“Müxalifət o qabaqdakı piyadaların hamısını qırdırıb” - LAYİHƏ

20:24 01-06-2018 | icon 2125 | Layihə
“Müxalifət o qabaqdakı piyadaların hamısını qırdırıb” - LAYİHƏ

 

Tahir Kərimli: “Elə bir partiya, elə bir lider yoxdur ki, bu iqtidardan faydalanmasın”

 

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbəti qarşılaşması Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli ilə oldu.

 

(əvvəlki müsahibələrin linkləri - Fuad ƏliyevƏli ƏliyevAydın MirzəzadəSərdar CəlaloğluFəzail İbrahimli, Razi Nurullayev)

 

Səmimi qarşılamadan sonra “rəqib”dən yarışmaya hansı masaüstü oyunla başlamaq istədiyini soruşduq. İş otağında şahmatın olduğunu söylədi və sual etdi:  - “şahmatı kiminlə oynayacam”. “Bizimlə”- deyib, rəqibi oyun masasına dəvət etdik. Beləcə, fiqurları şahmat taxtasının üzərinə düzdük. Ənənəvi olaraq rəqibin hansı fiqurlarla oynamaq istədiyini soruşduq. Tahir bəy isə - “püşk atılmalıdır, kimin şansına nə düşsə, o da birinci oynayacaq” - dedi...

 

- Tahir bəy, axırıncı dəfə nə vaxt oynamısınız?

 

- Şahmatı, təxminən 7-8 ay əvvəl olar ki, İsmayıllıdakı evimdə dostum Rasimlə oynamışam. Ondan 1 ay əvvəl də partiyanın qərargahında oynamışdım.

 

“Burda dövlət o vaxt süqut edəcək ki, Şah mat olacaq”

 

 

 

- Yəqin ki, oyunlara gəncliyinizdə daha çox vaxt ayırıbsınız.

 

- Ümumiyyətlə, idmanla məşğul olan adam olmuşam. Qaçış, futbol, şahmat.... İki il Ağsuda “Üfüqdə parıltı” komandasının komandiri olmuşam. Məktəbdə 5 yoldaş idik, idmanla məşğul olurduq və hamımızın da şəkli şərəf lövhəsində idi. Deyim ki, mən 1-dən, 10-cu sinifə kimi həm əla oxumuşam, həm də “sinifkom” olmuşam. 9-cu sinifdən artıq bölgə üzrə ilk riyaziyyat təmayüllü məktəb yarandı. Həmin məktəbdə rayon, kənd məktəblərindən uşaqlar var idi. Orda da məni “sinifkom” təyin eləmişdilər. Məktəbimiz böyük idi. Orda 1250 nəfər şagird var idi. Sonra məktəbdə şagird kamissiyasının sədri oldum... Yəni mənim boş vaxtım olmurdu. Ona görə də bütün oyunların hamısını atdım.

 

Tahir bəy şahmata sanki artıq bir neçə gedişin planını cızırmış kimi diqqətlə baxıb, sonra ilk gedişini etdi. Maraqlı start idi...

 

- Tahir bəy, şahmat həqiqətənmi başdan ayağa siyasətdir?

 

- Şahmat monarxiya sistemlərinin təzahürüdür. Bu oyun hər bir halda Şahın qorunmasına xidmət edir. Burda oyun “Dövlət mənəm” ideyası üzərində qurulub. Burda hər şey Şaha qulluq edir. Vəzir, piyadalar, toplar, hamısı Şahı əhatəyə alıb. Yəni burda dövlət o vaxt süqut edəcək ki, Şah mat olacaq. Burda dövlətlə şah bərabərləşir. Bilmirəm, bəzən şahmat oynayanlar mənə süni gəlir. Özlərini şahmat oynayan kimi göstərib, sanki “mən siyasəti bilirəm” deyirlər. Şübhəsiz ki, şahmat eyni zamanda siyasətdir. Nəyisə qurban verib, nəsə qazanmaq, azlıqda qalıb qalib gəlmək və sair... Belə şeylər də var, ona görə də....

....Diqqəti şahmat taxtasına yönəlir...

 

- Hansı fiqurun gedişatını xoşlayırsınız?

 

- Mən... TOPU.

 

- Maraqlıdır?..

 

- Çünki top mənim xasiyyətimə uyğundur. Top hiylə bilmir, düz gedib, düz vurur. Məsələn, piyada düz gedir əyri vurur, yaxud bir başqası əyri gedir, əyri vurur. Top isə düz gedib, düz vurur...

 

- O zaman əyri vuran fiqurların arasında çox qalmaq Top üçün çətin olar.

 

- Həm də ən yazıq fiqurdur...

 

- Niyə belə?

 

- Xasiyyətimdir də, nə edim (gülür)....

 

Tahir bəy diqqətini oyundan yayındırmaq istəmir... amma biz...

 

“Xilaskar kimi dəvət edib, sonra deyirsən ki, ona düşmən ol”

 

- Tahir bəy, Zərdüşt bəylə söhbətimiz zaman sizin haqqınızda müsbət danışdı amma....

 

- Yox, o məndən küsüb.

 

- Sizə yaxşı münasibət sərgilədi...

 

- Onlar, bilirsiz məndən niyə küsüblər? Deyir, niyə barışdın bu sistemlə. O özü o vaxtlar gəlirdi İsmayıllıya biz....

....deyəsən çətin vəziyyətdəyəm....həə....

Oyuna qiddət kəsilib.

 

- Deyəsən çətin durumda qalıbsınız?

 

- Hə, yaman....

....Hə, o, xalq hərəkatı ilk yarananda gəlirdi ora. Rəhmətlik Əbülfəz bəy, o,  iclaslar keçirərdik. O vaxt kitabını Moskvada çap etdirdi, bu bir fenomen oldu. O vaxt Azərbaycan sovet hökumətinin tərkibindən çıxmırdı, biz isə elan elədik ki, Girdiman müstəqil dövlətdir, Mixail Qorbaçova ölüm hökmünü çıxarmışdıq. Düzdür, mənim özümü də hakimlikdən çıxardılar, bu heç... Amma bunlar hamısı Zərdüşt bəyin kitabında öz əksini tapıb. Görünür, o, dövlət müstəqilliyi üçün hər şeyini qurban verməyə hazır olan bir adamın yumşalmasını qəbul edə bilmir...

 

“Bu, doğru olmayan müxalifətçiliyin bünövrəsini qoydu”

 

- Tahir bəy, Şahmatda da fiqurların öz mövqeyinə uyğun olaraq ardıcıl düzümü və mübarizəsi əks olunur. Piyadalar öz yerində, şah da öz yerindədir. Edilən gedişlər də göz önündədir. Amma hamının görə bilmədiyi hiylələrə də əl atılır. İndiki duruma baxanda yerində olmayan nə idi, harda səhvlərə yol verildi?

 

- Bilirsinizmi, tutaq ki, Xalq hərəkatı özünün dövlətini - Əbülfəz bəy hakimiyyətini - formalaşdırdı. Bu, 1 il çəkdi. Sonra Heydər Əliyevi xilaskar kimi dəvət elədik. Amma o düz deyildi ki, sən bunu xilaskar, dost kimi dəvət edib, sonra da deyirsən ki, ona düşmən ol. Deyirsən ki, vəzifənizi dondurun, müqavimət göstərin. Bu, doğru olmayan müxalifətçiliyin bünövrəsini qoydu. O müxalifət ona görə uğur qazana bilmədi ki, bünövrəsi səhv qoyuldu, yalan üzərində quruldu... bu necə ola bilərdi ki,

bu gəldi və bir neçə cəhdlər oldu. Ən sonuncu isə İsa Qəmbərin “prezidentliyində”.... Müxalifət bir neçə dəfə hakimiyətə gəlməyə çalışdı, hətta ən güclü vaxtı onda idi. Amma onda da İsa Qəmbər prezidentliyə gələ bilsəydi, sabitliyi təmin etmək gücündə deyildi. Və ondan sonra deqredasiya prosesi getdi. Müxalifət o dərəcədə zəiflədi ki, artıq....

Yenə diqqət oyuna gedir.

....siz məni danışdırıb, özünüz... (gülür).

 

- Fikriniz yaddan çıxmadı?

 

- Belə getsə, deyəsən....

Gedişdən sonra söhbətə davam edir...

Üzürlü sayın, daşınızı götürəcəm (gülür)...

......Yəni, indi iqtidar 10 dəfə güclənmiş, müxalifət isə 10 dəfə zəifləmiş vəziyyətdədir. Və mən Milli Məclisdə son çıxışımda da dedim, əvvəla elə bir partiya, elə bir lider yoxdur ki, bu iqtidardan faydalanmasın. Rəhmətik Əbülfəz bəyin ətrafında olan elə bir adam yoxdur ki, parlamentdə deputat olmasın, elədirmi? Deməli, 10 il AXCP oturdu parlamentdə, 5 il Müsavat oturdu, bir müddət Etibar Məmmədov komandası ilə təmsil olundu. Bax belə vəziyyətdə biz də məcbur olduq ki, bu hakimiyyətə qarşı yumşalaq. Amma mən özümə bəraət qazandırmaq istəmirəm. Söhbət ondan gedir ki, bu gün iqtidar hədsiz güclüdür və ona qarşı istənilən hakimiyyət iddiası avantüradır. Çünki elə bir partiya lideri yoxdur ki, “mən hakimiyyətə gələ bilərəm, sabitliyi təmin edə bilərərm” desin.

 

Məsələn, Suriyada demokatiya şüarı altında 5 milyona yaxın adam küçələrə çıxırdı. Hanı o demokratiya? Bizdə də demokratiya tələbi həmin o vəziyyətlə nəticələnə bilərdi. Yəni dövləti saxalamaq çox çətin məsələdir. Dövlət təkcə sevgi, əqidə üzərində qurulmur. Ona qalsa, mən də deyərəm ki, məndən yaxşı prezident ola bilməz. Ən azı keçmişimlə bağlı bunu deyə bilərdim də. Amma dövlət təkcə bununla qurulmur. Dövlətin strukturları olmalıdır. Onun bir əli od olanda, bir əli su olur.

 

“Gündən-günə daha da zəifləyir, xalqın etibarını itirirlər”

 

Artıq düşərgənin hansı vəziyyətdə olduğunu söyləmək olar, mat?

 

- Mən “pat” deyərdm, amma doğrudan da mat vəziyyətindədirlər. Gündən-günə daha da zəifləyir, xalqın olan-qalan etibarını itirirlər. Nə qədər eyni şüarlarla çıxış etmək olar? Yəni o şeyləri ki, yazırlar, mtinqlərdə deyirlər, onu hamı bilir.

O zamanlar Marksla Engels Kommunist Partiyasının manifestində yazırıdılar ki, bütün filosoflar dünyanı yalnız izah etmişdilər, məqsəd isə onu dəyişməkdən ibarətdir. İndi bu müxalifətə nə qədər izah eləmək olar ki, mövcud vəziyyət belədir, sən bunu dəyişmək iqtidarında deyilsən! Deməli, müxalifətin fəaliyyətində dövlətimiz üçün zərərli məsələlər var....

....Mənim oynumdu sizin?

 

- Sizin.

 

- Deməli, mən sizə bir misal çəkim: Ermənistanda parlamentli respublika üsuluna keçildi. Amma bizdə prezident üsulu respublika davam edir və bir az da güclənib. Mən Ermənistan parlament respublikasına keçəndə çox sevindim. İndi orda, üzr istəyirəm, it yiyəsini tanımır. Artıq orda xarizmalı, cəmiyyəti öz arxasınca daşıya bilən lider yoxdur. Artıq orda ölkə  deqradasiyaya gedəcək. Ermənistan cəmiyyəti hərbi cəhətdən zəifləyəcək, qarşıdurmalar, qütbləşmələr artacaq.

 Biz indi AXC hakimiyyətinin 100 illiyini qeyd etdik. Onun yıxılma səbəblərini deyirik. Bəlkə də o zaman bizim güclü prezidentimiz olsaydı, belə əziyyət çəkməzdik. Hər zaman liderin vacib xüsusiyyətləri qələbəyə aparan amil kimi önə çıxıb.

 

“Nə qədər edirəm, axıra qədər öyrənə bilmirəm”

 

- Tahir bəy, dediniz ki, TOP-u özünüzə bənzədirsniz. Təkcə ona görə ki, düz gedib, düz də vurur?

 

- Həm də təmbəldir.

 

- Amma onun da özünün taktikaları var. Bir çoxları isə at fiqurunu seçir, ən zəiflər vəziri seçirlər, çünki o hər istiqamətə gedir və hər istiqamətə vurur.

 

- Bilirsiz niyə topu dedim? Həmişə xasiyyətim elə olub. Bizim hakimiyyətimiz gedəndə, düzdür yüzlərlə saytlara qoyublar ki, Tahir Kərimli o zamanlar belə çıxış edir və sair... Heç kim mahiyyətə baxmır, elə deyirlər  ki, Tahir Kərimli qışqırır. Niyə qışqırır axı!.. Biz 10 illərlə milli dövlət qurmağı arzulayırdıq və qurmuşduq, əldən gedirdi, bəs mən neynəməliyidim, zəhrim çatlayırdı axı... Yəni məndə bir az biclik olmayıb... nə qədər edirəm, axıra qədər öyrənə bilmirəm.

 

“Bəzən insan hətta şərəfini belə, qurban verir”

 

- Sizin o məlum çıxışınızda, o hissəyə qulaq asanda gözlərim dolur həmişə... Sonra orda İskəndər bəy gəlir sizi sakitləşdirmək istəyir... Bax o adamlarla sizin indiki münasibətiniz necədir? Mənə elə gəlir ki, siz orda bu adamların xalqın taleyi ilə oynadığını görür və bu formada qışqırmaqla etiraz edirdiniz. Bəlkə də Azərbaycan siyasətində birinci dəfə “intihar edərəm, özümü vuraram” ifadəsi işləndi. Bu, İsa Qəmbərlərə olan bir üsyan idimi və bu gün mənən intihar edənlər kimlər oldu?

 

- Vallah, bilmirəm... mən sizə bir söz deyim. Mənim o çıxışım hər yerdə var. Çoxları məni qınayır. Amma onlar bilmirlər ki, mənim çıxışımdan sonra parlament buraxılıb. Biz qalib gəldik axı. Artıq “məni tanıyırsız, özümü vuraram”-a da ehtiyac qalmadı. Bu, müvəqqəti qalibiyyət idi. Sonra Əbülbfəz bəy mənə zəng etdi, müəyyən söhbətlərimiz oldu, bunu mətbuata demək istəmirəm, amma artıq hakimiyyətin devrilməsi labüd idi. Mən isə bununla barışa bilmirdim. Amma bir şey var, həyat göstərdi ki, bəzən insan, əgər doğrudan da xalqını millətini sevirsə, hətta şərəfini belə qurban verir. Tarixdən də görmüşük ki, kəşfiyyatçılar olub ki, adlarına hər cür şərəfsizliklər yazılıb, hamı onlara lənət oxuyub. Amma onlar vətən üçün böyük işlər görüblər. Ona görə də yenə də dediyim sözün üstündə dururam ki, tək sevgi, məhəbbətlə dövləti qurub onu idarə etmək mümkün deyil. Amma Heydər Əliyev bunu bacardı...

O vaxtlar paytaxtımız yəhudi, rus, erməninin əlində idi. Ona görə də Şaumyan deyirdi ki, Bakı Mantaşovların, Rotşildlərin yuxarıdan yaradılmış Bakısıdır. Ona milli şəhər kimi baxmırdılar. Bizim bəzi rusbaşlılar da buna gedirdi. Bu hərəkatda böyük bir siyasət nəticəsində Bakı milliləşdirildi.

Açığı deyəcəm, bizdə şiyəlikdən gələn bir ənənə var - hakimiyyətdə peyğəmbərin qohumu imam olmalıdır və sair kimi. Biz bilmirdik, amma Heydər Əliyev daha yaxşı bilirdi ki, bu dövləti saxlamaq üçün nələr lazımdır. Məsələn, mənim qaynatam Ali Məkhəmədə qəbuluma gəlirdi, mən buna etiraz edirdim, deyirdim, evim var getsin ora. Eşitmişdim qardaşım mənim adımdan çaxır yükü vurub, bu yalan idi, ya düz bilmirəm, götürüb Daxlli İşlər Nazirliyinə zəng vururdum ki, gedin yoxladın, düz olsa tutun. Bu qədər eyforiya, romantika ilə məşğul idim. 1990-cı ildə istədim, çalışdım praqmatik olam, istədim mən də hamı kimi olum, alınmadı...

Bir şeir var, deyir:

 

Qəlbimdə bir qəfəs tikdim.
Əqidəmi əsir edib,
Sonra onu yenmək üçün.
Qəlbimdə bir məzar qazdım
Əqidəmi gömmək üçün...

 

Gözüm baxa-baxa mən cəhənnəm, ailəm acından qırılırdı. Təsəvvür edirsiz, neçə il məhkəmədə işləmiş, dalınca Ali Məhkəmənin sədri olmuş adam çörək tapıb yeyə bilmirdi. Axı sənin əqidən öz ətrafına zərbə vururdu. Bax bu gün də istəyir yaxın qohumlarım olsun, dostlar olsun, heç kəs mənə demir ey, sən niyə düz işlədin. Deyirlər, kaş ki, sən də özünə nəsə quraydın, biz də bundan bir az faydalanaydıq, xeyrini görərdik, yaxşı yaşayaydıq. İmkan olanda adam da utanmır axı. İndi misal üçün qonaqlar partiyamıza gələndə, sizi bilirəm ki, xalqımızın içindən çıxmısız o qədər də utanmıram, amma bəzən bu ofisə elə adamlar gəlir ki, olduğumuz durumdan xəcalət çəkirəm....

 

Tahir bəyin yerləşdiyi ofisin birinci mərtəbəsi dağınıq haldadır, bunu nəzərdə tutur...

 

Biz o vaxtlar ifrat dərəcədə idealizmə söykəndk. Bu barədə Əbülfəz bəylə də çox söhbətlərimiz olub. Mən Əbülfəz bəyə deyirdim ki, sən ol Xomeyni, əşşi kimi istəyirsən qoy olsun prezident, amma cəbhənin sədri kimi ol Xomeynisi də...

 

“Həyatım boyu məni at gedişi ilə məğlub ediblər”

 

- Keçək şahmata, oyunda qarşı tərəfin hansı fiqurundan çəkinir, ehtiyat edirsiniz?

 

- Atdan.

 

- Nəyə görə?

 

- Bütün həyatım boyu məni at gedişi ilə məğlub ediblər (gülür). Başa düşə bilməmişəm ki, bu mənə hiylə gəlir, ya düzdür. Bir də gördüm kürəyimdən xəncəl vurdu. Çox hiyləgərdi. Hələ iki at birləşəndə çox təhlükəli olur.

 

- Mən də hazırda atları önə çıxarmışm...

 

- Hə görürəm...

 

- Piyadalara münasibətiniz necədir?

 

- Piyada həmişə qurbanlıq olub da...

 

- Amma gedib başa çatanda o da yüksək məqama çatır.

 

- Hardadır o bəxt ki, gedib başa çatsın (gülür).

 

- Heç çata bilmir?

 

- Nadir hallarda.

 

- Bəzən deyirlər ki, filankəs öz əziyyəti hesabına aşağıdan ta yüksəyə qədər ucalandır. Ora çatmaq hər qəhrəmanın işi deyil. Amma “böyüklər” onu “qəhrəman” görmək istəsə gedib çata bilər. Elə deyilmi?

 

- Bəli...

Tahir bəy oyuna alüdə olub, bəzən sualı təkrar etməli oluruq.

 

“Şəhid deyilsənsə, qəhrəman ola bilməzsən”

 

- Yaxşı, sizi kim qəhrəman etdi, Tahir bəy?

 

- Mən qəhrəman deyiləm.

 

- Yenə də...

 

- Həyatda qəhrəmanlar ancaq şəhidlər ola bilər. Sən şəhid deyilsənsə heç vaxt qəhrəman ola bilməzsən, hamısı yalandır. Qəhrəman qalib ola bilməz. O vaxt çox dərd çəkirdim. Elə şeylər var ki, mən istəmirəm yazılsın. Çünki müdriklər deyir ki, elə həqiqəti demə ki, yalana oxşasın, elə yalanı demə ki, həqiqətə oxşasın. İnanın, mən elə həqiqətlər yaşamışam ki, bu gün onu deməyə utanıram. Məsəlçün, yadımdadır, qardaşıma hökm veriləndən sonra mərkəzi komitənin işçiləri, ədliyyə naziri gəldilər ki, məni işdən çıxarsınlar. Xalq məhkəməni mühasirəyə almışdı ki, Tahiri buraxmarıq. Bir nəfər Tofiq adlı kişi vardı, bilmirəm yaşayır ya yox, 6-da oxuyan uşağının qalstukundan tutub ortaya gətirdi, yerə yıxıb bıçağı uşağın boğazına tutdu ki, burdan getməsəniz kəsəcəm. Orda camaat 11 mindən çox imza topladılar, dedilər, Tahiri heç yana buraxmarıq. Bu gün İsmayıllıda pis yaxşı taxta evim var ha, onu camaat mənə tikdi. Evimin qarşısında tonqallar qaladılar. Su maşınlarına benzin doldurdlar ki, yandırarıq, Tahiri vermərik. O vaxt biz nələr eləmirdik. Məsələn, mən 15 sutka verdiklərimi yığıb maşınlarla ermənilərin üstünə gedirdik. Ermənistandan bizimkiləri qovmuşdular, ürəyim partlayır, çıxıb məhkəmənin qarşısında ağlayırdım. Mən qoyardım rayonda erməni qalsın? Mən 14 kəndin hamısını boşaltdırdım. Açıq deyəcəm, Şəkidən Bakıya nə qədər erməni vardı, onların çıxarılmasında mənim barmağım olub. Yəni o vaxt 100 canımız olsaydı, hamısını bağışlaya bilərdik. Mənim həyatda xoşbəxt anım bilirsiz nə vaxt olub, ondan başqasını da görmürəm, bu, övladlarımın doğulması,  onların toylarını görmək yox, o camaatla “Koroğlu” cəngisini oxuya-oxuya Bakıya qədər gəlməyimiz idi. Nemət çığırırdı (gülür), biz də düşünürdük ki, vətən çağırır, ölməyə gedirdik. Müqəddəs vaxtlar idi. O vaxt insan canını düşünmürdü, insanın canı nə olan şeydir ki...

