YERDƏKİ “ALLAHLAR” VƏ “ZÜMRÜD SULU İRMAQLAR”IN SİRRİ

11:46 07-01-2018 | icon 825 | Köşə
YERDƏKİ “ALLAHLAR” VƏ “ZÜMRÜD SULU İRMAQLAR”IN SİRRİ

İGİD TEYMURLU

Dövlət. millət, xalq, kütlə, toplum, camaat, xurafat, mövhumat, cəhalət, rəzalət, zəlalət, məlalət, ət, mət, siyasi proseslərdəki əziyyət, şişirdilən keyfiyyət, keyfiyyətsiz kəmiyyət, seyid ağzından püskürdülən, yüksək çinli məmur burnundan fışqırdılan “XIXX”dakı “kəramət”, be zəbər tə, ə zəbər te və bütün bunların fonunda təqdim etmək istədiyimiz xoş niyyət haqqı biz elə bilirdik ki, yazanda nəsə düzəlir. Di gəl ki, bu, qətiyyən belə deyimiş. İsrafilin sur çalacağı vaxta qədər siz zülmünüzü davam etdirəcəksinizsə, onda biz də həzrəti Cəbrayıla mesaj yazıb, problemlərimizin həllini Allahdan diləyək!!!

Biz bir vətəndaş olaraq ərz edirik ki, “inkişaf etmiş ölkə”də yaşayanların axı məntiqlə bütün sosial yönümlü problemləri olmamalıdır. Ya da olsa belə edilən müraciətlər əsasında bütün çatışmazlıqlar dərhal və təxirəsalınmadan aradan qaldırılmalıdır. Di gəl ki, bizlər Binə qəsəbəsində Allahlıq edən “Azəriqaz”ın, daxili yolların çəkilişinə cavabdeh olan idarə rəhbərinin, bizi susuz, kanalizasiyasız qoyan “Azərsu”nun, bizi telefonsuz, internetsiz qoyan ”Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin əlindən day bezar olmuşuq. Saysız-hesabsız müraciətləri heç veclərinə də almayan bu həzrətlərin əlindən Allaha yazdığımız məktubları yola salmaq üçün həzrəti Cəbrayılın gəlişini gözləyirik. O da ki, biz tərəfə gəlmir ki, gəlmir, ey vaaah!!!

Ərəb dünyasından qaçqın düşən və 1400 ildən artıq bir müddətdə azərbaycansayağı İCTİMAİ LQOTLA yaşayan, o biinsaf göl ərəblərinin məcburi köçkün halına saldıqları milliləşdirdiyimiz SEYİDLƏRİMİZin cəddi haqqı biz öz dövlətimizin gücünə inanırıq. Di gəl ki, Xəzər rayonundan olan həzrəti məmurlar vətəndaşların problemlərini həll etməməklə “mənəm Allah” prinsipiylə sanki dövlətimizə güc nümayiş etdirir, “dövlət mənəm” davranışlarıyla bilərəkdən, ya da bilməyərəkdən sosial narazılıq formalaşdırırlar, ey vaaaah!!! Həzrət Abbasın düşən qolları haqqı yazılanlara və deyilənlərə inansaq (və inanırıq da), deməli, bizim ayaqlarımızın altından zümrüd sulu irmaqlar axır. Di gəl ki, Binə qəsəbəsindəki ərzi-halımızla tanış olanda bambaşqa şeylər üzə çıxır. Məlum olur ki, axan Binə sakinlərinin göz yaşlarıymış, zümrüd sular deyilmiş, ey vaaah!!!

Qocalar evini xatırladan hökumətimizin kabinetindəki əsaları, dolmaq bilməyən kasaları, savramenni masaları, biznesmen deputatlarımızın mnoqokratnı hacılığı, xanım deputatlarımızın bacılığı, Məşhəddən aldıqları kitayski çərəkələri haqqı biz elə bilirdik ki, Xəzər rayonundakı məmurlar da dövlət başçımız cənab İlham Əliyevin buyurduğu kimi, onlar da “xalqın xidmətçiləri”dir. Ancaq gerçək durumumuz nəql edir ki, yox canım, siz onların qulusunuz, ey vaaah!!!

Düzəldilən möhürlər ucbatından çala-çuxur olmuş Kərbəla çöllərinin zülmət gecələri, balalı inəkləri boyun aldığımız və içində kimin belə uyumasından xəbərsiz olduğumuz ALÇABULAQ TÜRBƏSİndəki şırğalı ağacın altında uyuyan kimsənənin zərif gülüşləri, axşamın mehi, səhərin şehi, alnımızı sürtə-sürtə ağappaq elədiyimiz YARDIMLININ ƏLİABADDAKI, ORA DEYİLƏN YERDƏKİ, BUZOVNADAKI ƏLİ AYAĞInın ləpirləri haqqı biz elə bilirdik ki, aşağıların səsi yuxarılarda eşidilir. Amma sizlərin “get kimə istəyirsən de” təhdidinizdən bəlli olur ki, oralar deyəsən bizimkimilər üçün səsçatmaz, ünyetməz olan bir yer imiş: oralar deyəsən lap yüksəkdir, zülm ərşə dirənsə də, deyəsən yerdəkilər sezilmir, ey vaaah!!!

Tarixdə ilk dəfə şah Qacarın, şah Nadirin türk kəndlilərinin qabırğasının altından çıxardıqları qızıla bürüdükləri, sonucda azan ritmi altında quşbazlıq edən Səud övladları olan vəhabilərin darmadağın edərək çapıb taladıqları imam Hüseyn (r.a) türbəsinin əlvanlaşdırılmış quşqonmaz günbəzi, keçmiş dua-pitilərin modernləşdirilmiş bülleten formatıyla az qala Əzrayıla belə saqqız çeynətdirə bilmək bacarığıyla Yer kürəsinin 4 qütbünü ağzı açıq qoyaraq MƏlədən ZAHİRi göyçək oğlanlarımızın malik olduqları cazibə qüvvəsi, ətalət qanunu haqqı mən elə bilirdim ki, məmur olmaq həm də bir məsuliyyət imiş. Di gəl ki, belə deyilmiş – axı biz yenə də yolsuz, kanalizasiyasız, marşrutsuz, sutkanın yarısından çoxunu qazsız, telefonsuz, internetsiz, heç bir istirahət məkanı olmayan, heç bir parkı olmayan bir durumdayıq, ey vaaah!!!

“Uca Şirvinin ruhu” haqqı biz elə bilirdik ki, siz də bizim kimi Allahdan qorxursunuz, ürəyinizdə Allah qorxusu, Allah Sevgisi var. Di gəl ki, əməlləriniz bunu təsdiqləmir. Siz yuxarıların əbasına qurd yağı sürtür, aşağıların yeməklərinə kecələ beyni qatırsınız, cənab Xəzər rayonunun məmurlar, ey vaaah!!! İranda QUMda batıb, vaxtilə “İran” adlanan dövlətin zaman-zaman fəxr etdiyi, indisə bilərəkdən susuzlaşdırılan Urmiya gölünün dilindən səslənən “Vaveyla” tipli şəbihləri dinləyən qulaq seyvanlarınızın tutduğu ritm haqqı biz elə bilirdik ki, məmurlar da Böyük Azərbaycan sevdalısısınız. Ancaq vətəndaşın problemlərinə sayğıyla yanaşmamağınız nəql edir ki, onlar quberniyalara bölmək istədikləri A-Z-Ə-R-B-A-Y-C-A-Nın sorağındadılar, ey vaaah!!!

Sonda həmd olsun Uca Tanrıya! Nöşün ki, bizə uğrunda can qoyduğumuz müstəqil dövlətimizin varoluşunda bizlərdən öz lütfünü əskik etməyib. İndi nə olsun ki, XƏZƏR RAONU QAZ İDARƏSİ, XƏZƏR RAYONU TELEFON QOVŞAĞI, XƏZƏR RAYONU SU İDARƏSİ, XƏZƏR RAYONU YOL İSTİSMARI İDARƏSİ, XƏZƏR RAYONU İCRA HAKİMİYYƏTİ, BİNƏ QƏSƏBƏ BƏLƏDİYYƏSİ öz köməklərini biz vətəndaşlardan əsirgəyir, həllini tapmayan problemlərin fonunda “xalqın xidmətçisi” olmaqdan boyun qaçırırlar. Həzrəti məmurlar bilməmiş deyillər ki, vətəndaş dövlətinə sahib çıxdığı kimi dövlət də vətəndaşına sahib çıxmalıdır. Və bu sahib çıxmaq da yerlərdə vəzifələrə təyin olunmuş siz məmurların fəaliyyətində öz əksini tapır, cənablar. Elə isə, lütfən, deyin görək, əməllərinizlə nəyin peşindəsiniz? Adı çəkilən strukturlar problemin çözülməsində fəaliyyətsizlik nümayiş etdirirsə, deməli, bu məkanda özbaşınalıq var, ey vaaah!!!

Dövlətçiliyimizin varlığı və BÖYÜKLÜYÜMÜZ XATİRİNƏ istehzalara dözməyi bacarın! Axı istehzalar insanda davranış gözəlliyi formalaşdırır. Yaratdığınız problemlər fonunda eybəcər göründüyünüz güzgünü sındırmayın. Özünüzə, sözünüzə əl gəzdirin ki, biz də mesajımızı həzrəti Cəbrayıl vasitəsilə Allaha doğru yönləndirməyək. Problemlərin həll edilməsinə görə sizlər yükümlüsünüz, həzrəti məmurlar. Sizi o vəzifəyə təyin ediblər ki, bizim vətəndaş hüquqlarımızı təmin edəsiniz, haqqımızı qoruyasınız! Bütün yazılanlar da xoş niyyətdir, görüm təzədən yazanda nəsə düzələcək. Yox düzəlmirsə onda yerdəki allahların zülümünü Həzrəti Cəbrayılın poçtuna göndərib, Allahın Özünə şikayət edək….

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı