"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

13:31 23-05-2018 | icon 829 | Geopolitika
"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

Elçin Mirzəbəyli: “Rəsmi Tiflisə anlatmaq lazımdır ki, onun Azərbaycanı mütəmadi olaraq şantaj etməsinin ağır fəsadları ola bilər”

 

“Gürcüstan etibarsız müttəfiqdir. Söhbət məsələnin mənəvi tərəflərindən getmir. Çünki unutqanlıq, siyasi proseslərə oğru təfəkkürü ilə yanaşmaq, hər şeydə ifrat dərəcədə fayda axtarmaq bu ölkənin siyasi kursunun mahiyyətini əks etdirir. Əgər Gürcüstan iqtisadi baxımdan Azərbaycandan asılı olmasaydı, həmçinin Türkiyə faktoru rəsmi Tiflis üçün müstəsna əhəmiyyət kəsb etməsəydi, bu ölkənin bizə qarşı ərazi iddiaları ilə çıxış etmək ehtimalı da ola bilərdi. Bu baxımdan, rəsmi Tiflisin Ermənistan üçün əlavə nəfəslik açacağına təəccüblənmirəm”.

 

Versus.Az musavat.com-a istinadən xəbər verir ki, politoloq Elçin Mirzəbəyli bu fikirləri Gürcüstan hökumətinin öz ərazisindən işğalçı Ermənistana dəhliz verməyə hazırlaşmasını şərh edərkən söyləyib.

 

Xəbər verildiyi kimi, Tiflis işğal altındakı Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmir yolunun işə salınmasına, həmçinin Ermənistana alternativ avtomobil yolunun açılmasına razılıq vermək niyyətindədir və yaxın günlərdə bununla bağlı anlaşma əldə oluna bilər.

E.Mirzəbəyli qeyd etdi ki, Rusiya ilə Abxaziya ərazisindən keçən dəmir yol xəttinin açılması ilə bağlı danışıqlar 2011-ci ildən, Mixali Saakaşvilinin prezidentliyi dönəmindən başlayıb:

 

“Danışıqlarda vasitəçiliyi İsveçrə edib. İlkin razılaşmaya əsasən, tranzitə İsveçrənin SGS şirkəti nəzarət etməliymiş. Gürcüstan tərəfinin iddialarına görə, Azərbaycanın əsas tələbi dəmir yolu vasitəsi ilə Ermənistana hərbi yüklərin daşınmamasıdır və onlar da bu tələbə əməl edəcəklər. Rusiya ekspertləri bildiriblər ki, dəmir yolu hələ Saakaşvilinin zamanında açılmalıymış. Lakin Saakaşvilinin Obama ilə görüşündən sonra bu proses dayandırılıb. Şübhəsiz ki, bu fikirlərin həqiqətə nə qədər yaxın olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Amma Gürcüstanda hakimiyyətdə olan qüvvələrin Moskva-Suxumi-Tiflis- İrəvan dəmiryolunun açılması ilə bağlı niyyətlərinin olduğu şübhə doğurmur”.

 

Politoloq qeyd etdi ki, Gürcüstanın riyakar davranışlarının günahını isə təkcə bu ölkənin manipulyativ, qeyri-səmimi, saxta, ikiüzlü manevrlərində axtarmaq doğru olmazdı:

 

“Burada bizim buraxdığımız boşluqlar da var. Azərbaycan enerji və nəqliyyat layihələri ilə Gürcüstana həyat verib, bu ölkənin iqtisadiyyatına böyük sərmayələr yatırıb, Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən dövlət və özəl şirkətləri dönük qonşumuzun nəinki iqtisadi, hətta sosial-mədəni problemlərinin həllində müstəsna rol oynayırlar. Bütün bunlar önəmlidir, amma yetərli deyil. Pul çox şeyi həll edə bilər, amma hər şeyi yox. Biz bir sıra məsələlərdə olduğu kimi Gürcüstanla bağlı davranışlarımızda da insan faktorunu bu və ya digər səbəblərdən unutmuşuq”.

 

Ekspert bildirdi ki, rəsmi statistikaya görə, Gürcüstanda 300 min Azərbaycan türkü yaşayır:

“Şübhəsiz ki, bu rəqəm xeyli azaldılıb və reallığı əks etdirmir. Amma hətta 300 min də əhalisi 3,7 milyon olan bir ölkə üçün olduqca böyük rəqəmdir. Təəssüf ki, bu faktordan ciddi şəkildə istifadə edə bilməmişik. Gürcüstanda diaspora quruculuğu sahəsində aparılan iş kampaniya xarakteri daşıyıb. Təşkilatlanma prosesinə ciddi dəstək verilməyib. Həyata keçirilən fəaliyyətdə etno-sosioloji amillər, coğrafi faktorlar nəzərə alınmayıb. Prosesə elmi yanaşma olmayıb. Doğrudur, bu istiqamətdə Azərbaycan parlamentinin Gürcüstanla dostluq qrupu bir neçə ildir ki, xeyli fəallıq nümayiş etdirir və mümkün olanı etməyə çalışır. Amma bu, şübhəsiz ki, yetərli deyil. Bütövlükdə Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var”.

 

E.Mirzəbəyli əlavə etdi ki, rəsmi Tiflis Gürcüstan vasitəsilə həyata keçirilən layihələrə hər hansı formada təsir göstərmək imkanında deyil:

 

“İlk növbədə bu layihələr Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir və Tiflisin heç bir halda yayına bilməyəcəyi beynəlxalq öhdəlikləri var. Azərbaycan təkcə 2017-ci ildə Gürcüstana 482 milyon dollar investisiya yatırıb. Ölkəmizin Gürcüstana yatırdığı sərmayələrin ümumi həcmi 2017-ci il üçün 3,4 milyard ABŞ dolları təşkil edib. Gürcüstanda investisiya qoyuluşuna görə ikinci yerdə Türkiyə dayanır. 2017-ci ildə Türkiyənin Gürcüstana yatırtdığı sərmayə 279 milyon dollar təşkil edib.

 

Ölkəmizin qeyri-neft sektorunun sərmayəyə ehtiyacı olduğu bir zamanda Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu bu ölkənin riyakar siyasi davranışları müstəvisində də anlaşılan deyil. Bu baxımdan Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin öz investisiyalarını geri çəkmələri və Azərbaycan iqtisadiyyatına yatırmaları üçün daha əlverişli şərtlərlə çıxış etmək lazımdır. Gürcüstana iqtisadi və maliyyə pressinqi tətbiq edilməlidir. Bu ölkənin siyasiləri oğru və reket qanunları ilə tərbiyə olunublar və təzyiqdən başqa heç bir dil tanımırlar.

 

Gürcüstanın de-fakto sahibi Bdzina İvanaşviliyə 1990-cı ildə “Rossiyskiy kapital” bankını təsis etdiyi zamandan bu üsullar yaxşı tanışdır. “İnfintreyd”, “Triada-1”, “Lebedinski” Mədən-Sənaye Kombinatı, “Metalloinvest” kimi ən müxtəlif sahələri əhatə edən nəhəng sənaye müəssisələrinə sahibləndiyi zaman bu üsullara yaxından maraqlanıb. Qənaətimə görə, SSRİ-nin süqutundan sonra “bespredel” (qanunsuzluq-red.) zamanında dəbdə olan “iqtisadi” təzyiq vasitələrinin Azərbaycan üçün keçərli olmadığını İvanaşvilinin komandasına başa salmaq lazımdır. Rəsmi Tiflisə anlatmaq lazımdır ki, onun Azərbaycanı mütəmadi olaraq şantaj etməsinin ağır fəsadları ola bilər”.

Hələlik rəsmi Bakı məsələyə hər hansı reaksiya verməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol