ADP-nin “Öndərlərin izi ilə” adlı səfər proqramı başa çatıb

14:32 28-05-2018 | icon 1052 | Gündəm
ADP-nin “Öndərlərin izi ilə” adlı səfər proqramı başa çatıb

 

Xəbər verdiyimiz kimi, ADP İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı partiya rəhbərliyinə daxil olan 7 nəfərdən ibarət nümayəndə heyəti Cümhuriyyət liderlərinin 100 il bundan qabaq keçdiyi marşrut üzrə səfər proqramı həyata keçirib.

 

Versus.Az-ın məlumatına görə, nümayəndə heyəti mayın 24-də ADP-nin Mərkəzi Qərargahı önündən hərəkətə başlayıb. Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyəti şəhidlərin qəbirləri üzərinə gül dəstələri qoyub. Sonra Tiflisdə uyuyan Cümhuriyyət liderlərinin məzarı üstünə səpmək üçün Şəhidlər Xiyabanından Vətən torpağı götürüblər.

 

Əvvəlcədən planlaşdırılmış marşrut üzrə hərəkət edən nümayəndə heyəti Şamaxı rayonu ərazisindəki naməlum türk əsgərinin qəbrini ziyarət edərək məzarın üzərinə gül dəstələri qoyublar.

 

Mayın 25-də nümayəndə heyəti Tiflisdə olub. Həmin gün ADP sədri Sədri Cəlaloğlunun rəhbərliyi ilə nümayəndə heyətinin Yeni Gürcüstan Partiyasının rəhbərləri ilə onların Baş ofisində görüş keçirilib. Elə həmin gün saat 16 radələrində isə Gürcüstanın Azad Demokratlar Partiyasının rəhbərliyi ilə görüşüblər. Hər iki görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, partiyalararası əməkdaşlıqla bağlı razılığa gəlinib.

 

Nümayəndə heyəti həmin gün axşam saatlarında Marneuli rayonuna səfər edib, orada Gürcüstan Azərbaycanlılarının Konqresinin sədri Hüseyn Yusubovla görüşüblər. Görüş zamanı Gürcüstan azərbaycanlılarının problemləri, diaspor işinin təşkili və Gürcüstan azərbaycanlıları ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Konqres adından ADP nümayəndə heyətinə ziyafət verilib.

 

Mayın 26-da erməni terrorçuları tərəfindən qətlə yetirilən Demokratik Cümhuriyyətin Baş naziri olmuş Fətəli Xan Xoyskinin və parlamentin sədr müavini olmuş Həsən bəy Ağayevin məzarlarını ziyarət etmək üçün Tiflis şəhərinin Botanika bağına gedən ADP-çilər burada Cümhuriyyət abidəsi önünə çiçək dəstələri düzüb, eyni zamanda Fətəli Xan Xoyskinin və Həsən bəy Ağayevin məzarları üzərinə əklil qoyublar. Ziyarət zamanı Tiflis şəhəri Cümə Məscidinin imamı Cümhuriyyət öndərlərinin ruhuna Quran oxuyub. Sonra Sərdar Cəlaloğlu Bakıdakı Şəhidlər Xiyabanından götürülmüş torpağı Cümhuriyyət öndərlərinin qəbirləri üzərinə səpib.

 

ADP-çilər Cümhuriyyət öndərlərinin qəbri üzərindən Azərbaycana gətirmək üçün torpaq götürüblər. Eyni zamanda Cümhuriyyət öndərləri ilə birgə uyuyan Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovun və onların ailə üzvlərinin məzarları ziyarət olunub. Nümayəndə heyəti Botanika bağında öndərlərin qəbirlərini ziyarət etməyə gəlmiş Gürcüstanda yaşayan bir qrup azərbaycanlı şagird və müəllimlərlə də görüşüb. Daha sonra Tiflisdəki Azərbaycan xalqına məxsus bir sıra tarixi yerlərə də baş çəkiblər.

 

Mayın 26-da Tiflisdən Gəncəyə doğru hərəkət edən ADP-çilər burada Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinin binasını ziyarət edərək, binanın önünə ADP adından xatirə əklili qoyublar.

 

Marşrut üzrə hərəkət edən nümayəndə heyəti bəzi cümhuriyyət öndərlərinin doğulduğu yerlərdən keçərkən (Qazaxda doğulan Mustafa bəy Vəkilov, Gəncədən olan Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Ağdaşda doğulan, Şəfi bəy Rüstəmbəyli, Şamaxıda doğulan Ziyvər bəy Əhmədbəyov) xatirələrini yad ediblər. Göyçay şəhərinin yaxınlığında 1918-ci ildə şəhid olmuş Türk əsgərinin məzarı da ziyarət edilərək məzarı üzərinə gül dəstələri qoyulub.

 

Sonra nümayəndə heyəti M.Ə.Rəsulzadənin qısa müddətli yaşadığı Lahıc kəndinə gəlib, burada böyük öndərin xatirəsini yad ediblər. Həmin gün Bakının 55 kilometliyində yerləşən türk əsgərinin məzarını da ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

 

ADP-çilər mayın 28-də Novxanıya gedərək orada M.Ə.Rəsulzadənin abidəsi önünə canlı gül dibçəkləri qoyub, Əhməd bəy Ağayevin və Fətəlixan Xoyskinin məzarından götürdükləri torpağı abidə önünə səpiblər. Sonra Bakıda İstiqlal küçəsində yerləşən Demokratik Cümhuriyyətin parlamenti yerləşmiş binanın yaxınlığında Cümhuriyyət abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. Bununla da Tiflis-Gəncə-Bakı marşrutu üzrə “Öndərlərin izi ilə” adlı tədbirlər proqramı başa çatıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı