Çinin gecikmiş etirafı nəyi dəyişəcək?

11:37 19-05-2020 | icon 431 | Dünya
Çinin gecikmiş etirafı nəyi dəyişəcək?

Postkoronavirus dövrü haqqında müxtəlif ehtimallar irəli sürülür. Bəzi ekspertlər dünyanın dəyişəcəyini güman etdikləri halda, digər ekspertlər müşahidə olunan mübahisələrə istinad edərək heç nəyin dəyişməyəcəyini bildirirlər. Bunun ən bariz nümunəsi Amerika ilə Çin arasında artan mübahisə və söz atışmasıdır.

 

Versus.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz şərhində dünyanı böhran vəziyyətinə salan COVİD-19 epidemiyasının yayılma və bu gün edilən etirafların dünya gücləri arasında hansı çəkişmələrə səbəb olması və əhəmiyyəti ətrafında bu və ya digər maraqlı nüanslara diqqət çəkib.

 

-ABŞ prezidenti Donald Tramp epidemiya ilə əlaqədar ölkəsinin dəhşətli hücuma məruz qaldığını vurğulayıb. Hücum edən ölkənin ismi bəllidir: Çin. Ağ Ev sahibi bu vəziyyətdə hətta Çinlə iqtisadi əlaqələri kəsə biləcəyinə işarə edib. Əslində epidemiyanın yayılmasından bir neçə həftə öncə Tramp Çinlə uzun danışıqlardan sonra ticarət məsələlərində razılaşma əldə etmişdi. “Mən Çinlə böyük bir bazarlıq etdim və indi həmin saziş o qədər də yaxşı görünmür”,- deyən Tramp Çindən idxal olunan virusun bütün razılaşmaların üstündən xətt çəkdiyini bildirib. Tramp belə bir addımdan çəkinmir. Ağ Ev sahibinin sözlərinə görə, Amerika Çinlə ticarəti kəsəcəyi halda 500 milyard dollara qənaət edəcək. Görünür, Tramp ona işarə edib ki, Çin Amerika bazarını ucuz mallarla doldurub və bundan qazanan Pekindir. Bundan başqa Amerika şirkətlərinin müəssisələrini Çində çalışdırması da Amerikanın ziyanınadır. Tramp həmin müəssisələri də geri qaytarmağa çalışır.

Çin rəsmiləri Vaşinqtonun ittihamlarına cavabsız qalmırlar. Onlar Amerikaya Çinin böyük nüvə dövləti olduğunu xatırlatmağa başlayıblar. Çin rəsmiləri hədələrində yalnız Amerika ilə kifayətlənmirlər. Pekin virusun yayılmasına görə onu tənqid edən və beynəlxalq araşdırma qrupu tələb edən Avstraliyanı da hədələyir. Çin rəsmilərindən biri müsahibəsində Avstraliyanı “Çinin çəkməsində saqqız çeynəyən ölkə” adlandırıb.

Bu hədələrə baxmayaraq, Pekin beynəlxalq aləmin qınağından qurtulmağın yollarını da arayır. Çindən gələn gecikmiş etiraf bunun sübutudur. Çinin koronavirus epidemiyası ilə mübarizə mərkəzinin baş müşaviri Tjun Nanşan Amerikanın CNN televiziya kanalına müsahibəsində deyib ki, koronavirus epidemyasının yayılmasında Çinin Vuhan şəhərinin hakimiyyət nümayəndələri məsuliyyət daşıyırlar. Baş müşavirin sözlərinə görə, Vuhan şəhərinin hakimiyyət nümayəndələri mərkəzi hakimiyyətə vaxtında səhih məlumatlar verməyiblər. Və guya işə mərkəzi hakimiyyət qarışdıqdan sonra virusun insandan insana yayılması faktı təsdilənib və bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumatlandırılıb. Bu inandırıcı deyil.

Birincisi, baş müşavirin sözlərinə görə, Pekin virusun təhlükəli olması barədə qərarı yanvarın 18-də verib. Vuhanda xəstələrin sayı ötən ilin dekabrın əvvəllərində artıb, bundan sonra bəzi yerli həkimlər həyəcan təbili çaldılar. Necə olub ki, mərkəzi hakimiyyət yalnız ay yarım sonra xəstəliyin təhlükəi olduğu qənaətinə gəlib? Bu az inandırıcıdır.

İkincisi, Pekin baş müşavirin Amerika televiziyasına verdiyi müsahibə vasitəsilə virusun yayılmasına görə məsuliyyəti bölgə rəhbərliyinin üstünə atmağa çalışır ki, Çin hakimiyyəti beynəlxalq aləmin təpkisindən qurtulsun.

Pekin virusun yayılmasına görə məsuliyyəti Qərb dövlətlərinin üzərinə atmaq siyasətini də davam etdirir. Məsələn, Çin rəsmiləri deyirlər ki, guya başda İtaliya olmaqla Qərb ölkələri sərt tədbirlər gorməkdə gecikiblər. Əlbəttə, gecikməni inkar etmək çətindir. Ancaq Qərb ölkələri Çinin və Ümumdünya Səhiyyə Təşkilatının ilk günlərdə “virus qorxulu deyil, insandan insana yayılmır” tezisinə inanmışdılar. Bu inam Qərbə baha başa gəldi. Əgər virusun başlanğıc nəqtəsi olan Çində 3 mindən bir az çox insan vəfat etmişdisə, digər dövlətlərin tamamında ölənlərin sayı 300 min nəfəri aşıb və bu gedişlə 1 milyona yaxınlaşacaq.

Çinin xarici ölkələrdəki diplomatları da fəallıqlarını artırıblar. Çinli diplomatlar virusun İtaliyada meydana gəldiyini iddia edərək, Fransanın pandemiya dövründə liberal dəyərlərdən imtinasını lağ ediblər. Çinli diplomatların bu tərz davranışı Avropanın əsas paytaxtları olan Parisi, Berlini, Brüsseli ciddi narahat edir. Çinin İsveçrədəki səfiri o dərəcədə “fəallaşıb” ki, yerli siyasətçilər həmin səfiri persona non-qrata elan etməyə çağırıblar.

Beləliklə, Pekin əlindən gələn hər şeyi edir ki, hədəfi özündən yayındırsın. Çin bir müddət müxtəlif dövlətlərə maska göndərməklə “maska diplomatiyasına” üstünlük verdi. Ancaq bu diplomatiya Çinin məsuliyyətdən azad etmək üçün kifayət deyildi. Digər tərəfdən Çinin bəzi ölkələrə göndərdiyi tibbi ləvazimatların, o cümlədən virusun müəyyənləşdirilməsi üçün lazımi testlərin yararsız olduğu aşkarlandı. Çin Avropanın bəzi ölkələrini ələ almaq üçün hətta həmin ölkələrin zooparklarına panda ayılarını göndərəcəyini vəd etdi. Pulsuz pendir tələdə olur. Avropa ölkələri bu cür rüşvətdən imtina etdilər.

“Blumberq” agentliyinin analizinə görə, Çin beşinci nəsil telekomunikasiya şəbəkəsi sayılan 5G uğrunda mübarizəni də gücləndirib. Çinin ən böyük avadanlıq istehsalçısı olan “Huawei” şirkəti Amerikanın saksiyalarına rəğmən, əldə etdiyi 5G vasitəsilə dünyanın telekomunikasiya bazarına nəzarət etmək istəyir. ABŞ və Avropa ölkələri Çinin 5G-yə nəzarət etməsini istəmirlər.

Çin Kommunist Partiyasının rəhbərliyinin bir başqa dərdi də var. Mərkəzi hakimiyyət gələcəkdə ölkədə baş verə biləcək narazılıqdan ehtiyat edir. Avtoritar üsul-idarə illərdir iqtisadi yüksəlişi təmin etsə də, pandemiya idaerətmənin zəif nöqtələrini göstərdi. Bu sırada virusun təhlükəli olduğunu deyən həkimlərin sıxışdırılması yoluyla fikir azadlığının boğulmasından tutmuş iqtisadi bərabərsizliyə qədər amilləri göstərmək olar.

Əlbəttə, Çin ilə Avropa arasında iqtisadi əlaqələr hələ də güclüdür. Ancaq Avropa ölkələri bundan sonra Çində baş verənləri diqqətlə izləməli olacaqlar. Çünki, dünya anladı ki, Çinə aid olan neqativ hadisə zamanında dəyərləndirilməsə bunun acı nəticəsini hamı hiss edəcək.

 

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”