“Prezident öz bəyanatları ilə örnək oldu”

10:34 02-06-2020 | icon 372 | Siyasət
“Prezident öz bəyanatları ilə örnək oldu”

 Fərəc Quliyev: “Prezidentin bu çağırışları “qorxmağa bəhanə axtaranlar”ın öz mövqelərinə yenidən baxmalarına kifayət edər”

 

Azərbaycan ərazilərinin erməni terrorçuları tərəfindən işğalı və ermənilərin həmin ərazilərdə məskunlaşdırlması prosesi davam edir. Erməni terrorizminin işğal faktının aradan qaldırılması istiqamətndə aparılan danışıqlara, beynəlxalq hüquqa  məhəl qoymaması və torpaq iddialarından əl çəkməməsi, hərb variantının qaçılmaz olduğunu  gündəmdə saxlayır. Maraqlı nüanslardan biri budur ki, son zamanlar “Qarabağda hərb, yoxsa sülh danışıqları” ilə bağlı ortaya çıxan müzakirələr birmənalı qarşılanmır. Ölkə ictimaiyyəti ermənilərin son “Şuşa andiçməsi”ndən sonra, nəhayət danışıqlara son qoyulması, hərblə torpaqların işğaldan azad edilməsini tələb edir. Nə baş verir; yaranmış vəziyyət qarşımızda hansı tələbi irəli sürür. İctimaiyyət əsas diqqətini nəyə yönəltməlidir?

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev maraqlı nüanslara diqqət çəkib. 

 

Partiya sədri bildirib ki, son zamanlar mətbuatda, sosial şəbəkələrdə müharibə çağırışı edənlərlə, dinc vasitələr axtarışında olanlar arasında qarşılıqlı ittihamlar səslənir. O, hesab edir ki, heç bir tərəfdə xəyanətkar axtarmadan ehtiyatlı olmalı, mətbuatımızın həm də Ermənistanda izləndiyini nəzərə almalıyıq.

 

F.Quliyev həmçinin, hərbi təlimlərin sülh danışıqlarının tam fiaskoya uğradığı vaxta təsadüf etməsinə diqqə çəkib. O, bildirib ki, Azərbaycan prosesi irəli aparan, fəallaşdıran, sürətləndirən, formatlandıran tərəf kimi hərbi təlimlərin vaxtını doğru seçib.

 

F.Quliyev hətta növbəti təlimlər üçün hədəf olaraq atışların Qarabağ ətrafında, işğal olunmuş ərazilərdə keçirilməsi ilə bağlı anonsun verilməsini önə çəkib:

“Biz bu ərazilərdəki hər hansı hərəkətlilik üçün heç bir subyekt qarşısında hesbat verməli deyilik. Çünki bu baş verərsə, Azərbaycan özünün beynəlxalq miqyasda tanınan ərazisində təlim keçirmiş olacaq. Bu halda Azərbaycan nəinki Ermənistana hücum etmir, əksinə öz ərazisi olan Qarabağda erməni əsilli azərbaycanlıları narahat etmir, etnik təmizləmə aparmır. Rəsmi İrəvan bir-birinin ardınca dinc nizamlanma prosesini mənasız edən təxribatçı bəyanatlarla çıxış etdiyi zaman, bizim keçirdiyimiz təlimlər İrəvana mesajdır. Çünki Ermənistan faktiki əraziləri qaytarmaqdan imtina edir. Dinc danışıqlarla nizamlanmanın alternativi isə hərbdir, “Azərbaycan müharibəyə hazırdır” deməkdir. Bu güc prestijinin cəmiyyət tərəfindən qüvvətləndirilməsi gərəkdir”.

 

F.Quliyev bildirib ki, belə bir ərəfədə çəkingən bəyanatlar vermək, hərbi təlimlər də daxil olmaqla bu siyasətə sərf olunan vəsaitin də, əməyin üstündən xətt çəkmək, bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir. Bu çəkingənlik və qorxmağa bəhanə axtarışı sərgiləndiyi müddətdə təlimlər və “problemin dinc yolla həlli mümkün deyilsə, güc yolu ilə həll ediləcək” bəyanatları ciddiyə alınmaz:

“Keçirilən irimiqyaslı hərbi təlimlər düşmənin psixoloji durumuna təsir edir. Təlimlərin mahiyyəti Ermənistan işğalçı ordusunun ərazimizdən xoşluqla çıxmayacağı halda, hərbi yolla çıxardılacağını nümayiş etdirməkdir. Hərbi təlim, gücü yoxlamaq və gerçək savaşı məşq etməklə yanaşı düşmənə psixoloji təziqdir. Bu təlimlər Ali Baş komandanın iradəsi ilə keçirilir. Ən azından hərbi təlimlər keçirdiyimiz bir zamanda hamının nəbzi eyni vurmalıdır. Bu zaman kəsiyində ordumuzun əzələ nümayişi zamanı mediada çəkingənlik nümayiş etdirmək müdriklik deyil və görülən işlərə zərər verir.

 

Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma...

 

İndi sosial şəbəkə və KİV-lərdə guya təmkin və analitik düşünmə sonucu olaraq vəziyyətlə barışmaq, sonsuz bir müddətə danışmaq, “savaş olarsa düşmən Kür çayına qədər gələ bilər” ifadəsi işlətmək ən azı yaranmış psixoloji ab-havanı əleyhimizə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, biz erməni mətbuatını izlədiyimiz kimi, ermənilər də bizim mətbuatı izləyir.

Əlbəttə, ölçülü biçili, prosesi xeyirimizə dəyişən hesablanmış addımların atılması zəruridir. Xüsusilə hərb variantı ilə bağlı. Bu planlama Ali baş komandan tərəfindən generalitet və strateji mərkəzlərlə həll olunar. Bunu Prezidentin 28 may çıxışında da duymaq mümkündür. Prezident həmin çıxışında bildirdi: “Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.”

 

Partiya sədri hesab edir ki, bu gün ictimai rəy liderlərinin indiki anda Qarabağ məsələsi ilə bağlı yanaşmalarında xeyirimizə dəyişmiş psixoloji duruma zərər verməməyi önəmlidir:

“Bunun kəsinliklə nəzərə alınması lazımdır. Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma hərbə hazırıq- fəlsəfəsi ilə davranmalıyıq. Düşmən tərəf torpaqlarımızdan çıxmaqdan savayı seçiminin olmadığını anlamalıdır.

Ehtiyatlı mövqe nümayiş etdirənlərin bəziləri müharibə çağırışı sonuclarından ehtiyatlanan adamlardırsa, bəziləri sadəcə indiki status –kvodan məmnun halda “vətənim villam, millətim ailəm” yanaşması ilə zamanı ötürmək, şəxsi rahatlığını riskə buraxmaq istəməyənlərdir. Parlamentin ilk iclasında ölkə prezidenti susmamağa, həqiqətləri deməyə, təhdidlərin qarşısında dayanmağa çağırış etdi. Bu çağırışa əməl etmək əvəzinə əhalidə ruh düşkünlüyü yaradanlara yenə də Prezident öz bəyanatları ilə örnək oldu”.

 

F.Quliyev Prezident İlham Əliyevin mayın 28-də çıxışı zamanı toxunduğu mühüm məqamlara diqqət çəkib:

“Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz var və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi.

Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”.

 

F.Quliyev bildirib ki, Prezidentin bu çağırışları məncə, “qorxmağa bəhanə axtaranlar”ın öz mövqelərinə yenidən baxmalarına kifayət edər:

““Sonsuz səbirli” olmağı tövsiyə edənlər anlamalıdılar ki, atəşkəs sülh müqaviləsi deyil, müqaviləni hazırlamaq üçün “pauza”dır. Bu “pauza” on illərlə davam edə bilməz. Ermənistan ən müxtəlif bəhanələrlə vaxtı uzatmaq və Azərbaycan cəmiyyəti üçün “sakitləşdirmə”, ”unutdurma” taktikasına üstünlük verir. Bunun alternativi, vaxt uzandıqca cəmiyyətin daha da aqressivləşdiyini göstərməkdir. Kimsə öz yorğunluğunu, bitkinliyini, ümidsizliyini millətin adından bəyan edərək düşməni ruhlandıra bilməz.

2016-cı ilin aprel savaşı millətimizin savaşa münasibətini sərgilədi. 2016-cı ildə erməni ordusunun “məğlubedilməzlik” mifini darmadağın edən bir neçə günlük savaş hələ də Ermənistanda müzakirə olunur. Buna görə Ermənistan hərbi rəhbərliyindən bir neçə nəfər işdən qovulub və xüsusi təhqiqat komisiyyası işini davam etdirir”.

 

“...vurulacaq zərər Ermənistanın siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”

 

F.Quliyev bir daha bu əməliyyatın bir neçə baxımdan əhəmiyyətli olduğunu bəyan edib:

“Əməliyyat təkcə yüksəkliklərin tərəfimizdən geri alınması, müəyyən ərazilərin azad olunması, düşmənin xeyli itki verməsi baxımından deyil, ən əsası psixoloji –mənəvi cəhətdən əhəmiyyətli idi. Eləcə də, Ermənistan ictimaiyyətinin öz ordusu haqqında real təsəvvürü və Azərbaycan ordusu haqda real təsəvvürü formalaşdı; vasitəçilərin təsəvvürü dəyişdi, danışıq və dinc vasitələrdən yayınma halında Azərbaycan haqqı olan digər yoldan-hərbi yoldan istifadə edəcək qənaəti formalaşdı. Və Azərbaycanın xəbərdarlıqlarının söz güləşdirmək yox, günün birində qəfil həyata keçirilə biləcək son həmlə ola biləcəyi anlaşıldı; Azərbaycan xalqının da özünə inamı bərpa olundu;  Azərbaycan ictimaiyyətinin də öz ordusu haqqında real təsəvvürü və Ermənistan ordusu haqda təsəvvürü dəyişdi; Xalq prosesə ciddi dəstək verdi, bəlkə də bəziləri xalqın döyüş bölgələrindən gedəcəyini gözlədiyi halda xalq əksinə döyüş bölgələrinə getdi və bunu bütün dünya müşahidə etdi.  O cümlədən, Azərbaycan müdafiə naziri cənab Zakir Həsənov 2020-ci il 30 mayda verdiyi açıqlamasında bu mövzuda gözlənilən sonucu ifadəsini bəyan etdi. Nazir dedi ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər Ermənistanın siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”.

 

F.Quliyev bildirib ki, Prezidentin bəyanatlarından və Müdafiə nazirinin bu yanaşmasından sonra hər kəs məsuliyyətini hiss etməlidir:

“Problemin qeyri-hərbi yolla həllini arzulayanlar, problemin hərbi yolla həllinə hazır olduğumuzu daha uca səslə deməlidirlər ki, həm də bölgədə sabitlik istəyənlər bu əhvalı nəzərə alaraq dinc yolla ədalətli status-kvonun bərpası üçün Ermənistanı məcbur edəcək addımlar atsın”.

 

MDHP sədri bu çağırışını Prezident, Ali Baş komandan İlham Əliyevin çıxışındakı bir fikirlə tamamlamağı vacib sayıb:

“Danışıqlar öz yerində, Ancaq siz də yaxşı görürsünüz ki, indi dünyada güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına!” /üç nöqtə/

 

T.Qafarlı
Versus.Az

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol