2017-ci ilə yazılan rekviyem

16:28 27-12-2017 | icon 788 | Köşə
2017-ci ilə yazılan rekviyem

İGİD TEYMURLU

Uca Yaradan 2017-ci ilə əbədi rahatlıq versin. İlin sonunda görünən budur ki, dilənçi ordenlilər məkanında bu gün deyəsən Allah da yaddan çıxıb.

Harın məmurların özbaşınalığı ucbatından qul vəziyyətində yaşayan insanlarımız özlərini azad insan kimi göstərməyə çalışırlar. Yaltaqlıq, məddahlıq, yarınmaq eşqi çoxunun gələcəklərinin təminatçısına çevrilib. Acından gözlərini belə, döyməyə taqəti qalmayan körpələr, İlahi Varlıq sayılarkən təpiklənən Analar, bu varlığa sahib çıxan, bu varlığın güvəndiyi qolu qandallı Atalar, həyatın acılarıyla baş-başa qalan bacılar, başımızın üstündə qıy vuran Nigaran Ruhlar, bizi mücadiləyə səsləyən Kəsik Qollar, Kəsik Qıçlar, bizdən şikayət amacıyla arabaları ilə Allaha doğru yol alan Əlillər, günahları Vətən üçün döyüşmək olan veteranlar, ürəyi də əllərinin içi kimi qabar-qabar olan “qul bazar”ının sakinləri, uğrunda can qoyduğum, öpdüyüm bayrağı itinin boynuna dolayan harınlamış məmur övladı, qolundakı saatın qiyməti 50-60 kreditorun ömrünü puça döndərən pulun qədərində olan bankir oğlu, addımbaşı bir-birinə yalan satan, bir-birinə qahmar çıxan Vətən övladı, Şeytan qüllələrindən seyr edilən “qırmızı fanarlı” Bakı küçələri və daha nələr, nələr …..məni ilin sonuncu yazısını – “bu vilanın əhvalı”nı yazmağa sövq etdi…

Şəhadət barmağının əsirinə çevrilənlər bunu irsən övladlarına ötürməkdə israrlı kimi davranırlar. Yalmananların qazla, işıqla, sosial problemlərlə üz-üzə qoyduqları sıravi vətəndaşın ah-naləsi eşidilməz olub. Vəzifəlilərin iti yağla, balla, soyutma ətlə dolanır. Suxarı yeyib özünü dəy kimi aparan məddahlarımız özlərini Bəylə dost kimi göstərir, kasıbsa deyəsən Allahın yadından çıxdığından belə fəryad edir. Ol səbəbdən də tövləmiz dolu, samanlığımızsa boşdur. Qanunverici kürsülərdən, meydanlardan qışqırılan “xalq, millət” kəlməsiylə hər kəs karlaşdırılıb. Mənəvi korluq yaşam tərzimizə çevrilib. Gözlərimizin önündə xoşbəxt gələcəyin pərdəsi çəkilib. Bizə o xoşbəxt gələcək nəsib olacaqmı?

Sağlam mənəvi prinsiplərimiz Qərbin çılpaqlığı fonunda kor ehtirasların əsirinə çevrilib. Məmləkətimizə diş qıcayan yırtıcı heyvanların qəzəbi heç soyumaq bilmir. “Müharibə şəraiti” yırtıcı heyvanlar üçün qazanc mənbəyinə çevrilib. Qarabağ mövzusu Azərbaycanı çıxılmazlıq pentaqrammasına salıb. Qaçqın dediyimiz, köçkün dediyimiz təbəqənin imtiyazlarından sui-istifadə edənlər elə həmin təbəqə ilə toplum arasında nifrət körpüsü salıb. “Ümiddən asılan qılınclar”ımız yoxa çıxıb. Ruhu öldürülən millət döyüş meydanında əliyalın qalıb. Seksual davranış tərzinin özəllikləri, gözəllikləri teleekranlardan təbliğ olunur. Vicdan tələbi heçə endirilib. İnsaf göyə çəkilib, mürvət yox olub. Analar övlad başı aldadıb qazanda yalxı su qaynatmaqla göz yaşı tökə-tökə məsum körpələrini yuxuya verəndə atalar xəcalətdən daldalanmağa belə yer tapa bilmirlər. Kasıb övladının burnuna dəyəcək iylərə görə bayramın gəlməsini istəmir. O yandasa “gəz, dolan kafe, restoran, papanın gül balası” deyənlərin hırıltısı adamı adam olaraq doğulduğuna görə peşiman edir.

Yuxarıda oturanlar 15-20 yaşlı harınlamışlarını uşaq zənn edib 3 min dollarlıq kukla alıb başlarını sığallayır, 4-5 yaşlı körpəsi üşün 50-60 qəpiklik şarı ala bilməyən atanın ah-naləsisə ərşə-Allaha doğru yüksəlir. Azadlıq ağacının yarpaqları quruyub. Məmləkətdə həyat tərzimizi, yaşayışımızı fars arşını, ingilis yardıyla ölçənlərimiz tüccarlıq edirlər. Ölçənlər Mefistofellər, ölçülənlərsə ilan tək dəridən qabıqdan çıxanlardır. Kefləri saz halda xalqı seyr edən cənab baronlar fironcasına Allahlaşıblar. “Ərdolar” bütün cəbhə boyu əl-qol açıb milləti dalana dirəməkdə israrlıdır. Müstəqil Azərbaycan adıyla Zülümüstan yaratmaq istəyən bankirlərimiz aclar, qullar dünyasında “mikrokosm cənab” axtarışının ümidiylə milləti düçar etdikləri dərdləriylə baş-başa qoyublar…

Budur bu “vila”nın əhvalı… Milli qəmimizi sevincə çevirmək üçün dərd yiyələriylə bölüşürəm bu yazını. Axı: ən ağır kədərin ortağı varsa: o kədər özü də bir sevinc olar. Tanrı millətimizə gözəl günlər nəsib etsin. Və bizi bu dərdə salanlar bir şeyi unutmasın.

Bəylər və xanımlar, yetər daha öz “böyüklüyünüz”dən epopeya yaratmağınız. Böyük Adamların Böyüklüyü sandığınız kiçik adamlara qarşı rəftarından üzə çıxar. Sizin əməllərinizə rəğmən təqdim olunan “böyüklüyünüz” gördüyünüz qədərindədir, ondan artıq deyil. Və sizin gördükləriniz gerçəyin özü deyil, gerçək kimi sizlərə təqdim olunanlardır. Unutmayın, ac-acına uzanan məsum körpə qarnının curultusu, işsizlərin, problemli kreditlərin girdabında inləyənlərin ah-naləsi mütləq sizlərə qənim kəsiləcək. Unutmayın: “…göstərən saətdə dövrani-fələk bir inqilab: həm özü fani olur, həm ləşgəri, həm kişvəri” deyib Füzuli babanız və yaxamız “Padişahi-mülk” qitəsində. “Dağılan tifaq”ların, tapdalanan heysiyyatların fonunda Tanrı sizləri “Sonrakı peşimançılıq fayda verməz” gerçəkliyilə üz-üzə qoyacaq. Bax onda əzdiyiniz, haqqını tapdaladığınız xalq da bir ağızdan deyəcək. Baxın, baxın, diqqətlə baxın, “Adı var, özü yox!”..

Əfsanəvi əbabil quşlarının mərciməkdən də kiçik daşlarla Kəbəni dağıtmağa gedən həbəşlərin fillərinin başını əzdikləri kimi haqqını tanımadıqlarınızın, dərdləriylə baş-başa qoyduqlarınızın da arzuları ürəklərində qalmayacaq. Kabab iyindən dil-dodağını yalayan boynubükük körpənin onu bəsləyənlərə məyus-məyus baxdığını görəndə günah da olsa gözümdən gilələnən yaşları daşa çevirib Allaha doğru atıram. “Göy üzü daş saxlamaz”, atam balası, düşəcək daşın kimin başına tuş gələcəyini Tanrının Ədalətinə həvalə edək.

Və bütün bunlar 2017-ci ilin panoramı idi. Həm də bu panoramaya yazılan rekviyem…
Allah Sizə rəhmət eləsin, Ölülər…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür