“Biz bir olmağı bacardıq” - MÜSAHİBƏ

09:40 08-05-2020 | icon 515 | Cəmiyyət
“Biz bir olmağı bacardıq” - MÜSAHİBƏ

Arzu Bağırova: “Onların bu addımı hamımız üçün ən gözəl örnəkdir”

 

Dünyanı quran insan eyni zamanda onu yaşadır, inkişaf etdirir. Əbəs yerə deyilmir ki, dünya maddi cismdirsə, insan ona ruh verən ali varlıqdır. İnkişaf prosesində insan əməyi ilə saysız faəliyyət sferalarının kəşfinə yol açılır ki, bu da özlüyündə sivil cəmiyyəti formalaşdırır. Məhz ictimai, siyasi, hüquqi, sosial-iqtisadi, mədəni, ruhi dəyərləri ilə yoğrulan cəmiyyət modulunun önündə insan və fəaliyyət prinsipləri və ona nəzarət edən vətəndaş cəmiyyətləri dayanır. Vətəndaş cəmiyyətləri maarifləndirmə xarakteri ilə dövlət quruculuğunun inkişafında  mühüm faktor kimi önə çəkilir. Əbəs yerə deyilmir ki, bu gün dövlətin inkişafı vətəndaş cəmiyyətlərinin gücləndirilməsindən keçir.

 

Vətəndaş cəmiyyətlərinin bütün sahələr üzrə ölkə əhalisi ilə qurduğu dəstək əlaqələri və əməkdaşlıqlar, apardığı maarifləndirmə vətəndaşın öz hüququnu tanıyaraq ictimai fəallığını artırması ölkə, cəmiyyət qarşısında  məsuliyyətini artırır. Hazırki Pandemiya dönəmi vətəndaş cəmiyyətləri institutlarının üzərinə ikiqat məsuliyyət yükü qoymaqla,  insanların çətin anlarda ideoloji səfərbər olmasına yol açır. Bu mənada ölkənin sosial-ictimai-siyasi həyatında vətəndaş və vətəndaş cəmiyyətlərinin rolu mövzusu öz aktuallığını saxlayır.

 

Versus.Az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova bu və ya digər məsələlərlə bağlı müsahibəsində bir çox maraqlı nüanslara diqqət çəkib.

 

- Arzu xanım, necə düşünürsünüz, insan və dəyərlər sistemində özünəməxsus yer tutan vətəndaş cəmiyyəti təşkilatlarının bugünkü “yol xəritəsi” nəyə istiqamətlənib? Sizcə, adıçəkilən qurum mürəkkəb və çətin dönəmlərdən keçən Azərbaycan vətəndaşının sivilizasiyanın inkişafı prosesində öz ayaqları üstündə möhkəm durub öz dəyərlərini müdafiə etməsi baxımından öhdəsinə düşən missiyanı yerinə yetirə bilirmi?

 

“Cənab Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışına bütün cəmiyyət səs verdi və dəstək oldu”

 

- Azərbaycanda müasir qeyri-hökumət təşkilatlarının (QHT) əsası hələ 1980-ci illərin sonunda qoyulsa da, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra inkişaf etməyə başladı. Çünki vətəndaş cəmiyyətinin inkişafı üçün münbit şərait yaranmışdı. Müasir və beynəlxalq standartlara cavab verən QHT-lərin yaranmasına 1995-ci ildə Konstitusiyanın və 2000-ci ildə “QHT-lər haqqında” qanunun qəbulu böyük təkan verdi. Məlum qanunların qəbulundan sonra milli QHT platforması və Milli QHT Forumu yaradılmış və demək olar ki, vətəndaş cəmiyyətinin inkişafında yeni bir mərhələyə start verilib. Düşünürəm ki, respublikamız üçün ağır və məşəqqətli dönəmlərdə müasir insanımız bu vəziyyətin öhdəsindən gələ bildi. Biz bunu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizəsində də aydın gördük. Biz bir olmağı bacardıq. Həm cənab Prezidentimizin apardığı məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun bütün qeyri hökümət təşkilatları üçün örnək lahiyə və addımları, həm vətəndaş cəmiyyətlərinin apardığı işlər, digər tərəfdən vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsi bizə bu missiyanın öhdəsindən gəlməyə imkan verdi. Cənab Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışına bütün cəmiyyət səs verdi və dəstək oldu. Məhz bu birlik sayəsində biz mövcud çətin vəziyyətdən hətta inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə az itki və zərərlə çıxa bildik.

 

- Digər ölkələrlə müqayisədə bizim cəmiyyətdə vətəndaş cəmiyyətləri ilə birgə işin qurulmasına insanların münasibəti necədir və ictimai fikrin formalaşması prosesi necə gedir?

 

- Bizim ölkədə vətəndaş cəmiyyətləri ilə birgə işin qurulması insanlar və həmin cəmiyyətlər arasında əməkdaşlığın təkmilləşməsinə, sosial layihələrin, ünvanlı proqram və layihələrin artmasına təkan veridiyi üçün ictimaiyyət arasında da vətəndaş cəmiyyətləri ilə birgə işin qurulmasına münasibətin müsbət qarşılandığını deyə bilərəm.

 

- Vətəndaşlarla əlaqəli şəkildə işləyən ictimai birlik olaraq, pandemiyanın tüğyan elədiyi bir ərəfədə hüquqi, sosial, iqtisadi sahədə hansı boşluqları görürsünüz və daha çox hansı məsələlərin əsaslı şəkildə araşdırılaraq cəmiyyətin diqqətinə yönəltməyi istərdiniz?

 

- Düşünürəm ki, maarifləndirmə işlərinə xüsusi diqqət ayrılmalıdır. Çünki maarifləndirmə işi, məlumatlandırmaq bütün aspektlərdə çox mühüm amildir.

 

- Ölkədə məmur özbaşınalığının, qeyri-şəffaf fəaliyyətin olması heç kimə sirr deyil. Bir çox ekspertlər çıxış yolunu Vətəndaş Cəmiyyətinin gücləndirilməsində görür. Necə hesab edirsiniz, əsas missiyanı daşıyan vətəndaş öz hüququnu nə dərəcədə bilir və bu gün onun dövlət quruculuğunda fəal iştirak etməsi üçün hansı təminatı var?

 

- Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında məmur özbaşınalığına, qeyri-şəffaflığa son qoymaq üçün böyük işlər görülür. Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, bu hallara son qoymaq üçün ictimai nəzarəti də gücləndirmək lazımdır. Vətəndaşlarımızın öz hüquqlarını bilməsi çox ciddi məsələdir. Bəzən buna etinasız yanaşanlar da az deyil. Əgər hər bir vətəndaş öz hüquqlarını bilərək vətəndaş cəmiyyətində öz missiyasını yerinə yetirərsə, bu onun dövlət və öz şəxsiyyəti qarşısında qismən də olsa missiyasını yerinə yetirməsinə imkan verər.

 

- Bu ağır dönəmdə Sizi vətəndaş cəmiyyəti olaraq aztəminatlı ailələrə göstərilən yardımların əhatə dairəsi qane edirmi? Necə düşünürsünüz, ölkənin nüfuzlu təşkilatları, eləcə də məmurlar, iş adamları, siyasi xadimlər arasında vətəndaş, dövlət, xalq, birliyi nümayişi müşahidə olundumu?

 

- Bəli, müşahidə olundu. Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanı çatan insanlarımız, təşkilatlarımız ianə köçürüblər. Heydər Əliyev Fondu pandemiya səbəbindən çətin vəziyyətə düşən 200 mindən çox ailəyə yardım göstərib və biz bu önəmli işlər üçün ölkəmizin birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Onların bu addımı hamımız üçün ən gözəl örnəkdir. Bundan başqa, bir çox ictimai birliklər bu ağır dönəmlərdə insanlarımıza, aztəminatlı ailələrə yardım göndərərək dəstəyini əsirgəmirlər. Maarifləndirici təşkilat olaraq rəhbərlik etdiyim "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi də bu dövrlərdə insanlarımızın pandemiya ilə mübarizə istiqamətində daha çox maariflənməsi, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək istiqamətində bütün gücünü səfərbər etmişdir.