 

Mənim bacım oğlu ali məktəbdə oxuyurdu. Atası alim idi, anası müəllim. O, yaralı-yaralı getdi döyüşə. Dedi ki, Xocalıda o qədər qız-gəlin, uşaqlar öldürüldü... Deyirdi ki, belə yaşaya bilmərəm. Onun kimi nə qədər insanlarımız, şəhidlərimiz, nə qədər qaymaqlarımız getdi. Yəni indi belə hadisələrdən danışanda adam utanır, indi bu yalana oxşayır axı...

Məsələn, çox hörmətli bir adam gəlib qaynatama demişdi ki, bunu öldürəcəklər, götürsün ailəsini, uşaqları aparsın. Amma yoldaşım cavan olmasına baxmayaraq “onunla öləcəm” deyib heç yana getmədi. İndi gülürlər, lağ eləyirlər, adamın ən müqəddəs hisslərini təhqir edirlər. Heç nəyin dəyəri qalmayıb...

 

“Gördüm ki, Etibar hərəkatı buraxdı özü üçün yaxşı şərait yaratdı”

 

- Hansı gedişlər edildi, o hissləri kimlər məhv etdi?

 

- Birinci, ürəyində maddiyyatı mənəviyyatdan, şəxsi istəyi milli istəkdən üstün tutan, amma yalandan milli şüarlardan istifadə edənlər xalqı aldatdılar. Xalq neynəsin? Aydın Məmmədov rəhmətlik deyərdi ki, millətin qəhrəmanı ya onun gözünün qabağında olmalıdır, ya dar ağacında.

 

Sizə bir misal çəkəcəm, Etibar Məmmədovu çox istəyirdim. Mərdəkanda məhkəməsi keçirilirdi. Mən onun da, Rəhim Qazıyevin də vəkili idim, ora gedirdim. O vaxt da əl telefonu yox, bir şey yox. Mən Bakıdan çıxanda, oğlum Tural anası paltar ütüləyən vaxt iməkləyib ütüyə düşür. O vaxt Paşa dayı var idi, sürücü, uşağı xəstəxanaya aparır. Mən bunu eşidib nə geri qayıtdım, nə də bir dəfə maraqlanmadım ki, birdən uşağımın öldüyünü deyərlər, Etibar Məmmədovun məhkəməsində iştirak edə bilmərəm. Etibar tutulanda oğlu qapı arasından baxan vaxt şəkli çəkilmişdi, ona baxıb millət ağlayırdı. Amma 10-15 il sonra gördüm ki, Etibar hərəkatı buraxdı, özü üçün yaxşı şərait yaratdı. Ruhdan düşdüm. Mən belə, ruhdan düşəndən sonra bu xalq neynəsin, kimə inansın? İnamımız hər dəfə beləcə sındı. Hər dəfə xalqın inamı qırıldı və indi də bu vəziyyətə qalıb. Bu gün pənahımız xalqa, millətə deyil, dövlətədir. Dövlət strukturlarının möhkəmlənməsi ilə heç olmasa Qarabağın azadlığına nail olmaq olar və cəmiyyətdə heç olmasa sakitlik yaratmaq olar. Bu gün “mən daha yaxşı arzulayıram” deyib, ölkəni elə bir günə qoymaq olar ki, övladlarımız küçədə ölə bilər, infrastruktur dağıla bilər. Dövlət çox ciddi siyasi xətt götürməlidir....

 

Diqqət masaya. Tahir bəy gediş etmək üçün çox ciddi fikirləşir... düşünür ki, uduza bilər....

 

- Bayaq çox gözəl bir söz dediniz: qəhrəmanlar mübarizədə şəhid olanlardır. Yəni qəhrəman ölkəsinə qarşı olan hücumlara dözməyən insandır. Tahir bəy, danışırsınız, eyni zamanda da düşünürəm ki, ortada qaldığınız bu vəziyyətə necə dözürsünüz? Deyəsən, elə  oyunda da çətin vəziyyət yaranıb.

 

- Gəlin burda vəziyyəti dəyişək, yoxsa ..(gülür) Vallah, dözə bilmirəm, bu fiquru da götürəcəm....

 

- Yaxşı onun günahı nə idi?

 

- Bax bu daşı bura qoydum, beləcə onu tora saldım. İstəyirdim ya vəziri, ya da topu, ikisindn birini götürəm... Amma başqa çıxış yolları da var...(gülür).

 

- Hə, ən çox qorxduğunuz at idi, onu da götürdünüz.

 

- Hə, mən yazıq nə edim, belə olmalı idi, bu fiqur da belə getdi....

Öz fovaritini - topu qurban verir.

Yazıq budu ey....(gülür)

 

- Tahir bəy, amma yaxşı oyunçusuz ha...

 

- Şahmatda deyirsiz?

 

- Elə siyasətdə də...

 

- Vallah mən özümü yaxşı oyunçu hesab etmirəm.

 

- Qəbul etməliyik ki, həyat da bir oyundur, elə siyasət də bir oyun meydanında baş verir və ağıllı gedişlər tələb edir. Ola bilərmi ki, sizin açıq şəkildə iqtidarı dəstəkləməniz ağıllı gedişiniz olsun?

 

- Mən o inqilabın ilk illərində həmişə İmam Hüseyin şüarını düşünmüşəm. İmam Hüseyin deyirdi ki, zalımın torpağın üstündə gəzməyindənsə, altında olmağı məsləhətdir. Amma mən peyğəmbərin daha ciddi sözünü bilməmişəm. O deyirdi ki, şəraitə uyğunlaşmayan şəxs nəinki öz boynunu sındırır, ona ümid bəsləyənlərin də belini qırır. Ona görə düşünürəm ki, əgər görürsən ki, sənin müxalifətçiliyinin heç bir xeyri yoxdur, müxalif liderlər gözdən düşüb, xalq onları müdafiə eləmir, içi bizim partiya qarışıq müxalifət partiyalarına maraq yoxdur, onda dövlətə nə cür kömək edə bilərsən. Məsələn, Milli Məclisdə elə plenar iclas olmur ki, orda çıxış eləməyim. Dövlətə aqressivlik eləmirəm, əvəzində deyirəm ki, xalqın nə günahı var ki, onu kreditlərin zülmünə qoymusuz. Kreditləri dövlət ödəməlidir. Şəhid ailələrini evlərlə təmin eləmək lazımdır. Yəni millətin hansı dərdi varsa o barədə danışmışam. Çoxunu qəbul eləmirlər. Amma millətim, xalqım üçün lazım olan qanunlarla bağlı, Qarabağla bağlı gücüm çatan məsələlərdə çalışıram ki, nəyəsə nail olaq. Ona görə......

...... Şah!..

 

- Nəyə görə bizim bu şahmat meydanında hələ də daşlar ortada qalıb, deyəsən düzgün oynamırsız. Ya da bu oyunda bir-birinizə konstruktiv yanaşırsız.

 

- Yox burda mitinq havası var (gülür) .... Mən neyniyim....

 

Tahir bəy rəqibinin daşlarını götürmək istəmir, ən çox da buna görə çətin durumda qalır...

 

“Qoy desinlər ki, “niyə prezidenti müdafiə edir”, amma deməsinlər ki, Tahir riyakardır”

 

- Tahir bəy, sizi bu gərgin oyundan ayırmaq istəmirəm. Amma söhbətin gedişindən belə aydın olur ki, sizin açıq şəkildə iqtidarı dəstəkləmənizin arxasında cəbhə dostlarınıza bir etiraz dayanır. Yəni masa oyununda seçdiyiniz top kimi hərəkət elədiniz. Yanlış düşünmürəm?

 

- Bu gün də deyirəm ki, mən müxalifət deyiləm. Mən prezidenti müdafiə edirəmsə nətər müxalifət ola bilərəm. Qoy məni söyüb desinlər ki, “niyə prezidenti müdafiə edir”, amma deməsinlər ki, Tahir riyakardır. İndi mən onu ona görə müdafiə edirəm ki, başqa variant görmürəm. Heç olmsa bu hökumətimiz möhkəmlənsin. Yenə də cəmiyyətdə korrupsiya, rüşvətxorluq və başqa nə neqativlər varsa, gücüm çatanı tənqid edirəm, amma....

.....Yaxşı, bu fiquru da götürəcəm... Görürsüz neylədim?

 

- Yəni hesab edirsiniz ki, şahmatda olduğu kimi, ağıllı gediş etdiniz.

 

Hər gedişdən sonra Tahir bəy çox diqqətlə daşların düzülüşünü izləyir....

 

- Ürəyim qalıb oyunun yanında...

 

- Əslində Tahir bəy bu siyasi meydanda nələrin olduğunu  görüb, ona uyğun da hərəkət elədi?

 

- Mən sonradan bunu gördüm. Bilirsiz, heç kim ideal deyil. Dövlətdə rəhbərlikdə olanlar da. Amma hər bir insanın ürəyində yaxşı və pis cəhətlər cəm olur. Xoş münasibət olanda ürək daha gözəl olur, pis görəndə daha pis olur. Bu hakimiyyətin də kimliyindən asılı olmayaraq, yaxşılarını demək lazımdır....

.... Qorxuram məni udar.... Bir dəqiqə, bunu bura qoyaq və....

 

“Ay müxalifət sən o xurmadan yemişdin axı, indi də yeyirsən də...”

 

- Tahir bəy, nə  yaman çox fikirləşirsiz?

 

- Ehtiyatlıyam da mən. Ona görə bizim hakimiyyətdə hamını tutdular mən qaldım (gülür)...

Düzdür, bəziləri deyir sən rüşvət almırdın, vəzifən yox, bir şeyin yox, səni niyə tutsunlar. Amma istəsəydilər tutardılar. Ona görə müxalifətlə yollarımız ayrıldı. Bax, sən durub iqtidara deyirsən ki, rüşvət alırsan, vəzifəpərəstsən, əyrisən. Amma ay balam, sənin də ailə şəraitin maşallah çox qəşəngdir. Amma mən elə olmamışam axı. Mən müxalifət olanda bir balamın ağzı nə idi ki, iynənin ucu qədər xüliqanlıq edə və yaxud da əyri bir iş görə...

 

...Bir dəfə peyğəmbərin yanına bir uşaq gətirirlər ki, çox xurma yeyir, bədəni səpir, bir az danlasın. Peyğəmbər uşağı görür, deyir apar, sabah gətirərsən. Sabah gətirir, bu da uşağı danlayır ki, olmaz, filan... Adam deyir ki, ya peyğəmbər bunu dünən də deyə bilərdin, niyə demədin. Deyir dünən özüm də xurma yemişdim. İndi ay müxalifət, sən o xurmadan yemişdin axı, indi də yeyirsən (gülür) ... Bax, bu qeyri-səmimiliklər adamı öldürür. Belə olmaz axı...

 

- Belə deyək, indi müxalifət hansı daşını irəli çəkib, yəni hansı gedişdə qalıb?

 

- Müxalifət?.. Deyim sizə, müxalifət o qabaqdakı piyadaların hamısını qırdırıb. Həm fiziki, həm də ideoloji...

Bilirsiz mənim davam nə idi? 10 illər boyu atalarımız, babalarımız bir milli dövlət qurmaq arzusu ilə yaşayıblar. Amma insanların inamını itirəndən sonra nəyə nail ola bilərsən. Tutaq ki, Banqladeşdə 170 milyon müsəlman var, 450 min də Lüksenburqda. Lüksenburqun hünəri Banqladeşdən yuxarıdır. Neynirəm o çoxluğu ki, heç nə edə bilmir. Ona görə də əsas ideyadır, burada çox ciddi boşluqlar var....

.......Hə... siz oynadınız?

 

“Əvvəl İsa Qəmbər deyirdi “mənəm”, Əli Kərimli “mən” deyirdi, bir başqası deyirdi...”

 

- Yox istəyirəm oynayam, amma bilmirəm necə....

Tahir bəy, iqtidarda vəziyyət aydındır, Şah məlumdur və bu fiqurlar da bilirik nə üçündür. Müxalifətdə necə, Şah məlumdurmu?

 

- Müxalifət, şahsız qalıb (gülür). Əvvəla yaxşı deyilib ki,  demokratik dövlətdə Şaha ehtiyac olmur. Amma, nə olur olsun, liderin xarizması çox əhəmiyyətlidir. De Qolnun xarizaması var idi, indiki Makrondur nədir, adam özünü gülməli vəziyyətə salıb. Bizim müxlifətdə əvvəl İsa Qəmbər deyirdi “mənəm”, Əli Kərimli “mən” deyirdi, bir başqası deyirdi “yox mənəm”, indi də Arif Hacılı deyir... Bunlar dəhşətdir. İnandırım ki, iqtidar qalıb qıraqda, bunlar hansı “ana müxalifətdir”, hansı liderdir onun uğrunda vuruşurlar. Heç biri də heç nəyə nail ola bilmir. O necə müxalifətdir ki, gəldi Rüstəm İbrahimbəyovu özünə lider yapdı. Özü də bircə gün də müxalifət olmayan adamı, Milyaderlər İttifaqının üzvünü. Ondan sonra bu xalq, camaat neynəsin....

....Dayanın görüm burda nə baş verir, mən hansı gedişi etməliyəm, düşünüm....

 

- Tahir bəy, danışın.

 

- Mən neynədim...heç yaxşı oynamadım. Bax, görürsüz... belədir ey məsələ. Kimsə başı qatır, kimsə də oyunu qazanmağa çalışır...

 

- Amma çox ehtiyatlı oyunçusuz.

 

- Vallah belə ehtiyatdan heç olmasa yaxşıdır. Hə, yaxşı.

 

- Oynayın Tahir bəy, siz də bir piyadanı qurban verin getsin...

 

- Hə, nə deyirəm...

 

- Piyadanı aldınız...

 

- Hələ gedirəm, harasıdır.

 

“Ona təssüf edirəm ki, bəzilərinin hiylələrini üzünə deyə bilmirəm”

 

- Tahir bəy, taxtanın üzərində görünən mənzərəyə baxanda, eləcə də udulub kənara atılan daşları siyasi vəziyyətlə müqaisə edəndə nəyə təssüf edirsiniz?

 

- Bizim həyatımız budur. Bu həyatı pis yaxşı yaşamışıq. Bunlar peşimançılıq hissləri deyil. Bilirsiz nətər, ona təssüf edirəm ki, bəzilərinin hiylələrini üzünə deyə bilmirəm. Sumo güləşi var, orda rəqibin çəkisi ağırdır axı, 200-300 kilo olurlar. Orda məsələ rəqibin çəkisini öz ziyanına işlətməkdir. Biz də xalq hərəktına qalxmışdıq. Amma mən özümü ona görə təhqir olunmuş hesab edirəm ki, bunların hiylələrini başa düşə bilmədim. Bizi öz enerjimizlə yıxıblar. Bizi piyada kimi qurban veriblər. Axı mən o vaxt bir nəfər rəis, prokuror tapa bilmirdim ki, hərəkata qoşum. Hərəkatın içində 400 min adam var idi, onların arasında rayon rəhbərlərindən tək mən idim. Dövlət adından hökm verən şəxs idim. Ürəyim partlayır ki, sən hakimsən, dövlət görmüş bir adamsan, sən nətər oldu ki, gəldin belə aldandın. Bu mənə bir az təsir edir. Bir az da bilirsiz nə təsir edir, a kişi indi gəlib hakimiyyəti müdafiə edirsən, elə bunu o vaxt rəhmətlik Heydər Əliyev deyirdi də sənə ki, gəl işləyək. Neçə dəfələrlə fürsət oldu da. Deputat da olardım, böyük vəzifələrdə də qalıb işləyərdim. İkimiz görüşəndə o mənə dedi ki, sən məni ağır günlərimdə müdafiə eləmisən, mən səni çox istəyirəm və sair, bu mövzunu genişləndirmək istəmirəm. Fikirləşdim ki, getsəm xalq mənə nə deyər, müxalifət nə deyər. Təsəvvür edin ki, 25 il mən maaş almamışam. Bu gün də qardaşlarım işsizdir. Övladlarım indi-indi bir balaca işə düzəlirlər. Amma hələ də mən pul qazanmağın yollarını bilmirəm. Hələ də özümə bir şərait qurmağın yollarını bilmirəm. Belə şeylərdə çox acizəm ey...

 

- Hansı pul qazanmağın yoludur ki, öyrənə bilmədiniz?

 

- Bilirsiz, mənim işim oxumaq olub, kitab uşağı olmuşam. O qədər utancaq idim ki, bir cavan qız həyətimizə gələndə həyətə çıxmırdım ki, onunla necə görüşəcəm (gülür).

 

- Belə çıxır ki, şahmatı yaxşı bilsə də, siyasətdə yaxşı oyunçu deyil.

(gülür).

ALDP sədri Fuad bəy də şahmat oyunumuzda deyirdi ki, yaxşı oyunçu və yaxşı siyasətçi bir neçə gediş əvvəli bilməlidir.

 

- Hə mən elə bir kombinasiya qurmuşam ki, 6 gediş nə olacağını bilirəm. İndi mən bu atı götürüm, sonra dalınca nə baş verəcəyini biləcəm....

 

- Tahir bəy, indi hansı gedişə hazırlaşırsız, siyasətdə nələr etmək istəyirsiz?

 

- İndi dəhşətli bir gediş edəcəm, zabitiniz də getdi...

 

- Arada mənim sualımı da cavablayın, mümkünsə...

 

- İndi...

 

- Mən belə ciddi oyun oynamamışdım... Tahir bəy, neçə oyun əvvəli görə bilirsiz?

 

- İndi bir neçə gedişin nə olacağını artıq bildim. Ola bilər ki, rəqibim zəifdir ona görə (gülür). Rəqibim güclü olanda qalıram belə...

 

- Bəs siyasi fəaliyyətinizdə?

 

- Bəzən mənə qəribə gəlir. Heç yadıma gəlmir ki, mən də nəsə bir var-dövlət arzu edəm, maşın arzu edəm, ev arzulayam, heç vaxt ağlımda olmayıb. Amma Allah təala qismət eləyib. Nə olsun ki, özüm düzəltməmişəm, amma görürsən ki, dövət verib, camaat verib. Mən nəyə görə tamahkar olmalıyam ey... Allah təala verir də... vəzifəni neynirəm.. Mənimki odur ki, deputatam, gücüm çatan qədər dövlətimə, millətimə xeyir verəm, özüm də maaş alam. Amma məni qohum-əqraba, dostlar çox sıxırlar. Maddiyyatsız olmur, mən də camaatın yanında xəcalət çəkirəm.

 

- Millət vəkillərinin də maaşı artırıldı. Amma mən deyirəm ki, deputatlara az maaş versinlər... müəllimin, həkimin maaşı artırılsın...

 

- Sən Allah, məni elə onun üstündə ödürürlər. Çünki mən millət vəkillərinə maaşın atırılmasına etiraz eləmişəm. Bir də millət vəkili yazıq nə maaş alır ki... o deputatlar ordan aldığı maaşa görə yaxşı yaşamır ey. O deputatın ki, Milli Məclisdən kənarda biznesi, işləri var onlar yaxşı yaşayırlar. Mənim bir dənə semiçka satmağa yerim yoxdur. Mənim nəyim olacaq ki...

 

- Deyəcəksiz ki, axır indi millət vəkili oldum, maaş məsələsi də mənim başımda çatlamalıdır?

 

- Mənim üstümə çox düşdülər. Mətləb Mütəllimli sosial şəbəkədə açıq məktub yazıb ki, Tahir Kərimli, sən Ali Məhkəmənin sədri olanda oturmağa bir stulun yox idi, belə təmiz işləmisən falan. Dalınca da məni yıxıb sürüyüb ki, YAP-ın çörəyini yeyirsən, sənin ağan var...nə isə məni möhkəm təhqir edib. Bir dənə xanım kimdirsə buna yazıb ki, əcəbdir, 125 deputatın içində üstünə düşmək üçün bir yetimini tapdınız? (gülür)....

.....Oynamısız? Onda mən sizə Şah deyəcəm...

 

- Tahir bəy, sualımı dinlədiniz?

 

- Bayaq deyirdim ha, 4-5 oyun irəlini görürəm, bu idi...

 

“İnsanlar özlərini tapa bilmirlər”

 

- Tahir bəy, hüquqşünassınız və psixologiyanı bilməmiş olmazsınız. Həm də məntiqə üstünlük verirsiniz. Dediyiniz Mətləb Mütəllimlinin sizi YAP-ın çörəyini yeməkdə etdiyi ittiham və sairə bu kimi hallar nəyin nəticəsində ortaya çıxır? Bəlkə problemlərdən dolayı insanlar artıq nə etməli olduqlarını bilmirlər.

 

- Təbii ki, Mətləb Mütəllimli də deputat olmaq istəyib. Və onun məlumatı var idi ki, mən Ağsudan seçilmişəm. Mənim də ehtiyacım yox idi ki, orda saxtakarlıq olsun. İndi sən deyirsən ki, prezident məni seçdi. Mən də deyirəm ki, dövlət xalqın seçiminə hörmətlə yanaşdı, məni seçkiyə buraxdı? Mən imtina eləməliydim? Axı sən də deputat olmaq istəyirdin. Demək sən deyirsən ki, gərək mən olmayaydım sən olaydın?..

İkinci bir məsələ, Karl Marks deyirdi ki, insan sosial məsuliyyət daşıyır. Keçən əsrin bu vaxtlarında Fransada nümunə gətirmək üçün tarixi şəxsiyyət yox idi, xalq bezmişdi. Necə ki, indi Koroğludan, Qaçaq Nəbidən beziblər, bu, o vaxt da bütün cəmiyyətlərdə baş verib. Yəni idealsızlaşma. İndi belə bir vəziyyət cəmiyyətə sirayət edib. İnsanlar özlərini tapa bilmirlər. Mənə elə gəlir ki, hər bir insana fərdi yanaşıb onların layiq olduğuna şərait yaratmaq lazımdır. İnsanlara dəyər vermək lazımdr. Mənə deyirlər ki, sən Ali Məhkəmədə işçilərini çıxarmadın, axırda sənin üzünə durdular. Mənim dünya görüşüm cəmiyyətlə ayaqlaşmadı. Demə dünya başqa imiş. Dünya məcbur edir ki, məni təriflə, məni qaldır göyə. Ümumiyyətlə, bu, fəlsəfəyə gedib çıxır. Platon fəlsəfəsi ilə Aristotel fəlsəfəsi tam başqa idi. Platon fəlsəfəsini Marks bir qədər elmləşdirdi. Platon deyirdi ki, qızıl əsr olub, orda insanlar yaxşılıqdan pisliyə doğru dəyişiblər. Marks dedi ki, o gözəl əsr hələ qabaqdadır - kommunizm. Bir sistem yaratdı və insanlara bir ruh verdi. Çox kitablar oxuyuram, amma heç biri Marksizim kimi güclü ola bilməz. Çünki Marks Platon ənənələrini bəşəriyyətin inkişfı üçün işləyib.

 

“Həmişə maddiyyatla mənəviyyat arasında çabalaya-çabalaya qaldım”

 

O, yaxşı, ədalətli cəmiyyətdə yaşamağın mümkünlüyünü yaratdı. Mənim kimi insanlar da onun təsirində oldu. Siz təsəvvür edin ki, 14 yaşımda Kapitalı oxuyurdum. Başa düşmürdüm, gördüm öyrənə bilmirəm, başladım içindəki Şekspirin şeirlərini öyrənməyə. Çünki papam soruşanda sübut etməliydim ki, oxumuşam. Deyirdi oxumusan, deyirdim hə. Başlayırdım şeiri deməyə. Papam da deyirdi, kişi oxuyur da (gülür)...

 

Beləcə, uşaqlıqda oxuduğum kitablar məndə inqilab hissi yaratdı. Mən əsgərlikdə 18 yaşımda deyirdim ki, Muravyov Kiyevdə Rusiyanın azadlığı uğrunda dekabristlər üsyanı yaradıb, mən niyə Cənubi Azərbaycanın azadlığı uğrunda cəmiyyət yaratmayım. 9 nəfərin başını tovlayıb bir cəmiyyət yaratdıq ki, biz Təbrizi azd edəcəyik (gülür)....bu, 20 yaşımda mənim kredom idi. Özü də nə ailə qurmaq istəyirdim, nə vəzifəyə getmək istəyirdim, nə partiyaya daxil olmaq istəyirdim. Düz gəlmir axı hamısı. İstəyirdim ideal olam da. Amma cəmiyyət neylədi? Partiyaya da keçdm, ailə də qurdum, vəzifəyə də keçdim. Axırda bu xalq hərəkatı qalxanda, ürəyimdə közlər var axı, qalxdım ki, yox ey, şükür Allaha quracağıq bu dövləti. Elə bilirdim ki, 25 ilə gözəl Fatiməni - mən dövlətimə gözəl Fatimə adını qoymuşdum - quracağıq. Girişdim bura, o da uduzub elə getdik. Ondan sonra belə-belə, həyatda həmişə maddiyyatla mənəviyyat arasında çabalaya-çabalaya qaldım. Mənim kimi düşünən adamlar həmişə uduzur...

Birdən otaqda işıq sönür.

İşıq niyə yanmır?

 

- İşıq söndü.

 

- Söndü, yoxsa söndürdülər. Deyir uduzduq, yoxsa uduzduz (gülür).

 

- Tahir bəy, siz də təxminən bu məsələyə toxundunuz və dediniz ki, qəhrəmanların uğuru onun şəhidliyidir. Bir qədər düşünsək, bununla razılaşırıq. Çünki qəhrəmanın nəticəsiz qalan mübarizəsində ona yoldaş olan yalnız ölümü olur. Siz nə düşünürsüz?

 

Tahir bəyin diqqəti tam ciddiliyi ilə şahmt taxtasında, fiqurların düzümü və növbəti gedişə yönəlib...

- ...Görüm bu daşı hardan gətirim bura...

 

- Tahir bəy, eşitdiniz məni?

 

- Düzünü deyim yarısını eşitdim, amma fikrim orda qaldı (gülür)...

 

- Özünüzə yazığınız gəlir? Axı sizin də ideyalarınız, həyata keçirmək istədiyiniz arzularınız var idi. Amma həyata keçmədi.

 

- Bilirsiz, bəzən mənə qarşı elə sözlər deyilir ki, ürəyimi çox yaralayır. Deyirlər ki, Tahir bəy, sən ki, bu cür hörmətli adam idin, odlu-alovlu çıxışların var idi, nə oldu... Doğrudan, mən mitinqlərdə çıxış eliyəndə, bir Allah idi bir də özüm, heç nə yadıma düşmürdü. Ürəyim partlayırdı. Məsələn, mənim yadımdadır, bir dəfə polislərə müracət elədim, bir neçəsi gəldi qoşuldu bizə, bir ikisini işdən çıxardılar. Sonra dedilər ki, bəs bizi niyə çörəyimizdən elədin......

.....Şahı götürürəm ey havayı.

 

- Hə, götürün, verirəm sizə.

 

“Artıq mənə qulaq asan auditoriya yoxdur”

 

- Onda mənlik deyil, nağayrım...

...Bilirsiniz, 90-cı illərdə Milli Məclisdə ilk çıxışım əxlaq kodeksi, mənəviyyat kodeksinin yaradılması ilə bağlı idi. Mən milli adamam. Elə adətlərimiz var ki, hətta dinimizi də üstələyir.  Misal üçün İndoneziyada və yaxud hardasa müsəlmanlar qurşaqdan yuxarı açıq gəzir, amma bizdə yox. Amma təsəvvür edin ki, 5-6 il əvvəl televiziyalardan biri məni dəvət elədi ki, gəl bununla bağlı çıxış elə, mən etiraz elədim....

....Bu niyə belə oldu. Yaxşı bunu - topu bağışladım sizə.... Vurmamaq olmaz.

 

- Niyə imtina elədiniz, Tahir bəy?

 

- Mən imtina elədim ki....

.... Şah!

..... Çünki artıq mənə qulaq asan auditoriya yoxdur. İndi ona qiymət verən də yoxdur....

.... Sizin fiqurlar qalmadı ey...

 

- Tahir bəy, Prometeylə bağlı bir əfsanə var...

 

- Mən də onu sevirəm.

 

- Prometey insanlara kömək etmək üçün odu oğurlayır. Buna görə onu cəzalandırmalıdırlar və o, qollarının zəncirə vurulmasını odu insanlardan gizlədən Zevsə qulluq etməkdən üstün tutur. Qollarının zəncirdə olmasını qəbul edir, çünki bu ona bir təsəlli verir. Sizin təsəlliniz nədir?

 

- Mənim təsəllim odur ki, ölkəmiz iqtisadi cəhətdən müəyyən qədər irəliləyib və irəliləyəcək. Amma obyektiv cəhətdən çox pessimistəm, insanlar....

....Yaxşı, şah!

....İnsanlar virtual aləmlə yaşayır. Adi uşağın əlindən telefonu ala bilmirsən. Ata, baba nənə - adət ənənələrini, mənəviyyatını az tanıyırlar. Mənim üçün adət-ənənələrdə aşırılıq yoxdur. Mən hesab edirəm ki, bizim xanımlar mənim anam kimi olmalıdır, bacım kimi olmalıdır və hətta qaynanam kimi olmalıdır.

 

“Mənim gözümdə Azərbaycan xanımı bir dəyərdir”

 

Çünki mən çadra örtəni də qəbul eləmirəm, açıq-saçıq geyinənləri də. Mənim gözümdə Azərbaycan xanımı müqəddəsdir, bir dəyərdir. Bizim inqilabımızın önündə gedənlər qadınlar idi, insanları qadınlar ruhlandırırdı. Türkün kişilərinin zaman-zaman başını kəsiblər, amma xanımlar passionarlığını qoruyub saxlayıb, ocağında yenə də kişilər yetişdirib. Özləri də mübarizə aparıblar. Bir ümidim onadır ki, xanımlarımız vətənsevər övladları yetişdirə bilirlər. Onlar vətəni də sevirlər, ailənin də dayağıdırlar. Azərbaycan xanımı azaddır. Mən yoldaşıma vaxtında inanmışam və onu yoxlamaram. Əgər bilsəm nə vaxtsa mənə xəyanət edib, bacarsam başını kəsərəm. Yəni xanımlara inanmaq lazımdır. Bu xanımlar bizim balalarımızı yetişdirəcək, gələcəyimizi quracaqlar. Qurana and içirəm ki, mən bunu ürəkdən deyirəm, mənim ümidim qadınlaradır. Qadın insanın birinci dünyasıdır. Öləndən sonra bilinmir hansı dünya var. Heç onu peyğəmbər də bilməyib. Reallıqda yaşadığımız bu dünya var, ikinci dünya isə öz bətnində sənə canını, qanını verən analardır. Mən Azərbaycan xanımını əsl xanım sayıram. Kor olsun o kişilər ki, Azərbaycan xanımlarını başqalarına görə qurban edir. Azərbaycan xanımının vüqarı var, mənliyi var.

 

- Təşəkkür edirəm fikirlərinizə görə. Belə çıxır ki, kişi qrupu öndəgedənlik nümayiş etdirərək, özlərini aldadırlar. Ailəni arı ailəsinə bənzətsək, orda da ana arının qurduğu həyat və idarəçilik önə çıxır.

 

- Orda idarəçi ana arıdır.

 

- Mən xanımlara inanıram. Qadın birinci vətəndir, hər kişinin birinci vətəni qadındır. Vətənə niyə ana deyirlər....

.... Bax, yenə şah...

 

- Tahir bəy, indiki oyundakı vəziyyəti təhlil edin, kimdir burda ağır vəziyyətdə olan?

 

- Yaxşı, belə edək, mən çox pis hərəkət eləmişəm, indi gəlin mən daşları bir-bir qaytarım sizə.

 

- Yox olmaz.

 

- O düz deyil axı.

 

- Niyə düz deyil ki?

 

- Düz deyil vallah.

 

- Biz burda şahmat meydanında dünyamızı müzakirə edirik. Oyun isə zənn edək ki, əsas deyil. Mümkünsə, indiki meydanı təhlil edin.

 

- Bu meydanda qaralar müxalifətdir, yanlarında heç kəs qalmayıb, ağlar da iqtidardır.

 

- Yəqin udan tərəf qaralar olsaydı, rənginin heç bir əhəmiyyəti olmazdı...

 

- Yaxşı, şah!

 

- Vəssalam. Bitdi.

 

- Gəlin bunu verim, udun getsin.

 

- Sağ olun... Tahir bəy, niyə sosial şəbəkədə yoxsunuz?

 

- Köməkçim, müavinlərim var. Açığını deyim ki, sosial şəbəkədə çıxışlarımın altından qulağım eşitməyən söyüşləri gözüm görəndə hədsiz pis oluram.

 

- Niyə belə duyğusal yanaşırsız?

 

- Davam gətirə bilmirəm. Axı mən heç vaxt o sözləri işlətməmişəm. Bu insanlar necə elə pis-pis söyüşlər söyə bilirlər. Çox ideal həyat tərzi keçirdim. Məsələn, ailə quranda fikirləşirdim ki, yar iki gözdən başqa gözə baxmamalıdır. Belə ideallar girib həyatıma məhv edib həyatımı. Mən hamı kimi ola bilməmişəm. Özü də həmişə uduzuram...

 

- Heç də yox.

 

- Mən deyim sizi niyə uddum? Qorxdum çox güclü oynayarsınız (gülür), ona görə. Bilsəydim zəif oynayırsız, əvvəldən yavaş oynayardım. Allaha and olsun... ona görə bir az müqavimət göstərirdim (gülür). Sizinlə oynamaq mənə çox xoş oldu.

 

- Hə, bu özünmüdafiə qorxusu, siyasətdə də çox məlum hadisələrə imza atdı.

 

- Görün mən nə qədər əzablar çəkmişəm. Milli azadlıq hərəkatı başlayanda vəzifəli şəxslər məni xain elan elədilər. Sonra Əbülfəz Elçibəyi müdafiə etdim. Müxalifəti tənqid etdim iqtidarı dəstəklədim oldum müxalifətlə düşmən...

 

- Tahir bəy, maraqlı oyun və söhbət üçün çox sağ olun, sizi təbrik edirəm.

 

- Siz sağ olun...

 

- Həmişə udmağınızı arzulayıram...

 

- Təşəkkür edirəm.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı