Bu xəstəliyi olanlar üçün oruc tutmaq böyük riskdir
"“Daha yaxşıyam, sagalmışam” deyib, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar"
11 ayın sultanı hesab edilən Ramazan ayı hər zaman xoş ab-havası ilə seçilir, öz dəyərləri ilə bəzi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün mənəvi güc dövrü sayılır. İnanclıların mübarək ay qəbul etdikləri Ramazan həm də meditasiya aparmaq üçün ideal perioddur. Lakin onkoloji xəstəlikləri olanlar oruc tutmaqda diqqətli olmalıdır.
Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasinin assistenti Günel Qəmbərova bəzi məqamları açıqlayıb.
Onun sözlərinə görə, onkoloji xəstələrin müalicəsi və sağalmasında qida ilə su qəbulu, hət qida qbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər:
“Xəstəliyin aktiv dövründə - kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdırlar. Bu dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə istah azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.
Radioloq Günel Qəmbərova qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir:
Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidirlər. “Daha yaxşıyam, sagalmışam” deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar. Unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərar verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Bu incəlikləri isə xəstələr özləri yox, həkimləri daha dəqiq bilir».
G.Qəmbərova həkim məsləhətini qulaqardına vurmamağı, öncə sağlamlığa diqqət verməyi tövsiyə edir. Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan pasiyentlərin hamısına sağlam qalmaq üçün məsləhət verirlər. /modern.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"