“Dövlət sektorlarında “ASAN düşüncə” yaratmalıyıq” - MÜSAHİBƏ
Rauf Zeyni: “Ölkə Prezidentinin etimadını qazanıb vəzifəyə təyin olunan məmur anlamalıdır ki...”
Pandemiyadan sonra dünyada və ölkədə ciddi dəyişimlərin olacağı ilə bağlı verilən proqnozlar özünü çox da gözlətmədi. Karantin, zahirən ölkənin ictimai-siyasi, iqtisadi mühitində “süstlük mənzərəsini” yaratsa da, idarəedici orqanlarda məmurlar arasında baş verən neqativlərin aradan qaldırılması, dövlət idarəçilik sistemində təhlükəsizliyin qorunması istiqamətində yuxarıdan başladılan islahatların səngimədiyini meydana çıxartdı. Daha çox yuxarı idarəetmə strukturlarında baş verən kadr islahatı, eləcə də korrupsioner, rüşvətxor məmurların özbaşınalıqlarının aşkarlanaraq məsuliyyətə cəlb olunmalar, eləcə də bir çox məmurların təyin olunduğu vəzifəyə özünün əmlakı kimi yanaşaraq cəmiyyətin sosial problemlərinə laqeyd yanaşmaları yenilənmədə maraqlı nüansları ortaya çıxartdı. Hazırda cəmiyyət ölkədə çox ciddi islahatlara şahidlik edir və bir çox hallarda könüllü olaraq bu prosesdə iştirakçıya çevrilir. Bu islahatların “növbəti kosmetik yanaşma” olduğunu iddia edənlər da var. Cəmiyyətin bu prosesi necə qarşılaması və vətəndaş olaraq neqativlərin aradan qaldırılmasında iştirakçılıq səviyyəsi müxtəlif aspektlərdə müzakirə olunur.
“Bu, həm cəmiyyətin, həm dövlətçiliyimizin marağındadır”
Versus.Az xəbər verir ki, Milli QHT Forumunun prezidenti Rauf Zeyni müsahibəsində vətəndaş cəmiyyətinin iştirakı və səyləri nəticəsində cəmiyyətdə formalaşan “nizamlanma xəritəsini” önə çəkməklə bir çox nüanslara toxunub.
- Rauf müəllim, yaşadığımız pandemiya dönəmi cəmiyyətin problemlərə yanaşmasında müəyyən səfərbərliyi yaratsa da, bir çox neqativləri də meydana çıxartdı. Kadr islahatları ilə müşahidə olunan proseslərdə sosial-ictimai nəzarətin təsiri özünü nə dərəcədə göstərə bildi. Necə hesab edirsiniz, mövcud durum ölkənin ictimai-siyasi, iqtisadi sosial, mədəniyyət sahəsində hansı addımların atılmasını tələb edir?
- Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə həyata keçirilən islahatlar maraqla izlənir. QHT-lər, vətəndaş cəmiyyətləri aparılan bu islahatlara daim dəstək verib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı səylərini davam etdirir. Əlbəttə ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, milli maraqlarının təmin olunması, milli və bəşəri dəyərlərin daha da dərinləşdirilməsi, dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasirləşdirilməsi, QHT-lərin fəaliyyətlərinin stimullaşdırılması, bütövlükdə cəmiyyətin inkişafını təmin edən amillərdir. Müvafiq dövrdə əlbətdə ki, vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində aparılan dövlət siyasəti bu gün də davam etdirilir. Bunlarla bərabər bu islahatlarda vətəndaş cəmiyyətləri də öz töhfələrini verir, maarifçilik işlərini görür, ictimai nəzarət funksiyalarını həyata keçirir, monitorinqlər aparır, QHT-media münasibətlərini inkişaf etdirir, dövlət komissiyalarında vətəndaş cəmiyyətlərini təmsil edirlər. Bütün bunlar ölkəmizin inkişafını təmin etmək üçün dövlət, hökumət, qeyri-hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığını zəruri edir. Biz bu islahatlar prosesində QHT olaraq daha geniş iştirak eləməliyik. Bu həm cəmiyyətin, həm dövlətçiliyimizin marağındadır və inkişafımızı təmin eliyən faktordur.
- Bir çox ekspertlər bəşəriyyəti xəstəlik qorxusu altında saxlayan pandemiyanın iqtisadi böhran, sosial, siyasi, mədəni problemlər yaratmaqla, gələcəkdə daha ağır fəsadlar verə biləcəyi ehtimalını önə çəkir və hesab edir ki, mövcud dəyişimləri pandemiya təhlükəsi zəruri edib. Siz necə hesab edirsiz, real yanaşmadır?
- Aparılan islahatlar hələ ölkə Prezidenti tərəfindən 2018-ci ilin prezident seçkilərindən sonra böyük bir proqramla həyata keçirilməyə başlanıb və bilirik ki, bunun pandemiya ilə heç bir əlaqəsi yox idi. Əlbəttə, pandemiya bütün sahələrə - iqtisadiyyata, sosial vəziyyətə, ictimai proseslərə bütün dünyada öz təsirini göstərir, o cümlədən bizim ölkədə də. Amma bütövlükdə, dövlət, ölkə prezidenti səviyyəsində aparılan islahatlarla pandemiyanı sıx əlaqələndirmək doğru olmaz. Pandemiya və aparılan islahatların əlaqəsi ondan ibarətdir ki, pandemiyada cəmiyyət bir az da həssaslaşdı. Bu dövrdə bəzi məmurların həbsləri onunla bağlı idi ki, əhalinin ehtiyaclarını ödəmək məqsədi ilə dövlətin verdiyi dəstəyi həmin məmurlar mənimsəmişdilər. Bu da onların həbsini şərtləndirdi. Pandemiyanın bizi imtahana çəkdiyi belə bir məqamda vətəndaşın əmlakına, malına, əmək haqqısına göz dikən məmur dövlətin məmuru ola bilməz. Amma hətta pandemiya olmasaydı belə, biz öz dövlətçiliyimizi, təhlükəsizliyimizi, gələcəyimizi təmin etmək məqsədi ilə islahatlar aparırıq. Bu islahatlarda iki əsas komanda var: Prezident və onun islahatlarını dəstəkləyənlər və bu islahatlara mane olan, bəzi hallarda sabotajçı qüvvələr. Onlar bu islahatların həyata keçirilməsini qəbul eləmirlər. Bu baxımdan ölkə ictimaiyyəti, vətəndaşları, ziyalıları, dövlət qurumunda çalışan məmurlar öz seçimlərini etməlidirlər. Hansısa formada ölkə prezidentinin etimadını qazanıb vəzifəyə təyin olunan hər hansı məmur anlamalıdır ki, o, ölkə Prezidentinin, xalqının etimadını doğruldub, vətəndaşa xidmət etməlidir. Əgər bu gün o, vətəndaşına, dövlətinə, məmurluq şərəfinə, eyni zamanda insanlığına, Prezidentə xəyanət yolu tutursa, onun bu komandada yeri yoxdur. Ölkəmiz belə məmurlardan azad olunmalıdır. Şəffaflıq artırılmalı, ictimai nəzarət gücləndirilməli, monitorinqlər aparılmalıdır ki, bu cür neqativ hallara yol verilməsin. Bizim bu istiqamətdə ASAN xidmət kimi gözəl nümunəmiz var. 30 ildir ki, fəaliyyət göstərir və beynəlxalq təşkilatlar onu yüksək qiymətləndirirlər. Həmin bu xalq ASAN xidməti niyə yarada bildi? Orda çalışanlar bizim vətəndaşlar deyilmi? Biz bunu bacardıqsa, deməli o biri xidmətləri də ASAN Xidmət səviyyəsinə qaldıra bilərik. Biz sadəcə cəmiyyət olaraq buna çalışmalıyıq.
“Biz QHT olaraq heç vaxt proseslərin arxasınca sürünməmişik”
- Bir çox hallarda ətrafımızda baş verən neqativlərə cəmiyyət olaraq vaxtında, lazımi qaydada reaksiya verə bilmirik. Prezident özü problemə birbaşa müdaxilə edəndən sonra məsələ ilə bağlı cəmiyyətdən aktiv reaksiyalar verilir. Cəmiyyət problemlərə, neqativlərə niyə sərbəst, vaxtında reaksiya verə bilmir?
- Mən elə deməzdim. Biz QHT Forumu olaraq cəmiyyətdəki neqativlərə həmişə vaxtında reaksiya vermişik. Xatırlatmaq üçün qeyd edim ki, hələ 2004-cü ildə NATO təlimləri çərçivəsində erməni zabitləri Azərbaycana gəlmək istəyirdilər. Biz etirazımızı bildirdik və Milli QHT Forumu olaraq üzvlərimizlə birlikdə etiraz bəyanatları verdik. Cənab Prezident bir müəssənin açılışında iştirak edən zaman jurnalistlər bu barədə ona sual verəndə dedi ki, bir vətəndaş olaraq mən də erməni zabitlərinin Azərbaycana gəlməyinə etiraz edirəm. Yəni biz QHT olaraq heç vaxt proseslərin arxasınca sürünməmişik. İstər Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istər istənilən terror, hərbi məsələ, ictimai problem olsun, öncədən vətəndaşın, istehlakçının hüquqları ilə bağlı dərhal reaksiya verib, ictimaiyyəti məlumatlandırmışıq. Əlbətdə ki, istənilən fakt bilinəndən sonra ölkə Prezidenti, aidiyyatı qurumlar da buna sərt münasibətini bildirib. Bu gün bütün məsələlərdən ən önəmlisi ərazi bütövlüyümüz, toraqların işğaldan azad olunması, milli maraqlarımızın qorunması, milli təhlükəsizliyimizin təmin olunmasıdır. Biz çox strateji geosiyasi regionda yerləşən, eyni zamanda torpaqlarının 20 faizi işğal olunan ölkəyik. Bütün məsələlər - dövlət, vətəndaş cəmiyyət, QHT, medianın fəaliyyəti məhz bu məqsədə yönəlik uyğunlaşdırılmalıdır, düşünülməlidir və buna uyğun addımlar atılmalıdr. Bir çox hallarda biz məsələləri daxildə həll edib neqativ halları aradan qaldırmalıyıq ki, düşmən “dəyirmanına su tökməyək”.
“Azərbaycan dövlətinin inkişaf tempi ilə onun bir çox kadrlarının səviyyəsi uyğun deyil”
- Rauf müəllim, siz də qeyd etdiniz ki, bu gün icra başçılarının məlum həbsi, Mədəniyyət Nazirliyi ətrafında cərəyan edən tənqidi fikirlər və az öncə Milli Məclisdə XİN-in Qarabağ məsələsində dişsiz fəaliyyəti tənqid olunmağa başladı. Eləcə də cəmiyyətdə korrupsiya, özbaşınalıq, vəzifə səlahiyyətlərinin aşılması, idarəçi orqanların vətəndaşa öz əmlakı kimi yanaşması kimi neqativlərə nəzər salsaq necə hesab edirsiz, məmur özbaşınalığına rəvac verən, hansı böşluqların aradan qaldırılması zərurəti var?
- Bu gün Azərbaycan dövlətinin inkişaf tempi ilə onun bir çox kadrlarının səviyyəsi uyğun deyil. Azərbaycan dövləti Prezidentin simasında özünü beynəlxalq səviyyədə yüksək şəkildə təqdim edir. 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrliyi qəbul edən Azərbaycan, Prezidentin simasında ən yüksək idarəetmə mədəniyyətini nümayiş etdirdi. O zaman Prezidentdən aşağıda olan məmurların problemi nədir? Hansı məmur yerində deyilsə, onu əvəzləmək lazımdır. Çünki bizdə çox savadlı, işgüzar, təcrübəli, vicdanlı, eyni zamanda milli kadrlarımız yetişib, bu potensial var. Düşünürəm ki, zamanı gəldikcə cənab Prezident onların hamısını nəzərə alacaq. Biz bir çox məsələlərdə hətta radikal dəyişikliklərə getməliyik. Məsələn, dediyiniz kimi xarici siyasətlə bağlı, Mədəniyyət Nazirliyi ilə bağlı ciddi addımlar atılmalıdır. Mədəniyyət Nazirliyi mədəniyyətimizi qorumalı olduğu halda, bəzi məmurlar onu alver mənbəyinə çeviriblər. Ona görə də bu problemlərin həll olunması üçün sərt kadr siyasəti həyata keçirilməlidir. Dövlət, özəl, media sektorunda kifayət qədər savadlı qabiliyyətli kadrlar var ki, onlar bu və ya digər dövlət qurumlarında işə cəlb oluna bilərlər. 20-30 il təmənnasız vətəndaş cəmiyyətinin inkişafına, dövlətin inkişafına xidmət edən insanlar inanmıram ki, öz əqidələrini hansısa məmur postunda dəyişə bilər. Amma belə insanların irəli çəkilməsi bəzi məmurlara sərf eləmir, bir çoxları onlara yol açmır. Onların haqqında məlumatları hətta cənab Prezidentdən gizlədirlər.
“Dövlət sevgisi, övlad sevgisindən üstün olmasa, biz heç nəyə nail ola bilmərik”
- Deyəsən, əsas problem də burdan başlayır.
- Bir çox problemlərin də kökü paxıllıq, xəbislik, həsəd və eyni zamanda bəzi məmurların əllərində cəmləşdirdiyi sərvətləri qoruyub saxlamaq üçün keçirdiyi qorxu hissindən irəli gəlir. Qorxurlar ki, məndən yaxşısı gələr, məni bəyənməzlər və sərvətlər əldən gedər. Bunların hamısından əl çəkmək lazımdır, sağlam düşüncə ilə sağlam gələcəyimizi təmin eləməliyik. Yoxsa hamımız bu “Gəmidə” batacağıq.
- Təbii ki, belə neqativ hallardan bütövlükdə cəmiyyət əziyyət çəkir. Bunun aradan qaldırılması üçün hansı əsas iş prinsipi müəyyən edilməlidir?
- Bizim zəngin tarixi dövlətçilik ənənələrimiz var. Və dövlətimizin qurulmasında, inkişafında xidmət göstərən böyük tarixi şəxsiyyətlərimiz var. Bu gün müasir Azərbaycanın 30 illik təcrübəsi və eyni zamanda öyrəndiyimiz beynəlxalq təcrübələrimiz var. Lakin biz beynəlxalq müstəvidə bir tərəfdən çox yüksək səviyyədə təqdim olunuruq, digər tərəfdən də 3-5 məmurun qrup maraqlarına görə haqqımızda rüsvayçı məlumatlar yayılır. Biz buna yol verməməliyik. Bu təzadlar aradan qaldırılmalı və nəhayət, dövlət sektorlarında, qurumlarında normal “ASAN düşüncə” yaradılmalıdır. Bizim də şüarımız budur: Kamil Vətəndaş, Sivil Cəmiyyət, Güclü Dövlət. Eyni zamanda da dövlət sevgisi, övlad sevgisindən yuxarıda olmalıdır. Əgər dövlət sevgisi, övlad sevgisindən üstün olmasa, heç nəyə nail ola bilmərik. Təəssüf ki, bir çox məmurlar övlad sevgisini daha üstün tutur və dövlət sevgisini övlad sevgisinə qurban verir.
- Amma elə o məmurları da biz cəmiyyət olaraq özümüz yaratmışıq.
- Biz onları yaratmamışıq. Onlar özləri özlərini yaradıblar. 30 ildir bütün işlərə vətənpərvərlik, dövlətə sevgi məfkurəsi ilə yanaşırıq. Amma onlar həm dövlətə nifrət edir, həm vətəndaşa. Həm də dövlətin, vətəndaşın milyardlarını mənimsəyib ona qarşı belə əməllər törədirlər. Bunlar harda yetişdilər, bunların genini kim dəyişdi?! İllərdir bunlara etiraz eləməyimizə baxmayaraq, bizi eşitmək əvəzinə onları eşidiblər.
- Görünür ki, yaxşı etiraz etməmişik?
- Biz fikirlərimizi lazımi səviyyədə bildirmişik. Aydın məsələdir ki, bizim əlimizdə o rıçaqlar yoxdur. Amma soruşmaq lazımdır ki, belə adamları kim dəstəkləyib, kim vəzifəyə gətirib. Kim bunlara şərait, imkan yaradıb ki, milyonlar yığıblar. Cəmiyyət necə oldu ki, belə kirləndi?!.
“Bunların hamısı ölkə Prezidentinin vətəndaşlara etdiyi çağırışların nəticəsidir”
- Rauf müəllim, məlumdur ki, bir çox nazirliklərdə ictimai şuralar yaradılıb. Bu şuralar nə dərəcədə müstəqil olub, həmin orqanın fəaliyyətini tənqid, yaxud təkliflərlə çıxış edə bilir. Şura ictimaiyyətin sözünü lazımı yerlərə çatdıra bilirmi?
- O şuraların böyük əksəriyyətində bizim QHT-lər təmsil olunurlar. Mərkəzi icra hakimiyyətlərində yalnız 11 ictimai şura yaradılıb. Əlavə yerli icra hakimiyyətlərində 3-4 belə şuraların yaradılması halları var. Ancaq bunlar çox cüzidir. 10 milyonluq əhalisi olan böyük bir ölkənin nazirliklərinin fəaliyyəti çox genişdir. Bütün onların fəaliyyətini dediyiniz ictimai səviyyədə nəzarətdə saxlamaq, təkcə şuranın öhdəsindən gələcəyi məsələ deyil. Digər tərəfdən, o şuralar hamısı könüllülük əsasında fəaliyyət göstərir. Onlar ictimai nəzarəti həyata keçirməkdən ötrü vəsait, maliyyə dəstəyi almırlar. Bu da siz dediyiniz səviyyədə effekt verə bilməz. Amma bu institutun yaranması, ictimai iştirakçılığın təmin olunması, şəffaflığın artırılması üçün daha böyük işlər görməliyik. Vətəndaşların bu prosesdə aktiv iştirak eləməsi üçün təlimlər keçilməli, vətəndaşları hazırlamalıyıq ki, qorxmasınlar, çəkinməsinlər. Dünya təcrübəsinə baxın: bir qonşu başqa bir qonşunun kəmərsiz maşına oturduğunu görən kimi dərhal xəbər verir. Bununla da cəmiyyət ictimai nəzarəti öz əlinə götürür. Düzdür, indi sosial şəbəkələr vasitəsi ilə bizim də vətəndaşlarımız aktivləşib. İstənilən vaxt bir marketə daxil olub orada vaxtı ötmüş malın satıldığını, yaxud da Ermənistandan daxil olmuş bir siqaretin satılmasını ictimailəşdirirlər. Sosial şəbəkələr vətəndaşları fəallaşdırıb. Əgər məmur vətəndaşı qəbul eləmirsə, onu dinləmirsə, artıq bezir və növbəti müraciətini ölkə Prezidentinə, 1-ci vitse-prezident Mehriban xanıma edir. Bunu çəkir və “Yotube” yerləşdirir. Bax bunların hamısı ölkə Prezidentinin vətəndaşlara etdiyi çağırışlarının nəticəsidir. Prezident dəfələrlə vətəndaşlara müraciərt edib ki, ictimai nəzarəti gücləndirsinlər. Vətəndaşlar ölkə Prezidentinə inanır və yerlərdə məmurlar onların ərizə və şikayətlərinə baxmayanda birbaşa ölkə prezidentinə müraciət edirlər. Bütün bunlar onu göstərir ki, vətəndaş cəmiyyətləri dövlətlə xalqın arasında həmişə bir körpü olub. Biz bütün dövrlərdə çalışmışıq, o cümlədən pandemiya dövründə də geniş fəaliyyətimiz oldu. Bununla bərabər biz dəfələrlə demişik ki, vətəndaş cəmiyyətləri cəmiyyətə böyük töhfələr verə bilər. Əgər dövlət-hökumət münasibətləri yeni müstəviyə qaldırılarsa, dövlət sifarişləri səviyyəsində bizə etimad göstərilərsə, biz daha böyük layihələri yerinə yetirmək imkanına malikik. Biz QHT-dövlət əməkdaşlığını yeni müstəviyə qaldırmalıyıq. O cümlədən Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdan ötrü böyük potensialımız var.
- Şuraların daha sözükeçən olması üçün nələr edilməlidir və bu missiya necə yerinə yetirilməlidir? Tutaq ki, hər hansı nazirlikdən asılı olan ictimai şuralar nə edə bilər?
- Problemlər deyilir. Elə təmsil olunduğum ictimai şuralarda kifayət qədər aktual məsələləri nazirliyin qarşısında qaldırırlar. Şura üzvləri dövlət proqramlarının, qanunların müzakirəsi, vətəndaşın problemi ilə əlaqədar sorğunun, məktubun aidiyyatı quruma göndərilməsində iştirak edir. Bunun qarşısını heç kim almır. Artıq bizdə elektron hökumət var və rəqəmsal hökumətə keçirik. Məktubu elektron qaydada göndərirsən və həmin saat cavab verilir. Yəni sistem var, sadəcə biz daha da fəallaşmalıyıq.
Sadəcə olaraq ictimai şuralar həmin qurumlarda vətəndaş cəmiyyətlərini daha çox təmsil eləməlidirlər. Amma bu da o anlama gəlməməlidir ki, ictimai şuralar varsa, o, nazirliyə daxil olan bütün məsələləri həll eləməlidir. Elə deyil. Biz ictimai şuraların gücləndirilməsi, bütün qurumlarda yaradılması və geniş fəaliyyət göstərməsində maraqlı olmalıyıq. Şuralar, təkcə mərkəzi icra hakimiyyətlərində yox, yerli icra hakimiyyətlərində də geniş səviyyədə işləməlidir. Pandemiya ilə bağlı olaraq bu işlər axsa da, biz gələcək fəaliyyətimizdə daha aktiv olmalı, işlərimizi genişləndirməliyik, çünki qarşıda duran vəzifələrimiz çoxdur.
Ötən il Forum olaraq “Vətəndaş cəmiyyətinin mövcud vəsiyyəti və qarşıda duran vəzifələr” mövzusunda bir sıra müzakirələr keçirdik. Bu ildə pandemiya ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının, Milli QHT Forumunun idarə heyətinin təşəbbüsü ilə Koronovirusla Mübarizə qərargahı yarandı. Şurada ictimai qərargah yarandı, ictmai liderlər bir araya gəldi və bu gün də votsap qrupda öz müzakirələrini aparırlar. Müxtəlif təklif və konsepsiyalar hazırlanıb ki, dövlətə təqdim olunacaq. Vətəndaşlar könüllü olaraq cəmiyyətin inkişafı məsələsində öz həyatlarını, bilik və bacarıqlarını sərf edirlər. Düşünürəm ki, biz yenidən dəyərləndirmə aparmalıyıq. Bu il Gələcəyə Baxış İnkişaf Konsepsiyasının 1-ci mərhələsi tamam olur. Dövlət, xalq olaraq dəyərləndirməliyik görək onun hansı hissələrini yerinə yetirmişik, nə qədər də çətinliklər qalır. Qarşıda duran vəzifələri müəyyən edib, konsepsiyaya əlavə edərək icrasına nail olmalıyıq.
- Necə hesab edirsiniz, ölkənin inkişafı prosesində yerli özünüidarə orqanı olan bələdiyyələrlə bağlı hansı islahatlara ehtiyac var. Bələdiyyələrə daha əhəmiyyətli bir qurum kimi yanaşılması üçün hansı səlahiyyətlər verilməlidir?
- Bələdiyyələrlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəfələrlə təkliflərimiz olub və hesab edirəm ki, bu quruma müəyyən səlahiyyətlər verilib. Yəni bələdiyyələrin qanunla nəzərdə tutulan kifayət qədər funksiyaları var. Bələdiyyələr qanun çərçivəsində öz səlahiyyətlərini tam icra edə bilərlər.
Lakin uğurlu bir işin ortaya qoyulması üçün bələdiyyələrin özlərindən də çox şey asılıdır. Onlar heç kimdən çəkinməməli, öz səlahəyyətləri, qanunları çəçrçivəsində öz ərazilərinə sahib çıxmalı, həmin ərazilərin idarə olunmasını təkmilləşdirməlidirlər. Düşünürəm ki, bu da çox vacib məsələdir. Çünki bir çox ölkələrdə bələdiyyələr yerli idarəetməni yüksək səviyyədə təmin edirlər. Həmin təcrübələri öyrənmək lazımdır.
Sadəcə olaraq bir çox bələdiyyələr icra hakmiyyətlərinin qorxusundan qəti addımlar ata bilməyiblər. Biz bunu bilirik, məlum problemdir. Bu sindromu da aradan qaldırmaq lazımdır ki, bələdiyyələr də öz funksiyalarını yerinə yetirə bilsinlər.
- Belə çıxır ki, bələdiyyələrin bir işi də icra hakimiyyətləri ilə “mübarizə” olmalıdır?
- Yox, sadəcə olaraq bəziləri vəzifələrini itirməkdən qorxur. Əgər o, qorxursa heç o vəzifədə orturmamalıdır. Sadəcə olaraq istək, niyyət olmalıdır. Bunu etmirlərsə kim günahkardır?
“Özünü müxalifət adlandıran bəzi radikal qüvvələr ...”
- Rauf müəllim, bu islahatlar dönəmində siyasi partiyalarla iş və partiyaların ictimaiyyətlə birgə əməkdaşlığı xəttində hansı irəliləyişlər baş verdi. Bu istiqamətdə müxalifətin fəaliyyətində hansı yanlışlıqlar müşahidə olunur?
- Əvvala onu deyim ki, Ədalət Vəliyev Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin olunandan sonra bu istiqamətdə xeyli irəliləyiş var. Bilirik ki, neçə illər sonra bir çox partiyalar qeydiyyata alındı. 50-dən çox siyasi partiya rəhbərliyi ilə görüşlər keçirildi. Ölkədə konsensus, dialoq mühitinin yaradılması ilə bağlı çox mühüm addımlar atılır. O cümlədən bəzi QHT-lərdə görüşlər keçirilməyə başlanıb. Bu hal cəmiyyətdə bütövlükdə milli birliyin, dialoq mühitinin yaradılmasında mühüm addımdır.
Eləcə də bəzi partiyalar tərəfindən demokratiyaya yumşaq keçid strategiyası hazırlanıb hökumətə təqdim olunur. Çünki əgər biz milli dövlətçiliyin inkişafından danışırıqsa deməli milli birliyimizi unutmamalıyıq. Bütün sağlam ictima-siyasi, iqtisadi-mədəni qüvvələr əməkdaşlıq elməlidir. Biz əməkdaşlıq çərçivəsində cəmiyyətimizi, dövlətimizi irəli apara bilərik.
Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, özünü müxalifət adlandıran bəzi radikal qüvvələr ölkə Prezidentinin apardığı islahatlarda iştirak eləmirlər. Təəssüflər olsun ki, onlar milli maraqlara yox, onlara göstəriş verənlərin maraqlarına xidmət edirlər. Ölkəsinin gələcəyini düşünənlər bu cür hərəkət etməməlidir. Sağlam müxalifət, ictimai-siyasi təşkilatlar öz aralarındakı əməkdaşlığı daha da gücləndirməli, islahatlar dəstək olmalıdırlar. Yalnız bu halda ölkəmizi bütün neqativ hallardan xilas edə bilərik. /“Üç nöqtə”/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"