Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Versus.Az xəbər verir ki, Mətbuat Şurası sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. O qeyd edib ki, MŞ-yə daxil olan şikayətlərin bir qismi mübahisəli xarakter daşıdığı üçün komissiyanın geniş tərkibdə müzakirə keçirməsinə zərurət yaranıb.
Komissiya əvvəlcə Bakı şəhər sakini, taykvondo üzrə Avropa çempionu Fəridə Əzizovanın “Open.az” saytına, “Report” İnformasiya Agentliyinə və digər 50 xəbər saytına qarşı şikayətini araşdırıb.
Müşfiq Ələsgərli məlumat verib ki, şikayət olunan və şikayətçi arasındakı mübahisəli durum 1 il yarım ərzində davam edib, Şikayətlər üzrə Komissiyası məsələnin həlli üçün çalışıb. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il və 5 fevral 2019-cu il tarixli iclaslarında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və “Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib. Həmin vaxt qeyd edilən KİV-lərdə Fəridə Əzizova və onun qohumu Aysel İsgəndərova barədə yayılan xəbərlərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma arqumentlər üzərində qurulduğu, dəqiqləşdirmə üçün cəhd göstərilmədiyi, qarşı tərəfin rəyinin öyrənilmədiyi müəyyən edilib. Yol verilmiş xətalar KİV qurumları rəhbərlərinin diqqətinə çatdırılıb.
Xəbərin ilkin yayıcısı olan “Open.az” saytının redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razılıq verib. Razılaşma barədə MŞ-nin açıqlaması yayılıb, ölkə KİV-lərində dərc edilib. Lakin sonradan bir sıra digər xəbər saytları “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərini pozaraq barəsində təkzib verilmiş xəbəri yenidən tirajlayıblar. Həm də bu hərəktlərini “Open.az” saytına və “Report” İnformasiya Agentliyinə istinad etməklə əsaslandırmağa çalışıblar. Bununla da şikayətçinin hüquqları yenidən pozulub.
İclasda iştirak edən “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev barəsində təkzib verilmiş materialın yenidən digər saytlarda tirajlanmasına məsuliyyət daşımadıqlarını bildirib. Çünki qeyd edilən informasiyalar hər iki agentliyin xəbər lentindən götürülüb. Murad Əliyev buna rəğmən beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıran idmançıya qarşı informasiya təxribatlarının dayandırılmasına dəstək verməyi özünə mənəvi borc saydığını vurğulayıb.
İclasda razılaşdırılıb ki, həm MŞ, həm də “Report” İnformasiya Agentliyi adından Fəridə Əzizova barədə yanlış xəbəri təkrar dərc edən KİV-lərə müraciət edilsin; Fəridə Əzizova barədə yaydıqları xəbərin qüsurlu olduğu, qarşı tərəfin rəyi öyrənilmədən hazırlanıldığı, barəsində təkzib verildiyi onların diqqətinə çatdırılsın.
Komissiya üzvləri Xəzər Rayon İcra Hakimiyyətinin “Arama” jurnalının baş redaktoru Mahir İmanova qarşı şikayətini də araşdırıblar. Bəlli olub ki, jurnal “KİV haqqında” Qanunun 28-ci maddəsinə zidd olaraq istinad məlumatlarını dəqiq təqdim etməyib. “Arama”nın elektron ünvanı, mobil əlaqələri, digər rekvizitləri əlçatan olmadığından, onunla müzakirələr aparmaq imkansız olub. Şikayətçiyə tövsiyə olunub ki, öz hüquqlarını digər müstəvilərdə təmin etsin.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...