”