“O, heç vaxt sənətə xəyanət etmədi” - FOTOLAR

11:10 05-06-2020 | icon 853 | Mədəniyyət
“O, heç vaxt sənətə xəyanət etmədi” - FOTOLAR

5 iyun tarixi Azərbaycanın teatr və kino aktyoru, kino sənətində öz imzasını qoymuş sənətkar, Əməkdar artist, mərhum Hamlet Xanızadənin doğum günüdür.

 

Arayış: Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. Atası Bəbir Xanızadə onu aktyor kimi görmək istəmirdi. Amma balaca Hamletin aktyorluq həvəsi hər şeyə qalib gəlir. Hamlet Xanızadə uşaqlıqdan teatra, kinoya meyilli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.


Hamlet Xanızadə deyəndə ilkin olaraq yada “Topal Teymur” obrazı düşür. Onun ifa etdiyi “Topal Teymur”un qəddar görkəmi hələ də tamaşaçıların yaddaşından silinməyib. Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib.


Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"nda Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktor rollarını ifa edib. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində də oynayıb.


Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını da Hamlet Xanızadə canlandırıb.  Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır. Aktyor qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırır.


İlk dəfə kinorejissor Həsən Seyidbəylinin "O qızı tapın" filmində oynayıb. Özünü təsdiq edəndən sonra kinorejissor Kamil Rüstəmbəyov Hamlet Xanızadəni "Axırıncı aşırım" filminə çəkib.


"Axırıncı aşırım"da  onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.


Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəman səviyyəsinə çatdırır.


Hamlet Xanızadə "Babək" filmində xəlifə Mötəsimi də canlandırıb.


"Qətl günü" filmindəki Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazı hesab olunur. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir.


Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.


Versus.Az Xəbər verir ki,
Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasında yaratdığı obrazlarla sənətsevərlərin yaddaşında əbədi iz qoymuş Hamlet Xanızadə barədə onun tələbə yoldaşı, yaxın dostu, tanınmış rejissor və aktyor Elxan Qasımov danışıb:

 

“Hamlet rəhmətə gedən günə kimi dost olmuşuq”

 

“1962-ci ildə mən, 1961-ci ildə isə Hamlet Xanızadə Mirzağa Əliyev adına Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunmuşuq. Biz Adil İsgəndərovun kursunda təhsil almışıq. Hamletgil isə bir il Adil müəllimin tələbəsi olublar. Onlara sonradan başqa müəllimlər dəsr deyib.

1961-ci ildə Hamletlə bir yerdə imtahan vermişəm. Hadisə belə olub: 16 yaşımda məktəbi qurtarıb gəlmişdim, bir il “konkurs”dan keçə bilmədim. İndiki Fəvvarələr meydanında “Nərgiz” kafesi var, onunla üzbəüz indi “McDonalds” yerləşir, bax o yerdə Teatr İnstitutunin binası idi. Orada növbəyə dururdular ki, imtahan verməyə girsinlər. Dəhlizə açılan pəncərə vardı. Hamlet əlimdən tutdu, məni həmin pəncərədən içəri saldı, sonra özü də pəncərdən girdi, imtahan verməyə getdik. Hamletlə ilk tanışlığımız belə oldu. O vaxt nə Elxan Qasımov tanınırdı, nə də Hamlet Xanızadə. Amma Hamlet Xanızadə o vaxt Adil İsgəndərovun kinostudiyanın (“Azərbaycanfilm” kinostudiyası) nəzdində təşkil etdiyi aktyorluq kursuna gedirdi.

Deməli, Hamlet məni pəncərədən içəri saldı, amma imtahandan keçə bilmədim. O özü isə necə deyərlər, pəncərdən sənətə düşdü, böyük qapıdan çıxdı. Sonradan mən ikinci dəfə imtahan verib qəbul olundum. Onda Hamlet artıq ikinci kursdaydı. Dostluğumuz davam etdi və ciddi bir insan, dost, qardaş kimi həm kinostudiya və  teatrda, həm də həyatda o rəhmətə gedən günə kimi ünsiyyətdə olmuşuq. Allah ona rəhmət eləsin”.

 

“Heç vaxt mənsəb dalınca qaçmayan, çinovlikliyə həvəsi olmayan adam idi”



“Hamleti tələbəlik illərindən ciddi, çalışqan, dostcanlı biri kimi xatırlayıram. O öz aktyorluğu ilə tələbələr arasında, universitetdə seçilirdi. Teatr İnstitutunda, kursda istər-istəməz 4-5 nəfər lider olurdu. Hamlet də öz kurslarında öndə gedən tələbələrdən idi. Məsələn, deyirdilər ki, “Hamletgilin kursu”. Tələbəlikdən sonra kimsə digərindən soruşurdu ki, “sən hansı kursda oxuyurdun?”, o da cavab verirdi ki, “Hamletgil oxuyan kursda”. Yəni Hamlet öndəgedənlər idi, amma heç vaxt mənsəb dalınca qaçmayan, çinovlikliyə həvəsi olmayan biri oldu. O adam üçün ən yüksək pillə aktyorluq idi. Heç bir şeyə təmənnası yox idi. Aktyor kimi də dahi idi. O bir sənətkar kimi Azərbaycan kino və teatr aktyorları içində ən çalışqanlarından idi. Mən şəxsən bir rejissor, 50 ildən yuxarı sənətdə olan adam kimi deyirəm, Hamlet Xanızadəni zəhmətkeş və çalışqan aktyor kimi ancaq Məlik Dadaşovla müqayisə etmək olar. Hamlet rolu özünküləşdirməmiş səhnəyə çıxmazdı. Onunla bir yerdə filmlərdə çəkilmişəm. “Axırıncı aşırım” filmində görmüşəm. “Köhnə bərə” bədii filmimi çəkəndə o Raykom katibini oynayırdı. Hamletin o ciddiliyi, işə yanaşması mənim həmişə xatirimdədir. Siz onun “Qətl günü” filmində Sədi Əfəndi, “Babək”də xəlifə Möttəsim, “Arxadan vurulan zərbə”də İmaş, “Topal Teymur” tamaşasında Topal Teymur və başqa obrazlarını da sadalaya bilərsiniz. Amma bunlar hamısı mənim gözümün qabağında olanlardır, onun qrimi axtarıb tapmağı, obraza yanaşmağı başqa cür idi... Ümumiyyətlə, ciddi insan idi. Yaxşı dost idi. Hamletin elə bir hərəkəti olmayıb ki, sonradan xəcalət çəksin.
Kinoda və teatrda ən ciddi rolları Hamlet oynayıb. Öz sənətinə o qədər ciddi yanaşıb ki... Ümumiyyətlə, bütün obrazlara ciddi yanaşırdı. Teatrda Hamletin oynadığı obrazlar böyük-kiçikliyindən asılı olmayaraq seçilərdi”.


“Heç vaxt sənətə xəyanət etmədi”



“Aktyor sənəti asılı sənətdir, onu seçirlər. Həmin vaxt gərək o xəstə olmasın, yorulmasın. Necə ki Ceyhun Mirzəyev xəstə-xəstə “Fəryad” filminə çəkildi, Məlik Dadaşov səhnəyə xəstə olaraq çıxıb yıxıldı, ürəyi getdi, təzyiqi qalxdı, Həsən Əbluc səhnədə məşq etdiyi yerdə ürəyini tutdu, elə zalda keçindi.


Hamlet onun sənətinə verilən qiymətdən razı idi. Ona kinostudiyada demirdilər, “get o cərgədə-arxada dur”, irəlidə gedən adam idi. Ona “Hamlet müəllim”, “Hamlet qardaşımız” deyirdilər. O adam narazı qalır ki, ona qarşı bir saymazlıq olur, onun sənətinə barmaqarası baxırlar. Hamletdə isə belə deyildi. Məsələn, teatrdan danışılanda ki, kimlər işləyir, deyirdilər, Səməndər Rzayev, Hamlet Xanızadə, Fuad Poladov, Şəfiqə Məmmədova... O, heç vaxt sənətə xəyanət etmədi.


Hamlet Şağan kəndindəndir, o kənddə də dəfn olunub. Mən ailəsini də tanıyıram, ailəsi ilə də dostluq edirəm. Onun haqqında verilişlər çəkiləndə məmuniyyətlə danışıram. Çünki Hamlet Xanızadə o aktyorlardandır ki, onlar haqqında danışanda elə bilirsən ki, tərifəlayiq sözlərin hamısını deməmisən, ondan da artığını deməlisən. Hər hansı bir obrazını xatırlasanız, görərsiniz ki, hamısı tərifəlayiqdir”. /modern.az/


Misranə Həsənzadə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...