MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ ULU NAXÇIVANIMDA

15:00 15-08-2023 | icon 835 | Cəmiyyət
MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ ULU NAXÇIVANIMDA

“Möhtəşəm Zəfərin nişanəsi” adlı 5-ci kitabıma Naxçıvan Dövlət Universitetində keçirilən təqdimata, ümumilikdə Naxçıvana ikinci səfərim barədə təəssüratlarım.

 

Çox gözəl bir deyim var: “Tarix təkrarlanır”. Bəli, bu, həqiqətən də belədir, tarix təkrarlanır, dövran vaxt keçəndə tərsinə dönə bilir, yaxşı və pis tərəfinə. Zaman bir bumeranq kimi bir-bir insanın üzünə qayıda bilir. Bəzən heç inanmadığınız bir vaxtda illər əvvəl getdiyi yerə insan bir də dönür. Keçən günləri yada saldığı kimi gələcəyə də eyni cür yanaşır, işıqla baxır. 23 iyun 2023-cü il tarixində mən buna bir daha şahid oldum.

 

Xatırlayırsınızsa, 2018-ci ilin sentyabr ayının əvvəllərində mən ailə üzvlərimlə birlikdə vətənimizin dilbər guşələrindən biri, Ulu Öndər diyarı ulu Naxçıvanıma ilk səyahətimi etmişdim. Burada həddən ziyadə az yer görüb tanısam da ancaq çox yaxşı təəssüratlarla ayrıldım. O vaxt axırıncı dayanacağım Şahbuz rayonunun ərazisində yerləşən gözəllər-gözəli Batabat gölü olmuşdu. Səhəri günü isə böyük təəssüf hissi ilə mən Bakıya qayıtmışdım. İzləyicilərim “Ulu Naxçıvanım” adlı 3-cü kitabımı oxuyaraq həmin səfərimlə bağlı bütün təəssüratlarımla çox ətraflı bir şəkildə tanış ola bilərlər. Həmin vaxt Naxçıvan mənə o qədər xoş təsir bağışlamışdı ki, Bakıya qayıtmağa həvəssiz idim. Bununla belə qayıdanda, elə həmin anlar çox ümidliydim. Ümid edirdim ki, bir gün Naxçıvana yenə qayıdacağam, onu gəzib-görəcəyəm, kitabımın təqdimatı burada keçiriləcək. “Ulu Naxçıvanım” adlı kitabımda da bunu qeyd etmişdim. Yazmışdım ki, mən inanıram ki, Naxçıvana bir də qayıdacağam, özü də təyyarə ilə deyil, avtomaşınla, yəni ata-baba torpaqlarımızdan keçərək. Mən buna dərin ümidlər bəsləyirdim və o günlərin gəlməsini gözləyirdim. Bilirdim ki, yenilməz Azərbaycan oğullarının sayəsində torpaqlarımız işğaldan azad olunacaq.

 

Varlığımız kimi inansaq da xəyal etdiyimiz o günlər hamımızın gözlədiyindən də tez gəldi, özünü bir az da olsun gözlətmədi. Həmin vaxtdan məni ayıran 5 il bir yuxu kimi, bir kinofilm lenti kimi gözümün qabağından keçsə də, hər dəqiqəsini ən xoş xatirə kimi xatırlayıram. 2020-ci ildə şanlı Vətən müharibəmizdə qazandığımız parlaq qələbədən sonra mən adı kimi möhtəşəm olan “Möhtəşəm Zəfərin nişanəsi” adlı sayca 6-cı kitabımı cəmi 11 ay vaxt ərzində qələmə aldım. 708 səhifədən ibarət olan bu kitabın təqdimatı indiyə kimi ölkəmizin hüdudlarında bir çox yerlərdə keçirilmişdi. Bundan əvvəl işıq üzü görmüş digər kitablarımın da bir çox mötəbər elm ocaqlarında təqdimatı baş tutmuşdu. Azərbaycanımızın bölgələrini bir-birindən ayırmayıb hamısına eyni cür baxsam da ancaq Naxçıvan mənim gözümdə öz parlaq yerini daim qoruyub saxlayırdı. Mən ötən 5 illik müddət ərzində hər an düşündüyüm arzumu bir daha yaddaşımda yenilədim. Onsuz da bu arzu ürəyimdəki yerini bir an da olsun tərk etməmişdi. “Möhtəşəm Zəfərin nişanəsi” kitabıma ulu Naxçıvanımda təqdimat mərasiminin keçirilməsini çox arzu edirdim. Bu arzumun gerçəkləşməsi üçün isə zəruri tədbirlər görməyə başladım.

 

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan üzrə təyin edilmiş səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə məktub ünvanladım və məktubumda qeyd etdim ki, Şanlı zəfərimizə, işğaldan azad edilmiş torpaqlarımıza, həmin torpaqları bizə qaytarıb özləri qayıtmayan müqəddəs şəhidlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı 6-cı kitabıma Naxçıvanda təqdimatın keçirilməsi mənim çoxdankı arzumdur. Bu arzumun yerinə yetirməsinə kömək etməsini cənab Fuad müəllimdən xahiş etdim. Kitabın təqdimatının Naxçıvanda keçirilməsinin əsas səbəbi isə Naxçıvanın 6 rayonundan olan 18 nəfər Vətən müharibəsi şəhidi barədə məlumatların həmin kitabda yer alması idi və bu barədə Naxçıvan şəhidlərinin ailə üzvləri bilirdi. Kitabın təqdimatının orada keçirilməsi onların da arzusu idi. Kitabımda adları çəkilən həmin şəhidlərimizin siyahısını nəzərinizə çatdırmaq istəyirəm: Göydağlı Ramazan Əbülfət oğlu, Məmmədov Əli Abbas oğlu, Məmmədov Elşən Əziz oğlu, İbrahimov Ruzi Əliağa oğlu, Səmədli Elşən Bayram oğlu, Muradlı İlkin İlyas oğlu, Əsgərov Təbriz Çapay oğlu, Alməmmədov İman Tarverdi oğlu, Seyidov Miryasin Mirqafar oğlu, Xəlilli Murad Vəli oğlu, Məmmədov Zaman Habil oğlu, Abdullayev İntiqam Allahverdi oğlu, Hümbətov İmaməddin Muxtar oğlu, Novruzlu Pərviz Qorxmaz oğlu, Orucov Coşqun Oruc oğlu, Rzayev Kənan Əbdürrəhman oğlu, Cəlilov Sahil Oktay oğlu, Cəlilov Həsən Məhərrəm oğlu.

 

Bizim bu arzularımızın həyata keçməsinə şərait yaratdığı üçün bəri başdan hörmətli Fuad Nəcəfliyə və bu işdə əməyi olan bütün insanlara təşəkkür edirəm. Onlar mənim arzumu reallaşdırmaq üçün əllərindən gələni etdilər və mənim ümidimi qırmadılar. Uca Allah hər birinin yar və yardımçısı olsun. Kitabın təqdimatının keçirilməsi 23 iyun 2023-cü il, saat 11-ə təyin edildi. O günün gəlməsi üçün səbirsizlənir və o günə məni aparan hər gün sevincim, həyəcanım daha da artırdı. Nəhayət ki, ulu Naxçıvanımla bir daha görüşəcəkdim. Özü də bu dəfə Qərbi Azərbaycan torpaqları üzərindən keçərək!

 

Təbii ki, insan Allahın yaratdığı ən üstün, ali varlıq olsa da Allahın onun üçün təyin etdiyi üstünlükdən o tərəfə çıxa bilməz. Özümüzdən də asılı olmadan gözləmədiyimiz bir hadisə baş verdi. 22 iyun tarixində baş tutmalı olan Naxçıvana uçuşun reysləri sərt hava şəraiti səbəbiylə 13 saat təxirə salınmalı oldu. Hesaba almadığımız çətinlik bu idi. Lakin hansı sərtlikdə olursa olsun, heç bir hava şəraiti, qar, boran, çovğun, eləcə də dünyanın bütün çətinlikləri bir araya gəlsə belə məni yolumdan döndərə bilməzdi. Şükürlər olsun ki, döndərmədi də. Səhərisi gün, yəni 23 iyunda saat 7 radələrində ailəlikcə təyyarəyə mindik və təyyarə axır ki, Naxçıvana uçdu.

 

Artıq ikinci dəfə idi ki, təyyarə ilə Naxçıvana səyahət edirdim. Naxçıvan səmasını görmək və bu gözəl diyarı yüksəklərdən seyr etmək üçün çox darıxmışdım. Reysin təxirə salınması səbəbindən Naxçıvana çatana qədər yuxusuz və çox yorğun idim. Bununla belə şəhidlərimizə həsr etdiyim kitabımın təqdimatına getmək həvəsi yuxusuzluğum və yorğunluğuma qalib gəlmişdi, mən təyyarənin pəncərəsində təşnələr suyu seyr etdiyi kimi vətənimin dilbər guşələrini acgözlüklə seyr edirdim. Bir neçə dəqiqə sonra təyyarə bələdçiləri Naxçıvana çatdığımızı bildirdilər. O anda özümü hədsiz dərəcədə rahat, gümrah hiss etdim. Naxçıvanı ikinci dəfə gördüyüm zaman fikirləşdim və özümə söz verdim ki, nə olursa olsun, daxilimdəki bu yorğunluğa qalib gəlməli və tarixdə sadəcə bir dəfə yaşanılacaq olan bu gözəl hadisəni özü kimi gözəl bir şəkildə dəyərləndirməliyəm.

 

Olduğumuz hava gəmisi təqribən saat 8 radələrində Naxçıvan Hava Limanına eniş etdi. Hələ tədbirin başlanmasına 3 saat vaxt qalırdı. Hava Limanının qarşısında bizi Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri, Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsinin müəllimi, çox hörmətli Əziz Qasımov sanki adının mənası kimi özü üçün əziz olan insanları qarşılayırmış kimi isti, səmimi münasibətlə qarşıladı. Bizi öz şəxsi avtomaşını ilə universitetin qonaq evinə apardı. Burada qısa müddətli fasilədən və tədbirə hazırlaşdıqdan sonra Əziz müəllimə bildirdim ki, tədbirdən əvvəl ilk olaraq Ulu Öndərimizin sağlığında ana yurdu Naxçıvanda qoyulmuş abidəsini ziyarət etmək istəyirəm. O, mənim təklifimi məmnunluqla qəbul etdi və bizi büst qoyulmuş meydana apardı, mən büstü ziyarət etdim və önünə tər güllər qoydum. 2018-ci ildə də mən səfərimin əvvəlində həmin büstü ziyarət etmişdim.

 

Ulu Öndərin büstünü ziyarət etdikdən sonra biz Əziz müəllimin müşayiəti ilə birbaşa tədbirin keçiriləcəyi yerə — Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsinin binasına getdik.

 

Akt zalına doğru qalxan kimi tədbir məkanına bizdən qabaq çatmış olan şəhid ailələri bizi gözləyirdilər. Əvvəllər onların heç biri ilə əyani olaraq görüşməmişdik, yalnız bəziləri ilə telefon vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuşduq. Bununla belə onların əksəriyyəti məni, ailə üzvlərimi xoş sözlə, gülər üzlə qarşıladılar. Xüsusilə Culfa rayonunun Kırna kəndindən olan şəhid qardaşım Ramazan Göydağlının valideynləri Əbülfət əmi və Zülfünaz ana, eləcə də onların yaxını, Kırna kənd tam orta məktəbinin müəllimi İntizam Əliyev və Kırna kənd tam orta məktəbinin coğrafiya müəllimi Həbibə Vəliyeva məni böyük ehtiramla qarşıladılar. Onlar elə münasibət göstərirdilər ki, kənardan baxan bizim mehriban bir ailənin üzvləri olduğumuzu zənn edərdi. Onlar mənim hal-əhvalımı soruşdular, “xoş gəldin” sözünü dedilər və mənim ünvanıma gözəl sözlər söylədilər. Şəhid ailələrinin mənə bu cür dəyər verməsi və qarşılaması mənə son dərəcə xoş təsir bağışladı və qürur verdi. Həmçinin təqdimatda Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Sədi Süleyman oğlu Musayevin anası Nəsibə ana da iştirak edirdi. Nəsibə anaya şəhidimizin ailəsi ilə apardığım “Mən Sədini qürurla yola salıb fəxrlə qarşıladım” adlı müsahibəmin “Kredo” qəzetində dərc olunmuş nüsxələrini təqdim etdim. Elə həmin təqdimatda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Kənan Vaqif oğlu Quliyevin anası İlhamə ana da iştirak edirdi. İlhamə anaya da şəhidimizin ailəsi ilə apardığım “Mən onu hər zaman yanımda hiss edirəm’ adlı müsahibəmin “Kredo” qəzetində dərc olunmuş nüsxələrini təqdim etdim. Mən bir daha bu yazı vasitəsilə şəhid ailələrinə dəvətimi çatdıran şəhid Ramazan Göydağlının atası Əbülfət əmiyə və bütün şəhid ailələrinə dərin təşəkkürümü bildirirəm!

 

Hələ tədbir başlamazdan əvvəl mən zala daxil olaraq şəhid ailələri, qazilərlə bir-bir görüşdüm. Əbülfət əmi mənə əsl əmi qayğısı və doğmalıq göstərərək yanımdan ayrılmadı, məni bir-bir şəhid ailələrinə təqdim etdi. Naxçıvanımızın fəxrlərindən, qürurlarından olan böyük şairimiz, çox hörmətli Xanəli Kərimli də tədbirdə iştirak edirdi. O, mənimlə görüşdü, yaradıcılığımla maraqlandı, “Kredo” qəzeti vasitəsi ilə məni mütəmadi olaraq izlədiyini bildirdi və mənə yaradıcılıq uğurları arzuladı.

 

“Ulu Naxçıvanım” adlı kitabımda yer almış “35 ilin dostları” məqaləsi, yəqin ki, oxuculara tanışdır. Mən həmin məqaləmdə atamın Naxçıvandan, yəni Şahbuz rayonunun Remeşen kəndindən olan, həmin vaxt Naxçıvan MR Prokurorluğunda məsul vəzifədə çalışan, eləcə də həmin rayonun Kükü kəndindən olan və Naxçıvan MR Ali Məhkəməsində məsul vəzifədə çalışan tələbə yoldaşları ilə illər sonra burada görüşməsindən bəhs etmişdim. Tədbirdə kitabımda qeyd etdiyim, atamın tələbə yoldaşı, artıq prokurorluq orqanlarından təqaüdə çıxsa da Naxçıvan Dövlət Universitetində cinayət hüququ kafedrasının müəllimi və eyni zamanda mediasiya orqanlarında mediator kimi çalışan dəyərli Ələddin Məmmədov da iştirak edirdi. Ələddin əmi məni və atamı görən kimi bizi köksünə sıxdı, salamlaşdı, hal-əhvalımızı soruşdu və onunla da geniş və ətraflı söhbətimiz oldu. O, bizim illər sonra yenidən Naxçıvana gəlməyimizə görə çox sevincli idi. Haqqında bəhs etdiyim “Ulu Naxçıvanım” adlı kitabımla tanış oldu və mən həmin kitabı ona hədiyyə verdim. İllər sonra onunla bir daha görüşmək atamı da, məni də çox sevindirdi.

 

Əvvəlcədən tərtib edilmiş proqrama əsasən tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru hörmətli Elbrus İsayev açmalı olsa da obyektiv səbəblərdən Elbrus müəllim tədbirdə iştirak edə bilmədiyindən tədbirdə Naxçıvan Dövlət Universitetinin Tədris və Tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iştirak edirdi. O, mənimlə tanış oldu və kiçik yaşlarımdan başladığım yaradıcılığıma olan marağını və təəccübünü gizlədə bilmədi, eyni zamanda mənə yaradıcılıq uğurları arzuladı. Mənim Naxçıvana olan səfərimin və universitetdə keçən kitab təqdimatının əsas səbəbkarlarından olan, universitetin rektoru Elbrus İsayevin və prorektor Arzu Abdullayevin obyektiv səbəbdən tədbirdə iştirak edə bilməyəcəklərini də mənə Rafiq müəllim dedi. Mən tədbirin keçirilməsini təşkil etdikləri üçün bir daha Rafiq müəllimə təşəkkür etdim, təşəkkürlərimi Elbrus müəllimə və Arzu müəllimə çatdırmasını ondan xahiş etdim. Artıq bir neçə dəqiqə sonra tədbir rəsmən başlanacaqdı, həyəcanım get-gedə artırdı. Və nəhayət, tədbir başladı...

 

“Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimatı Əziz Qasımovun aparıcılığı ilə açıq elan edildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, tədbir iştirakçıları himnimizi ayaqüstə dinlədilər və ifa etdilər, sonra isə müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün ilk söz Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimova verildi. Rafiq müəllim tədbirdə qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirdi. Rafiq müəllim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman oğullarımıza həsr etdiyim və hazırda təqdimatı keçirilən kitabımı şəhidlərimizin ölməz ruhuna həsr edilən qiymətli bir töhfə kimi dəyərləndirdi, bu münasibətlə məni təbrik etdi və sonda bir daha mənə yaradıcılıq uğurları arzuladı.

 

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov çıxış etdi. 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərimizdən söz açan Mirməcid müəllim Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını bildirdi. O, çıxışında Ulu Öndərimizin gənclər siyasətindən söhbət açaraq vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri milli ruhda yetişərək işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz rol oynadılar. Mirməcid müəllim də sonda kitabımın çapdan çıxması münasibətilə məni təbrik edərək mənə yeni-yeni nailiyyətlər arzuladı.

 

Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri Ceyhun Bayramov da Naxçıvanda şəhidlərin və qazilərin tanıdılması, şəhid ailələrinə dəstək yolunda görülən işlərdən söz açdı. Bu kitabın şəhidlərimizin əziz xatirəsinə ucaldılmış möhtəşəm bir abidə olduğunu nitqində xüsusi qeyd etdi.

 

Çıxış edən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova çıxışında müfəssəl şəkildə kitabın təsvirini verdi və kitabın ümumi məzmunu haqqında fikir söylədi.

 

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, xalqımızın fəxri və qüruru olan böyük ziyalımız, mənə və bütün gənclərə həmişə dəstək olan vətənsevər şairimiz, çox hörmətli Xanəli Kərimli də gözəl və dərin mənalı bir çıxış etdi. O, məni ilk dəfə necə tanımasından söz açdı. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı sayca 3-cü kitabıma Lider TV-nin “Çıxış Yolu” verilişində keçirilən təqdimatda etdiyi çıxışını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmin vaxt Xanəli müəllimin videogörüntü ilə söylədiyi o xoş sözlər və etdiyi o gözəl çıxış mənim xatirimdən heç bir zaman çıxmayacaqdır. O, həmin vaxt bu fikirləri söyləyəndə mən 3 il geriyə döndüm və Xanəli müəllimin veriliş gedişatında etdiyi çıxışı bir daha yadıma salaraq fərəhləndim. Xanəli müəllim 3 il bundan əvvəl olduğu kimi, daha doğrusu elə həmişə olduğu kimi bu dəfə də məni qürurlandırdı və öz çıxışı ilə məni çox sevindirdi. Böyük ziyalımız sonda mənim haqqımda gözəl fikirlər söylədi, yeni-yeni yaradıcılıq uğurları arzuladı və məni təbrik etdi. Çıxışını bitirdikdən sonra da mənimlə çox səmimi bir şəkildə görüşərək məni bağrına basdı. Dəyərli çıxışı üçün hamımız dayanmadan Xanəli müəllimi alqışlarla tribunadan yola saldıq.

 

Tədbirin tamamlanmasına sayılı dəqiqələr qalmış çıxış üçün söz şəhid ailələrinə verildi. Şəhid ailələri də onlara qarşı göstərilən qayğıdan söz açaraq təklif və xahişlərini bildirdilər. İlk olaraq Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi Şəhidi Emin Rəşadət oğlu Sadıqovun anası Gülşad Rüstəmova çıxış etdi. Gülşad ana çıxışında qeyd etdi ki, nə xoş sənin halına ki Allah bu yaşda şəhid sevgisini sənin ürəyinə salıb. Şəhid adı müqəddəsdir, lakin çox ağrılıdır, acılıdır, çox kədərlidir. Biz şəhid anaları bu ağrını sözlə ifadə edə bilmərik. Bu ağrını biz Allahımızla birlikdə özümüz ürəyimizdə yaşayırıq. Sonra Gülşad ana təşəkkür edərək çıxışını sona çatdırdı. Sonra digər şəhid valideynləri hazırda təqdimatı gedən kitab haqqında danışdılar. Mənə təşəkkürlərini və təbriklərini çatdırdılar. Onların hər birisinə minnətdaram. Şəhid ailələrinin kiçik əməyimə verdiyi böyük dəyər mənim üçün ifadə edilməz dərəcədə böyük ruh yüksəkliyi, stimul, qürur və fərəh verir, məni yeni-yeni yaradıcılıqlara doğru aparır. Bu, həmişə də belə olacaq.
Təqdimat mərasimində şəhid qardaşım Ramazan Göydağlının valideynləri Əbülfət əminin və Zülfünaz ananın haqqında bir haşiyə çıxmaq istəyirəm. Şəhid qardaşımın xatirəsinin işığında tanış olduğumuz vaxtdan etibarən Əbülfət əmi və Zülfünaz ana mənə həmişə, hər bir zaman mənəvi dəstək olublar. Mən onları əziz tutduğum kimi onlar da mənə son dərəcə səmimi və mehriban yanaşdılar və hətta öz ailə üzvlərindən belə ayırmadılar. Onlar bu gün də Ramazanın qardaşım olduğunu fikirləşirlər və demək istəyirəm ki, onlar yanılmırlar. Ramazan da daxil olmaqla, bütün şəhidlərimiz mənim öz qardaşlarımdırlar və onların xatirələri mənim üçün, təkcə mənim üçün yox, bütün xalqımız üçün daim əzizdir və elə də olacaqdır. Onlar əbədi olaraq bizim qəlblərimizdə məskən salıblar və daim orada yaşayacaqlar.

 

Bir daha onu da qeyd edim ki, tədbirdən qabaq Əbülfət əmi sosial şəbəkələr vasitəsilə Naxçıvandan olan və kitabda barələrində bəhs edilmiş şəhidlərimizin ailələrinə kitabımın təqdimatının keçiriləcəyini xəbər vermiş və hər kəsi tədbirə dəvət etmişdi. Şəhid ailələrinin tədbirə təşrif buyurmasında Əbülfət əminin təşkilatçılığı və xidməti çox böyük olmuşdur. Əbülfət əmi çıxışında kitabların, xüsusilə də şanlı zəfərimiz haqqında yazılan kitabların önəmindən danışdı və təqdimatı keçirilən bu kitabın da önəmini xüsusilə vurğuladı. Bildirdi ki, belə kitablar ilk olaraq məktəblərə və kitabxanalara hədiyyə edilməlidir. O, gənclərimizin kitablara olan həvəsindən də söhbət açdı. Mənimlə olan tanışlığından da geniş və müfəssəl bir şəkildə danışdı. Sonda isə mənə təşəkkürünü bildirdi və uğurlar arzuladı. Çıxışını bitirdikdən sonra o da Xanəli müəllim kimi eyni səmimiyyətdə mənimlə görüşdü. Mən Əbülfət əmi və Zülfünaz ana da daxil olmaqla bütün şəhid ailələrinə bir daha dərin minnətdarlığımı bildirirəm.

 

Həmçinin yuxarıda qeyd etdiyim kimi Kırna kənd tam orta məktəbinin coğrafiya müəllimi Həbibə Vəliyeva da tədbirdə çıxış etdi. Həbibə müəllimə çıxışında qeyd etdi ki, mən Sevindiyin müəllimi olmasam da elə hiss edirəm ki, mən onu 9 ildir tanıyıram. O, mənə səmimi diləklərini bildirdi və uğurlar arzuladı. Həbibə müəlliməyə xoş arzularına və səmimi çıxışına görə minnətdarlığımı bildirirəm.

 

Tədbirin sonunda isə çıxış üçün mənə söz verildi. Açığı, tədbirə və çıxışıma başlayana kimi bir qədər həyəcanlıydım. Həyəcanımın artmasına gətirib çıxaran bir amil də çox güman ki, yuxusuzluq idi. Ancaq tədbirdə çıxış edən və etməyən bütün iştirakçıların gözündə gördüyüm və mənim gələcəyimə olan o ümid işığı mənim daxilimdə olan bütün həyəcanı və yuxusuzluğu yoxa çıxardı. Son dərəcə ayıq-sayıq davranıb çıxışımı məqsədəuyğun şəkildə etməyə çalışdım və şükürlər olsun ki, bunu bacardım.

 

Çıxışımı bitirdikdən sonra kitabda adlarını çəkdiyim, haqqında şeir, məqalə yazdığım və Vikipediya səhifəsi açdığım, Naxçıvandan olan şəhidlərin ailələrinə kitabımı hədiyyə etdim. Onlarla xatirə fotoşəkli çəkdirdik. Tədbir iştirakçılarının marağını nəzərə alaraq digər 5 kitabımın nüsxələrini də özümüzlə gətirmişdik. Kitablarıma dərin həvəs bəsləyən qiymətli oxucular o qədər çoxaldı ki, Naxçıvandan qayıdanda bütün nüsxələrin oxucular tərəfindən imzalı-imzasız əldə edildiyini gördük. Bu hal məni çox sevindirdi. Naxçıvanımdan və naxçıvanlılardan gördüyüm diqqət və rəğbət məni çox fərəhləndirirdi. Tədbirdə ən təsirli məqam isə Şərur rayonunun Danyeri kəndindən olan şəhid leytenant Elşən Məmmədovun atası Əziz əminin kövrələrək kitabı öpüb alnına qoyması idi. Həmin mənzərə sanki 3 il əvvəl canını vətəninə sevə-sevə fəda etmiş Elşənini zəfərdən sonra qayıdarkən öpüb bağrına basan bir ata mənzərəsini göz önünə gətirirdi.

 

Tədbir bitdikdən sonra Əbülfət əmi böyük bir əmi şəfqəti və qayğısıyla məni və ailəmi öz evinə - Culfa rayonunun Kırna kəndinə dəvət edirdi. Biz onunla uzun-uzadı bu fikri müzakirə etdik. Dəvətini məmnuniyyətlə qəbul etmək istədiyimizi, lakin onlara əziyyət vermək istəmədiyimizi və vaxtımızın da məhdud olmasını bildirərək üzrxahlıq etdik. Səmimi dəvətinə görə Əbülfət əmiyə bir daha təşəkkürümüzü bildirdik və xoş duyğularla görüşüb ayrıldıq.

 

Tədbir bitmişdi, lakin Naxçıvana səfərim bitməmişdi. Obyektiv səbəbdən (bilet almaq çətin olduğundan) bu səfərimin qısa olacağını bilmişdimsə də Bakıya qayıtmazdan qabaq Naxçıvanımın bir sıra yerlərini gəzmək, görmək, ziyarət etmək istəyirdim.

 

Nahardan sonra yenə də ilk olaraq Ulu Öndərimizin bir sıra tarixi əşyalarının eksponat kimi qorunub saxlanıldığı Heydər Əliyev Muzeyində oldum. 5 ildən sonra bu muzeyi yenə də ziyarət edirdim. Lakin eksponatlar, rəsmlər, xalçalar mənə o qədər tanış idi ki... Elə bildim ki, muzeyi hər gün ziyarət edirəm. Muzeyin qapılarını açar-açmaz bizi Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qarşıladı. Aradan 5 il keçməsinə rəğmən o, məni dərhal tanıdı. Mən ona yeni kitablarımdan və uğurlarımdan söz açdım. O, əvvəl olduğu kimi bu dəfə də Ulu Öndərimiz barədə bir sıra gözəl sözlər və kəlamlar söylədi. Məni illər sonra bir də gördüyündən sevindiyini bildirdi və bu xoş ziyarətin xatirəsi olaraq mənə Ulu Öndərimizin rəsminin əks olunduğu qalstuku hədiyyə etdi. Mən də ona muzeyə olan 5 il əvvəlki ziyarətimdən yazdığım məqaləmin də yer aldığı “Ulu Naxçıvanım” adlı kitabımı hədiyyə etdim. Ramil müəllimin bu xoş sözlərindən və diləklərindən böyük məmnunluq və fərəh duydum. Muzeydən çıxmazdan əvvəl xatirə dəftərində ürək sözlərimi qeyd etdim. Muzeydən çıxdıqdan sonra isə Ulu Öndərimizin özü kimi əzəmətli abidəsi qarşısında Ali Baş Komandanımız İlham Əliyevin Şuşanın azad edildiyi gün Fəxri Xiyabanda Ulu Öndərimizin məzarını ziyarət etməsindən ilhamlanaraq qələmə aldığım “Ata, ruhun şad oldu!” adlı şeirimi söylədim.

 

Biz oradan Naxçıvan Xatirə Muzeyinə getdik. Xatirə Muzeyi Naxçıvandan olan şəhidlərin xatirəsini əbədiləşdirmək və daim xatırlamaq, xatırlatmaq üçün inşa edilmiş çox gözəl bir muzeydir. Burada 1990-cı ildən bəri vətən yolunda canını fəda etmiş şəhidlərimizin fotoşəkilləri, haqqında olan məlumatlar qorunur, eyni zamanda onların bir neçəsinin gündəlik həyatda və ya döyüş meydanında istifadə etdikləri əşyalar da eksponat kimi sərgilənir. Mən Xatirə Muzeyinin direktoru Aytən Qasımova ilə görüşdüm, muzeydə saxlanılması üçün “Ulu Naxçıvanım”, “Möhtəşəm Zəfərin nişanəsi” və “Zəfəri nurlandıran Nurlan” adlı kitablarımı təqdim etdim. O, mənim muzeyə gəlişimdən çox şad olduğunu bildirdi, muzey rəhbərliyi adından mənə təşəkkür etdi. Mən də ona xoş münasibətə görə təşəkkürümü bildirdim.

 

Növbəti dayanacağımız isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi oldu. Burada da bizi muzeyin rəhbəri çox hörmətli Rəhim Rəhimov qarşıladı. Orada da mən özümü təqdim etmədən Rəhim müəllim məni tanıdı. Halbuki görüşümüzdən 5 il keçmişdi və həmin vaxt mən 10 yaşında idim, məndən sonra bu muzeyə saysız-hesabsız turistlər gəlmişdi. Rəhim müəllim ona keçən görüşümüzdə təqdim etdiyim kitabları məmnuniyyətlə oxuduğunu bildirdi. O, bizi çox gülərüz, istiqanlı və son dərəcə səmimi bir şəkildə qarşıladı. Mən ona “Naxçıvanqala” səfərim haqqında da yazdığım “Ulu Naxçıvanım” kitabımı hədiyyə etdim. Birlikdə xatirə fotoşəkli çəkdirdik.

 

Son olaraq Naxçıvana qayıdışımın gedişatında nəzərdə tutduğum və arzuladığım bir şəkildə görkəmli ziyalımız və alimimiz, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik çox hörmətli İsmayıl Hacıyevlə görüşmək və ona kitabımı təqdim etmək üçün AMEA-nın Naxçıvan bölməsinə doğru yollandıq. Əslində İsmayıl müəllim kitab təqdimatında iştirak edəcəkdi, sadəcə olaraq həmin vaxtda İsmayıl müəllim onlayn qaydada iclasa qoşulacağından tədbirdə iştirak edə bilməyəcəyinə təəssüfləndi və tədbirdən sonra hökmən görüşməyimizi tapşırdı. Hörmətli İsmayıl müəllim də “Ulu Naxçıvanım” adlı kitabıma 2020-ci il tarixində Lider TV-nin “Çıxış yolu” verilişində keçirilən təqdimata videogörüntü vasitəsilə bağlanmış, mənimlə və kitabımla bağlı gözəl sözlər söyləmiş, çox dərin mənalı fikirlər bildirmişdir. Onu da qeyd edim ki, “Ulu Naxçıvanım” adlı kitabımda İsmayıl müəllimə həsr etdiyim “Naxçıvanın tarixini İsmayıl Hacıyevdən soruşun” adlı məqaləm yer almışdır. Naxçıvana illər sonra qayıtdığım zaman bu görkəmli alim, səmimi, sadə, mehriban, qayğıkeş insanla mütləq görüşməliydim, İsmayıl müəllimlə görüşməmək mənim üçün böyük qəbahət olardı.

 

Ona görə də birbaşa İsmayıl müəllimin iş yerinə getdik. Gərgin, məsuliyyətli iş gününün sonu olmasına baxmayaraq İsmayıl müəllim bizi heç gözlətmədi, çox səmimi və mehriban bir şəkildə qarşıladı. Onunla bir yerdə oturduq. Nəcib bir şəxsiyyət olduğu kimi qonaqpərvərliyindən də qalmayan İsmayıl müəllimin çayını içmək bizə nəsib oldu. İsmayıl müəllimlə çox gözəl və unudulmaz bir söhbətimiz oldu. Ona Naxçıvana səfərimlə bağlı danışdım. “Ulu Naxçıvanım” kitabıma keçirilən təqdimatda videogörüntü vasitəsilə bildirdiyi dəyərli, ruhlandırıcı, ilhamverici fikirlərini bir daha hamının yaddaşına salaraq İsmayıl müəllimə dərin minnətdarlığımı bildirdim. İsmayıl müəllim çox təvazökarlıqla təşəkkürümü qəbul etdi. Naxçıvanda keçirdiyim ən unudulmaz dəqiqələrdən biri də heç şübhəsiz, bu dəqiqələr idi. Mən İsmayıl müəllimə sayca 6-cı “Zəfəri nurlandıran Nurlan” adlı kitabımı təqdim etdim. O da mənə son illərdə yazdığı və özü haqqında çap olunmuş 5 kitabı – “Behbud ağa Şahtaxtinski”, “İsmayıl Hacıyev. Biblioqrafiya”, “Culfa rayonunun tarixi”, “Naxçıvan tarixinə dair qaynaqlar” və “Heydər Əliyev siyasəti: tarix və müasirlik” kitablarını hədiyyə etdi. Sevincimin həddi-hüdudu yox idi. Böyük alimimiz tərəfindən mənə verilən dəyər və qiymət məni həddən ziyadə qürurlandırırdı. İsmayıl müəllimə dərin minnətdarlığımızı bildirdik və çox xoş, unudulmaz duyğularla AMEA-nın Naxçıvan bölməsindən ayrıldıq. İsmayıl müəllim bizi binanın həyətinə kimi yola saldı. Allah vətənimizin belə gözəl xüsusiyyətlərini özündə cəm edən ziyalılarını həmişə var eləsin! Amin!

 

Naxçıvandan qayıtmalı olacağımız vaxta sayılı saatlar qalmışdı. Əvvəl də qeyd etdiyim kimi tədbirə atamın tələbə yoldaşı çox dəyərli Ələddin əmi də iştirakçı qismində qatılmışdı. Ağır iş qrafiki və az olan vaxtına rəğmən dəvətimizi qəbul edib gəldiyinə görə ona çox minnətdarıq. “Naxçıvanqala” muzeyini ziyarət etdiyimiz vaxt Ələddin əmi işlərinin olmasına rəğmən gəlib bizimlə maraqlandı. Atamın israrına baxmayaraq o, Rəhim müəllimlə və İsmayıl müəllimlə görüşəndə bizimlə idi. İsmayıl müəllimlə görüşdükdən sonra daha dayanmalı dayanacağımız qalmamışdı. Artıq qayıtmağa saatlar qalmışdı və özümüz də bir qədər yorğun idik. Ələddin əmi tədbir qurtarandan bu vaxta qədər son dərəcə səmimiliklə bizi öz evinə dəvət edirdi. Biz isə ona əziyyət olmasın deyə və vaxtımızın da azlığını səbəb kimi bildirərək onun təklifini geri çevirməyə məcbur olurduq. Lakin Ələddin əminin israrla dediyi bir təklifini geri çevirə bilmədik. Belə ki, 5 il əvvəl Naxçıvandan qayıtmazdan əvvəl ziyarət etdiyim axırıncı dayanacaq olan və barəsində “Ulu Naxçıvanım” kitabımda “Axırıncı dayanacaq” məqaləsi yazdığım Batabat gölünə doğru səfərə başladıq.

 

Ələddin əminin şəxsi avtomaşını və özünün bələdçiliyi ilə Naxçıvan şəhərindən Batabat istiqamətində yola düşdük. Qarşımızda olan yollar heç cür qısalmaq bilmirdi. Lakin heç birimiz yorulmur və xoş hisslərlə səfərimiz barədə düşünürdük. Həm Batabatın görəcəyim yeni halı gözümün önündə canlanır, həm də bir tərəfdən Ələddin əmi ilə atam tələbəlik illəri ilə bağlı xoş xatirələri vərəqləyirdilər. Bunların hamısı məndə sevinc duyğuları oyadırdı. Yollar uzanıb getdikcə uzanıb gedən sevincimin və azalıb gedən yorğunluğumun fərqinə varırdım. vətənimizin dilbər guşələrindən olan Babək rayonunun və Şahbuz rayonunun bir sıra kəndlərindən keçdik. Şəhərdən ayrıldığımız vaxt göz işlədikcə uzanan və insanın xoş hisslərinə xoş hisslər qatan Allahımın bir möcüzəsinə də şahid oldum. Uzun yollarda bizi dağlar, dərələr və bütün dərə boyu uzanıb gedən güllər, çiçəklər, lalələr müşayiət edirdi. Onlar nənələrimizin toxuduğu xalçalar kimi göz oxşayırdı. Gözümüzün önündə bir gözəllik abidəsi kimi dikələn sarı və bənövşəyi güllər, xüsusilə də insanın könlünü açan lalələr gözümü qamaşdırırdı. Bu gözəl və möcüzəvi mənzərənin həm seyrinə durmuş, həm də sehrinə qapılmışdım. Bir anlıq özümü itirməkdən güclə xilas oldum. Naxçıvan məni gözəl təbiəti ilə də özünə cəlb etmişdi. Bunun bir daha fərqinə vardım.

 

Şahbuza səfər etdiyimiz zaman “Axırıncı aşırım” filmində göstərilən o məşhur dağların əhatəsində olduq. Bu anı ölümsüzləşdirmək üçün o dağların önündə özüm və ailə üzvlərim çoxlu xatirə fotoşəkli çəkdirdik. Təbii ki, lalə və güllərin əhatəsində də xatirə fotoşəkli çəkdirməmiş qalmadıq. İyun ayının axırlarında həmin yerdə lalənin açması olduqca maraqlı idi.

 

Batabata az qalmış Zorbulağın önündə dayandıq. Elə o zaman günorta vaxtı kostyumla insanlara sanki əzab kimi gələn Günəş şüalarıyla uzaqdan-yaxından əlaqəsi olmayan şiddətli soyuğun fərqinə vardım. Allahım bir möcüzəsini də o zaman göstərdi. Həmin vaxt yayın gəlməsindən sadəcə 2 gün keçirdi. Bulağın suyuna əlimi vurduğumda suyun sanki əlimin, xüsusilə də barmaqlarımın daxilindən süzülərək keçdiyini bir anlıq hiss etdim. Bir müddət sanki donacaq kimi oldum. O zaman təcili bir şəkildə avtomaşına geri qayıtdıq. Havanın temperaturunu öyrəndim və gözlərimə inana bilmədim. Şahbuzda, Batabat yaxınlığında axşam vaxtı temperatur +10-u göstərirdi! Soyuq bir anlıq o qədər dözülməz oldu ki, isti olması lazım olan bir yay günü avtomaşında isidicini açdıq və axıra qədər də söndürmədik. Hava nə qədər soyuq olursa olsun, Şahbuz möcüzələri ilə məni hərtərəfli valeh etmişdi.

 

Son olaraq məşhur Batabat gölündə və Üzən Adada dayandıq. Buralarda xatirə fotoşəkli çəkdirdik. Batabat yaxınlığında yağışlı havada yeməkxananın örtülü, soba yanan otaqlarından birində Ələddin əmi bizi Naxçıvan mətbəxinə aid olan təamlardan ibarət şam yeməyinə qonaq etdi. Sonra biz yenidən Naxçıvan şəhərindəki qonaq evinə qayıtdıq və Bakıya qayıtmaq üçün hazırlıqlara başladıq.

 

Batabata olan bu səfərimin hər anı mənim üçün unudulmaz və qiymətli idi, həmişə də elə olaraq xatirimdə qalacaqdır. Bu səfəri təşkil etdiyinə və dəyərli vaxtını bizə sərf etdiyinə görə Ələddin əmiyə dərin minnətdarlığımı bildirirəm.

 

Qonaq evində bir qədər dincəldikdən sonra gecə saatlarında oradan ayrıldıq. Naxçıvan Hava Limanına daxil olduq. Uçuş reysimiz gecə saat 2-də olacaqdı. Lakin əlverişsiz hava şəraiti səbəbindən yenə də səhərə kimi gözləməli olduq. Bu işin bir qədər də mənim xeyrimə olduğunun fərqinə vardım. Çünki Naxçıvandan ayrılmaq istəmirdim və Hava Limanında gözlədiyim, ləngidiyim hər vaxt mənim Naxçıvandan çıxmadığım anlamına gəlirdi. Lakin hər şeyin bir vaxtı var. Bu səfərimin də vaxtının bura qədər olduğunu düşündüm. Səhər saat 8-də bizim uçacağımız reys bərpa olundu və mən 5 il bundan əvvəl duyduğum o xoş hisslərdən də xoş, dəyərli və unudulmaz duyğularla Naxçıvandan ayrıldım.

 

Naxçıvana olan birinci səfərim mənim üçün nə qədər əzizdirsə, ikinci səfərim onun qədər əziz və qiymətlidir. Çünki bir şeirimdə də qeyd etdiyim kimi Naxçıvana hər ziyarətim, hər vaxt ziyarətim mənim üçün xoşdur. Təbii ki, ömrümün Naxçıvanda keçirdiyim ən unudulmaz anlarına görə təşəkkür etməli olduğum insanlar var. Bu səfərdə və bu tədbirdə əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Son olaraq kitab təqdimatında etdiyim çıxışı diqqətinizə çatdırmazdan əvvəl demək istəyirəm ki, mən ulu Naxçıvanımla və ulu Naxçıvanım da daxil olmaqla vətənimlə, vətənimin dəyərli, böyük ziyalıları ilə həmişə fəxr etmişəm, edirəm və edəcəyəm! Allah dövlətimizi və millətimizi qorusun! Amin!

 

Tədbirdəki çıxışımı siz dəyərli oxucularımın diqqətinə çatdırıram:

 

“Hörmətli tədbir iştirakçılarını və mənim üçün əzizdən əziz, doğmadan doğma, vətənimizin heç bir guşəsindən ayırmadığım ulu Naxçıvanımı, onun dəyərli sakinlərini ürəkdən salamlayıram. Hazırda bu gözəl diyarda, əziz məkanda kitabımın təqdimatının keçirilməsinin verdiyi ifadə edilməyəcək dərəcədə olan sevinc və qürur hissi içərisindəyəm. Bu unudulmaz hadisəni mənə yaşatdığına görə Allahıma şükürlər edir, səbəbkarlara təşəkkürümü bildirirəm. 5 ildən sonra Naxçıvanım indi də həyatımda unudulmaz anlar yaşadır və deyə bilərəm ki, Naxçıvanım mənim üçün unudulmazdır.

 

Tarixən Naxçıvanımızı bizdən ayırmaqla türk dünyasının, Turanın bir-biri ilə əlaqəsini kəsməyə çalışsalar da xainlərin bu istəkləri ürəklərində qalacaq. Ulu Öndərimizin davamçısı Ali Baş Komandanımızın uzaqgörən xarici siyasəti sayəsində növbəti dəfə, inşəAllah, mən özüm avtomobili idarə etməklə işğaldan azad edilmiş, şəhid qanı ilə müqəddəsləşmiş azad torpaqlarımızdan keçməklə qədim Şərqin qapısı, Böyük İpək yolunun açarı olan Ulu Naxçıvanımızı ziyarətə gələcəyəm. Mən buna özüm kimi inanıram. Çünki bizim qalib millətimiz və qalib ölkə başçımız var. Elə bu inamımız üçün də millətimizə və hörmətli dövlət başçımıza eşq olsun.

 

Hörmətli tədbir iştirakçıları! Vətən müharibəsində qazandığımız parlaq qələbəyə və bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizə həsr etdiyim, sayca 5-ci olan “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabım haqqında sizlərə məlumat vermək istəyirəm. Bu kitab 708 səhifədən ibarətdir. Kitabda vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələrim, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, şəhidlərimizə həsr etdiyim şeirlərim, anım tədbirlərində çıxışlarım, eləcə də 1992-2020-ci illərdə vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında hazırladığım Vikipediya səhifələri yer almışdır. Belə ki, ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalələrim və şeirlərim, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeirim və şəhidlərimiz haqqında hazırladığım 365 Vikipediya səhifəsi kitabda yer almışdır. Həmçinin kitabda ulu Naxçıvanımızda dünyaya göz açmış 18 nəfər vətən fədaisi-şəhidi haqqında məlumatla tanış ola bilərsiniz. “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımın nüsxələri və elektron variantı hazırda Azərbaycan Milli Kitabxanasında, Prezident Kitabxanasında, Lənkəran Mərkəzi Kitabxanasında, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında və Mərkəzi Elmi Kitabxanada yer almaqdadır. Eyni zamanda bu möhtəşəm tədbirdən əvvəl haqlarında kitabda yer verdiyim, cənub regionundan olan şəhidlərimizin ailə üzvlərinin iştirakı ilə Lənkəran Mərkəzi Kitabxanasında, Bakı və Bakı ətrafından olan şəhidlərimizin ailələrinin iştirakı ilə Bakı şəhərində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında, Bakı şəhəri Səbail rayon Müharibə Veteranları Birliyində, şimal-qərb regionundan olan şəhidlərimizin yaxınlarının iştirakı ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində, Mədəniyyət nazirliyinin və Xocavənd RİH-nin təşəbbüsü ilə Xocavənd mədəniyyət evində bu kitabımın təqdimatı keçirilmişdir. Bu təqdimatların keçirilməsində mənim məqsədim özümü və ya kitabımı tanıtmaqdan ibarət deyil. Burada mənim məqsədim 200 ildən çox bir zaman ərzində müxtəlif yollarla bədxah qonşularımız və düşmənlərimiz tərəfindən əlimizdən alınmış vətən torpaqlarını işğaldan azad edib bizə qaytaran, lakin özləri qayıtmayan, qürur yerimiz olan Vətən şəhidlərini, qəhrəmanlarımızı hey tanıtdırdıqca tanıtmaq, onları yaddaşlara qızıl hərflərlə həkk etdirməkdən ibarətdir. Bu işimin davamı olaraq “Dirçələn Xarıbülbül” adlanacaq kitabımın 600 səhifəlik materialları çap olunması üçün Mədəniyyət Nazirliyinin müvafiq komissiyasına təqdim edilmişdir. Həmin kitabda da 250 nəfər şəhidimiz haqqında hazırladığım Vikipediya səhifələri, şəhidlərimizə həsr etdiyim şeirlər, məqalələr, eyni zamanda şəhid ailələri ilə apardığım müsahibələr yer almışdır. Qeyd edim ki, həmin materiallar ən gənc müxbiri və redaksiya heyətinin üzvü olduğum “Kredo” qəzetində çap etdirilərək şəhid ailələrinə çatdırılmış, müxtəlif xəbər saytlarında yayımlanmışdır.

 

Bu gün Vətən müharibəsi şəhidlərinin işıqlı xatirələrinə həsr etdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma vətənimizin gözəl guşəsi, Ulu Öndər yurdu əziz Naxçıvanımızda təqdimat keçirilir. Bu təqdimat əziz Naxçıvanımızın və onun rəhbərliyinin şəhidlərimizə göstərdiyi hörmət və ehtiramdan, mənim kiçik əməyimə verdikləri böyük qiymətdən xəbər verir. Bu, mənim üçün ifadə olunmayacaq qədər böyük bir stimul, fərəh və iftixardır. Çıxışımın əvvəlində qeyd etdiyim kimi 5 il bundan əvvəl mən Naxçıvana ilk səfərimi etmişdim. O gözəl xatirələrin təsirindən hələ də çıxmamışam. Naxçıvanıma olan gözəl səfərin təəssüratlarından bəhs etdiyim sayca 3-cü olan kitabım “Ulu Naxçıvanım” adlanır və 2020-ci ildə çap olunmuşdur. Həmin kitabın təqdimatı isə pandemiya ilə əlaqədar olaraq Lider TV-nin “Çıxış yolu” verilişi vasitəsi ilə keçirilmişdi. Həmin verilişdə hörmətli elm xadimləri, alimlərimiz, o cümlədən Naxçıvandan olan akademik hörmətli İsmayıl Hacıyev, şair-publisist Xanəli Kərimli kitab barədə öz qiymətli fikirlərini və rəylərini video yazı vasitəsi ilə tamaşaçıların diqqətinə çatdırmışlar. Mən həmişə arzulayırdım ki, illər əvvəl gəzib-gördüyüm Naxçıvanıma nə vaxtsa, bir də qayıdım və bu diyara əliboş gəlməyim, Naxçıvanımızın görüşünə “Ulu Naxçıvanım” kitabım ilə gəlim. Bu nəinki mənə nəsib oldu, həmçinin Naxçıvanımızın elm ocağı olan Naxçıvan Dövlət Universitetində “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatının keçirilməsini görmək də mənim qismətimə yazıldı. Mən bu günləri həyatımın ən gözəl günləri və xoş xatirələrindən biri kimi yaddaşıma yazacağam.

 

Hörmətli tədbir iştirakçıları! Naxçıvana gəlmək və burada kitabımın təqdimatını keçirmək arzumu reallaşdıran və bu işdə xüsusi diqqət göstərən Azərbaycan Prezidentinin Naxçıvandakı xüsusi nümayəndəliyinin rəhbəri cənab Fuad Nəcəfliyə, onun rəhbərlik etdiyi kollektivə, Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə, müəllim-tələbə kollektivinə, prorektor Arzu müəllimə, eyni zamanda bu tədbirin keçirilməsində böyük əməyi, zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Həmişə olduğu kimi bu dəfə də demək istəyirəm ki, bu, ilk deyil və son da olmayacaq. Hamımız axırıncı nəfəsimizə kimi şəhidlərimiz üçün çalışacaq, yazıb-yaradacaq, onların işıqlı xatirələrini göz bəbəyimizdən də əziz tutaraq, qəlbimizdə daim yaşadacağıq! Mənim ən ali, ən ülvi vəzifəm şəhidlərimizin tanıdılması yolunda yorulmadan çalışmaqdır. İnşəAllah, Uca yaradanın mənə verdiyi gücü-qüvvəni yorulmaq bilmədən bu yolda sevə-sevə sərf edəcəyəm. Dövlətimizə, xalqımıza, millətimizə eşq olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Sonda icazənizlə çıxışımı Ana Vətənimiz olan Azərbaycanımızın müstəqilliyinə qovuşmasının 105-ci ildönümünə həsr etdiyim “Azərbaycanım” adlı şeirimlə bitirmək istəyirəm”.

 

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı