Şuşa inauqurasiyası, mən, qarğalar…

12:49 20-05-2020 | icon 1833 | Kürsü
Şuşa inauqurasiyası, mən, qarğalar…

Ağam erməni kilsəsinin qızılı xaçını göstərib deyirdi ki...

VAHİD QAZİ

 

Yenə yuxum qaçıb. Yenə pəncərənin ağzındayam... Dan yeri sökülhasöküldədir. Qarğalar oynaşan vədə. Alatoran! Günün ən qorxunc çağı! Şəhər yatıb. Evdə mən oyağam, çöldə qarğalar.

 

Sinirə bilmirəm!

Sabah Şuşada Araik Arutunyan and içəcək. Adına qondarma dediyimiz ölkənin prezidenti kimi. Paşinyan da gələcək! Xankəndində, işğal altında qalan rayon-şəhərlərin heç birində yox, məhz Şuşada! Niyə Şuşada?

 

…Babam Qazıyev Həbib Əliş oğlunun cümhuriyyət ordusunun generalı Həbib bəy Səlimovun komandanlığı altında gedən Əsgəran döyüşündə yaralanmasından yazmışdım bir dəfə. Onun nənəmə, nənəmin də mənə danışdıqlarından bilirəm ki, o vaxt ordumuz Xankəndini, Şuşanı azad edibmiş. Xankəndində qələbə paradı keçirilməsini o dövrün “Azərbaycan” qəzeti də yazıbmış. Bu yaxınlarda xəbər tutduq.

 

Şuşada qələbə atəşfəşanlığı haqda isə atam bunları danışıb mənə:

“Erməni-müsəlman davasında bizimkilər erməniləri Şuşadan qovublar. Əsgərlərimiz şəhərdə qələbə bayramı ediblər. Ağam (atasına ağa deyirdi) erməni kilsəsinin qızılı xaçını göstərib deyirdi ki, bizim əsgərlər dilxoşluğa mərcə girib atırmışlar. Bəlkə 100 güllə dəyib o xaça”.

 

Qarabağda qələbənin baş memarı cümhuriyyətin ora general-qubernator təyin elədiyi Xosrov bəy Sultanovdur. Mayın 10-u ad günü idi. “Facebook” səhifəmdə onu belə yad etdim:

“15 yanvar 1919-cu ildən cümhuriyyətin süqutunacan Qarabağın qubernatoru olmuş Xosrov bəy Sultanovu Qarabağın xilaskarı adlandırırlar. Onun komandanlığı altında Azərbaycan ordusu 1920-ci ilin Novruz günlərində baş qaldıran erməni qiyamlarını yatırıb, Xankəndini, Şuşanı azad edib. Xankəndində ordumuzun qələbə paradı, Şuşada qələbə atəşfəşanlığı keçirilib”.

 

10 mayda kimin xəbəri oldu Xosrov bəy Sultanovdan?.. Başqasına qarışmışdı başımız.

Büdcəsində “siçanlar oynaşan” bir dövlətin generalları 100 il əvvəl əsgərlərinə qələbə sevinci yaşatmışdılar. Bu gün isə neft pulu təpəsindən xəzəl kimi tökülən bizlər miskin durum yaşayırıq.

Ermənilər isə Şuşada inauqurasiya mərasimi keçirəcək...

 

Alatoran, qarğalarla lap qorxunc olur. Nə pis qarıldaşırlar, cəhənnəm quşları kimi…

 

Görən ali baş komandan da oyaqdır? O da yata bilmir? Bəs sayını itirdiyimiz generallar necə?

…Evdə mən oyağam, çöldə qarğalar…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı