“Koronavirus pandemiyası beşinci sənaye inqilabını sürətləndirəcək”

18:06 04-05-2020 | icon 645 | Cəmiyyət
“Koronavirus pandemiyası beşinci sənaye inqilabını sürətləndirəcək”

Xəqani Cəfərov: “Bu prosesdən kənarda qalan dövlətlər sürətlə yoxsulluğa, sosial-iqitisadi bataqlığa yuvarlanacaq”

 

“İqtisadi siyasət kimi, sosial şəbəkələrə, vətəndaş cəmiyyətinə yönəlik siyasət dərhal dəyişməlidir. Nə qədər ki, toplumu tam təmin edən oturuşmuş dövlət qura bilməmişik, xarici dövlətlərin “maşaları” olacaq. Azərbaycana hansı ölkədən təhlükə gələ biləcəyini isə tarix dəfələrlə sübut edib”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Xəqani Cəfərov karantin rejimi ərəfəsində dünyada və ölkədə baş verən islahatlar, sosial-iqtisadi inkişafa maneə yaradacaq boşuqlar və xarici təsirlərin hazırki dönəmdə nə dərəcədə aktivləşməsi ilə bağlı verdiyi açıqlamada bildirib.

 

“Karantin rejimi faydalı olub və...”

 

Politoloq pandemiya ilə bağlı dünyada gedən prosesə nəzər salaraq, belə bir şəraitdə mövcud karantin rejiminin saxlanılmasının tərəfdarı olduğunu qeyd edib:

“Bütün dünya üzrə koronavirusa yoxlumada bir qədər səngimə müşahidə olunsa da, ən yaxın qonşularımız olan Rusiya, Türkiyə və İranda olan vəziyyət çox narahatedicidir. Xüsusilə Rusiya və Türkiyədə vəziyyət ciddi təhlükə olaraq qalır. Rəsmi statistikaya inansaq, ölkəmizdə koronavirusa yoluxma tendensiyası təhlükəli şəkildə deyil. Hesab edirəm ki, karantin rejimi faydalı olub və bu vəziyyətin ən azı iki həftə davam etməsi yaxşı olar. Əgər ölkə daxilində karantin rejiminin müəyyən qədər yumşaldılması siyasəti davam etdiriləcəksə, ölkədən gediş-gəlişin ən azı iyun ayının axırlarına kimi qüvvədə qalması məqsədəuyğun olardı. Digər tərəfdən, karantin rejiminin sərtləşdirilməsi isə hazırkı durumda uyğun deyil”.

 

X.Cəfərov hökumətin bu günə aldığı qərarları effektli hesab etməklə yanaşı, alınan qərarların icrasında ciddi nöqsanların mövcud olduğunu da bildirib. Onun sözlərinə görə, daxili siyasətdə sosial tədbirlərin gücləndirilməsinə ehtiyac var. Politoloqun fikrincə, bu da əsas məsələ deyil:

“Azərbaycan ciddi sosial-iqtisadi çağrışlarla üz-üzə qalıb. Mən neft və qazın qiymətinin kəskin ucuzlaşmasının yaratdığı vəziyyəti nəzərdə tuturam. Uzun illər ölkə iqtisadiyyatının əsasını neftin istismarı və ixarcı təşkil edib. Son illər bura təbii qazın istismarı və ixracı da əlavə olunmuşdu. Bir neçə il öncə neftin bir bareli 150, qazın min kubmetri isə 450 dollara qədər bahalaşmışdı. O zaman bu qiymətlərin daha bahalaşacağı haqqında fikirlər çox inandırıcı görünürdü. Bəziləri hesab edirdi ki, neftin qiyməti 400-500, qazın qiyməti isə 1000 dollara qədər bahalaşacaq. Məsələn, 2008-2012-ci illərdə Rusiya prezidenti olmuş Dmitri Medvedyevin o zaman belə açıqlaması vardı. Yalnız o deyil, bir çoxları belə düşünürdü. Ancaq o zaman bu mərhələnin keçici olduğunu, qiymətlərin ucuzlaşacağı haqqında danışanlar da az deyildi. Mənim bununla bağlı bir neçə məqamləm də dərc olunub. O zaman neft və qaz gəlirlərindən səmərəli istifadə edilməsi, postneft iqtisadiyyatının qurulması ilə bağlı çağrışlar təəssüf ki, heç bir nəticə vermədi. İndi isə neft və qaz daha iqtisadiyyatın lokomotivi deyil.

Koronavirus pandemiyası isə beşinci sənaye inqilabını sürətləndirəcək. Yaxın illərdə yeni iqtisadi sistem formalaşıb qurtaracaq. Bu prosesdən kənarda qalan dövlətlər sürətlə yoxsulluğa, sosial-iqitisadi bataqlığa yuvarlanacaq. Təəssüf ki, Azərbaycan hökuməti proseslərə gündəlik vəziyyətə uyğun reaksiya verməklə işini bitmiş hesab edir. Ona görə də neftin ucuzlaşmasına hazır olmadığımız kimi, yeni iqtisadi sistemə, yeni iqtisadi münasibətlərə də hazırlıqsız yaxalanacağıq. Unutmaq lazım deyil ki, koronavirus pandemiyası gec-tez bitəcək, ondan sonra dünyanın əvvəlki kimi olacağını düşünənlər çox böyük xəyal qırıqlığına uğrayacaqlar. Görüləcək işlərin önündə isə bu məsələləri görən və uyğun siyasət apara biləcək bir hökumətə ehtiyac var. İnterneti kəsmək, sosial şəbəkələri bağlamaq niyyətində, arzusunda olanlarla heç nə etmək mümkün deyil. İlk öncə təfəkkürlər dəyişməlidir”.

 

“Nə qədər ki, toplumu tam təmin edən oturuşmuş dövlət qura bilməmişik...”

 

Politoloq Azərbaycan cəmiyyətinin bu gün təkcə pandemiya kimi viruslardan deyil, illərdir əsarətdə qalan torpaqların işğaldan azad olunması ilə bağlı narahatlıq keçirdiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin ölkə ictimaiyyəti tərəfindən narahatlıqla həllini gözlədiyi əsas məsələ olduğunu önə çəkib. Politoloq bildirib ki, işğal olunmuş torpaqlarımızı bu günə kimi rəsmən itirməməyimizin yeganə səbəbi beynəlxalq hüquqdur:

“Bir neçə gündən sonra atəşkəsin imzalanmasının 26-cı ili tamam olur. Bu 26 ildə bir dəfə də olsun işğal olunmuş torpaqlarımızı azad etmək üçün genişmiqyaslı hərbi əməliyyat keçirməmişik. Dünya ictimaiyyəti də bunu görür. Heç kim bizim istəmədiyimizi bizim əvəzimizə istəməyəcək. Təəssüf ki, real vəziyyət bundan ibarətdir. İkili yanaşmalar və yaxud ikili standartlar kimi fikirlərin dövriyə olunması daxili auditoriyaya hesablanıb. Nə zaman ki, Azərbaycan dövləti və xalqı işğal olunmuş torpaqlarını azad  edəcəyi ilə bağlı sərt iradə nümyiş etdirsə, ortalıqda heç bir ikili standart qalmayacaq. Əlbəttə, mən məsələnin yalnız hərbi yolla həll olunacağını nəzərdə tutmuram. Bunun üçün çox işlər görülməlidir və təəssüf ki, həmin işlərin mahiyyəti haqqında Azərbaycan cəmiyyətində dəqiq təsəvvürlər yoxdur”.

 

X.Cəfərov sosial təcrid günlərində Azərbaycan cəmiyyətinin toplum olaraq dayanışma, yardımlaşma hisslərini, vərdişlərini və ənənəsini tam itirmədiyini ürəkaçan məqam kimi qeyd edib:

“Amma çox zəngin təbəqənin fədakarlığını yenə görmədik. Fədakarlıq edənlər əsasən orta təbəqənin təmsilçiləri idi. Bu gözəl, alqışlanılası işlərdir. Amma bu yalnız yardımçı rol ola bilər. Vətəndaşını yaşatmaq dövlətin borcudur. Hətta elə cahillər tapılır ki, vətəndaşı dövlətdən nəsə tələb etdiyinə görə onu qınayır. Bu cahillər anlamır ki, tələb etmək vətəndaşın hüququ və haqqıdır, dövlət isə bu tələbləri təmin etmyə borcludur. Qanunda boşluqlardan çox qanunların işləməməsi mövcuddur”.

 

Politoloq belə bir ərəfədə sosial medianın nə dərəcədə effektli rola malik olması ilə bağlı nüanslara da toxunub:

“Sosial mediada hansısa effektli işin şahidi olmamışam. Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin sosial şəbəkələr, vətəndaş cəmiyyəti ilə bağlı siyasəti qüsurludur. İqtisadi siyasəti kimi sosial şəbəkələrə, vətəndaş cəmiyyətinə yönəlik siyasəti dərhal dəyişməlidir. Nə qədər ki, toplumu tam təmin edən oturuşmuş dövlət qura bilməmişik xarici dövlətlərin “maşaları” da olacaq. Azərbaycana isə hansı ölkədən təhlükənin gəldiyi tarixdə dəfələrlə sübut olunub”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...