Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətlərini örnək götürərək bir qrup gənc sahibkar əlil, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yardım aksiyası təşkil edib.
Versus.Az xəbər verir ki, onlar Müqəddəs Ramazan bayramı və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakının Binəqədi rayonu, 6-ci mikrorayon, Üzeyir Hacıbəyli, 4B ünvanında yerləşən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
Gənc sahibkarlar – “NAIGin K Tovuz Baltiya” MMC-nin icraçı direktoru Gunel Mammadhəsənova və "Adeste Group "-un direktoru Səfa Namazovanın təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasına TOPSERVİCE, KARVAN L, Veyseloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsi və“ Xonça” şirniyyat evi , “Səba”, “World Kids”, ”Turş Su“ şirkətləri də öz dəstəyini verib.
Uşaqları təbrik edən təşkilatçı Gunel Məmmədhəsənova çıxışında bunları qeyd edib:
“Bu uşaqların sevinci bizim sevincimizdir. Əl tutmaq, onları sevindirmək, yanında olmaq, onlardan sevgimizi əsirgəməmək hər birimizin borcudur. Çünki onlar bizim cəmiyyətimizin bir hissəsidir, ölkəmizin gələcəyinin inkişafında iştirak edəcək gənclərimizdir. Dəyərli həmkarlarımızın, daima öz sevgisini əsirgəməyən yerli istehsalçıların və şirkətlərin dəstəyi ilə belə xeyriyyə tədbirləri mütəmadi keçiriləcək."
Bu sözlərə dəstək olaraq təşkilatçı Səfa Namazova:
"Uşaqlarımızdan müdrik bir insan yetişdirmək istəyiriksə onların dəcəlliyini məhf etməməliyik" deyə bildirib.
Mərkəzin rəhbəri Kəmalə Ağazadə və digər çıxış edənlər uşaqlara xoşbəxt və sevgi dolu gələcək, yaxşı oxumaq, sevdiyi peşəyə yiyələnmək və Vətənimizə gərəkli vətəndaş olmaqlarını arzu ediblər. “Yad uşaq olmur, Azərbaycanın hər bir körpəsi bizim cəmiyyətimizin, ölkəmizin övladıdır”, - deyərək onları təbrik ediblər.
Tanınmış müğənnilər Vaqif Şıxəliyev və Tofiq Hacıyevin ifasında şən mahnılar səsləndirilib, tanınmış Fitness eksperti Əkbər Kərimov isə mərkəzin sakinlərini koronovirusdan qorunmaq üçün həkimlərin verdiyi tövsiyələrlə tanış edərək, idmanın həyatımızda və sağlamlığımızda rolundan danışıb.
Xeyriyyə aksiyasında iştirak edən şirkətlərin dəstəyi ilə bütün dünyanda yayılan koronavirus infeksiyasından qorunmaq üçün mərkəzə gigiyenik vasitələr, maskalar, əlcəklər və digər gigiyenik yuyucu vasitələr paylanılıb.
Uşaqların intellektual inkişafını artıran müxtəlif viktorinalar və oyunlar keçirilib, onların maarifləndirilməsi və inkişafı üçün xüsusi hədiyyələr, həmçinin qida məhsulları və geyimlər təqdim olunub.
Ayəndə Dadaşova
Versus.Az