İran yaxın dövrdə mürəkkəb və ziddiyyətli durumla üzləşəcək?

17:34 05-01-2018 | icon 961 | Kürsü
İran yaxın dövrdə mürəkkəb və ziddiyyətli durumla üzləşəcək?

Nəsimi Məmmədli
/siyasi ekspert/

İranda yaşanan son olaylar barədə bir neçə gündür ki, maraqlı dəyərləndirmələrlə tanış olduq. Ölkəmizdə çox qızğın müzakirələrə səbəb olan bu qanlı olaylara münasibətin səthi və ya dolğun olmasını kənara qoyaraq deyim ki, İran mövzusunda cəmiyyətimizi yaxından monitorinq etmək üçün çox yaxşı fürsət oldu. Əksəriyyət fəal şəxslər öz dünyagörüşünə uyğun şəkildə bu məsələyə münasibət bildirməyə çalışdı. Monitorinqlərimin nəticəsi barədə başqa bir yazımda ətraflı toxunmağa çalışacağam.

İndi isə məsələyə bir qədər fərqli istiqamətdən yanaşmaq istəyirəm. Öncə qeyd edim ki, demokratik ölkələrin sosial-siyasi proseslərini analiz edərkən tamamilə, qismən azad ölkələrin isə əsasən proqnozlaşdırılması mümkündür. Sonda oxşar aqibət yaşasa da qeyri-azad ölkələrin sosial-siyasi proseslərini isə sosioloji məntiqlə qətiyyən proqnoz etmək mümkün olmur. Məhz İran da BMT hesabatlarına görə dünyada edam hökmünün ən çox icra edildiyi qeyri-azad ölkələrin başında gəlir və orada yaşanan olayların gələcəyi ilə bağlı çox ehtiyyatlı münasibət sərgiləmək vacibdir.

İranın tarixi və yerləşdiyi coğrafiya, demoqrafik tərkibi, dövlətin iqtisadi resursları, idarəetmə mexanizmi və dini-ideoloji kursu, beynəlxalq təsirlər, habelə bütövlükdə siyasi gücü diqqətlə öyrənildikdə, müasir dünya düzənində onun gələcək taleyi ilə bağlı heç də müsbət olmayan təsəvvürlər yaranır.

Biz İranda baş verənləri digər maraqlı tərəflərin gözü ilə təhlil edib nəticə çıxarmaqdan çəkinməliyik. Bu baxışların heç birini bizim dövlət maraqlarımıza tamamilə uyğun saymaq olmaz. ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın, Çinin, hətta digər iri müsəlman dövlətlərinin də İrana öz maraqlarından doğan fərqli baxışları var.
Yeri gəlmişkən, belə yanaşma təkcə İran mövzusuna aid deyil. Azərbaycan hökumətinin yanlış siyasəti nəticəsində ölkəmizdə hakimiyyət maraqları dövlət maraqlarını xeyli üstələyib. Qonşu dövlətlərdən tutmuş iri beynəlxalq güclərədək, hər kəslə münasibət əsasən hakimiyyətin marağına uyğun qurulub. Odur ki, cəmiyyətin fəal hissəsi Türkiyəni, Rusiyanı, İranı Qərbin gözü ilə, Qərbi isə Rusiyanın, İranın, Türkiyənin gözü ilə görür və qiymətləndirir. Sanki ölkəmizdə ayrı-ayrı dövlətlərin “fanklub”ları var. Hökumətdən müxalifətə kimi, vətəndaş cəmiyyətindən mediaya kimi hər yerdə bu halı müşahidə etmək mümkündür. Azərbaycan dövlətinin təməl maraqları ilə bağlı hələ də çox fərqli və dağınıq yanaşmalar qalmaqdadır. Bu barədə də başqa bir zaman ətraflı yazarıq. Qayıdaq mövzumuza…

İran İslam Respublikasında hökm sürən teokratik rejim yaxın illərədək qərb üçün o qədər də ciddi problem yaratmırdı. Mütəmadi İranın insan hüquq və azadlıqlarını çox kobud şəkildə pozması halları və uranın zənginləşdirilməsi ilə bağlı münasibətlərdə yaranan soyuqluq, iqtisadi-ticarət əlaqələrini davam etdirməyə əngəl olmurdu. Ancaq “Ərəb baharı”nın regionda yaratdığı hərbi-siyasi qarşıdurmalar durumu köklü dəyişdi. 2011-ci ilin martından Suriyada cərəyan edən qanlı proseslər İranı Orta Şərqdə yeni və iddialı oyunçulardan birinə çevirdi. Artıq İran qərb üçün regionda arzuolunmaz və terroru açıq dəstəkləyən dövlət kimi xarakterizə olunur.
Rusiya və Çinin isə qlobal siyasətdə İranla xeyli ortaq baxışları və maraqları var. Aralarında nə qədər dini, milli və mədəni fərqlilik olsa da, demokratik dəyərlərə və qlobal sosial-iqtisadi, siyasi-hərbi tendensiyalara ortaq münasibət sərgiləyirlər.

Ölkəmizin real durumunu nəzərə alaraq İrana 3 aspektdən yanaşmaq istəyirəm.
Birincisi, İranla tarixi və müasir qonşuluq siyasətidir. Hələ də çağdaş “qonşuluq siyasəti” istiqamətində çoxsaylı problemlərin qalmasına baxmayaraq, ölkələrimiz arasında durumu hazırda sabit saymaq olar. Xüsusilə də Azərbaycan hökumətinin tamamilə Rusiyanın təsirində və nəzarətində olması İranı ölkəmizlə bağlı təməl siyasətində qismən rahatladıb. Əgər ölkəmiz tam müstəqil xarici siyasət yürüdərsə, İranın hələlik müəyyən müddətə təxirə saldığı yanaşması köklü şəkildə dəyişəcək və öz ideoloji-siyasi hücumunu açıq şəkildə ortaya qoyacaq. Hətta Dağlıq Qarabağda ölkəmizin yenilgisi üçün İran yenidən əlindən gələn dəstəyi Ermənistana edəcək. Yeri gəlmişkən, bu təhlükə Rusiyanın təsirlərindən heç də zəif deyil və ciddi siyasi-hərbi nəticələr doğuracaq gücdədir. Hazırkı qonşuluq münasibətlərimizi əsasən məişət səviyyəsində uğurlu saymaq olar. İran məhz bu məişət çətiri altında sakit və ardıcıl şəkildə vətəndaşlarımızla sistemli iş aparır. Ölkənin dini-ictimai həyatına tədricən nəzarəti əlinə almağa nail olur. Sadə əhali müxtəlif sosial problemlərinin həlli üçün məcburən İrana üz tutur və geri dönüşündə bu ölkə ilə bağlı təəssüratlarını rəğbətlə danışır. Hətta “Məşhəd” və ”Kərbəla” ziyarətlərinin təşkili də İranın qapalı dəstəyi və planı əsasında çox peşəkarlıqla təşkil edilir. Ziyarətdən qayıdan on minlərlə inanclı insanın altşüurunda İrana məqsədyönlü rəğbət yaradılır. Televiziya təbliğatının illərlə nail ola bilmədiyinə, İran bir ziyarətin təşkili ilə asanlıqla nail ola bilir. Ölkənin əksər bölgələrində yas məclislərində və məscidlərdə İranın ziyarətkahlara insanları necə aparmasından minnətdarlıqla söhbət gedir. Hətta elə bölgələrimiz var ki, artıq orada İranın əleyhinə danışmaq, hakimiyyətin əleyhinə danışmaqdan daha risklidir. Bir sözlə, İranın Azərbaycan Respublikası ilə bağlı hazırkı siyasəti çox effektlidir və yaxın illərdə ciddi bəhrəsini görəcəklər. Əlbətdə bu, təkcə İranın rəsmi siyasətinin nəticəsi ilə bağlı deyil və bsaşqa amillərində rolu var.
Qərbin sanksiyalarına görə iqtisadiyyatı tədricən zəifləyən Rusiya Azərbaycanla bağlı öncəki yanaşmasına müəyyən əlavələr edib. Azərbaycanın ictimai-siyasi mühitinə İranın səssiz daxil olmasına məqsədyönlü şərait yaradıblar. Bu, həm də Azərbaycan hakimiyyətinin korporativ maraqlarına uyğundur. Rusiyanın zəifləyəcəyi təqdirdə Qərbin regionda təsirlərini minimuma endirmək üçün İranın ölkəmizdə təsirlərinin artmasında hər üç tərəf maraqlıdır. Digər amil isə ölkəmizdə bütün sosial xidmətlərin bərbad halda olması, əhalinin yoxsulluğu, hüquqsuzluğu da onları qonşu ölkələrə son ümid kimi üz tutmağa vadar edir. Bu məsələlər çox ciddi milli təhlükəsizlik problemləridir.

İkincisi, İran çoxmilyonlu soydaşlarımızın tarixən vətənidir və kənardan onların təhlükəsizliyinə xələl gətirməkdən uzaq olmalıyıq. Əsrlər boyu bu coğrafiyada yaşayan, güclü imperiyalar quran İran türkləri hazırda ən elementar mədəni hüquqlarından məhrum edilib. Hətta ana dilində yazıb-oxumaq belə rəsmən yasaqdır. Azərbaycan hökumətinin bu mövzuda susmaq öhdəliyi ola biləcəyini nəzərə alıb, biz cəmiyyət olaraq hər zaman bu amili müxtəlif vasitələrlə gündəmdə saxlamalıyıq. Azərbaycanın dövlət maraqları bunu bizdən tələb edir. Sevindirici haldır ki, son olaylara münasibətdə Güney Azərbaycan türklərinin artıq pərakəndə reaksiyalarına deyil, məhz öz milli təşkilatlarının yanaşmasına uyğun təmkinli və planlı davranışlarını müşahidə etdik. İndiki beynəlxalq konyuktura İran türklərindən məhz bunu tələb edir. İranın bütövlüyünün pozulması hazırkı şəraitdə heç kimin maraqlarına uyğun deyil və belə bir situasiyada siyasi hədəflər uğrunda mübarizə ağır yenilgiylə sonuclana bilər. Bu günlərdə İranlı mühacir soydaşlarımız da çox operativ və intensiv yayınlarla İranda yaşayan türklərin davranışlarına əsasən yön verə bildilər. Bu yanaşma gələcəkdə idarəolunan müsbət proseslərə ümid yaradır.

Üçüncüsü isə iqtisadi-ticarət və mədəni əlaqələrimiz, regional və beynəlxalq əməkdaşlığımız baxımından cari siyasətimizə uyğun davranışlardır. Bu barədə də başqa bir zaman yazmağa çalışacağam.

Dünyanın bütün mütərəqqi düşüncəli insanları anlayırlar ki İran qeyri-azad ölkədir və çoxsaylı daxili problemlərini yalnız inzibati zor aparatı vasitəsilə saxlamağa müvəffəq olur. Rusiya hökuməti kimi İran hökuməti də ölkə daxilindəki sosial-siyasi problemlərini xaricdəki fəaliyyəti ilə ört-basdır etməyə çalışır. Orta Şərq regionunda iddialarını açıq ortaya qoymaqla yeni imperiya siyasəti yürüdür və bununla cəmiyyəti manipulyasiya etməyə nail olur. Nüvə silahına sahib olmaq üçün gizli çalışmalarını sürdürür, silahlanmaya milyardlarla dollar xərcləyir. Suriyada, İraqda və Yəməndə minlərlə əsgər itirib. Xalqın problemləri isə durmadan artır. Son 10 ildə İran bütün resurslarını Orta Şərq siyasətinə istiqamətləndirib və daxildə sosial-iqtisadi duruma nəzarət xeyli zəifləyib. İran hakimiyyət orqanlarının reaksiyası göstərdi ki, onlar sosial etirazların olacağından öncədən xəbərdar olublar və bunun qarşısını almaq planları da hazır idi. Ancaq sərt siyasi tələblər və şüarlar gözlənilməz olmaqla bərabər, rejimi müəyyən qədər silkələyə bildi.

Görünən budur ki yeni sanksiyalar və Orta Şərqdə möhkəmlənmək üçün xərclənən pullar İranı daha da taqətdən salacaq və orada daha kütləvi təbii sosial-siyasi proseslərin başlanması istisna edilmir.
ABŞ-ın və İsrailin hazırda İran daxili siyasətinə birbaşa təsirləri yox səviyyəsindədir. Ancaq, buna baxmayaraq ABŞ və İsrail prezidentlərinin kütləvi etiraz aksiyalarına açıq dəstək verməsi də təsadüfi deyil. ABŞ İranı Orta Şərqdə söz sahiblərindən biri olmağa şirnikləndirməklə əslində onu tələyə salır. Digər tərəfdən isə daha qətiyyətlə rejiminin üzərinə getməklə İran cəmiyyətinin mühafizəkar hissəsini rejimin ətrafında sıx birləşdirir ki, rejim bu siyasətində daha da qabağa getsin. Hətta regionda Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi, ziddiyyətlərin dərinləşməsi də kənardan yüksələn xətlə idarə edilir. İran yaxın dövr üçün mürəkkəb və ziddiyyətli durumla üzləşə bilərmi? Bu sualın cavabını çox yaxın zamanda hər kəs verə biləcək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI