Balabana sahib şıxan sənətkar...
Bəli, kamançanın Habili, qaboyun Kamili, qarmonun Avtandili, gitaranın Rəmişi varsa, balabanın da Əlixanı var. İlk azərbaycanlı olaraq bu alət üzrə xalq artisti fəxri adına o, layiq görülüb. Balaban üçün bəstəkar İlyas Mirzəyevin yazdığı "Konsert"i ilk dəfə sinfonik orkestrin müşayəti ilə, o, ifa edib. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqidən ibarət albomda öz ifası ilə yer alıb. İyirmidən çox alətdə ifa etməyi bacaran bu şəxsi sevmək azdır, ona xidmətlərinə görə sayğı, diqqət göstərmək lazımdır…
Deyir ki,- "Mənim şəxsi arzularım elə də çox deyil, Azərbaycanda özəl balaban məktəbi yaratmaq istəyirəm. Yurdumuz istedadlar ölkəsidir. Ölkəmizi qarış-qarış gəzib istedadları toplamaq, həmin məktəbə cəlb etmək istəyirəm"…
Haqqında sevə-sevə söhbət açmaq istədiyim Əlixan Səmədov 1964-cü ildə Sumqayıtda dünyaya gəlib. Əslən Lerik rayonunun Vistən kəndindəndir. Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib. 1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya Zavodunun musiqi ansamblında işləyib. 1983-1985-ci illərdə sovet ordusunda əsgər olub. 1985-1990-cı illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində bədən tərbiyyəsi və hərbi hazırlıq müəllimi ixtisasına yiyələnib. 1990-cı ildən Türkiyənin İstanbul şəhərində məskunlaşıb…
…Ömür-gün yoldaşı Ellada xanım ixtisasca mühəndis olsa da evdar qadındır. İki övladı var- oğlu Sərxan 31 yaşındadır, beş dil bilir, iş adamıdır. Qızı Səfa xanım isə ailəsi ilə Bakıda yaşayır...
Əlixan Səmədov İstanbula köçdükdən sonra əvvəlcə müxtəlif yerlərdə işləyib. On il "Eyyuboğlu Egitim Kurumları"nda şahmat müəllimi kimi çalışıb. Eyni zamanda Türkiyə televiziya kanallarında bir sıra verilişlərdə iştirak edib. 2008-ci ildən müstəqil ifaçı kimi çalışır…
Deyir ki,- "Türkiyəyə təzə gələndə özümlə bir neçə musiqi aləti də gətirmişdim. Aralarında balaban da var idi. Türkiyədə balabana bənzər alətə mey deyirlər. O vaxtdan özümə söz verdim ki, nəyin bahasına olursa olsun, bu aləti balaban adı ilə tanıtmalıyam. Şükr Allaha ki, böyük zəhmət bahasına olsa da, balabanı repertuar baxımından müasirləşdirib dünyaya tanıtdıra bildim"…
İndiyədək səkkiz albomu işıq üzü görüb. 2008-ci ildə "Balaban metodu" adlı dərs vəsaiti nəşr olunub. Balabanı erməniləşdirən yüzlərlə etnik düşmənlərimizin saytını bağlatdırıb. "Əsas xaricdə yaşamaq deyil, vətəni harada təmsil edə bilərsənsə, orada yaşamaq lazımdır"- söyləyir…
2014-cü ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Şahmat oynamığı çox xoşlayır. Elə vaxt olur ki, səkkiz saat şahmat oynayır. Avtomobil idarə etməkdən həzz alır. Dənizin vurğunudur. Dalğaları dinləməkdən yorulmur. Musiqilərinin çoxunu da dəniz sahilində olarkən yaradır. Meşədə gəzməkdən isə bir başqa zövq alır…
İllər ötəcək, bir zaman gələcək ki, Xalq artisti Əlixan Səmədovun özəl balaban məktəbi yaratmaq arzusu həqiqətə çevriləcək...
Aprelin 27-də Əlixan Səmədovun 56 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Elman Eldaroğlu
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"