 

“Hər bir QHT öz fəaliyyətində bu məqamları mütləq nəzərə almalıdır”

 

- Dünya təcrübəsi göstərir ki, koronavirus pandemiyası dünyada çox böyük psixoloji şok yaradıb. Ekspertlər bir azdan intiharların, cinayətlərin sayının artacağı və daha fərqli hadisələrin baş verəcəyi qənaətindədir. Ağır fəsadlara yol aça biləcək bu prosesin qarşısını vətəndaş cəmiyyətləri ilə birgə iş prosesində nə dərəcədə almaq mümkündür?

 

- Pandemiyanın dünyada psixoloji olaraq insalarda sarsıntı yaradacağı gözlənilən idi. Sizin vurğuladığınız məsələdə əlbəttə ki, vətəndaş cəmiyyətlərinin üzərinə böyük iş düşür. Maarifləndirmənin, onlayn psixoloji yardım proqramlarının, bu çətin vəziyyətdə cəmiyyətin problemlərini əhatə edən sosial layihələrin aspektini genişləndirmək lazımdır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında əhalinin özəlliklə aztəminatlı təbəqəsinə daha geniş yardımların göstərilməsi istiqamətində lahiyələrin sayının getdikcə artdığını görürük. Baxmayaraq ki, dünyada böyük bir iqtisadi böhran var amma dövlət başçımızın göstərişi ilə sosial sahəyə ayrılan vəsait və həyata keçirilən proqramların sayı daha da artır ki, bu da aztəminatlı ailələrimizə ciddi dəstək olacaq işlərdir.

Cənab Prezidentin sahibkarlığın inkişafına dəstəklə bağlı tapşırıqları da çox vacib məsələdir. Eyni zamanda cənab Prezidentimizin vurğuladığı “bizim üçün ən vacib məsələ bu pandemiyaya yoluxan insanlarımızın sayının sürətlə artmamasıdır. Bizim əsas məqsədimiz vətəndaşımızın sağlamlığını qorumaqdır” çağırışını biz Qeyri Hökümət Təşkilatları da dəstəkləyərək dövlətimizin bu istiqamətdə siyasətinin yerlərdə daha güclü həyata keçməsinə vətəndaş cəmiyyəti olaraq öz töhvəmizi verməyə çalışırıq. Düşünürəm ki, dövlət başçımızın “Biz birlikdə güclüyük!” çağırışı ilə dövlət, xalq həmrəyliyimiz bundan sonra daha da güclənəcək və biz dünyada böyük səhiyyə və iqtisadi böhranlara səbəb olan COVİD-19 pandemiyası dövründən daha güclü həmrəyliklə çıxacağıq.

 

- Qanunlar çərçivəsində öz fəaliyyətini quran bir çox vətəndaş cəmiyyətləri təşkilatları öz fəaliyyətlərində müəyyən bürokratik əngəlləri, məmur özbaşınalığı ilə qarşılaşdıqlarını bildirirlər. Bəzi qanunların icrasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müəyyən maneələr var. Bəs siz fəaliyyətinizdə hansı maneələrlə qarşılaşırsınız və onlardan hansının aradan götürülməsini vacib hesab edirsiniz?

 

- Vətəndaş cəmiyyətinin inkişafı demokratik cəmiyyətin inkişafına öz töhfəsini verən əsas güclərdən biri sayılır. QHT-lər ictimai qurum olaraq, öz fəaliyyətini müəyyən etdiyi nizamnamə və eləcə də qanunvericiliyə uyğun şəkildə qurur və qurmalıdır. Qeyd edim ki, QHT-lər fəaliyyət istiqamətindən asılı olaraq, cəmiyyətdə aktual hesab edilən məsələlərin ictimailəşdirilməsi, mövcud olan müəyyən problemlərin aktuallaşdırılması baxımından mühüm rola malikdir. Odur ki, hər bir QHT öz fəaliyyətində bu məqamları mütləq nəzərə almalıdır. Dövlət qurumları ilə çox sıx çalışan bir təşkilat olaraq qeyd edim ki, biz bu günə qədər hər hansı bir maneələr və əngəllərlə rastlaşmamışıq. Tam əksinə, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bir çox gözəl lahiyələr həyata keçirmişik və bu məsələdə hər zaman dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin dəstəyini hiss etmişik.

 

“Vətəndaş cəmiyyəti bu istiqamətdə yeni ideya və layihələrlə çıxış etməlidirlər”

 

- Müharibə şəraitində yaşayan Azərbaycanın vətəndaş cəmiyyətləri problemin dünya ictimaiyyətinə çatdırılması baxımından beynəlxalq müstəvidə təbliğat apara bilirlərmi və bu istiqamətdə görülən işlər nə dərəcədə yetərlidir?

 

- Bu gün Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və münaqişənin obyektiv və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində hələ də danışıqlar və işlər davam edir. Müharibə bu gün informasiya cəbhəsində də davam edir. Odur ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında medianın, eləcə də vətəndaş cəmiyyəti fəallarının üzərinə böyük məsuliyyətli iş düşür. Bu gün əminliklə deyə bilərəm ki, Azərbaycanda fəaliyyət göstərən bir çox təşkilatların hazırladıqları filmlər, konfrans və görüşlər, sosial aksiyalar, Avropanın müxtəlif ölkələrində keçirdikləri silsilə tədbirlər, xüsusilə də Xocalı soyqırımı ilə bağlı tədbirlər bizim haqq işimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz müsbət təsirini göstərir. Lakin arxayınlaşmaq lazım deyil. Vətəndaş cəmiyyəti bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirməli, yeni ideya və layihələrlə çıxış etməlidirlər. Qeyd edim ki, rəhbərlik etdiyim Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq hörmətli Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Xocalıya Ədalət kampaniyasına qoşulan və bu istiqamətdə işlər aparan təşkilatlardan biriyik. İstər qardaş türk dövlətlərində, istərsə də dünyanın bir sıra ölkələrində Qarabağ həqiqətlərimizin, Xocalı Soyqırımının daha geniş bilinməsi üçün bir sıra lahiyələr həyata keçirmişik və bundan sonra da bu istiqamətdə işlərimizi daha da artırmağı düşünürük.

 

- İctimai Birlik olaraq hazırda hansı problemli məsələlər üzərində işləyirsiniz və bu, cəmiyyətə hansı töhfəsini verəcək?

 

- Sözsüz ki, vətəndaş cəmiyyəti cəmiyyətin səsidir. Vətəndaşları, ümumilikdə cəmiyyətimizi narahat edən məsələlər və qayğılar QHT sektorunun diqqətində olmalıdır. QHT sektoru fəaliyyət istiqamətindən asılı olaraq, bu problemləri öz fəaliyyəti ilə işıqlandırmalı, problemin həllinə dəstək olmalıdır. Biz bundan sonra da öz fəaliyyətimizdə çalışacağıq ki, cəmiyyətimizin inkişafına və vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəmizi verək, istər paytaxt, istərsə də bölgələrdə həyata keçirilən layihələrlə maarifləndirici fəaliyyətimizi daha da gücləndirək. Bizim fəaliyyətimizdə bundan sonra da qızlarımızın təhsili, erkən nigahlara qarşı mübarizə, qadınlarımızın cəmiyyətdə rolunun genişləndirilməsinin vacibliyi, məişət zorakılığına qarşı mübarizə, ailə ənənələrimizin təbliği, fiziki imkanları məhdud insanlarımızın cəmiyyətə daha yaxşı inteqrasiyası istiqamətində lahiyələr, gənclər arasında kitaba meylliliyin artmasına, eyni zamanda gənclər arasında zərərli vərdişlərə meylliliyin artmamasına xidmət edən lahiyələr və müxtəlif mövzularda maarifləndirmə yenə də üstünlük təşkil edəcək. Amma təbii ki, təşkilatımız üçün ən vacib məsələ gücümüzün çatdığı qədər Qarabağ həqiqətlərini dünyaya daha geniş duyurmaqdır. Eyni zamanda qardaş ölkələrin müxtəlif təşkilatları ilə birlikdə dövlətimizin maraqları və birliyimizin güclənməsi istiqamətində lahiyələrimiz bundan sonra da davamlı olacaq.

Mən sizə və fəaliyyətimiz dövründə bizə işlərimizin insanlarımıza daha geniş duyurulmasında dəstək olan mətbuat və media nümayəndələrinə təşəkkür edirəm! /ucnoqta/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...