“Azərbaycan “diplomatik bombalama”ya keçməlidir”

10:25 22-05-2020 | icon 939 | Siyasət
“Azərbaycan “diplomatik bombalama”ya keçməlidir”

Elman Nəsirov: “Şuşanı bombalamaq indiki vəziyyətə adekvat olmazdı”

 

Mayın 21-də Qarabağa yığışan bir qrup erməni quldurunun martın 31-də işğal altında saxladıqları ərazilərimizdə keçirdikləri “seçkidə” seçdikləri “kloun-prezidentin” Şuşada andiçmə mərasimi oldu. Azərbaycan cəmiyyəti işğalçıya, erməni həyasızlığına, özbaşınalığına qarşı çıxış edərək, “Şuşada baş tutan “inaqurasiyanı” Azərbaycanın qırıcıları bombalamalı idi" – hiddəti ilə düşməni torpaqlarımızdan qovmaq üçün silaha sarılmaq istədiyini bəyanladı. Lakin rəsmi Azərbaycan beynəlxalq ictimaiyyətin “sülh danışıqları tələbi”ndən çıxış edərək, erməni həyasızlığı qarşısında bu dəfə də səbrlə dayandı.

 

İşğalçının torpaqlarımızda etdiyi özbaşınalıqlar çoxdan həddini aşmaqla, saymazlığının ölçüsünü itirib. Səbr və Sülhlə torpaqları azad etmək mümkün olmursa, o zaman hansı addımları atmalıyıq və Milli Məclis beynəlxalq ictimaiyyətlə nəhayət hansı dildə danışılmalıdır?

 

“Şuşadakı “inaqurasiya” erməni həyasızlığının son həddidir”

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a açıqlama verən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili Elman Nəsirov bildirib ki, bu, beynəlxalq birliyin – ATƏT-in Minsk Qrupunun Ermənistanın işğalçılıq siyasətinə barmaqarası yanaşmasının, dişsiz siyasətinin nəticəsidir.

 

Millət vəkili üzünü beynəlxalq təşkilatlara tutaraq bəyan edib ki, Azərbaycan sülhpərvər dövlət olaraq beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə bu məsələni qaldırıb:

“Ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan – BMT Təhlükəsizlik Şurasında, BMT, Qoşulmama Hərəkatının tribunasından Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Buna baxmayaraq hələ də münaqişə həllini tapmır. Nəinki tapmır, Ermənistan dövləti, işğalçı rejim Qarabağda qanunsuz “parlament”, “prezident” seçkiləri keçiribİşğalçı Ermənistan BMT TŞ-nın 4 qətnaməsini ayaqlar altına atıb tapdalayıb”.

 

E.Nəsirov ona diqqət çəkib ki, separatçılar indiyə qədər belə qondarma seçkilərin andiçmə mərasimlərini Xankəndində keçirirdilərsə, bu dəfə daha da azğınlaşaraq bunu Azərbaycanın musiqi beşiyində - Şuşada etməsi həddini daha da aşmasıdır:

“Bütün bunlar onu göstərir ki, cəzasız qalan Ermənistan rəhbərliyi növbəti cinayətlərə əl atır. Onların məsuliyyətsiz hərəkətlərinin sayı artıq həndəsi silsilə ilə artmaqdadır. ATƏT-in Minsk Qrupu belə hallara qarşı sərt çıxışlar etmir, hətta verdiyi bəyanatlar çox dişsiz, ünvansız olur. Ermənilər də bunu görür və ona uyğun da öz davranışlarının konturlarını müəyyən edirlər”.

 

“Bütün məsuliyyət Ermənistanın, ATƏT-in Minsk Qrupunun üzərinə düşəcək”

 

Millət vəkili bəyan edib ki, artıq bu vəziyyətdə ATƏT-in Minsk Qrupu son dərəcə sərt mövqe ortaya qoymalıdır:

“Azərbaycan Xarici İşlər Nazirliyi də olduqca sərt mövqe ifadə etməlidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupu dərk etməlidir ki, bu vəziyyət münaqişənin sülh yolu ilə həllini deyil, məhz müharibə variantını hər an yaxınlaşdırır”.

 

E.Nəsirov bu günlər Azərbaycanda baş tutan hərbi təlimlərin yalnız görünüş xatirinə olmadığını vurğulayıb. Millət vəkili Azərbaycanın müasir silah-sursatlar aldığını qeyd edərək, bunların heç də sərgiyə qoyulmayacağı ilə bağlı dünya ictimaiyyətinə, eləcə də işğalçıya ciddi mesajlar ötürüb. Bəyan edib ki, Ermənistanın bu davranışı, beynəlxalq təşkilatların bunu sakitcə izləməsi bu silahların Qarabağda tətbiqi gününü yaxınlaşdırır:

“Bunun bütün məsuliyyəti Ermənistanın, ATƏT-in Minsk Qrupunun üzərinə düşəcək. Çünki bu problemin həllini həmin qurum öz üzərinə götürüb. Bunun məsuliyyəti eyni zamanda beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Vəziyyət bu qədər ağırdır”.

 

E.Nəsirov bu gün erməni həyasızlığına qarşı etiraz olaraq “işğalçı məhz “inaqurasiya” mərasimində bombalanmalı, təcili şəkildə hərbi əməliyyatlar keçirilərək düşmənin başı əzilməliydi” kimi ictimayyətdən gələn hiddətli çıxışlara bimənalı yanaşmayıb. Hadisələrə qiymət verərkən vəziyyəti düzgün hesablamağın vacibliyini vurğulayan deputatın fikrincə, düşməni “özünə gətirmək” üçün Şuşanı bombalamaq indiki vəziyyətə adekvat olmazdı:

“Nəzərə alın ki, bütün beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in üç həmsədr dövləti müharibənin əleyhinədir və bu vəziyyətdə “inaqurasiya” prosesinin bombalanması  zərərimizə olardı. Amma Azərbaycan bu vəziyyətdə diplomatik hücumlarını intensivləşdirməlidir, diplomatik təzyiqlərini daha da artırmalıdır. Diplomatik təzyiqlər o qədər artırılmalıdır ki, artıq Ermənistan tərəfi, beynəlxalq ictimaiyyət, eyni zamanda ATƏT-in Minsk Qrupu faktiki dilemma qarşısında qalsın. Əgər onlar müdaxilə edib ermənistan tərəfini konstruktiv addımlar atmağa məcbur edə bilmirlərsə, onda Azərbaycanın başqa çıxış yolu qalmır və bu hal “erməni pətəyi”nin bombalanması versiyasını aktuallaşdıra bilər. Hesab edirəm məsələyə bu cür yanaşmaq daha düzgün olar”.

 

E.Nəsirov belə bir situasiyada Milli Məclisin məsələyə verdiyi reaksiyaya da toxunub. Bildirib ki, bu məsələlər parlamentdə də müzakirə olunub:

“Lakin may ayının 31-də parlamentin yaz sessiayasının sonuncu iclasında mən özüm də bu məsələni çox kəskin şəkildə qabartmaq istəyirəm. Çünki artıq Azərbaycan tərəfinin münaqişə ilə bağlı diplomatik “bombalaması” baş verməlidir. Azərbaycan “diplomatik bombalama”ya keçməlidir. Hiss eləməlidirlər ki, artıq  bundan o tərəfi yoxdur. Əgər Ermənistan bu qədər məsuliyyətsizlik nümayiş etdirib qeyri-qanunu seçkilər, qeyri-qanuni “prezident”, qeyri-qanuni andiçmə keçirirsə, hətta bunu nümayişkaranə şəkilədə baş nazirinin iştirakı ilə Şuşada edirsə, Azərbaycana baqa yol qoymurlar. Bu artıq beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin üstündən xətt çəkib, ora“0” yazmaqdır. Bunun başqa anlamı yoxdur. Ona görə də bundan sonrakı bütün məsuliyyət Ermənistanın üzərinə düşür, ATƏT-in Minsk qrupunun, beynəlxalq təşkilatların üzərinə düşür. Azərbaycan “diplomatik bombalama”nı həyata keçirib, bildirməlidir ki, bundan o yana vəziyyətin dəyişməsini tələb edir. Proses danışıqlar müstəvisindən hərbi müstəviyə keçə bilər. Buna görə də Azərbaycan məsuliyyət daşımır. Bu dərəcədə məsələni kəskin qoymaq lazımdır”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür